• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Kaspi Liseyində ümummilli liderin xatirəsi anılıb

11.12.14 17:25 2133
Kaspi Liseyində ümummilli liderin xatirəsi anılıb
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ümummilli lider bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib, öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Bu səbəbdən də Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər həmin il ümumxalq səsverməsi ilə ölkə Prezidenti seçilib. 1998-ci ildə keçirilən prezident seçkilərində təkrar xalqın etimadını qazanan ulu öndər 2003-cü ilə kimi Azərbaycanın Prezidenti olub. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə təkrar razılıq verən ulu öndər Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar sonradan seçkilərdə iştirak etməkdən imtina edib. 2003-cü il dekabrın 12-də isə Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində müalicə alarkən vəfat edib. Müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyev cismən bizləri tərk etsə də, onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər ilin 12 dekabr günü Azərbaycanda ümummilli lider Heydər Əliyevi anım günü kimi qeyd olunur, silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də ötən gün Kaspi Liseyində təşkil olunub. “Min ilə bərabər bir ömür” adlanan ədəbi-bədii kompozisiyada əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən videoçarxı izləyiblər.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edərək, anım günündə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzolunmaz fəaliyyətinin xatırlandığını diqqətə çatdırıb, ulu öndəri Azərbaycanın xilaskarı kimi təqdim edib. O, tarixə qısa ekskursiya edərək, zaman-zaman hər bir millətin, xalqın ağır sınaqlar qarşısında qaldığını, millətin, xalqın ölüm-dirim məsələsinin gündəmə gəldiyini vurğulayıb. Bildirib ki, məhz belə vaxtlarda xalqı, milləti düşdüyü bu ağır vəziyyətdən liderlər xilas edir: “Həmin anlarda hər bir millət bir xilaskara ehtiyac duyur. Bu gün dünyanın bəzi ölkələrində baş verən hadisələr də bu faktı bir daha təsdiq edir. Ukrayna, Şərqi Avropa, Yaxın Şərq ölkələrində cərəyan edən hadisələr, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətlər, xalqlar indi də gözlərimiz önündədir. Belə vəziyyətlərdə liderlər ortaya çıxaraq öz ölkəsinin, xalqının taleyini həll edir, xilaskarlıq missiyasını yerinə yetirirlər. Ümummilli lider Heydər Əliyev də 1993-cü ildə xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan ulu öndər sonradan ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçildi”.
Natiq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını, həyata keçirdiyi çoxsaylı işləri, üzləşdiyi çətinlikləri də dilə gətirib. O, ümummilli liderin öz xalqı qarşısında gördüyü işlərə görə daim ürəklərdə yaşayacağını söyləyib: “Azərbaycanda Heydər Əliyev ideyaları bu gün də yaşayır. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz günü-gündən güclənir, müstəqilliyimiz daha da möhkəmlənir. Məşhur bir mahnıda ifadə edildiyi kimi, nə qədər bu millət, nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev daim bizimlə olacaqdır”.
Daha sonra lisey şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Şagirdlərdən ibarət xorun ifasında ümummilli liderə həsr olunmuş “Heydər ata”, “Sən elə bir zirvəsən” mahnıları, eləcə də digər şagirdlər tərəfindən “Ulu bir sərkərdə, ulu bir öndər”, “Budur xalq sevgisi, el məhəbbəti” şeirləri oxunub. Bununla yanaşı, lisey şagirdləri ümummilli liderin həyat xronologiyasını, dünyaca məşhur siyasətçi və dövlət rəhbərlərinin Heydər Əliyev barədə söylədiklərini, ulu öndərin ibrətamiz fikirlərini səsləndiriblər.
Ədəbi-bədii kompozisiya çərçivəsində lisey şagirdləri arasında elan edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqənin nəticələrinə görə, birinci yerə Aysu Kazımlı (4C sinif şagirdi), Elmira Həmidzadə (9B), ikinci yerə Nigar Məmmədova (4C), Ləman Bağırzadə (6D), üçüncü yerə Lalə Hüseynli (4A), Bədirə Səfərova (6B) layiq görülüblər. Liseyin direktoru Tural Əliyev qalibləri təbrik edərək, onlara mükafat və sertifikatlar verib. Bunun ardınca qaliblərdən Aysu Kazımlı və Elmira Həmidzadə ümummilli liderə həsr etdikləri inşalarını oxuyublar.
Tədbirdə lisey şagirdlərinin ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməsini əks etdirən videoçarx da nümayiş olunub. Ədəbi-bədii kompozisiyanın sonunda Kaspi Liseyinin direktoru Tural Əliyev çıxış edərək şagirdlərə və tədbiri izləməyə gələn valideynlərə minnətdarlığını çatdırıb.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər