• cümə, 29 Mart, 14:59
  • Baku Bakı 14°C

“Karyerada ilk addım” atmaq istəyənlərə seçim imkanı

01.05.15 07:05 1616
“Karyerada ilk addım” atmaq istəyənlərə seçim imkanı
“Karyerada ilk addım” devizi adı altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün təşkil olunan növbəti əmək yarmarkası Azərbaycan Texniki Universitetində baş tutdu. 630-a yaxın boş iş yerinin təklif olunduğu aktiv məşğulluq tədbiri əsasən Texniki Universitetin tələbələri üçün təşkil olunsa da, Memarlıq və İnşaat Universitetinin tələbələri də aktiv iştirak edirdilər. Ümumilikdə isə yarmarkada bütün yaş qrupundan olanları görmək mümkün idi.
Boş iş yeri təqdim edən müəssisələr sırasında ARDNŞ, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Azercell Telekom” MMC, “Bakcell LTD” MMC, “Azərfon” MMC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və digər iri şirkətlər də var idi. Hər kəs özünə uyğun vakansiya təqdim edən şirkətlərin nümayəndələrinə yaxınlaşıb məlumat alırdı. Uyğun gəldikdə isə CV-lərini təqdim edirdilər. Amma şirkət nümayəndələri ilə mübahisə edən, onların qarşısına tələb qoyan tələbələrə də rast gəldik.
Yüksək ixtisas qabiliyyəti...
“Avanqard-N” MMC-nin kadrlar şöbəsinin müdiri Aqil Nəsibli bildirdi ki, boş vakansiya yerləri çox olsa da, onlara yüksək ixtisas qabiliyyəti tələb edən kadrlar lazımdır: “Avtomatika, energetika mühəndisliyi yüksək ixtisas qabiliyyəti tələb edir. Amma kurs keçib işə qəbul etdiyimiz hallar da olub. Əgər şəxs avtomatika mühəndisliyini bitiribsə, ixtisası haqda nəzəriyyəsi güclüdürsə, onu bir müddət yoxlayırıq. Bizim texnologiyaya uyğunlaşsa, iş şəraiti yaradırıq. Tələbələr yaxınlaşırlar, amma texnologiya haqda tam məlumatlı olanlar azdır. Ümumi iqtisadiyyatla bağlı hansısa fakültəni bitiriblər, amma istiqamətləri yoxdur. Məzunlara məsləhət görərdim ki, şirkətlərin vakant tələblərinə baxıb, ona uyğun özlərinə istiqamət seçsinlər”.
Bacarıq və ali təhsil...
“Akkord Mərmər Qranit” MMC-nin böyük mütəxəssisi Pərvanə Ağayeva isə bildirdi ki, üç vakansiya (dizayner, asissent, frontal yükləyici) üzrə işçi axtarırlar: “Asissent vəzifəsi üçün işçinin bacarıq qabiliyyəti əsasdır və ali təhsilin olması mütləqdir. Bu vəzifə üçün xanımlar müraciət ediblər və uyğun olanların CV-lərini götürmüşük. Asissent ingilis dilini heç olmasa, orta səviyyədə bilməlidir. Dizayner işi üçün isə bu sahə üzrə lazım olan xüsusi proqramları bilmək tələb edilir. Hələ ki bu vəzifə üçün müraciət edən olmayıb. Frontal yükləyici vəzifəsi üçün isə xüsusi sürücülük vəsiqəsi lazımdır. Əvvəllər də bizim şirkət əmək yarmarkası vasitəsilə işçi qəbul edib”.
Təcrübə, sonra iş...
Ən çox iş üçün müraciət edilən şirkətlərən biri də “Bakcell” idi. Şirkətin işə qəbul üzrə köçəkçisi Leyla Lətifova bildirdi ki, “Smart start” təcrübə prqramı üçün mayın 10-a qədər CV-lər qəbul olunur. Daha sonra isə müraciət edənlərin içindən növbəti mərhələ üçün seçim ediləcək: “Test və müsahibə yolu ilə yoxlama aparılacaq. Seçilənlər hansı şöbələrə daha uyğun görülsə, ona uyğun təcrübə keçiriləcək. Təcrübə iştirakçılarına təqaüd verilir, bitirənlərə sertifikat da təqdim olunur. Ötən il tələbə namizədləri o qədər bəyənmişdilər ki, yarımştat işə götürmüşdülər. Şöbələrdən asılı olaraq işçilərdən xarici dil də tələb oluna bilər”.
“Socar” şirkətinin nümayəndələri isə tələbələr üçün nəzərdə tutulan proqramları haqqında məlumat verirdilər. “Socar”ın İnsan Resursları Departamentinin əməkdaşı Qoşqar Qurbanlı bildirdi ki, yarmarkada tələbələrə məlumat verilir, müraciətlər isə onlayn formada qəbul edilir: “Tələbələrə məlumat veririk ki, onlar bizim proqramlarımız və qəbul vaxtları, qaydaları haqqında məlumatlı olsunlar. Onlar da kriteriyalara uyğun olduqları halda qeyd olunan müddətdə qeydiyyatdan keçirlər”.
İş tapan da var, tapmayan da...
Müşahidələrimizə əsasən deyə bilərik ki, özünə uyğun iş tapa bilməyib, xarici dil tələb olunduğunu deyənlərlə yanaşı, özünü artıq iş tapmış kimi şanslı hesab edənlər də var idi. Hələ yarmarkanın təzə başlamasına baxmayaraq, Misir Ərəb Respublikasında təhsil aldığını deyən Hikmət Məmmədov özü üçün bir neçə uyğun iş tapdığını bildirdi: “Əsasən xarici dil bilikləri üzrə təqdim olunan vakansiyalara baxıram. Mənə uyğun olanları çoxdur. İnanıram ki, özümə uyğun birini seçəcəm”.
Rafiq Niftəliyev isə özünə uyğun bir neçə vakansiyaya baş vursa da, hələ ki seçə bilmədiyini deyir: “Xarici dil cəhətdən problemim yoxdur. Ona görə burada təqdim edilən işlərdən mənə uyğun olanı çoxdur. Elə iş seçmək istəyirəm ki, həm gələcəkdə özümü təkmilləşdirməyimə imkan versin, həm də maaşı yaxşı olsun”. Nazlı Xudayeva da deyir ki, özünə uyğun iş tapa bilməyib: “Əvvəllər başqa yerlərdə işləmişəm. Amma neçə aydır ki, işsizəm. Ali təhsilim yoxdu, kollec bitirmişəm. Resepşn işi üçün gəlmişəm. Amma hələ ki mənə uyğun olan və mənim uyğun olduğum iş yoxdur”.
“İş axtaran hər kəs müraciət edə bilər”
Dövlət Məşğulluq Xidmətinin rəis müavini İbrahim Heydərov jurnalistlərə açıqlamasında bildirdi ki, “Karyerada ilk addım” adı altında belə tədbirlər ali təhsil müəssisələrində hər il keçirilir. Tədbirin əsas məqsədi isə məzunları əmək bazarındakı boş iş yerləri ilə tanış etmək, onlara işə qəbul qaydaları haqqında məlumat verməkdən ibarətdir: “Çünki məzunlar əmək bazarında hansı iş yerlərinin mövcud olduğunu bilmirlər. Bu tədbir vasitəsilə tələbələr bazardakı işlərlə tanış olurlar və gələcəkdə hansı istiqaməti seçəcəklərini öncədən müəyyənləşdirirlər. Bu yarmarka əsasən keçirilən universitetin məzunları üçün olsa da, digər universitetlərin də tələbələri və iş axtaran hər kəs müraciət edə bilər”.
“Müraciət edənlərin 30 faizi müvafiq işlərlə təmin olunur”
İ.Heydərovun sözlərinə görə, əmək yarmarkasına 88-i özəl, 15-i isə dövlət olmaqla 103 müəssisə dəvət edilib. 630-a yaxın vakansiya təqdim olunur: “Təcrübə tələb olunan iş yerləri də var. O müəssisələrdə gənc mütəxəssislər üçün bir-iki ay təcrübə keçilir və sonra onların içərisindən istedadlıları işə qəbul olunur. Dəqiq rəqəmlər deyə bilmərəm, amma iş üçün müraciət edənlərin təxminən 30 faizi müvafiq işlərlə təmin edilir”.
Yarmarkadan çıxanlara isə sorğu vərəqi təqdim olunurdu. Yarmarkada təqdim edilən iş yerləri, seçim imkanları, iş tapıb-tapmadıqları öyrənilirdi.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər