• cümə, 19 Aprel, 06:06
  • Baku Bakı 13°C

"Kaspi": Azad sözə sahib qəzet modeli

09.12.16 14:16 2270
"Kaspi": Azad sözə sahib qəzet modeli
Azərbaycanda media sisteminin bugünkü inkişafı jurnalistikamızda formalaşmış, özünün informasiya siyasətini qəti şəkildə müəyyənləşdirmiş qəzetlərimizin tipoloji xarakteri haqqında söz deməyə şərait yaratmışdır. Qəzetlərimizin bu tipoloji sistemində müstəqil mətbuat orqanlarının sayı və sanbalı artmaqdadır. Azərbaycan dövlətinin iradəsi və ölkə Prezidentinin mətbuat konsepsiyası müstəqil jurnalistikaya geridönməz bir yol açmışdır. Prezident İlham Əliyevin hələ on iki il bundan əvvəl qətiyyətlə dediyi "Azərbaycanda sözün əsl mənasında müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardır…Əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində müstəqil KİV-lərin sox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır” taleyüklü bir fikri bu illər ərzində özünü bir daha təsdiq etmiş və müstəqil, azad, plüralist fikrin ifadəsi üçün geniş məkan yaratmışdır. Azərbaycanda indi "525-ci qəzet”, "Şərq”, "Ekspress”, "Gündəlik Bakı”, "Yeni Musavat” kimi müstəqilliyini heç nəyə qurban verməyən qəzetlər fəaliyyətdədir.
Belə bir fəaliyyət proqramı ilə meydana çıxmaq ona görə vacib idi ki...
Belə qəzetlər sırasında yaranışının 135 illiyini qeyd etdiyimiz "Kaspi” qəzeti mühüm yer tutur. Yarandığı və sovet dövrünə qədər fəaliyyət göstərdiyi ilk çağlarında dəmir senzura basqıları altında olan bu qəzet, əlbəttə, daha çox imperiya siyasətinə xidmət etmişdir. Lakin bununla belə, Azərbaycanda populyar bir qəzet kimi rus dilində nəşr olunan "Kaspi”də H.Zərdabi, N.Vəzirov, M.Şahtaxtlı, Ə.Ağaoğlu, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli və Azərbaycanın digər maarifçi ziyalılarının iştirakı bu qəzetin ağır imperiya basqıları altında olsa belə, millətin özünüdərkinə, inkişafına və hətta, formalaşmasına necə önəm verdiyini də inkar etmək olmaz. "Kaspi”nin məhz bu keyfiyyəti, çətin şəraitdə belə millətin klassik ziyalılarının da bu qəzetdə fəaliyyəti ona yenidən qayıtmağı, bu qəzetin qədir-qiymətini bilməyi şərtləndirdi və 1999-cu ildə "Kaspi” yeni bir təkanla yenidən meydana çıxdı. Qəzeti bu gün Azərbaycan elmi-ictimai mühitində azərbaycançılığı təbliğ və tədqiq edən, bədii və publisistik yaradıcılığı ilə bədii söz dünyamızda özünəməxsus yeri olan, xüsusilə klassikaya, milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan maarifçilərimizə, onların həyat və yaradıcılığına yenidən qayıdış məqamının yorulmaz təşkilatçısı Sona xanım Vəliyeva ayağa qaldırdı və onun təsisçiliyi ilə, "Kaspi” həyata yenidən vəsiqə aldı. "Kaspi”nin həyata yenidən qayıdışını şərtləndirən əsas faktorları təsisçi ilk nömrədəki proqram-məqaləsində belə ifadə edirdi: "Bizim əsas məqsədimiz nə ucuz sensasiya yaratmaqla pul qazanmaq, nə kiminsə siyasi tribunasına çevrilmək (kursiv bizimdir – N.C., C.M.), kimlərləsə haqq-hesab çürütmək, nə də kimlərinsə sifarişlərini həyata keçirməkdir. Biz sizinlə səmimi ünsiyyət qurmaq, Sizin düşüncələrinizi olduğu kimi, heç bir siyasi və şəxsi süzgəcdən keçirmədən (kursiv bizimdir – N.C., C.M.) işıqlandırmaq istəyirik”. Belə