• çərşənbə axşamı, 23 aprel, 17:34
  • Baku Bakı 24°C

Kasetlər və vallarla keçmişə səyahət edən gənc - Hobbi

18.02.17 09:30 2601
Kasetlər və vallarla keçmişə səyahət edən gənc - Hobbi

Keçmişə qayıdıb, tarixin hansısa zaman tunelində hərəkət etməkdən zövq alır. Məhz keçmişə maraq və klassik musiqi sevgisi onun hobbisinə çevrilir. Qədimi vallar və kasetlər toplayaraq, musiqi vasitəsilə keçmişi canlandırır...
"Hobbi” rubrikamızın budəfəki qonağı jurnalist Oral Mədənçidir. Oral 1985-ci ildə Ermənistanda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur.
"Klassik musiqini qrammofonda dinləmək insana hüzur verir”
Hobbisinin yaranma tarixindən danışan həmsöhbətimiz deyir ki, küçə musiqisinə olan sevgisi onu kasetlərin, valların arasına atıb: "Mənim hər zaman küçə musiqisinə, musiqiçilərinə böyük marağım olub. Hələ məktəb illərindən boş zamanlarımda küçə musiqisi dinləmək üçün şəhərin mərkəzinə gedərdim. Düzü, o zamanlar Bakıda küçə musiqiçiləri çox az idi. Keçmiş Füzuli küçəsində bir saksafon ifaçısı vardı. Yaşlı kişi idi. Saatlarla onun ifasını dinləyirdim. Elə oldu ki, dostlaşdıq. Onun evində çoxlu qrammofon valları var idi. Klassik musiqini qrammofonda dinləmək insana bir başqa zövq və hüzur verir. O, həmin vallardan birini mənə hədiyyə etdi. O zamandan hobbi olaraq, qədimi vallar, kasetlər toplayıram. Jurnalist kimi tez-tez xarici ölkələrə gedirəm. Orada rastıma çıxanda alıb, kolleksiyama əlavə edirəm”.
Oral 14 ildir ki, qrammofon valı və kaset toplayır: "100-dən çox qrammofon valı, bir o qədər də müxtəlif musiqiçilərin kaset formasında musiqi albomlarını toplamışdım. Çox təəssüf ki, 3 il öncə evimizdəki təmir zaman ustalar bu qədimi əşyaları lazımsız hesab etmişdilər... Amma bir hissəsini xilas edə bildim”.
Onlar evimdə olmasaydı...
Hobbinin insana nə verdiyinə gəldikdə isə müsahibimiz deyir ki, hobbisi təkcə özünə yox, həm də cəmiyyətə yararlıdır. Onun sözlərinə görə, dünya musiqilərinin incisini qoruyub saxlayır ki, gələcək nəsillər də qulaq asıb, zövq ala bilsinlər: "Musiqi insanı başqa bir dünyaya aparır. İnsan musiqi dinləyən zaman özü ilə baş-başa qala bilir. Çox təəssüf ki, topladığım qrammofon vallarını indi dinləmək imkanım yoxdur. Bir dəfə istədim bir qrammofon alım. Qədimi əşyalar satılan dükana yollandım. Qiymətini soruşduqda, satıcı 5 min dollar dedi. Yavaşca dükanın qapısını bağlayıb çıxdım (gülür). Amma bilirəm ki, ən azından sevdiyim nəyisə edirəm. İnsan var ki, hobbisi kibrit çöpündən ev tikməkdir. Buna görə onu qınamaq olmaz, amma bunun insanlara nə faydası var? Mənim topladığım vallarda, kasetlərdə isə dünya musiqisinin inciləri var. Onlar mənim evimdə olmasaydı, hansısa bir zibillikdə lazımsız əşya kimi məhv olub gedərdi. Ən azından onları qoruyuram. Bəlkə bir gün hansısa musiqişünas Keçəçi oğlu Məhəmmədi araşdıranda onun səsini dinləyə biləcək”.
