• şənbə, 20 Aprel, 11:37
  • Baku Bakı 14°C

“Kaspi” liseyində məşhur tarixçi alim İlbər Ortaylı ilə görüş keçirildi - Fotolar

22.05.19 19:26 1210
“Kaspi” liseyində məşhur tarixçi alim İlbər Ortaylı ilə görüş keçirildi - Fotolar
"Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içində saxlamalıyıq”. Bu sözlərin müəllifi məşhur türkiyəli tarixçi, professor, bir millət, iki dövlətin dahi yazıçısı İlbər Ortaylıdır. Türk tarixini qarış-qarış incələyən, bir çoxlarına qaranlıq, şübhəli gələn məqamlara aydınlıq gətirən bu tarixçi artıq bir müddətdir ki, Azərbaycandadır və Bakıda keçirilən bir sıra görüşlərdə, mühazirələrdə iştirak edir. Həmin görüşlərdən biri də 22 mayda "Kaspi” Liseyinin Bakıxanov filialında təşkil edildi.
Tədbirdə "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, xalq şairi Sabir Rüstəmxanlı və həyat yoldaşı - Azərbaycan Türkiyə Evinin rəhbəri, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,müəllim-şagird kollektivi, media nümayəndələri iştirak edirdi.

Tədbirdə ilk olaraq "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış etdi. Sona xanım İlbər bəyin yaradıcılığının əhəmiyyətindən danışdı və əsərlərinin nəinki türk xalqları, həmçinin bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirildiyini və bundan sonra da qiymətləndiriləcəyini bildirdi: "Türk dünyasının qüruru və fəxri olan İlbər Ortaylını "Kaspi” liseyində şagirdlərimizin arasında görmək böyük şərəfdir. Dünya şöhrətli bir tarixçinin bu gün bizimlə olması tarixi andır. İnanıram ki, bu an şagirdlərimizin yaddaşına əbədi həkk olacaq, eləcə də sizin yaddaşınızda da iz qoyacaq. Əminəm ki, bu görüşümüzdən, şagirdlərimizdən elə enerji, güc alacaqsınız ki, yeni-yeni əsərlər yazmağa, tarixin açılmayan qatlarını araşdırmağa özünüzdə güc tapacaqsınız. Biz sizin ölkəmizə gələcəyinizi bildiyimiz gündən bu görüşü arzulayırdıq”.

S.Vəliyeva çıxışında "Kaspi” liseyləri fəaliyyətə başlayandan "Milli yaddaş dərsləri” adı ilə bu tipli tədbirlərin çox keçirildiyini dedi: "Görüşümüz tarixçi ilə olduğu üçün özümə borc bilirəm ki, liseylərimizə nə üçün "Kaspi” adının verilməsindən və onun tarixindən bəhs edim. 19-cu əsrin sonlarında, 1881-ci ildə "Kaspi” adında qəzet nəşr olundu. Bu qəzet 1919-cu ilə qədər fəaliyyət göstərdi. Milli şüurun oyanmasında, eləcə də milli mücadilə hərəkatının, istiqlal savaşının başlanmasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında bu qəzet beyin rolunu oynadı. Qəzetin 1896-cı ildə Azərbaycanın milyonçusu, maarifpərvər şəxsiyyəti Zeynalabdin Tağıyev tərəfindən alınması və qəzetin redaktorluğunun Əlimərdan bəy Topçubaşova verməsi bu qəzeti daha da inkişaf etdirdi. Ruslar buna icazə verdiklərinə görə çox peşman oldular, dedilər ki, bu gündən "Kaspi” qəzeti müsəlmanlaşdı. Həqiqətən də "Kaspi” qəzeti həmin dövrdən milliləşdi. İstəyirəm, həmin qəzetdə çalışan böyük mütəfəkkirlərin adlarını çəkim: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi bir müddət Topçubaşovu əvəz etdi. Beləliklə, böyük bir tarixi mücadilə verən Azərbaycan oğulları bu qəzeti 1919-cu ilə qədər dərc edə bildilər. Onu da deməyi özümə borc bilirəm ki, "Kaspi” tarixdə ilk qəzet idi ki, onun mətbəəsi 1918-ci ildə terrora məruz qalaraq dağıdıldı. Bu qəzet 1919-cu ildə fəaliyyətini dayandırdı. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1999-cu ildən, təxminən 80 il sonra biz yenidən bu qəzeti nəşr etməyə başladıq. Bir müddət sonra bu adda təhsil mərkəzi yaratdıq. Çünki "Kaspi”çilərin fəaliyyətinin kökündə maariflənmək, tarixə maarifçilik baxımından nəzər salmaq və millətin tarixi yaddaşını daim oyaq tutmaq dururdu. Ona görə də biz bu maarifçilik ideyasının yeni mərhələdən başlanması prosesini öz üzərimizə götürdük. Beləliklə də "Kaspi” Təhsil Mərkəzi kimi 13 ildir, 5 ilə yaxındır isə həm də lisey kimi fəaliyyət göstərir. Onu da qeyd edim ki, "Kaspi” liseyləri fəaliyyətə başlayandan biz hər ay "Milli yaddaş dərsləri” adı ilə tədbirlər keçirməyə qərar verdik. Bu tədbirlərdə tarixçilər, ədəbiyyat, televiziya və kino xadimləri, incəsənət adamları yetişən gəncliyin milli yaddaşını möhkəmləndirmək məqsədi ilə qonaq qismində iştirak ediblər. Bugünkü dərsin ustadı İlbər Ortaylıdır. Biz daim sizin kitablara müraciət edirik, axtardığımız sualların müəmmalı cavablarını sizin kitablarınızda tapırıq. Türklərin tarixdə yeri və rolunu öyrənmək baxımından sizin kitablarınız bizə əsaslı bilgilər verir. Biz tarixi sizin kitablarınız üzərindən öyrənirik, çünki onlar bizim üçün ən etibarlı, güvənilən mənbədir”.

Sonra tədbir "Kaspi” liseyinin şagirdlərinin çıxışı ilə davam etdi. Şagirdlərin ifasında "Türkün tarix salnaməsi” səhnəciyi, "Azərbaycan-Türkiyə” rəqs nömrəsi ifa olundu. Şagirdlərin çıxışını izləyən İlbər Ortaylı göz yaşlarını saxlaya bilmədi. Türklərin qədim tarixindən bəhs edən bu səhnəciklər onu kövrəltdi. Çıxışı zamanı da bunu qeyd edən tarixçi şagirdlərin ifalarını çox bəyəndiyini qeyd etdi: "Dəvətə görə təşəkkür edirəm, bu gün şagirdlərin arasında olmaq çox xoşdur. Onların ifası da çox gözəl idi. Biz bir millət, iki dövlətik. Mən şagirdlərə məsləhət görərdim ki, tarix mövzusunda diqqətli olsunlar. Kitablarda hər şey doğru yazılmır, bəzi kitablar var ki, onlarda yalan, yanlış faktlar yazılıb. Tarixi dərindən və həqiqətləri ilə öyrənmək, bilmək üçün köhnə kitablara baxın. Çünki yenilərdə uydurmalar, yalanlar var. Bəzi ölkələr tarixi saxtalaşdırmaq üçün doğruları yalan kimi qələmə verirlər. Azərbaycanlı tarixçi alimlərdən Ziya Bünyadovun kitablarını oxumağı tövsiyə edirəm”.

Daha sonra söz xalq şairi Sabir Rüstəmxanlıyaverildi. Xalq şairi tarixçiyə yalnız Bakı ilə kifayətlənməməyi, bölgələrimizə də səfər etməyi təklif etdi: "Mən ikinci dəfərdir "Kaspi” liseyinin tədbirində iştirak edirəm. İlk tədbir də çox maraqlı və yaddaqalan idi. Bugünkü görüş milli yaddaş baxımından son dərəcə önəmlidir. Çünki siz türk və dünya tarixinin əfsanəvi şəxsiyyəti ilə görüşürsünüz. Dünyada tarixçilər çoxdur, amma İlbər Ortaylı doğrudan da əfsanəvi və nadir insandır. Həm kitabları, bilgisi, həm də şəxsiyyəti ilə örnək olacaq biridir. Mənə görə bu görüş çox faydalıdır. İlbər bəy Azərbaycana gəldiyi gündən müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir. Bu qədər işin arasında vaxt edib bu gün sizinlə görüşə gəlməsi son dərəcədə önəmlidir. Belə dünya şöhrətli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi gənclərin inkişafı baxımından olduqca vacibdir. Tarixi ədalətli, düzgün şəkildə yazan az tarixçi var. İndinin özündə belə "tarix necə yazılmalıdır, hansı konsepsiyaya əsasən yazılmalıdır” mövzularında mübahisələr gedir. Amma İlbər Ortaylı bu məsələdə məktəb səviyyəsində olan bir tarixçi alimdir. İlbər Ortaylıya cansağlığı və ölkəmizə tez-tez gəlməyini arzulayıram. Onu da deyim ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Çox istərdim ki, İlbər bəy bizim dilbər guşələrimizdə olsun. Bölgələrimizdəki tarixlə yaxından tanış olub Azərbaycanın ruhunu daha yaxından hiss etsin. Əminəm ki, o zaman İlbər bəy Azərbaycanı indikindən də çox sevəcək”.

Tədbir şagirdlərin İlbər Ortaylıya suallar ünvanlaması ilə davam etdi. Sonda isə tarixçiyə lisey adından mükafat və müxtəlif hədiyyələr təqdim olundu.

Günel Azadə





banner

Oxşar Xəbərlər