bir fəaliyyət proqramı ilə meydana çıxmaq ona görə vacib idi ki, o dövrdə, elə indinin özündə də bir sıra qəzet və xəbər portalları tanıyırıq ki, onlar kiminsə siyasi tribunasına çevrilmişdir, kimlərləsə haqq-hesab çürütməkdədir, kimlərinsə sifarişlərini yerinə yetirməkdədir. Belə bir şəraitdə müstəqil qəzet kimi meydana çıxmaq, hər kəsdən çox Azərbaycan oxucusuna məhəbbətdən doğur, hər şeydən əvvəl Vətən sevgisindən qidalanır. Azərbaycan elmi-filoloji fikir sahəsində obyektiv qələmi ilə seçilən professor Alxan Bayramoğlu düz beş il əvvəl bir yazısında qəzetin yenidən nəşrə başladığı dövrdə "cəmiyyətimizdə hökm sürən siyasi ambisiyalar, qrupbazlıq və əsassız iddialar, həmçinin xarici siyasi və pozucu qüvvələrin təxribatçılıq cəhdlərinin hələ heç də tamam səngimədiyi bir dövrdə "Kaspi”nin proqram məqaləsində oxucuya verdiyi vədlərə necə əməl etdiyini xüsusi vurğulayırdı: "Kaspi”çilər (yeni kollektiv- N.C., C.M.)…öz sələflərinin çağırış və yaradıcılıq tövsiyələrinə əməl edərək qələmlərini şəxsi ambisiyalar, qrup mənafeləri mövqeyindən yox, milli mənafe baxımından, necə deyərlər, məhz ürəklərinin qanı ilə işlətdilər”.
Bu gün "Kaspi”nin 1999-2016-cı il nömrələrinə ötəri nəzər salmaq belə kifayətdir ki, bu qəzetin milli maraqlara, ictimai marağa xidmət kimi müqəddəs bir jurnalist missiyasına necə sədaqətli olduğuna şahidlik edək. Qəzetin təsisçisi Sona xanım Vəliyeva yeni "Kaspi”nin fəaliyyətindən bəhs edərkən deyir: "Kaspi” qəzeti media aləminə öz gəlişi ilə əsas məqsəd kimi klassik sələfinin ənənələrinə sadiq qalaraq, milli bir qəzet olmağı (kursiv bizimdir – N.C., C.M.), digər tərəfdən Qərb mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək, daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçisini düzgün dərk etdi”. Və həqiqətən də, "Kaspi” qəzeti, onun təsisçisinin dediyi kimi, hər zaman "yüksək media etikasına daim sadiq qalmışdır. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istər müəyyən sahələrə dair yetkili şəxslərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirmişdir. Qəzet sələflərin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın mənafeyini əks etdirən fəaliyyət mövqeyi göstərdi. Xalqın, millətin qəzeti olduğunu sübut etdi. Qəzet heç bir siyasi partiyanın və siyasi qurumun təsirinə düşməyərək tam müstəqil qəzet kimi cəmiyyətdə nüfuz qazandı» (kursiv bizimdir – N.C., C.M.).
Ümummilli qəzet tipologiyasına doğru irəliləməkdədir
Diqqətli oxucu yəqin hiss etməmiş deyil ki, biz sitatlarda millət, xalq, ümummilli kimi sözlərə bağlı cümlə və ifadələri qəsdən kursivlə təqdim edirik. Çünki həqiqətən də yeni "Kaspi” fəaliyyətinin bütün məqamlarında milliliyi, jurnalist vətəndaşlığını, Vətən sevgisini, klassikaya dərin hörmətini daim göstərməkdədir. Bütün bunlar da ona aparır ki, "Kaspi” bu gün Azərbaycan media mühiti üçün çox vacib bir tipoloji xarakterə-ümummilli qəzet tipologiyasına doğru irəliləməkdədir. "Hadisələrlə zəngin tarix, böyük şəxsiyyətlərin tale yolları, həyat amalları və bu amalların məfkurə məktəbi” kimi qiymətləndirilən klassik "Kaspi”nin bugünkü səhifə-rubrikalarına nəzər salsaq, onun ümummilli qəzet xarakterinə uyğunluğuna şübhə yeri qalmayacaq. Bu səhifə-rubrikaların heç də hamısını ifadə etməyən bəzi nümunələri: "Gündəm”- günün içindən doğan və ictimai maraq kəsb edən hadisələrin iki səhifəlik təqdimi; "Təfsilat”- müasir, qəzetçiliyin onlayn jurnalistikası qarşısında duruşunu təmin edən analitik materiallar; "Gənclik”- zamanın dinamik yaradıcılıq düşüncəsini özündə daşıyan cavan nəslin həyatı, "Müsahibə”- günün aktual problemlərinə cavabdeh və bələd adamların hadisə və fakt haqqında düşüncələri… (Qəzet özünün hər nömrəsində müasir jurnalistikanın ən işlək janrı olan müsahibəyə ayrıca səhifə həsr edir); "Rakurs”- ictimai rəydə yeri olan bir kəsin hadisəyə baxışı; "Yaddaş”,- "Anım” - Vətən və millət yolunda xidmətləri olan ictimai, dövlət xadimlərinin, sənət adamlarının portret cizgiləri… Əlbəttə, bu rubrika-səhifələri saymaqla bitmir. Məsələn, qəzet özünün «Ölkə», «Region», «Dünya» səhifə - rubrikalarında, adından da göründüyü kimi, ölkədən dünyaya keçid xətti ilə hadisələrin geniş rezonansına diqqət çəkir. «Aktual», «Ədəbi mühit», «Mədəniyyət», «Tarix», «Təhsil», «Sərbəst», «Bələdçi», «Media», «Tənqid» və s. kimi digər səhifə - rubrikalarda çox müxtəlif spektrli mövzularla cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin, çoxçeşidli oxucu auditoriyasının marağını təmin edir.
«Kaspi» media sistemində bugünkü qəzet qurumunun düşdüyü çətin vəziyyəti yüksək peşəkarlıqla dəf edə bilir. Bu çətinlik qəzetin bir informasiya formatı kimi onlayn media sistemi qarşısında gözlənilən və çoxlarının proqnozlaşdırdığı təslimçilik ehtimalı ilə bağlıdır. Bir sıra nəzəriyyəçilər qəzetin elektron informasiya vasitələri qarşısında yaxın gələcəkdə duruş gətirə bilməyəcəyi haqqında bədbin fikirlər söyləməkdədir. Lakin təcrübə sübut etməkdədir ki. hər şey peşəkarlıqdan asılıdır. Məsələn, ağıllı qəzet kollektivi jurnalist peşəkarlığının yararlı məqamlarını işə salmaqla öz mövqeyini daha da möhkəmləndirməkdədir. «Kaspi» qəzeti dünya qəzetçilik təcrübəsində özünü çoxdan doğrultmuş «qəzetdə qəzet», «qəzetə əlavələr» formatlarından bu gün yüksək peşəkarlıqla istifadə edərək, geniş oxucu auditoriyasına həm də bu formatda ünvanlanır.
Bu səhifələrdə bütöv bədii söz dünyası birləşir
Həmin sırada «Kaspi»yə «Ədəbiyyat» əlavələri son dərəcə önəmli olub, ünvanlandığı oxucusunu Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir nümunələri ilə maarifləndirərək, onun bədii-estetik tərbiyəsinin mükəmməlləşməsinə xidmət missiyasını yerinə yetirir. Müasir informasiya texnologiyasının sürətli inkişafı bədii ədəbiyyat oxunuşuna təkcə bizdə deyil, bütövlükdə dünyada bir maneə rolu oynamaqdadır. Belə bir şəraitdə min illərdən bəri insanı kamilləşdirən, estetik ideallar aşılayan ədəbiyyatı texnologiyaya təslim etmək olarmı? «Kaspi» qəzeti özünün «Ədəbiyyat» əlavələri ilə bu təslimçiliyə «yox» deyir və bədii sözün əzəli-əbədi missiyasının əvəzolunmazlığını sübut edir. «Ədəbiyyat» əlavələrinin tematikası, qaldırdığı problemlər, sözün qədir-qiymət ölçülərinə diqqəti ilə müasir oxucunu bir daha bədii söz dünyasına qaytarır. «Ədəbiyyat» əlavəsi bu gün çölə tökülən qrafoman «əsərlərdən» çox uzaq dayanır. «Əlavə»nin ilk səhifəsinin daimi şüarı belə bir kateqorik sətirdən ibarətdir: «Biz imzaları yox, əsərləri dərc edirik». Əlbəttə, bu şüar zəif yazıçıya, zəif şairə tutarlı bir mesajdır - yəni ki, sən öz imzana, yalançı populyarlığına deyil, əsərinin bədii-estetik dəyərinə güvənə bilərsən! Və qəzetin bu «xəbərdarlığı» öz bəhrəsini verməkdədir. «Ədəbiyyat» əlavəsi istər Azərbaycan, dünya ədəbiyyatından, istər klassikadan, istərsə də müasirlərdən dərc etdiyi əsərlərin sənətkarlıq xüsusiyyətinə ayrıca diqqət yetirir və bəlkə bu əlavələr öz elit səviyyəsinə, xüsusi keyfiyyətinə görə bir tərəfdən təsisçiyə və baş redaktora borcludursa, digər tərəfdən bu gen-bol səhifələrə məsuliyyət daşıyan Fərid Hüseynliyə borcludur. «Kaspi» öz fəaliyyə­tində əməkdaş seçiminə və bu əməkdaşın peşəkarlıq səviyyəsinə çox diqqət yetirən qəzetdir. Burda hər kəs öz yerindədir. Fərid Hüseynin «Ədəbiyyat» əlavələri ona görə qiymətlidir ki, bu əməkdaş sözü duyan, onu seçməyi bacaran, bu seçimdə heç bir güzəştə getməyən bir yaradıcı şəxsiyyətdir. Fərid Hüseyn özü müasir ədəbi-bədii aləmdə bir esseist kimi, filosof yazıçı və poetik düşüncə sahibi kimi məlum adamdır.
Biz indi «Kaspi»nin «Ədəbiyyat» əlavələri olan nömrələrini vərəqləyirik və qarşımıza çıxan yazı nümunələrinə diqqət edirik: «Yazar necə yetişsin?» - bu sual ədəbiyyatın yaşı qədər aktualdır və bu aktual suala tənqidçi Elnarə Akimova, yazıçı Kənan Hacı, Günel Eyvazlı, Səxavət Sahil çox müstəqil düşüncəli, həm də çox ağlabatan cavabları ilə gənc yaradıcı qüvvələrə təlim mesajları verirlər (13 avqust 2016). Biz elə həmin əlavədə Kamran Nəzirlinin «Şopenin sonatası» adlı hekayəsini oxuyuruq və bu yazıçının bədii üslubunun mükəmməlliyini sox bəyənirik. Bu əlavələrdə biz Vəfa Mürsəlqızını, Azad Müzəffərlini, Çinarə Ömrayı, Xanım Aydınqızını, Gülnarə Sadiqi və onlarca digər yazıçı və şairi yenidən kəşf edirik.
«Ədəbiyyat» əlavələrinin mövzu diapazonunu müəyyən etmək üçün onların çoxrəngli rubrikalarına diqqət edək: «Tərcümə», «Cənubi Azərbaycan», «Araşdırma», «Fikir», «Rəmz», «Sənət», «Şəxsiyyət», «Yubiley», «Poeziya», «Nəsr», «Sərbəst», «Memuar», «Əruz», «Müzakirə», «Esse», «Müsahibə», «Söz», «Təhlil», «Dünya ədəbiyyatı» «Ədəbiyyat» və s. Bu rubrikaların hər biri əlavələrin işlək səhifələridir və bu səhifələrdə bütöv bədii söz dünyası birləşir. Dünya ədəbiyyatının F.Dos­toyevski, M.Svetayeva, A.Axmatova, L.Tolstoy, Qumilyov, Şəhriyar, Bob Dilan, Oljas Süleymenov və başqa onlarca bəlli söz ustaları bu əlavələrin personajlarıdır.
«Ədəbiyyat» əlavələrinin çox maraqlı mövzularından biri dünya ədəbiyyatının tanınmış klassikləri və müasirləri, o cümlədən Nobelçilər silsiləsindən olan sənətkarlar haqqında «daycest» formatını xatırladan səhifələrdə təqdim olunan tərcümə materiallarıdır. Belə yazıları dünyanın önəmli mətbuat orqanlarından ingilis, rus, fransız, ispan dillərindən səviyyəli tərcümə əməkdaşları ortaya qoyurlar. Bu səhifələrdə Xanım Aydının, Təranə Məhərrəmovanın, Afaq Şıxlının, Agaddin Babayevin, Elcan Salmanqızının, Sevil Gültənin, Nurgülün və digərlərinin səriştəli, səviyyəli tərcümələri Azərbaycan oxucusunu dünya ədəbi mühitinin tanınmış simaları ilə tanış edir.
«Gənclik qəzeti» bütöv bir məktəbdir
«Kaspi»nin «Qəzetdə qəzet» formatında «Gənclik qəzeti» oxucular - xüsusilə gənclər tərəfindən məhəbbətlə qarşılanır. Çünki bu əlavələrdə müasir gənclik həyatı, cavanların problemləri, bu problemlərin aradan qaldırılması yolları, karyeraya gedən pillələr, ailə-məişət məsələləri, təhsil və tərbiyə istiqaməti, gəncliyin düşüncələri, yeni texnologiya və yeni həyat…kimi mövzular yer alır. «Gənclik qəzeti»nin səhifə-rubrikalarına diqqət edək: «Uğur hekayəsi», «Polemika», «Reportaj», «Mənim nəvəm», «Keçmişdəki mən», «Peşəkar», «Portret», «Sərbəst», «Araşdırma», «İncəsənət», «İstedad», «Alim» və s. Bu rubrika-səhifələrin hər birində təqdim olunan materiallar gənclik həyatının çox aktual problemləri olub, onu hazırlayan jurnalistlərin yaradıcılıq faktları kimi dəyərlidir. Xüsusilə «Uğur hekayəsi» gəncliyə uğurlu həyat nümunələrinin necə meydana gəldiyini, karyeranın hansı baryerləri aşmalı olduğunu göstərir və həm də bütün bunlar çox maraqlı ədəbi-publisistik bir üslubda təqdim olunur. Əgər «Uğur hekayəsi» hansısa bir müasir gəncin həyat qələbəsinin ifadəsidirsə, «Keçmişdəki mən» bu uğurlardan keçib də özünü qurmuş, artıq təcrübə sahibi olmuş nümunəvi insanın taleyini nağıl edir ki, birinci də, ikinci də gənclərə həyat dərsi təsiri bağışlayır.
Bu yazılar sırasında müsahibələri xüsusi qeyd etmək olar. Çünki «Kaspi»çilər müsahibə mövzusunu və müsahibi çox uğurlu seçimləri ilə fərqlənirlər. Lalə Musaqızının «Uğur hekayəsi» rubrikası altında apardığı müsahibələr çox uğurlu alınır. Xəyalə Rəisin, Aygün Əzizin, Şəbnəm Mehdizadənin, Təranə Məhərrə­movanın müsahibələri janrın tələblərinə cavab vermək, obyektiv, qərəzsiz, informasiya zənginliyi baxımından ustalıqla işlənmiş materiallardır.
«Gənclik qəzeti» bütöv bir məktəbdir. Bu məktəbin bütün detalları insana, xüsusilə cavanlara uğurlu həyatı necə qurmağın min bir sirrini öyrədir. Bu qəzet, sözün müstəqim mənasında, mükəmməl bir həyat dərsliyi kimi birbaşa maarifçilik işi göstərməklə, jurnalistikanın üç böyük funksiyasından birini – maarifçilik işini uğurla yerinə yetirməkdədir.
«Teatr» buraxılışları maarifçilik funksiyasını yerinə yetirir
«Kaspi» qəzetçiliyin müasir formatlarını həyata keçirmək işində sənətin teatr kimi çox maraqlı bir sahəsinə də xüsusi səhifələr həsr edir. Həftədə bir dəfə azı dörd səhifə həcmində oxucuya təqdim olunan «Teatr» buraxılışları müasir dramaturgiyanın uğurlarını, yeni tamaşalar, peşəkar aktyor həyatı, teatr repertuarları kimi maraqlı mövzuları ortaya qoyur. Ayrıca qeyd edək ki, bu yazılarda jurnalistin teatr sənətinə, təkcə Azərbaycan mühitində deyil, beynəlxalq teatr mühitində baş verən yeniliklərə dərindən bələdliyi bizi çox razı salır. Biz bu məqamda yenə də jurnalist-teatrşünas Xəyalə Rəisin peşəkar fəaliyyətini xüsusi qeyd etmək istərdik. Xəyalənin ayrı-ayrı aktyorların sənətkarlığına həsr etdiyi portret yazılar onun bu sahəni mükəmməl bildiyinin göstəricisidir. Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin, jurnalist-teatrşünaslar Nigar Pirimovanın, Niyaz Cəfərovun, Aygün Süleymanovanın teatr, kino kimi mürəkkəb sənət dünyası barədə yazıları tamaşalardan uzaqlaşmaq prosesi yaşayan müasir gənclərimizi sənət dünyasına qaytarmaqla, bu sahədə möhtəşəm maarifçilik funksiyasını yerinə yetirir.
Yetər ki, redaksiya kollektivinin yaradıcılıq prinsipləri jurnalistikanın müasir tələblərinə uyğunlaşan
«Kaspi» qəzetinin tematikası və ayrı-ayrı əlavələri, xüsusi buraxılışları, tematik səhifələri qəzetçilik işinin müasir tələblərindən doğan bir fakt kimi Azərbaycan jurnalistikasında, media mühitində xeyli dərəcədə yeni təcrübə faktıdır. Əlbəttə, onlayn jurnalistikası qarşısında nəinki təslim olmaq, hələ bir az da irəli getmək çox mümkündür. Yetər ki, redaksiya kollektivinin yaradıcılıq prinsipləri jurnalistikanın müasir tələblərinə uyğunlaşan, bu tələbləri hiss edən peşəkarlıq səviyyəsinə yüksəlsin. «Kaspi» qəzeti yenidən nəşrə başladığı ilk çağından öz ətrafına müasirliyin vacib kriteriyalarına söykənən peşəkar jurnalistlər topladı.
Bu qəzetin informasiya siyasətinin, tipoloji xarakterinin formalaşması, əlbəttə, xeyli dərəcədə onun ilk redaktoru Natiq Məmmədlinin və hazırkı redaktoru, əməkdar jurnalist, İlham Quliyevin fəaliyyəti ilə bağlıdır. İlham Quliyev yeni "Kaspi” meydana çıxan gündən onun fəal müxbiri kimi işə başlamış, burada şöbə müdiri, baş redaktor müavini, baş redaktor səviyyəsinə yüksəlmişdir.
"Kaspi”nin Rufiq İsmayılov, Lalə Musaqızı, Azər Nuriyev, Təranə Məhərrəmli, Nərgiz Əlipolad kimi peşəkar jurnalistləri var. Azərbaycanın tanınmış elm, sənət adamları bu qəzetin fəal müəllifləridir. Anar, Elçin, Fikrət Qoca kimi ünlü yazıçı və şairlər, Aydın Kazımzadə, Rahid Ulusel, Fəxrəddin Salim kimi tanınmış kino və teatrşünaslar "Kaspi”nin müəllifləri sırasındadırlar.
"Kaspi”nin redaksiya əməkdaşları sırasında bizə çox doğma olan iki jurnalist xanım da var: Flora Xəlilzadə və Qərənfil Quliyeva. Əməkdar jurnalist Flora Xəlilzadə Azərbaycan jurnalistikasında özünəməxsus üslubu olan bir jurnalistdir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən bu günə kimi yüksək peşəkarlıq nümunəsi olan fəaliyyəti ilə oxucuların rəğbətini qazanmışdır. Əvvəllər müxtəlif qəzetlərdə çalışmış Flora xanım bu gün İctimai televiziyadakı fəaliyyəti ilə "Kaspi”dəki müəllifik fəaliyyətini birləşdirən məhsuldar bir jurnalistdir. Qərənfil Quliyeva Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalistdir. O, "Kaspi” qəzetində klassik milli mətbuatımızın bu gün də örnək olan ənənələrinin ortaya çıxarılması, klassik publisistlərimizin yaradıcılıq yolları ətrafında maraqlı yazıları ilə tədqiqatçılıq işi görməkdədir. O, həm də Jurnalistika fakültəsinin tələbələri ilə "Kaspi” arasında yaradıcılıq körpüsü rolunu yerinə yetirməkdədir.
Yüz otuz beş ilin "Kaspi”si bu gün özünün müstəqil, azad sözə sahib önəmli dövrünü yaşamaqda və xalqa, Vətənə xidmət yolunda böyük bir media təcrübəsi kimi örnək rolunu oynamaqdadır.
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor;
Cahangir Məmmədli,
Filologiya üzrə elmlər doktoru, professor
banner

Oxşar Xəbərlər