"Heyrati”, "Beatles”...
Kolleksiyasında hansı musiqiçilərin kasetlərinin olduğuna gəldikdə isə deyir ki, daha çox klassik türk musiqiçilərinin kasetlərini toplayıb: "Mən daha çox Türkiyəyə gedib gəldiyim üçün klassik türk musiqiçilərinin kasetləri və valları çoxluq təşkil edir. Digər xarici musiqiçilər də çoxdur. Daha çox "Beatles” qrupunun valları və kasetləri var. Yerli musiqiçilərdən də var. Sizə bir hadisəni danışım. Varşavada olan zaman küçə musiqiçilərindən biri mənə görkəmli xanəndəmiz Cabbar Qaryağdıoğlunun 1906-cü ildə yazdırdığı "Heyratı” muğamının valını verdi. Musiqiçi polyak idi. Azərbaycanlı olduğumu bildikdə, "Heyratı” muğamının valını mənə hədiyə etdi. Varşavada küçə musiqiçisindən azərbaycanlı xanəndənin valını hədiyyə alanda çox sevindim. Bu, mənim musiqiyə olan sevgim, vurğunluğumdur. Əslində kolleksiyama hobbi kimi yox, musiqini qorumaq kimi baxıram”.
Ailəsində musiqiçi olmasa da, Oral musiqi vurğunudur: "Ailəmdə heç zaman musiqiçi olmayıb. Amma mən musiqini sevirəm. Xüsusən pianonu. Bir neçə ildir pianoda ifa etməyi öyrənmişəm. İnsana hüzur verir. Mən müasir musiqini də klassik musiqi üzərindən dinləyirəm. Məsələn, Fazıl Sayı tanımayan yoxdur. Dünya şöhrətli türk musiqiçisi, pianoçudur. Onun "Mesapotomiya” əsəri var. Bütün torpaqları, onun insanını, keçmişini, bu günün təsvir edir. Bu əsərin içində müasir musiqi də var, klassik musiqi də... Yaxud Əzizə Mustafazadənin sənətini necə sevməmək olar?”.
"Səlcuqlardan Osmanlıya qədər bütün o dövrü gəzdim...”
Müsahibimiz deyir ki, topladığı vallar, kasetlər onun keçmişə səyahət etməsinə kömək olur. Hobbisinin ən çox sevdiyi tərəfi də məhz keçmişlə bağlı olmasıdır: "Mənəvi zövq verir insana. Məsələn, siz istəməzdiniz ki, tarixin hansısa zaman tunelində hərəkət edəsiniz? Məncə, bu tip hobbilər bir az tarixə maraqdan qaynaqlanır. Mən əldə etdiyim hər valda, kasetdə o dövrün yaşamını, musiqi zövqünü görə bilirəm. Məncə, hərə bir fərqli hobbi ilə bunu görür. Məsələn, mən Türkmənistanda olanda onların bir Çöl bazarı deyilən tarixi bazarlarını heç nə almasam belə, bir neçə saat gəzdim, sanki Səlcuqlardan Osmanlıya qədər bütün o dövrü dolandım. Yəni məncə, hobbi də tarixə, keçmişə olan maraqdan qaynaqlanır. Hobbinin müsbət cəhəti çoxdur. Nəyisə qoruyursan, saxlayırsan, mühafizə edirsən”.
Müsahibimiz sonda vurğuladı ki, hobbinin müsbət cəhəti olduğu kimi, mənfi cəhətləri də olur: "Düzdür, hobbi insana mənəvi zövq verir. Amma hər şeyin normadan artığı ziyandır. Bunu alışqanlıq halına gətirmək olmaz. Məsələn, mən heç vaxt cibimdəki sonuncu pulu vala vermərəm. Amma elə adam tanıyıram, bunu edir. Məncə, bu mənfi haldır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər