Kartof-soğan su qiymətinə
Kənd təsərrüfatı məhsullarının yığım mərhələsidir. Fermerlər isə
məhsullarının əllərində qalmasından, alıcı tapa bilməmələrindən gileylənirlər.
Əvvəllər məhsullarını Rusiya bazarına çıxaran fermerlər indi məhsulun xaricə
ixracı üçün yol tapmaqda çətinlik çəkdiklərini, daxili bazarı təmin etsələr də,
nəinki mənfəət əldə edə, heç məhsulun istehsalına sərf etdikləri xərci çıxara
bilmədiklərini deyirlər.
Hazırda kənd təsərrüfatı sahələrində kartof və sarımsaq yığılır.
Xüsusən Cəlilabad rayonunda əkini həyata keçirilən məhsulların yığım mərhələsi
uğurla həyata keçirilsə də, fermerlər zəhmətlərinin bəhrəsini görmədiklərindən
gileylənirlər. Bazarlarda və küçə ticarətində kartofun qiyməti 30-80 qəpik,
sarımsağın qiyməti 1-3 manat arasındadır. İlboyu kartofu bazarlardan və
marketlərdən 1 manat və ya 1 manat 20 qəpiyə, sarımsağı 7-8 manata almaqdan
gileylənən alıcılar üçün bu qiymət az qala göydəndüşmə olsa da, faraş
tərəvəzçiliklə məşğul olan fermerlərə sərf etmir. Onlar məhsulun bol olmasından
sevinsələr də, qiymətin ucuzlaşması və mənfəət əldə edə bilməmələri, nəticədə
ziyanla işləmələri fikrində israrlıdırlar.
Bazar axtarışı
Rəsmi qurumlar məhsulların ucuz satılmasını
məhsuldarlığın bol olması ilə əlaqələndirir. Cəlilabadlı fermer, Təzəkənd kənd sakini Taleh Sadıqov «Kaspi»yə
açıqlamasında fermerlərin acınacaqlı durumundan şikayətləndi: «Məhsulların
satışı ilə bağlı rayonda acınacaqlı durum yaranıb. Fermerlərin böyük
əksəriyyəti kartof, sarımsaq, soğan və digər tərəvəzlər əkiblər. Hazırda kartof
və sarımsağın yığım mərhələsindəyik. Məhsuldarlıq çox yaxşıdır. Təəssüf ki,
məhsulların satışını təşkil etməkdə fermerlər böyük çətinliklərlə üzləşirlər.
Faraş kartofu 19-20 qəpikdən, sarımsağı 60, soğanı 15 qəpikdən gəlib yerində
alırlar. Bu da iqtisadi baxımdan fermerlərə sərf etmir. Çünki məhsulu əldə
edənə qədər fermer külli miqdarda vəsait xərcləyir. Sahənin, alaqların təmizlənməsi,
kultivasiya işlərinin görülməsi və s. işlər ucuz başa gəlmir. Fəhlələr
sahələrdə günəmuzd 13 AZN-ə işləyirlər. Bir hektar sahəyə 25-30 fəhlə çıxır”.
Keçən il məhsulu 35-40 qəpiyə topdan "TIR”lara
yükləyib yola saldıqlarını deyən fermer, indi məhsulların işbazlar tərəfindən
ucuz əldə edildiyini deyir: "Kartofun ilkin çıxışı 1 manat - 1 manat 20 qəpiyə
Cəlilabad rayonunda baş tutsa da, qısa müddət ərzində işbazlar ortaya düşdülər
və kartofu 50-80 qəpiyə, daha sonra 20 qəpiyə almağa başladılar. Elə bir
vəziyyət yaranıb ki, artıq fermer məhsulu sahədən çıxarmaq istəmir. Çünki bu
işləri görmək üçün fəhləyə pul ödəmək lazımdır. Sahibkar isə həmin xərcləri
ödəmək iqtidarında deyil. Eyni vəziyyət sarımsaq əkini ilə bağlı da hökm sürür.
Təsəvvür edin ki, bir hektar əraziyə 800 kq - 1 ton sarımsaq əkmək lazım olur.
Sarımsağın bir kiloqramını 4 manata alan sahibkar bu gün həmin sarımsağı 60
qəpiyə satır. Təbii ki, məhsuldarlıq yaxşı olanda, 10-15 ton məhsul əldə edə
bilir. Amma bu məhsul il boyu baxım tələb edir. Çünki sarımsağı da kartof kimi
çox saxlamaq mümkünsüzdür. Yarpağı quruyandan sonra onu əkin sahəsindən
çıxarmaq çətin olur. İndiki vəziyyətdə sarımsağı əllə çıxarmaq mümkündürsə, bir
həftədən sonra onu bel və ya digər alətlərlə çıxarmalı oluruq. Bu baxımdan, bu
məhsulla da bağlı vəziyyət ürəkaçan deyil. Ona görə fermerlər çaş-baş qalıb nə
edəcəklərini bilmirlər. Əziyyətlə əkib-becərdiyimiz məhsulun normal satışının
olmaması bizi ziyana salır”.
T.Sadıqovun sözlərinə görə, onlar çıxış yolunu
satış üçün bazarların müəyyən olunmasında görürlər. Belə ki, əvvəllər
məhsullarının Rusiya bazarlarına aparıb satıldığını deyən fermer bildirir ki, bu
il istehsal etdikləri məhsulları həmin bazara çıxara bilmirlər: «Necə ki biz
kartofu və digər kənd təsərrüfatı məhsullarını İrandan gətiririk və Azərbaycan
onlar üçün münbit bazardır, öz ölkəmizin Kənd Təsərrüfatı Nazirliyi də yerli
fermerlər üçün xaricdə bazarlar tapmağa çalışmalıdır. Bizim fermerlər üçün ən
münasib və yaxın bazar Rusiya və Gürcüstan bazarlarıdır. Biz qismən də olsa
soğan məhsulunu Gürcüstan bazarına daşıyırıq. Bu məhsul təxminən 20-30 qəpik
Gürcüstanda bahadır. Bütün hallarda keçmiş MDB coğrafiyası Azərbaycanın kənd
təsərrüfatı məhsullarının satılması üçün unikal bazar ola bilər». T.Sadıqov
fermerlərin əkib-biçdikləri məhsulla maraqlanan olmadığını deyir: "Sadəcə,
əkilən yerlərin sahəsi ilə bağlı statistika aparılır. Ancaq bir məhsulu əkəndən
biçənədək təkbaşına öz vəsaitimiz hesabına qalırıq. Buna görə də sahibkar özünü
bir növ sahibsiz hiss edir. Düzdür, arpa, buğda, çuğundur kimi subsidiya alan
məhsullar var. Ancaq fermerlər kartof, soğan, sarımsaq, noxud və digər dənli
bitkilər daha qazanclı olduğu üçün onları əkməyə üstünlük verirlər».
Fermer məhsullarının Kənd Təsərrüfatı Nazirliyinin
paytaxtda təşkil etdiyi yarmarkalarda satışa çıxarılmasını çıxış yolu hesab
etmir: «Yarmarkaların təşkili vəziyyətdən çıxış yolu deyil. Kartofu rayondan
Bakıya gətirib 30 qəpiyə satmaq fermerə sərf etmir. O, piştaxta arxasında
durmağa öyrəşməyib. Fermer tarlada çalışır, əkir-becərir. Satışı təşkil etmək
üçün də o, müəyyən vaxt və vəsait itkisi ilə üzləşir. Normal qazanc götürmək
üçün bu məhsulların yarmarkada satılması problemi həll etmir. Bizə məhsulu uyğun
qiymətə satmaq üçün bazar lazımdır”.
Rəqabət qabiliyyətli məhsul istehsal etməli
KTN-nin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov qəzetimizə açıqlamasında fermerlərin əkib-becərdiyi
məhsulların satışını bazar qiymətinə həyata keçirdiklərini bildirdi: "Biz indi
bazar iqtisadiyyatı şəraitində yaşayırıq, qiymət liberaldır. İstehsalçılar da
öz məhsullarını bazara çıxararaq qiymətini müəyyənləşdirə bilərlər”. Qiymətin
aşağı düşməsinə gəlincə, dövlətin fermerlərə çoxşaxəli dəstəyinin olduğunu
deyən nazirlik rəsmisi onlara istehsalın bütün mərhələlərində subsidiyaların verildiyini
bildirir: "Toxumdan başlamış, gübrələmə, yanacaq-motor yağları, becərmə
işlərinin aparılması və sairə qədər subsidiyalar nəzərdə tutulub. Bu diqqətin
sayəsində gərək fermerlərimiz hektardan daha çox məhsul əldə etsinlər ki,
istehsal edilən məhsulun maya dəyəri aşağı düşsün. Fermer də bazar şərtlərinə
uyğun məhsulu satdıqda, ziyanla üzləşməsin və mənfəət əldə etsin”.
Fermerlərin məhsullarının əllərində qalması, satış
üçün bazar tapılmaması fikrinə münasibət bildirən nazirlik rəsmisi problemin
həlli üçün Bakı şəhərində məhsulların satışı üçün yarmarkalar təşkil etdiklərini
söyləyir. Belə ki, fermerlər 16-52 Çağrı Mərkəzinə zəng vurmaqla qeydiyyatdan
keçə bilərlər və nazirlik onlar üçün Bakıda yarmarkalarda yer təşkil edə bilər:
"Kəndli-fermerə bazar tapmaqda kömək edə bilərik.
Bunun üçün fermerlər nazirliyə müraciət etməlidirlər. Nazirliyin təşkil etdiyi
kənd təsərrüfatı yarmarkasında fermerlərə məhsulunu satmasına şərait
yaradılar”.
Fermerlərin Rusiya bazarları ilə bağlı istəklərinə
gəlincə, İ.Cümşüdov Rusiya bazarlarına ixracın stimullaşması ilə bağlı
sərəncamın olduğunu qeyd edir: «Bizim istəyimiz də odur ki, ixracın həm də
coğrafiyası genişlənsin, ixrac məhsulları istehsal edən şirkətlərin sayı
artsın. Daha çox tələbatı ödəməklə bərabər, digər ölkələrə də məhsul ixrac
olunsun. Biz çalışıb ilk növbədə keyfiyyətli, rəqabət qabiliyyətli, beynəlxalq
standartlara uyğun məhsul istehsal etməliyik ki, ixrac potensialı əldə olunsun.
Fermer və ya iş adamı istehsal etdiyi məhsulu sərbəst şəkildə, yəni tələblər
çərçivəsində sertifikatlaşma mərhələsindən keçirərək ixrac prosesini təşkil edə
bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur”. Nazirlik rəsmisi bildirir ki,
Sahibkarlığa Kömək Fondunun dəstəyi və ya özəl sahibkarların dəstəyi ilə
bölgələrdə saxlama və soyutma kameraları qurulub. Fermerlər, həmçinin öz
məhsullarını müqavilə əsasında müəyyən müddətə həmin kameralarda saxlaya
bilərlər: "Bazarlarda tələbat yarandığı, qiymət əlverişli hesab edilən məqamda
məhsullarını bazara çıxarıb realizə edə bilərlər. Faraş kartof olduğu üçün bu
məhsul başqa ölkələrdə də istehsal olunur. İş adamları potensialdan istifadə
edərək çeviklik göstərib, daxili bazarı ödəməklə ixrac prosesini də həyata
keçirə bilərlər”.
Qeyd edək ki, bu günlərdə ölkə başçısı"Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında”
fərman imzalayıb. Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin
gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması,
aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət
sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı
məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin
strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə
nazirliyin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat
İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə
yolu ilə yenidən təşkil ediləcək.
Ekspertlər hesab edir ki, məhsulun istehsalının bütün proseslərinə
elmi yanaşma bu sahədə problemlərin həllinə kömək edəcək. Hər şeydən əvvəl
məhsulun keyfiyyətinə uyğun qiymətləndirilməsi və satışı bu istiqamətdə daha
müsbət həllini tapa bilər. Bəlkə də onda fermerlər bazar axtarışı yolunu həm də
elmi təhlillərlə həll edə biləcəklər.
Təranə Məhərrəmova