Karyeraya nə zaman başlayaq? - Gənclərə məsləhət
"Sübut olunub ki, biz ən böyük uğura o zaman və o
fəaliyyət sahəsində nail oluruq ki, bu sahə bizim daxili harayımıza cavab verir
və bizdə dərin maraq oyadır. Peşə və hobbiləri eyni olan, yəni sevdikləri işlə
məşğul olan insanlar sözün əsl mənasında xoşbəxtdirlər. Ola bilsin ki, peşə və
sevimli məşğuliyyəti bir araya gətirmək üçün böyük miqdarda səy və əzmkarlıq
tələb olunacaq, amma onlar bir qayda olaraq, özünü doğruldur, öz qiymətini
çıxarır, çünki siz məmnuniyyət əldə edir, işləmək istəyir və ən əsası da
maliyyə stabilliyi qazanırsınız”.
Bu sözləri Uilyam Şekspir deyib. Çox da düzgün vurğulayıb.
İnsan sevdiyi işlə məşğul olan zaman xoşbəxt ola bilir. Bunun üçün insan əzmlə
və səbirlə istəyinə doğru addımlamalıdır. Günümüzdə karyera qurmaq, bu işdə
uğur qazanmaq və onu davam etdirmək elə də asan deyil. İnsan həmişə qarşısına
çıxan maneələri dəf etməyi bacarmalıdır. Bəzən karyera quruculuğu ilə bağlı
hansısa suallar bizi narahat edir. "Karyeraya nə zaman başlamaq daha düzgündür?”,
"Bu işə başlamaq üçün bizi nələr motivasiya edir?” və "Ailə ilə birlikdə
karyeranı da necə davam etdirmək olar?” kimi sualların cavabı bizə çox maraqlıdır.
Ona görə də bu dəfə bu sahədə mütəxəssis, Beynəlxalq dərəcəli kouç, ALPHA
Coaching & Consulting şirkətinin rəhbəri Fidan Əzimli ilə söhbətləşdik.
Fidan
xanım deyir ki, karyeraya başlamaq, həyatında vacib seçim etməkdir: "Hər hansı
bir sahədə etdiyimiz seçimin düzgün olmasını istəyirik. Xüsusilə də gələcək
maddi vəziyyətimiz və fərdi inkişafımıza təsir edən seçimlər zamanı. Əsas odur
ki, seçimi şüurlu edəsiniz. Sizin seçiminizə kimlər təsir edir? Əgər
valideynlərdirsə, müasir dövrün tələbləri nəzərə alınıbmı? Əgər
dostlarınızdırsa, gələcəkdəki perspektivlər düşünülübmü? Mən özüm həyatda nə
istəyirəm? Gələcəkdə kim olmaq istəyirəm? Bu işə düzəlməyim məni gələcəkdəki
hədəflərimə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Çalışacağım şirkətin nüfuzu, bazardakı
imici araşdırılıbmı? Yeni iş, yeni imkanlar, yeni kontaktlar – bunlar işin
görünən tərəfləridir. Bu gözəl tərəflər insanı özünə cəlb edir və yaşadığınız
bütün problemlərin həlli kimi görünə bilərlər. Bu optimistliyin içində
dəyişikliklərin gücü düzgün qiymətləndirməyə bilər. Yeni iş vərdiş etdiyimiz
həyat tərzinin dəyişilməsi deməkdir. Artıq vərdiş etdiyimiz gündəlik qrafikə
dəyişiklər etməli oluruq. Yeni işə başlamaqla, köhnə vərdişləri dəyişməli və
içərisində olduğumuz komfort zonalarıtərk etməli oluruq. Əvvəlki həyat
tərzinizin çox rahat və ya çox sıxıcı olmasından asılı olmayaraq, dəyişikliklər
qaçılmazdır. Statistikaya görə, əvvəlcədən dəyişikliklərin təsirini düzgün
qiymətləndirən insanlar, qarşıya çıxa biləcək maneələrə daha hazırlıqlı olurlar
və rastlaşdıqları vəziyyətləri daha tez öz uğurlarına çevirə bilirlər. Yeni
karyeraya başlayarkən diqqətinizi yeni məlumatlara yönəltməklə yanaşı,
kollektivlə səmərəli ünsiyyət yaratmağa da çalışın. Yeni işçi olduğunuza görə
səhvlər edə bilərsiniz. Səhvinizi fəlakət kimi yox, öyrənmək üçün fürsət kimi
qəbul edin. Eyni problemlə rastlaşmamaq üçün həllər axtarın”.
Müsahibimiz bildirir ki, indiki
dövrdə Azərbaycanın nüfuzlu şirkətləri tələbələr üçün xüsusi proqramlar təklif
edirlər: "Bu gözəl fürsətlərin köməyi ilə onlar oxumaqla yanaşı, iş dünyası ilə
birbaşa təmasda olur, şirkətdaxili etika və davranış qaydalarını öyrənir, ən
əsası da, gələcəkdəki peşələri ilə yaxından tanış ola bilirlər. Lakin bu
tanışlıq birtərəfli deyil. Eyni zamanda, şirkət də tələbələrlə tanış olur və
onların içərisindən seçilənləri iş yerləri üçün potensial namizəd kimi
görürlər. Bəzən tələbələr yetkin həyata daha tez daxil olmaq, tez pul qazanmaq
istəyirlər. Buna görə dəyarım günlük işlər axtarırlar. Təcrübəm göstərir
ki, bu işlər əksər hallarda inkişaf tərəfindən yararsız olur. Nəticədə isə iş
yerində yorulub, təhsilə daha az diqqət yetirirlər və daha aşağı səviyyədə
biliklərə sahib olurlar. Buna görə də tələbələrə məsləhətim budur ki, ali
təhsillərinə, eyni zamanda, əlavə inkişaf proqramlarına və mütaliəyə daha çox
vaxt sərf etsinlər. Bu addımlar onların gələcək iş həyatına daha güclü daxil
olmalarının təminatı ola bilər”.
Şirkət
rəhbəri qeyd edir ki, ailə və
karyera arasında tarazlığın saxlanılması bir neçə amildən ibarətdir: "Çalışdığınız
işin mahiyyəti, ailə içərisində həyat yoldaşlarının bir-birinə münasibəti,
onların yaşı, valideynlərinin daha əvvəlki təcrübələri və s. təsiredici
faktorlardandır.Şirkətimizə müraciət edənlərin çoxu təcrübəli və həyatda
özlərini təsdiq edən insanlar olduqlarına baxmayaraq, yenə də bu qızıl
tarazlığın əsasını tapmaq istəyirlər. Belə hallarda bizim kouç kimi işimiz
müştərilərimizə həyatlarındakı balansı taparaq, rahatlıqlarına qovuşmalarına və
eyni zamanda, karyera planlamalarına kömək etməkdir. Həyat yoldaşları arasında
qarşılıqlı hörmət varsa, onlar özləri də problemlərini həll etmək üçün
bir-birlərinə dəstək olacaqlar”.
Günel Azadə