Sona Vəliyeva: "Xocalı faciəsi Azərbaycan xalqının
tarixində unudulmayan soyqırımı hadisəsidir”
28 il əvvəl Azərbaycan tarixində silinməz iz
qoyan bir hadisə yaşandı. Bu iz 28 ildir ki, xalqımızın dərin yarası olaraq qalır.
1992-ci ilin 26 fevralı ölkə tarixinə "Xocalı faciəsi” kimi yazıldı. Biz bu
tarixi nə unuda, nə də unutdura bilərik. Çünki keçmişini unudan bir xalqın
gələcəyi olmaz. Bu tarixi günü hər il xatırlayır, həmin gün vətən uğrunda
düşünmədən öz canları qurban verən şəhidlərimizi qürur hissi ilə anırıq. Onlar
bu günü öz qanları həm tarixə, həm də yaddaşlara həkk etdilər.
Bu tarixi unutdurmamaq üçün hər il fevral
ayında müxtəlif səpkili tədbirlər keçirilir. Bu işdə təhsil ocaqlarının rolu
böyükdür. Onlar gələcək nəsillərimizi vətənpərvərlik ruhunda böyütməli, bu
tarixi onlara olduğu kimi anlatmalıdırlar. Gələcək nəsillər öz düşməninin kim
olduğunu bilməlidir. Qeyd edilən tədbirlərdən biri də "Kaspi” liseyinin Bakıxanov
filialında keçirildi. Tədbirdə "Kaspi” təhsil şirkətinin təsisçisi Sona
Vəliyeva, liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi.
Anım mərasimi Azərbaycan Respublikasının
Dövlət Himini ilə başladı. Daha sonra 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi
yad edildi. Şəhidlərin xatirəsi yad edildikdən sonra liseyin şagirdlərinin
iştirakı ilə "Xocalımın Harayı” adlı bədii kompozisiya təqdim edildi. Şagirdlər
həmin gecə yaşananları kiçik səhnəciklər vasitəsilə yenidən auditoriyada
əyləşənlərin gözü önündə canlandırdılar. Bu balacalar həmin günün şahidi
olmasalar belə, hiss olunurdu ki, o gün xalqımızın yaşadığı ağrı-acını duya
biliblər.
Ədəbi-bədii kompozisiyadan
sonra isə söz "Kaspi” təhsil şirkətinin
təsisçisi Sona Vəliyeva verildi. O, qeyd etdi ki, ermənilər nəinki bizim
insanlarımızı, həmçinin mədəniyyət abidələrimizi də məhv edərək milli
şüurumuzu, yaddaşımızı silmək istəyiblər: "Hazırda tariximizdə hər zaman
xatırlanacaq bir hadisənin ildönümünü qeyd etmək üçün buradayıq. Bildiyimiz
kimi, 28 il öncə Xocalı faciəsi baş verdi. Əslində, bu faciə bir gündə
olmamışdı. Ermənilərin Azərbaycana köçürülməsi, öz doğma yurdumuzdan,
ocağımızdan onlara pay verməyimiz zamanla özümüzün faciəmizə çevrildi.
Ocağımızın başında yer verdiyimiz mənfur, nankor bir millət düşmənimiz oldu. Bu
gün bu hadisəni xatırlayanda, yadıma Həsən bəy Zərdabinin bir sözü düşür. O
deyirdi ki, bunlar papaqlı arxalığı keçirib başlarına ibadət adı ilə kilsəyə
yığıldılarsa, demək, Azərbaycan xalqının növbəti qətliamı üçün planlar
hazırlayırlar. Görünən odur ki, böyük mütəfəkkir uzaqgörən olub. O vaxtdan
onların necə bir millət olduğunu duyub. Xocalı faciəsi Azərbaycan xalqının
tarixində unudulmayan soyqırımı hadisəsidir. Bu gün Azərbaycan dövlətinin
apardığı siyasi kursun bir xətti də başımıza gələn bu hadisənin qətliam kimi
yox, məhz etnik təmizləmə və soyqırımı kimi başqa ölkələr tərəfindən
tanınmasına nail olmaqdır. Mən əminəm ki, ölkəmizin hansısa bir ziyalısını
istər fevral ayında, istər başqa aylarda saxlayıb, "Xocalı sizin üçün nədir?” -
deyə soruşsanız, mütləq ilk növbədə 613 nəfərin qətlə yetirilməsini, onlardan
neçəsinin qoca, uşaq, qadın olduğunu söyləyəcək. Digər tərəfdən ermənilər,
sözün əsl mənasında bizim mədəniyyət abidələrimizi də dağıdıblar. Bunun özü insan
ölümündən də böyük faciədir. Yəni bir insanın milli yaddaşı, şüuru ilə bərabər,
onun yaratdığı milli mədəniyyət məfhumunu da məhv etmək istəyiblər. Mən çox
təəssüf hissi ilə qeyd edirəm ki, Xocalı soyqırımına siyasi qiymət yalnız ümummilli
lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildi. Hazırda ölkə rəhbəri
İlham Əliyevin də 16 illik fəaliyyəti dövründə bu məsələ dünyanın bütün
ölkələrində qaldırılmaqdadır. Belə ki, ölkəmizin səfirlikləri olan ölkələrdə 26
fevral Xocalı soyqırımı günü ilə əlaqədar tədbirlər keçirilir”.