AZE | RUS | ENG |

Karyera qurmaq üçün regionda yaşamaq əngəl deyil

Karyera qurmaq üçün regionda yaşamaq əngəl deyil
Həcər Əskərova deyir ki, regionda yaşayan qızların inkişafı üçün iş görmək istəyir

Bu gün Azərbaycan gəncləri cəmiyyət həyatının bütün sferalarında aktivlik göstərirlər. Paytaxt gəncləri ilə yanaşı, region gəncləri də gördükləri işlərlə cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyə iddialıdırlar. Belə gənclərdən biri də regionda yaşamasına baxmayaraq, fəallığı ilə fərqlənən Həcər Əskərovadır.

Dizayner, jurnalist, fotomüxbir, korrektor

Tərtər rayonunda anadan olub burada böyüyüb boya-başa çatan Həcər Tərtər Regional Peşə Təlim Mərkəzində inzibatçı işləyir. İşi sözügedən mərkəzdə gənclər üçün müxtəlif təlimlər, tədbirlər təşkil etmək, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) digər qurumlarla ərsəyə gətirdiyi layihələrdə iştirak etməkdir. Rayon yerində böyüməsinə baxmayaraq yaşıdlarından fərqli Həcər jurnalistika fakültəsini seçir və ailəsində buna narazılıq edən olmur:

“Universiteti bitirdikdən sonra əvvəlcə “Yeni Tərtər” qəzetində dizayner kimi çalışmağa başladım. Amma bununla da kifayətlənmədim, jurnalist kimi də çalışdım. Özümü fotomüxbir, korrektor kimi də sınadım. “Yeni Tərtər” qəzeti mənim həyatımda böyük rol oynayıb. Çünki ilk iş təcrübəsini burada toplamışam”.

Qızların peşə seçimində monotonluq

Məlumdur ki, bəzi regionlarda qızların, qadınların işləməyinə o qədər də yumşaq yanaşılmır. Xüsusilə jurnalistika sahəsində işləyən qadınlar azlıq təşkil edir. Bu faktları təsdiq edən müsahibimiz bildirdi ki, əvvəlki illərə nisbətən hazırda Tərtərdə müxtəlif sahələrdə fəaliyyət göstərən çoxlu gənc qızlar var: “Lakin problem ondadır ki, xüsusilə qadınların peşə seçimlərində monotonluq var. Rayonumuzun qızlarının əksəriyyəti ya müəllim, ya da həkim olur. Xüsusilə ailələr qızlarının seçimlərinə hörmətlə yanaşmırlar. Deyirlər ki, qız, qadın ya müəllimə, ya da həkim olar. Mən bu fikri qətiyyən qəbul etmirəm. Düşürəm ki, hər bir insan peşə seçimində sərbəst olmalıdır”.

“Qızsan, otur oturduğun yerdə”

Paytaxt gəncləri ilə region gənclərini müqayisə edən həmsöhbətim bildirdi ki, onların arasında ən böyük fərq region gənclərində azad seçimin olmamasıdır: “Bu, əsasən qızlar arasında üstünlük təşkil edir. Yəni qızları daha çox sıxırlar, “olmaz”lar çoxdur. Asudə vaxtlarını səmərəli keçirmək üçün qızlar üçün demək olar ki, məkanlar yoxdur. Rayonlardakı əyləncə, idman mərkəzlərindən ancaq oğlanlar istifadə edir. Qızların eşitdiyi söz ancaq budur “qızsan, otur oturduğun yerdə”, “Sənin nə işin var orda”. Bax budur şəhər və rayon gəncləri arasında fərqlər”.

Təhsilsiz anadan təhsilli gələcək gözləmək əbəsdir

Həcərin sözlərinə görə, rayonlara nisbətən paytaxtda qızın karyera qurması, karyera pillələrində irəliləməsi daha asandır: “Regionlarda, həmçinin bizim rayonda qızlar hər hansı bir işə düzəlir və irəli getmək ağlından belə keçmir. Səbəb budur ki, ətrafındakılar ona dəstək olmurlar. “Bu da bəsindir” deyə, hətta ona mane də olurlar. Bunun üçün də şəhər mühitində qadının, qızın irəliləməsinn daha asan olduğunu düşünürəm. Amma regionda yaşayıb, “qızların karyera qurması üçün şərait yoxdur” demək də düzgün deyil. Düşünürəm ki, əgər çalışıb vuruşsan, regionda yaşasan belə karyera qura bilərsən. Əsas nə istədiyini, hansı istiqamətə doğru getdiyini anlamaqdır”.

Rayonda qızların tez ailə qurmalarına baxmayaraq, Həcər karyerasını qurduqdan sonra ailə qurmaq istəyir: “Hər ailənin özünün dünyagörüşü və düşüncə tərzi var. Mən gözümü açıb ətrafımda ali təhsilli, özünə cəmiyyətdə müəyyən mövqe tutmuş insanları görmüşəm. Bizim nəslimizdə ümumilikdə ali təhsil almadan ailə quranlar demək olar yoxdur. Məncə, təhsilsiz anadan təhsilli gələcək gözləmək əbəsdir. Amma qadınlar da elə etməlidir ki, ailə və karyeranı bir arada tuta bilsinlər”.

Sonda gələcək planlarından danışan həmsöhbətim vurğuladı ki, region qızlarının iş həyatına atılması, karyera pilləsində irəliləməsi üçün əlindən gələn hər şeyi edəcək: “Hədəflərim çoxdur. Planlarım arasında regionda yaşayan qızlarımız üçün müəyyən işlər görmək əsas yerdə durur. Ümid edirəm ki, BAMF-ın dəstəyi və köməkliyi ilə istədiklərimi həyata keçirə biləcəyəm”.

Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202