AZE | RUS | ENG |


Karyera qurmaq üçün ali təhsil kifayətdirmi?

Karyera qurmaq üçün ali təhsil kifayətdirmi?
 
Fəxri Ağayev, peşəkar idarəçi 
 
 

Hesab edirəm ki, karyera qurmaq üçün ali təhsil vacibdir, ancaq kifayət etməz və bunun da bir neçə səbəbi var. 
 
Birinci növbədə onu qeyd edim ki, universitetdə verilən biliklər hər zaman dövrün ən müasir bilikləri olmur. Çıxışlarımda verdiyim misalı burada da çəkmək istəyirəm : Jack Weltch (Cək Velç) "Forbes” jurnalının sorğusu nəticəsində 21-ci əsrin idarəçisi seçilən insandır. "General Electric”  korporasiyası üçün ABŞ-ın Krotonvill şəhərində daxili universitet və təlim mərkəzində müxbirlər ona belə bir sual verirlər : "General Electric” şirkəti dünyanın top 10 universitetinə idarəçilərini göndərə bilər. Nə ehtiyac vardı belə bir universitetin açılmasına?”. Jack Weltch bu suala çox maraqlı və məntiqli cavab verir : "Dünyanın ən aparıcı universitetləri real iş dünyasından 3-5 il geridədirlər. Bizim şirkətlərin idarəçiləri isə rəqabətə tab gətirə bilmələri üçün ən müasir biliklərə malik olmalıdırlar”. Universitetlərdə verilən təhsil proqramının dəyişməsi belə zaman aldığına görə, düşünürəm ki, gənclərimiz öz inkişaflarını ali təhsil ocağı tərəfindən verilən biliklərlə məhdudlaşdırmamalıdırlar.

İkincisi, universitetdə verilən məlumatlar nə qədər müasir olsa da, universitet bitənə qədər keçən bir neçə il ərzində bu məlumatlar artıq köhnəlmiş ola bilər.

Üçüncüsü, universitetlərdə tədris edilən bütün fənlər ixtisas fənləri deyil. İqtisad və ya biznesin idarə edilməsi fakültəsində oxuyan bir tələbənin təhsil aldıqdan sonra marketoloq olmaq istədiyini düşünək. 4 il ərzində keçdiyi 35-40 fəndən ancaq 2 və ya 3-nün marketinqlə birbaşa əlaqəsi olur. Bir insan həftədə 2 saat keçdiyi dərslə nə qədər bilik əldə etmiş ola bilər?

Bütün bu sadalananlarla bərabər, unutmamaq lazımdır ki, müvəffəqiyyətli karyera üçün ancaq sahəvi və peşə bilikləri lazım deyil – insanın sosial vərdişləri, iş həyatında kiçik, amma vacib vərdiş və bacarıqları da mühim rol daşıyır. 

Bir gənc düşünün: ali təhsil alıb, diplomu var, sevdiyi marketinq sahəsində işləmək istəyir, amma biliklərini nümayiş edə bilmir və danışıq qabiliyyəti zəifdir. Belə bir insan CV-də qeyd etdiyi yüksək göstəriciləri səbəbilə müsahibələrə dəvət edilsə belə, istər danışıq tərzi, istərsə də ünsiyyət qurma bacarığının zəif olmasına görə iş tapma ehtimalı az olacaq. Səbəb isə çox sadədir. Bu insan öz biliklərini nümayi etdirə bilmədiyinə görə "mövzunu bilmir” və ya "peşə biliklərinə sahib deyil” kimi təsəsvvür oyadır.

Bilik də vacibdir, savad da. Amma ancaq biliklə müvəffəqiyyət əldə etmək çətindir. Biliyin yanında şəxsi keyfiyyətlər və sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət daşıyır.   

Hesab edirəm ki, ali təhsil vacibdir, amma müvəffəqiyyətli olmaq üçün mütləq şərt deyil. Vacib olan bir gəncin 4 il universitetə getməsi və orada fiziki olaraq mövcud olması deyil, bu 4 ili gələcək həyatının bünövrəsini qurmaq üçün necə istifadə etməsidir. Bir gənc öz gələcək karyerası və gələcəyini ancaq universitetə etibar etməməlidir.

Mənim üçün çox təəccüblü haldır ki, univeristet tələbələri təhsil illərini ancaq dərs oxumaq və imtahanlarla keçirir və diplomu uğurlu karyera üçün yetərli bir sənəd olaraq qəbul edirlər. Universiteti bitirdikdən sonra isə gənclərimiz acı həqiqətlə üz-üzə gəlirlər – diplom vacib olsa da, yetərli deyil; nəzəri biliklər iş həyatında o qədər də vacib rol oynamır; lazım olan praktiki biliklər uinversitetdə verilməyib; iş həyatında kiçik, ancaq əhəmiyyətli olan vərdişlər haqqında məlumat yoxdur.

Əslində 4 universitet ili çox əhəmiyyətli hazırlıq dövrüdür. Müvəffəqiyyətli karyera qazanmaq istəyən insan bu dövrü gələcək karyerasında güclü bünövrənin qurulması üçün istifadə edir.

Unutmamaq lazımdır ki, ali təhsil 4 il davam edir və bizim inkişafımız 4 il sonra ali təhsilin bitməsi ilə durmamalıdır – inkişafımız daimi olmalıdır.
Universitet illərini qeyri-səmərəli və imtahandan imtahana oxuyaraq bitirən gənc bir əlində diplom, digər əlində çox sayda illüziyalar və arzularla ali təhsil ocağını tərk edir.

Valideynlər də, müəllimlər də gənclərə "ən yaxşı oxuyanlar ən yaxşı karyera qururlar” hekayəsini danışırlar. Bu, hər zaman belə olmur. Hətta çox nadir hallarda belə olduğunu deyə bilərəm. Ən yaxşı oxuyanlar universiteti bitirəndən sonra adətən hara gedirlər? Bəli, doğrudur – magistraturaya. Çünki onlar ancaq oxumağa öyrəşiblər. Sonra isə iş həyatına gəlirlər və real iş həyatının öyrədilənlərlə heç də əlaqəsi olmadığını görürlər.  Və beləliklə, "bu ölkədə ali təhsilə əhəmiyyət verilmir” əfsanəsi yaranır.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN