• cümə axşamı, 25 aprel, 02:02
  • Baku Bakı 19°C

"Kaspi": 3 əsrin qəzeti - Yubiley reportajı

09.12.16 18:31 1455
"Kaspi": 3 əsrin qəzeti - Yubiley reportajı
Bu gün "Kaspi” qəzetinin yaranmasından 135 il ötür. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi işıq üzü görüb. APA TV-nin çəkiliş qrupu həmkarlarımızı təbrik etmək üçün "Kaspi" qəzetinin redaksiyasında olub.
135 yaşlı bu mətbu orqanına 2015-ci ildən rəhbərlik edən qəzetin baş redaktoru İlham Quliyevin sözlərinə görə, 1881-ci ildə yaranan "Kaspi” qəzeti zaman ötdükcə Azərbaycan problemlərinin müzakirə olunduğu bir tribunaya çevrilib.
İlham Quliyev qəzetin yaranma tarixinə diqqət çəkərək qeyd edib ki, 1919-cu ildə qəzetin fəaliyyəti dayandırılıb. 1999-cu il martın 6-da mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə başlayıb: "Biz özümüzü "Kaspi”nin varisləri hesab edirik. Çalışırıq ki, daima o xəttə əməl edək. Son illər texnologiyalar sürətlə inkişaf edir, internet həyatımıza daxil olub. O cümlədən internet mətbuatı formalaşmağa başlayıb. Hazırda informasiya yükünün böyük hissəsi internet mətbuatının çiyinlərindədir. "Kaspi”nin saytı 3 dildə fəaliyyət göstərir. Bu bizə imkan verir ki, istənilən internet mediası ilə rəqabət apara bilək. Ən populyar saytlardan heç də geri qalmırıq. Bəzi insanlar hesab edir ki, yazılı mətbuat artıq "ölüb”. Amma mən belə düşünmürəm, hesab edirəm ki, kağız mətbuatı dövrü başa çatmayıb. Düşünürəm ki, çap mediasının öz yeri var, bu təbəqə heç vaxt itməyəcək. Qəzet bir salnamədir. Gələcəkdə hər hansı bir sahədə araşdırma apararkən qəzetlərdən istifadə olunacaq. Yazılı medianın üstünlükləri çoxdur.”
"Həsən bəy Zərdabi, Nəriman Nərimanovun yazılarını dərc etmək hər bir qəzetə nəsib olmur" - deyən İlham Quliyev bildirib ki, "Kaspi” bu gün də öz ənənələrini yaşadır: "Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə diqqət ayrılır. Hazırda "Kaspi”nin əsas prinsipi mövcudluğumuzu qoruyub saxlamaqdır. Amma bununla belə, biz yubileyə əliboş getmirik. Həftə sonu 24 səhifə ilə oxucuların görüşünə gəlirik. Özü də rəngli bir formatda. Üstəlik, qəzetin 3 əlavəsi var. "Ədəbiyyat", "Gənclik" və "Teatr" əlavəsini qoruyub saxlayırıq. Yanvarın 1-dən isə "ArtKaspi.az” adlı sayt fəaliyyətə başlayacaq. Bu sayt ədəbiyyat və mədəniyyət sahəsi üzrə ixtisaslaşacaq. 2017-ci ildə xarici auditoriya üçün hesablanmış ingilis dilli versiyanı daha da inkişaf etdirmək fikrindəyik. İl ərzində bir neçə böyük layihələrimiz var. Onlardan biri mart ayında həyata keçiriləcək. Həmin vaxt dövlət orqanlarından biri ilə müsabiqəmiz nəzərdə tutulub. Hazırda onunla bağlı müzakirələr gedir".
Baş redaktor onu da əlavə edib ki, kollektivin əməkdaşları müxtəlif vaxtlarda dövlət tərəfindən qiymətləndirilib. Elə keçən il 2 nəfər "Əməkdar jurnalist” fəxri adı alıb, 1 nəfər "Tərəqqi” medalı ilə təltif edilib. Qəzetin 3 əməkdaşına dövlət tərəfindən jurnalistlər üçün tikilən binada mənzil verilib. Bundan başqa, "Kaspi” qəzeti "Ali Media Mükafatı”na layiq görülüb. Qəzetin təsisçisi Sona xanım Vəliyeva da Həsən bəy Zərdabinin həyatından bəs edən "İşığa gedən yol” romanına görə "Ali Media Mükafatı” alıb.
Bu gün qəzet Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Fəaliyyətinin əsas məqsədi isə millətin, xalqın qəzeti olmaqdır: "Kaspi” qəzeti media aləminə öz gəlişi ilə əsas məqsəd kimi klassik sələfinin ənənələrinə sadiq qalaraq, milli qəzet olmağı, digər tərəfdən, dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçisini düzgün dərk etdi. Qəzet daim media etikasına sadiq qalıb. Şəxslərin təhqirinə heç zaman yol verməyərək istər sadə vətəndaşların, istər müəyyən sahəyə aid yetkili şəxslərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Müasir "Kaspi” sələflərin iş metodikası və məqsədinə sadiq qalaraq, millətin, xalqın qəzeti olduğunu sübut etdi”.
"135 yaşlı "Kaspi" sizin üçün nədir?" sualına baş redaktorun müavini Məğrur Əli Polad belə cavab verdi: "Kaspi" bir tarixdir. Artıq üç əsrin qəzeti olan "Kaspi" Zərdabi, Əlibəy Hüseynzadə və digər parlaq imzaların timsalında bir növ Azərbaycan səhifəsidir, tariximizin özünəməxsus bir stenoqramıdır. Bura mənim hər gün böyük həvəslə gəldiyim, istedadlı, çalışqan, hər bir üzvü özünəməxsus olan kollektivimizin, hər biri bu bütövlüyü tamamlayan, hər gecə hər bir səhifəsini sevə-sevə hazırladığım, eyni zamanda Azərbaycan dilində saytı yarandığı gündən redaktoru olduğum bir media orqanı və iş yerimdir".
Azərbaycan mətbuatında imzası və özünəməxsus üslubu ilə seçilən əməkdar jurnalist Təranə xanım Məhərrəmova 18 ildir ki, çalışdığı mətbu orqanın əmin əllərdə olduğunu deyir: "Bu gün sosial şəbəkələrin genişləndiyi, jurnalistikanın sərhədlərinin bir-birinə qarışdığı bir vaxtda qəzetin rolunu xüsusi qeyd etmək lazımdır. Çünki qəzet bu gün cəmiyyət üçün çox vacibdir və bu hiss olunur. Ona görə də biz bu qəzeti qoruyub saxlamağa çalışacağıq ki, onu cəmiyyətin güzgüsü kimi təqdim edə bilək, həqiqətləri əks etdirək. İndən sonra da biz işimizə belə yanaşacağıq".
"Kaspi” böyük ənənəsi olan bir mətbu orqandır. "Kaspi”ni fərqləndirən həm də onun peşəkar kollektividir. Bu gün də qəzetdə Azərbaycanın tanınmış və istedadlı qələm adamları çalışır. Baş redaktor İlham Quliyevdən tutmuş müxbirlərə qədər hər kəs öz məsuliyyətini dərk edir və bu məsuliyyətin nəticəsidir ki, "Kaspi”nin hər sayında öz aktuallığı ilə seçilən və maraqla oxunan yazılar, müsahibə və reportajlar yer alır.
Həmkarlarımızı təbrik edir, onlara heç bir zaman azalmayan oxucu auditoriyası arzulayırıq. Yolunuz açıq, uğurlarınız bol olsun!
banner

Oxşar Xəbərlər