• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

Kartof-soğan su qiymətinə

24.05.18 09:00 1276
Kartof-soğan su qiymətinə
Kənd təsərrüfatı məhsullarının yığım mərhələsidir. Fermerlər isə məhsullarının əllərində qalmasından, alıcı tapa bilməmələrindən gileylənirlər. Əvvəllər məhsullarını Rusiya bazarına çıxaran fermerlər indi məhsulun xaricə ixracı üçün yol tapmaqda çətinlik çəkdiklərini, daxili bazarı təmin etsələr də, nəinki mənfəət əldə edə, heç məhsulun istehsalına sərf etdikləri xərci çıxara bilmədiklərini deyirlər.
Hazırda kənd təsərrüfatı sahələrində kartof və sarımsaq yığılır. Xüsusən Cəlilabad rayonunda əkini həyata keçirilən məhsulların yığım mərhələsi uğurla həyata keçirilsə də, fermerlər zəhmətlərinin bəhrəsini görmədiklərindən gileylənirlər. Bazarlarda və küçə ticarətində kartofun qiyməti 30-80 qəpik, sarımsağın qiyməti 1-3 manat arasındadır. İlboyu kartofu bazarlardan və marketlərdən 1 manat və ya 1 manat 20 qəpiyə, sarımsağı 7-8 manata almaqdan gileylənən alıcılar üçün bu qiymət az qala göydəndüşmə olsa da, faraş tərəvəzçiliklə məşğul olan fermerlərə sərf etmir. Onlar məhsulun bol olmasından sevinsələr də, qiymətin ucuzlaşması və mənfəət əldə edə bilməmələri, nəticədə ziyanla işləmələri fikrində israrlıdırlar.
Bazar axtarışı
Rəsmi qurumlar məhsulların ucuz satılmasını məhsuldarlığın bol olması ilə əlaqələndirir. Cəlilabadlı fermer, Təzəkənd kənd sakini Taleh Sadıqov «Kaspi»yə açıqlamasında fermerlərin acınacaqlı durumundan şikayətləndi: «Məhsulların satışı ilə bağlı rayonda acınacaqlı durum yaranıb. Fermerlərin böyük əksəriyyəti kartof, sarımsaq, soğan və digər tərəvəzlər əkiblər. Hazırda kartof və sarımsağın yığım mərhələsindəyik. Məhsuldarlıq çox yaxşıdır. Təəssüf ki, məhsulların satışını təşkil etməkdə fermerlər böyük çətinliklərlə üzləşirlər. Faraş kartofu 19-20 qəpikdən, sarımsağı 60, soğanı 15 qəpikdən gəlib yerində alırlar. Bu da iqtisadi baxımdan fermerlərə sərf etmir. Çünki məhsulu əldə edənə qədər fermer külli miqdarda vəsait xərcləyir. Sahənin, alaqların təmizlənməsi, kultivasiya işlərinin görülməsi və s. işlər ucuz başa gəlmir. Fəhlələr sahələrdə günəmuzd 13 AZN-ə işləyirlər. Bir hektar sahəyə 25-30 fəhlə çıxır”.
Keçən il məhsulu 35-40 qəpiyə topdan "TIR”lara yükləyib yola saldıqlarını deyən fermer, indi məhsulların işbazlar tərəfindən ucuz əldə edildiyini deyir: "Kartofun ilkin çıxışı 1 manat - 1 manat 20 qəpiyə Cəlilabad rayonunda baş tutsa da, qısa müddət ərzində işbazlar ortaya düşdülər və kartofu 50-80 qəpiyə, daha sonra 20 qəpiyə almağa başladılar. Elə bir vəziyyət yaranıb ki, artıq fermer məhsulu sahədən çıxarmaq istəmir. Çünki bu işləri görmək üçün fəhləyə pul ödəmək lazımdır. Sahibkar isə həmin xərcləri ödəmək iqtidarında deyil. Eyni vəziyyət sarımsaq əkini ilə bağlı da hökm sürür. Təsəvvür edin ki, bir hektar əraziyə 800 kq - 1 ton sarımsaq əkmək lazım olur. Sarımsağın bir kiloqramını 4 manata alan sahibkar bu gün həmin sarımsağı 60 qəpiyə satır. Təbii ki, məhsuldarlıq yaxşı olanda, 10-15 ton məhsul əldə edə bilir. Amma bu məhsul il boyu baxım tələb edir. Çünki sarımsağı da kartof kimi çox saxlamaq mümkünsüzdür. Yarpağı quruyandan sonra onu əkin sahəsindən çıxarmaq çətin olur. İndiki vəziyyətdə sarımsağı əllə çıxarmaq mümkündürsə, bir həftədən sonra onu bel və ya digər alətlərlə çıxarmalı oluruq. Bu baxımdan, bu məhsulla da bağlı vəziyyət ürəkaçan deyil. Ona görə fermerlər çaş-baş qalıb nə edəcəklərini bilmirlər. Əziyyətlə əkib-becərdiyimiz məhsulun normal satışının olmaması bizi ziyana salır”.
T.Sadıqovun sözlərinə görə, onlar çıxış yolunu satış üçün bazarların müəyyən olunmasında görürlər. Belə ki, əvvəllər məhsullarının Rusiya bazarlarına aparıb satıldığını deyən fermer bildirir ki, bu il istehsal etdikləri məhsulları həmin bazara çıxara bilmirlər: «Necə ki biz kartofu və digər kənd təsərrüfatı məhsullarını İrandan gətiririk və Azərbaycan onlar üçün münbit bazardır, öz ölkəmizin Kənd Təsərrüfatı Nazirliyi də yerli fermerlər üçün xaricdə bazarlar tapmağa çalışmalıdır. Bizim fermerlər üçün ən münasib və yaxın bazar Rusiya və Gürcüstan bazarlarıdır. Biz qismən də olsa soğan məhsulunu Gürcüstan bazarına daşıyırıq. Bu məhsul təxminən 20-30 qəpik Gürcüstanda bahadır. Bütün hallarda keçmiş MDB coğrafiyası Azərbaycanın kənd təsərrüfatı məhsullarının satılması üçün unikal bazar ola bilər». T.Sadıqov fermerlərin əkib-biçdikləri məhsulla maraqlanan olmadığını deyir: "Sadəcə, əkilən yerlərin sahəsi ilə bağlı statistika aparılır. Ancaq bir məhsulu əkəndən biçənədək təkbaşına öz vəsaitimiz hesabına qalırıq. Buna görə də sahibkar özünü bir növ sahibsiz hiss edir. Düzdür, arpa, buğda, çuğundur kimi subsidiya alan məhsullar var. Ancaq fermerlər kartof, soğan, sarımsaq, noxud və digər dənli bitkilər daha qazanclı olduğu üçün onları əkməyə üstünlük verirlər».
Fermer məhsullarının Kənd Təsərrüfatı Nazirliyinin paytaxtda təşkil etdiyi yarmarkalarda satışa çıxarılmasını çıxış yolu hesab etmir: «Yarmarkaların təşkili vəziyyətdən çıxış yolu deyil. Kartofu rayondan Bakıya gətirib 30 qəpiyə satmaq fermerə sərf etmir. O, piştaxta arxasında durmağa öyrəşməyib. Fermer tarlada çalışır, əkir-becərir. Satışı təşkil etmək üçün də o, müəyyən vaxt və vəsait itkisi ilə üzləşir. Normal qazanc götürmək üçün bu məhsulların yarmarkada satılması problemi həll etmir. Bizə məhsulu uyğun qiymətə satmaq üçün bazar lazımdır”.
Rəqabət qabiliyyətli məhsul istehsal etməli
KTN-nin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov qəzetimizə açıqlamasında fermerlərin əkib-becərdiyi məhsulların satışını bazar qiymətinə həyata keçirdiklərini bildirdi: "Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq, qiymət liberaldır. İstehsalçılar da öz məhsullarını bazara çıxararaq qiymətini müəyyənləşdirə bilərlər”. Qiymətin aşağı düşməsinə gəlincə, dövlətin fermerlərə çoxşaxəli dəstəyinin olduğunu deyən nazirlik rəsmisi onlara istehsalın bütün mərhələlərində subsidiyaların verildiyini bildirir: "Toxumdan başlamış, gübrələmə, yanacaq-motor yağları, becərmə işlərinin aparılması və sairə qədər subsidiyalar nəzərdə tutulub. Bu diqqətin sayəsində gərək fermerlərimiz hektardan daha çox məhsul əldə etsinlər ki, istehsal edilən məhsulun maya dəyəri aşağı düşsün. Fermer də bazar şərtlərinə uyğun məhsulu satdıqda, ziyanla üzləşməsin və mənfəət əldə etsin”.
Fermerlərin məhsullarının əllərində qalması, satış üçün bazar tapılmaması fikrinə münasibət bildirən nazirlik rəsmisi problemin həlli üçün Bakı şəhərində məhsulların satışı üçün yarmarkalar təşkil etdiklərini söyləyir. Belə ki, fermerlər 16-52 Çağrı Mərkəzinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər və nazirlik onlar üçün Bakıda yarmarkalarda yer təşkil edə bilər: "Kəndli-fermerə bazar tapmaqda kömək edə bilərik. Bunun üçün fermerlər nazirliyə müraciət etməlidirlər. Nazirliyin təşkil etdiyi kənd təsərrüfatı yarmarkasında fermerlərə məhsulunu satmasına şərait yaradılar”.
Fermerlərin Rusiya bazarları ilə bağlı istəklərinə gəlincə, İ.Cümşüdov Rusiya bazarlarına ixracın stimullaşması ilə bağlı sərəncamın olduğunu qeyd edir: «Bizim istəyimiz də odur ki, ixracın həm də coğrafiyası genişlənsin, ixrac məhsulları istehsal edən şirkətlərin sayı artsın. Daha çox tələbatı ödəməklə bərabər, digər ölkələrə də məhsul ixrac olunsun. Biz çalışıb ilk növbədə keyfiyyətli, rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsal etməliyik ki, ixrac potensialı əldə olunsun. Fermer və ya iş adamı istehsal etdiyi məhsulu sərbəst şəkildə, yəni tələblər çərçivəsində sertifikatlaşma mərhələsindən keçirərək ixrac prosesini təşkil edə bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur”. Nazirlik rəsmisi bildirir ki, Sahibkarlığa Kömək Fondunun dəstəyi və ya özəl sahibkarların dəstəyi ilə bölgələrdə saxlama və soyutma kameraları qurulub. Fermerlər, həmçinin öz məhsullarını müqavilə əsasında müəyyən müddətə həmin kameralarda saxlaya bilərlər: "Bazarlarda tələbat yarandığı, qiymət əlverişli hesab edilən məqamda məhsullarını bazara çıxarıb realizə edə bilərlər. Faraş kartof olduğu üçün bu məhsul başqa ölkələrdə də istehsal olunur. İş adamları potensialdan istifadə edərək çeviklik göstərib, daxili bazarı ödəməklə ixrac prosesini də həyata keçirə bilərlər”.
Qeyd edək ki, bu günlərdə ölkə başçısı"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb. Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə nazirliyin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Ekspertlər hesab edir ki, məhsulun istehsalının bütün proseslərinə elmi yanaşma bu sahədə problemlərin həllinə kömək edəcək. Hər şeydən əvvəl məhsulun keyfiyyətinə uyğun qiymətləndirilməsi və satışı bu istiqamətdə daha müsbət həllini tapa bilər. Bəlkə də onda fermerlər bazar axtarışı yolunu həm də elmi təhlillərlə həll edə biləcəklər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər