• cümə, 29 Mart, 13:00
  • Baku Bakı 14°C

“Kaspi” abituriyenti - sabahın universitet tələbəsi, prezident təqaüdçüsüdür - Reportaj

07.07.14 09:07 4198
“Kaspi” abituriyenti - sabahın universitet tələbəsi, prezident təqaüdçüsüdür - Reportaj
Ali məktəbə daxil olmaq, universitetlərdə oxumaq hər bir şagirdin, abituriyentin ən ümdə arzusudur. Eləcə də övladının ali məktəbə daxil olması hər bir valideyn üçün böyük xoşbəxtlikdir. Bu arzuya nail olmaq istəyən abituriyentlər müəyyən kurslarda hazırlaşaraq hədəflərinə çatmağa çalışırlar. Universitetə tələbə hazırlayan kurslardan biri də “Kaspi” Təhsil Mərkəzidir. Artıq 7 ildir ki, “Kaspi” Təhsil Mərkəzi abituriyentlərin seçdiyi hədəfə düzgün istiqamətlənməsi yolunda müəyyən işlər görür. Biz də burada təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmaq, onlarla söhbətləşmək üçün sözügedən təhsil mərkəzinə yollandıq.
Məlumat üçün bildirək ki, bu təhsil mərkəzinin yaranmasında səbəb təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən təhsil sistemini yaratmaq olub. Qısa müddət ərzində bu qurum qarşıya qoyduğu məqsədlərinə nail olub və ölkəmizdə öndə gedən təhsil mərkəzlərindən birinə çevrilib.
“5 min abituriyent universitet tələbəsidir”
Təhsil mərkəzinə daxil olduqda oradakı sakitlik diqqətimizdən yayınmadı. Nəzarətçinin köməyi ilə “Kaspi” Təhsil Mərkəzinin tədris hissə müdiri Rəsul Ağayevin otağına yollandıq. Rəsul müəllim deyir ki, fəaliyyət göstərdiyi illər ərzində “Kaspi” təhsil mərkəzi öndə gedən universitetlərə 5 min abituriyent yollayıb. Onun sözlərinə görə, bu təhsil müəssisənin abituriyentlərinin universitetlərə qəbul faizi hər il artan sürətlə davam edir: “Kaspi” Abituriyent Hazırlıq kursunun məqsədi şagirdi səmərəli yollarla TQDK-nın imtahan formatı çərçivəsinə uyğun hazırlamaqdır. Kursda dərslər müasir texnologiyalardan səmərəli şəkildə istifadə etməklə zənginləşdirilmiş metodlarla izah olunur. Dərslər qəbul imtahanının məzmunu istiqamətində olub, birbaşa nəticəyə təsir göstərir. Burada uzun müddət pedaqoji təcrübəsi olan, abituriyent hazırlığı sahəsində tanınmış müəllimlər abituriyentlərimizə yüksək səviyyədə xidmət göstərərək mövzuların izahı, testlərin tətbiqi ilə bağlı sualları ətraflı başa salmaqla yardımçı olurlar. Yüksək intellektuallıq, səmimilik, qoçaqlıq bizim sistemin əsasını təşkil edir”.
“Xəyalıma bir addım yaxınlaşdım”
Rəsul müəllimlə söhbətləşdikdən sonra abituriyentlərin dərs keçdiyi otaqlara yollandıq. Dərs zamanı olduğu üçün abituriyentlərdən kimi parta arxasında yazı yazır, kimi müəllimləri ilə hər hansı mövzu haqqında danışır, kimisi də öz yoldaşları ilə dərsi müzakirə edirdilər.
Otaqlara baş çəkərkən, otaqlardan birində tək oturub test edən abituriyent diqqətimizi çəkdi. Dərs vaxtının başlamasını gözləyən şagird boş vaxtını test etməklə dəyərləndirir. Səmra Kərimli 11-ci sinifdə oxuyur. Bu il imtahan verməyə hazırlaşan həmsöhbətimiz deyir ki, bu təhsil mərkəzi Səmranı bir addım da olsa, xəyalına yaxınlaşdırıb: “8-ci sinifdə oxuyarkən “Kaspi” Təhsil Mərkəzinə ingilis-dili kursuna gedirdim. Burada olan səmimiyyət, dostluq münasibətləri məni özünə cəlb elədi. “Kaspi” təhsil mərkəzinə daxil olarkən 298 bal toplamışdım. İndi isə sınaqlarda 600 balı keçirəm. Bunun üçün hazırlaşdığım bu mərkəzə minnətdaram. Çünki özümü evimdəki kimi hiss edirəm”.
“Evdən gizli heç nə edə bilmirik”
Təhsil Mərkəzini digər müəssisələrdən fərqləndirən xüsusiyyətlərdən biri də valideynlərlə daim əlaqədə olmalarıdır. Belə ki, kursun tərkibində tələbələrlə iş şöbəsi var ki, valideynlər şagirdlər haqqındakı bütün məlumatları bu şöbədən ala bilirlər. Üstəlik, valideynlər kaspitest.com saytına daxil olmaqla övladlarının imtahan nəticələri, qiymətləri ilə bağlı bütün məlumatları öyrənirlər. Rəsul müəllim deyir ki, tələbənin hər dərs davamiyyəti haqqında valideynə məlumat verilir. Valideyn evində ola-ola övladının nə etdiyini bilmək imkanı əldə edir.
Bu üsul valideynləri məmnun etsə də, təbii olaraq bəzi tələbələrə sərf etmir. Belə tələbələrdən biri Abbas Əsədovdur. Abbas 1-ci qrupa hazırlaşır və “Kaspi” Təhsil Mərkəzinə 130 balla daxil olub. Əsas hədəfi isə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmaqdır: “Artıq iki ildir ki, burada universitetə hazırlaşıram. İlk gəldiyimdə oxumurdum, o qədər də savadlı deyildim. Amma indi istədiyim fakültənin balını toplaya bilirəm”.
“Təhsil mərkəzində sizi qane etməyən nədir” sualının cavabına gəldikdə isə, onun cavabına bütün dostları gülür. Abbas gülərək deyir ki, hər saat nə etdiklərinin valideynlərimə çatdırılması onlara sərf etmir. Evdən gizlin heç nə edə bilmirik”.
30 baldan 598 bala qədər yüksəliş
Abituriyentlərlə söhbətləşərkən onların bir-birilə dostyana münasibətləri diqqətimizdən yayınmır. Bir-birilə zarafatlaşan, gülən dostlar universitetə daxil olduqda da bu dostluqlarını davam etdirəcəklərini söyləyirlər.
Burada demək olar ki, 0-dan başlayan abituriyentlərdən biri də Fərhad Cəbrayılzadədir. Fərhad da yoldaşları kimi Azərbaycan Dövlət Neft Akademiyasında oxumağı qarşısına məqsəd qoyub. Fərhadın “Kaspi” Təhsil Mərkəzinə giriş balını soruşduqda yoldaşları gülməyə başlayır. Fərhad utandığından qızarır. Sən demə o, 2 il bundan öncə bu təhsil mərkəzində hazırlaşmaq üçün imtahan verərkən 30 bal toplayıb və şərti olaraq qəbul olub: “Əsas nəticədir. 30 balla daxil olsam da, indi sınaqlardan 598-600 bal toplayıram. İki ildir müəllimlərimin əziyyəti sayəsində özümü inkişaf etdirə bildim. “Kaspi” sözün əsl mənasında mənim gələcəyimi təmin etdi”.
Boş vaxtlarımız dəyərləndirilir
Uşaqlar deyir ki, burada boş vaxtları da çox maraqlı keçir. Onlar kitabxanada kitab oxuyur, bəzən ad günlərini burada qeyd edirlər. Üstəlik, rəhbərlik abituriyentləri universitetlərə aparır, onları ali təhsil ocaqları ilə tanış edirlər.
Əsas məqsədinin Bakı Ali Neft məktəbində oxumaq olduğunu söyləyən Elşad Əsədov deyir ki, buradakı nizam-intizam, müəllim-şagird münasibətləri başqa heç yerdə yoxdur. Artıq imtahanlara az müddət qalıb. Biz də hazırlıq müddətini bitirib tələbə olmağa hazırlaşırıq”.
Söhbət əsnasında həm zarafatlaşan, həm də kövrələn tələbələr sonda bir şüarı səsləndirdilər: “Kaspi” abituriyenti - sabahın universitet tələbəsi, Prezident təqaüdçüsüdür”.
Qeyd edək ki, iyulun 13-də “Kaspi” təhsil mərkəzinə qəbul imtahanı keçiriləcək. 200-dən yuxarı bal toplayan tələbələr müəyyən güzəştlər əldə edəcək. 600-dən yüksək bal toplayanlar isə 100 faiz endirimlə, pulsuz təhsil alacaqlar.
Aygün ƏZİZReportaj">

banner

Oxşar Xəbərlər