• cümə, 26 Aprel, 23:43
  • Baku Bakı 22°C

Kaspi Liseyində Bilik Günü

15.09.14 19:18 3387
Kaspi Liseyində Bilik Günü
Kaspi Təhsil Şirkətinin nəzdində yeni açılan Kaspi Liseyi öz fəaliyyətinə start verdi. KTŞ-nin təsisçisi Sona Vəliyeva liseyin açılışını edərək “Kaspi Liseyi milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılan özəl orta məktəbdir”- deyə bildirdi. Kaspi Liseyində şagirdlərdə var olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradıldığını qeyd edən təsisçi təhsil ocağında intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühitinin mövcud olduğunu vurğuladı: “Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları həmçinin, şagirdlərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə də zəmin yaratmış olur”. Qeyd edildi ki, məktəb beynəlxalq təhsil proqram və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 2 dildə - Azərbaycan və rus dillərində keçirilir. Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir.
Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilib ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.
Liseyin açılış mərasiminə qatılan qonaqlar – Təhsil Nazirliyinin müşaviri Ağababa İbrahimov çıxış edərək nazirliyin məktəbə göstərdiyi etimaddan və təhsil ocağından gözləntilərdən danışdı. Eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonun ərazisində açılan ilk özəl liseyin fəaliyyətinə dəstək göstərəcəyini qeyd etdi. AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, millət vəkili Fazil Mustafa çıxış edərək liseyin Azərbaycan təhsilinə dəstək olacağına inamlarını bildirdilər.
Reallaşan məqsəd

Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev bizimlə söhbətində liseyin fəaliyyətini uzun illərdən bəri düşündükləri məqsədin həyata keçməsi kimi dəyərləndirdi. Belə ki, 2007-ci ildə KTŞ təşkil olunarkən müxtəlif ərazilərdə tədris mərkəzinin təşkili ilə fəaliyyətə başlayıb: “Elə ilk gündən məqsəd gələcəkdə məktəb açılmasına doğru istiqamət almaq idi. Əvvəlcə işə daha az məsuliyyəti olan ingilis və rus dili kursları ilə başladıq. Daha sonra “Kaspi Abituriyent»i təsis etdik. Artıq yuxarı siniflərin proqramını yaxşı başa düşmək üçün şərait yarandı. Bu həm müəllim seçmək səriştəsini artırmaq baxımından müsbət təcrübə, həm də uşaqların fiziki, psixoloji durumlarını başa düşmək üçün yaxşı imkan idi. Abituriyent kursları artıq 7 ildir fəaliyyət göstərir. Bu da bizim üçün böyük təcrübə idi. Bu kurslarda bütün fənlər üzrə hazırlıq olduğundan bu, məktəbin bir çox fənlərinin mahiyyətini başa düşməyə imkan verdi”. E.Əliyev KTŞ-də fəaliyyətə başlayan “Kaspi Kids”-dən danışaraq bu kursların ölkədə məktəbə hazırlıqla bağlı çatışmazlıqlar olmasından və təhsil siyasətinə dəstək olmaq istəyindən yarandığını bildirdi: “Bu kurslar ehtiyacdan meydana gəldi. Eyni zamanda, biz məktəbəqədər hazırlıqla ibtidai siniflərin mahiyyətini öyrəndik, həmçinin bununla bağlı təcrübə toplamağa və müəllim ehtiyatını formalaşdırmağa başladıq. Bu da məktəb üçün növbəti bir addım idi”.
Direktorun bildirdiyinə görə, 2012-ci ilin mart ayında Kaspi Liseyin İdarə Heyətinin sədri və təsisçisi Sona Vəliyeva məktəbin inşasına başlamağa qərar verib. Belə ki, KTŞ-nin Bakıxanov qəsəbəsindəki filialının yerində liseyin tikintisinə start verilib: “Nəhayət, sentyabrın 15-də uzun müddət əvvəldən planlaşdırılan liseyin açılışını etdik”.
E.Əliyevin sözlərinə görə, Kaspi Liseyi ölkədə böyük kontingentlə tədris ilinə start verən ilk təhsil ocağıdır. Lisey 400-dən artıq şagirdlə təhsil ilinə başlayıb: «İndiyə qədər Azərbaycanda elə bir özəl lisey olmayıb ki, öz açılışını bu qədər şagirdlə etsin. Bu, mindən artıq müraciətin içindən seçilən rəqəmdir. Biz liseyə 2 dəfə ümumi qəbul imtahanı, iki ay boyunca da fərdi qəbul imtahanı müsabiqələri keçirmişik. Mindən artıq müraciət olunub. Onların arasından göstəriciləri orta olan, yəni məktəbin şərtlərinə cavab verən şagirdləri seçmişik və müraciət edənlərin 20-25 faizini qəbul etmişik». Məktəbin müəllim personalının seçiminə gəlincə, direktorun sözlərinə görə, onlar da üç mərhələdə imtahandan keçiblər. Belə ki, uyğun ixtisası və təcrübəsi olanlar imtahana dəvət olunublar. Daha sonra normal göstəricisi olan müəllimlər pedaqoji bacarıqlarını və fənlə bağlı biliklərini nümayiş etdirməkdən ötrü müsahibəyə çağırılıblar. Müsahibədən uğurla keçənlər açıq dərs şəklində yoxlanılıb. Həmçinin dərsdə müasir metodlardan istifadə, kurikulumun tələblərinə cavab verən dərs quruluşuna bələdçilik, informasiya texnologiyalarından, ağıllı lövhələrdən istifadə bacarıqları yoxlanılıb. “Nəticədə belə bir müəllim heyəti formalaşdırmışıq ki, onlar kifayət qədər təcrübəli və öz işlərini yaxşı bilən, həm də məktəb yaşlı uşaqlarla işləməyi bacaran insanlardır». Məktəbin idarəetmə strukturundan danışan direktorun sözlərinə görə, burada həm təcrübəli peşəkar müəllimlər, həm də beynəlxalq, müasir üsulları başa düşən insanlar cəlb edilib: “Məktəbimizi fərqləndirən xüsusiyyətlərdən biri də odur ki, idarəetmə strukturunda çalışan əsas 3-4 adam həm xaricdə təhsil alıb, həm də təhsil və təhsilin idarəetməsi ilə bağlı təhsilə yiyələniblər”. Məktəbin konsepsiyasından danışan KTŞ direktoru əsas məqsədin şagirdləri necə öyrətməyin vacibliyi olduğunu bildirdi: “Azərbaycanda özəl təhsil sistemində fəaliyyət göstərən mövcud liseylər ya xarici universitetlərə tələbə hazırlamaqla, ya da yerli TQDK imtahanlarına uşaq hazırlamaqla məşğuldurlar. Biz isə təkcə bununla kifayətlənmirik və biz uşaqlara necə düşünməyin lazım olduğunu öyrədirik. Digər tərəfdən, məktəbin tədris proqramında informatika mühüm yer tutur. Biz təkcə informatikanı məktəb proqramında anlayış olaraq tədris etmək deyil, alqoritmik düşüncəni öyrətməyə çalışırıq. Artıq şagirdlər məktəbin yuxarı siniflərində sadə proqramları özləri yazıb hazırlaya biləcəklər. Bu da məktəbin digər özəl xüsusiyyətidir”. Məktəbin milli əsaslar üzərində qurulduğunu, burada milli dəyərlər və düşüncənin, azərbaycançılıq ideyasının təbliğ olunduğunu və Liseydə Ana dilində tədrisin önəm daşıdığını bildirən E.Əliyev eyni zamanda, tədris ocağında xarici dillərin mənimsənilməsinin prioritet istiqamətlərindən olduğunu da qeyd etdi: “Məktəbdə ingilis və rus dilləri proqramda əlavə dərslər və məşğələlərlə möhkəmləndirilərək elə bir səviyyəyə gətiriləcək ki, şagirdlər məktəbi bitirməmişdən TOEFL və İELTS imtahanlarını vermiş olacaqlar ki, onların dil səviyyəsi xaricdə oxumağa imkan versin. Eyni zamanda, onlar rus dilində sərbəst danışacaqlar. Həmçinin digər xarici dilləri də öyrənmək imkanları olacaq. Seçim əsasında daha çox valideyn və uşaqlar hansı dilləri istəyirlərsə, onlara uyğun müxtəlif dərnəklər şəklində həmin dillərin tədrisini təşkil edəcəyik».
E.Əliyev liseyin gələcəkdə genişləndiriləcəyini də istisna etmədi: «Builki təcrübəmiz uğurlu olarsa, düşünürük ki, yeni məktəblərin açılmasını da həyata keçirək”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər