• cümə axşamı, 28 mart, 17:39
  • Baku Bakı 16°C

Kaspi Liseyində “Robotiks dərnəyi” - Fotolar

07.11.16 13:37 5140
Kaspi Liseyində “Robotiks dərnəyi” - Fotolar
"Qloballaşan dünyada baş verən elmi nailiyyətlər, texnologiyaların inkişafı sahəsində yaranan yeniliklər haqqında şagirdlərin xəbərdar olması onların texniki biliklərinin inkişafında mühüm rol oynayacaq”. Kaspi Liseyində "Robotiks dərnəyi”nin təqdimatında səslənən bu fikirlər məktəbin texnologiyaların inkişafı ilə bağlı biliklərin əldə edilməsi və şagirdlərin bu istiqamətdə inkişafı üçün təşəbbüsündən xəbər verdi.

Kaspi Liseyinin direktoru Tural Əliyev təqdimatın məqsədindən danışaraq son vaxtlar dünyada baş verən ixtiralar, ABŞ və Yaponiya kimi ölkələrdə inkişaf edən robot texnikasının nailiyyətləri ilə bağlı yeniliklər haqqında şagirdlərə məlumat vermək və gələcəkdə onların bu sahədə biliklərə yiyələnməsi üçün təşəbbüs olduğunu bildirdi.

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva valideynləri və şagirdləri, həmçinin təqdimatda iştirak edən Yaponuyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini salamlayaraq rəhbərlik etdiyi liseyin yaranma tarixi haqqında qısa məlumat verdi. Belə ki, 2014-2015-ci ildə fəaliyyətə başlayan lisey Kaspi Təhsil Mərkəzinin 10 illik təcrübəsi əsasında yaranıb: "Biz yerli təhsil sistemində, eləcə də dünya təhsilində baş verən yenilikləri araşdırdıqdan sonra liseyin açılmasına qərar verdik. Milli ənənələri saxlamaq və qloballaşan dünyanın texniki nailiyyətlərini təhsilə əlavə etmək əsas məqsədimizdir”. S.Vəliyeva təqdimatı keçirilən "Robot dərnəyi”nin liseyin texniki yeniliklərə açıq olması kimi dəyərləndirdi. Təsisçi Yaponiya texnologiyaları əsasında robotların hazırlalmasının və liseydə yaradılan dərnəyin təhsil ocağında oxuyan şagirdlərin inkişafına böyük töhfələr verəcəyini qeyd etdi: "Yaponiya, Amerika və Koreya kimi ölkələrdə bu cür dərnəklər fəaliyyət göstərir. Ölkəmizdə də "Kaspi” Liseyi belə bir dərnək yaratmaqla şagirdlərin robot texnikası sahəsində inkişafına nail olmaq məqsədini qarşıya qoyduğunu vurğuladı. Səfirin təqdimatda iştirakından məmnunluğunu ifadə edən S.Vəliyeva bu təqdimatın ölkələrimizin təhsil sistemi arasında körpü rolunu oynayacağını bildirdi: "Kaspi” Liseyi müxtəlif ölkələrin məktəbləri ilə dostluq əlaqələri qurub. Bu, qarşılıqlı fikir mübadilələrinin, multkultural dəyərlərin inkişafına, xalqların bir-birini tanımasına, adət-ənənəsinin və tarixinin öyrənməsinə kömək edir. Hesab edirəm ki, Yaponiya məktəblərindən biri ilə Kaspi Liseyinin mübadilə proqramının yaranması xalqlarımız arasında münasibətlərin inkişafına, gənclərin bir-birini tanımasına, təəssüratların genişlənməsinə və qabaqcıl təhsil prioritetlərini öyrənməyə kömək edəcək”.

Texnologiyanın Yaponiyanın həyatında və təhsilindəki rolundan danışan səfir Tsuquo Takahaşini yaponların öz adət-ənənəsini qoruyan bir xalq olduğunu, ancaq yenilikləri xoşladığını və daim tətbiq etdiyini bildirdi: "Texnologiyalar hələ 17-ci əsrdə Yaponiyada mövcud idi. Robotların hazırlanmasında əsas məqsəd insanların həyatını asanlaşdırmaqdır. İnanıram ki, bugünkü gənclər texnologiyaların inkişafına öz töhfələrini verəcəklər. Düşünürəm ki, gələcəkdə insandan da güclü robotlar hazırlanacaq. İstərdim ki, gənclər insanlar üçün hazırlanacaq robotların tətbiqinə öz töhfələrini versinlər”.

"Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev təhsildə baş verən yenilikləri tədris proqramına daxil etdiklərini diqqətə çatdırdı: "Çalışırıq ki, uşaqlar texnologiyalar sahəsində baş verən yeniliklərdən təkcə agah olmasınlar, həm də istifadə etsinlər”.

Robot texnikasının bir çox elmi birləşdirdiyini qeyd edən yapon ixtiraçısı Kohei İshigami şagirdlərə təqdim etdiyi "HELP” proqramı haqqında məlumat verərək robotiks təlimləri haqqında ətraflı danışdı və hazırladığı robotları nümayiş etdirdi. Şagirdlərə həmçinin "Praktiki mühəndislik və liderlik” proqramı təqdim olundu.

Liseydə ilk dəfə fəaliyyətə başlayan "Robotiks dərnəyi” iki istiqamət - GENESİS və FOSTER proqramları üzrə həyata keçiriləcək. Dərslər AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) müəllimləri Rəhman Rəsulzadə və Kohei İshigami tərəfindən tədris olunacaq.
Təranə Məhərrəmova






banner

Oxşar Xəbərlər