• cümə axşamı, 18 aprel, 13:08
  • Baku Bakı 22°C

Karantinin dəyərli fürsəti

25.04.20 09:45 3753
Karantinin dəyərli fürsəti
"Yaxşı kitabxanası olan şəxs heç vaxt "evdə darıxdım” deməz”
Karantin günlərində sosial təcrid özünlə məşğul olmağa, nəhayət dostların tövsiyə etdiyi filmləri izləməyə, çoxdan alınmış kitabı rəfdən düşürməyə yaxşı fürsətdir. Kitabxanalar və kitab mağazaları bağlıdır, ancaq cildləri bir-birinin ardınca onlaynda oxumaq mümkündür.Sosial şəbəkələrdə də istifadəçilərin oxuduqları kitablar haqqında rəylərə tez-tez rast gəlinir. Mütaliəni "karantin dövrünün qaçılmaz fürsəti” kimi dəyərləndirən oxucular da az deyil."Müzakirə”mizdə karantin günlərində mütaliənin nə qədər maraqlı olmasını öyrənməyə çalışdıq.
Ən sadiq dost – KİTAB
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovakarantin günlərindən mütaliə üçün faydalandığını deyir: "Çoxdan oxumağı düşündüyüm, amma gündəlik işlərin çoxluğundan vaxt eləyib başlaya bilmədiyim kitablar vardı. Karantin günlərində mütaliəyə ayıra biləcəyimiz vaxtımız, təbii ki, artdı. Məncə, çoxumuz bundan faydalana bilirik. Düşünürəm ki, yaxşı kitabxanası olan şəxs heç vaxt "evdə darıxdım” deməz”. X.Hüseynova Kazuo İşiquronun "Məni heç vaxt tərk etmə”, məşhur "Əli və Nino”nun müəllifi Qurban Səidin "Altunsaç” kitablarının diqqətini çəkdiyini qeyd edir: "Bu kitabları oxumayanlara da tövsiyə edirəm. Ümumilikdə memuar ədəbiyyatını, sənədli romanları, fəlsəfi əsərləri çox sevirəm. Klişe olsa da, böyük həqiqətdir - ən sadiq dost KİTABdır!”
Mütaliənin fərqli dünyası
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovakarantin günlərində bir neçə bədii əsəri mütaliə etdiyini deyir: ”Qabusnamə”ni təkrar oxudum. Stefan Sveyqin bir neçə səsərini, yapon ədəbiyyatından Sey Syonaqonun əsərlərini mütaliə etdim. Ümumiyyətlə, imkan tapan kimi mütaliə edirəm.” S.Məmmədova bildirir ki, təkcə karantin günlərində mütaliənin əhəmiyyətini anlamayıb, ümumiyyətlə, bədii ədəbiyyat oxumağı xoşlayır: "Mən həmişə mütaliəyə meyilli adam olmuşam. İş otağma da qəfildən gəlsəniz, masamın üstündə həmişə bədii ədəbiyyat görə bilərsiniz. Azca vaxtım olanda belə, heç olmasa 2-3 vərəq də olsa oxumağa çalışıram. Sadəcə, karantin dönəmində bədii ədəbiyyat oxumağa daha çox zaman oldu. Bundan əlavə, İngiltərədə oxuduğum vaxt, öz sahəm üzrə bəzi ədəbiyyatlar əldə etmişdim. İşlərimlə, imtahanlarla əlaqədar o kitabları oxumuşdum. Həmin kitabları yenidən vərəqlədim. Özüm üçün bir çox yeni, maraqlı məqamlar tapdım”.S.Məmmədovanın sözlərinə görə, mütaliənin verdiyi zövq, mənəvi qida əvəzolunmazdır: "Təsəvvür edin ki, mütaliə zamanı başqa bir dünyaya düşür və o dünyada fərqli bir həyat yaşayırsan. Ona görə, mütaliə çox önəmlidir”.
Tarixi-sənədli ədəbiyyat
Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu evdə olduğu vaxt tarixi-sənədli kitablar oxuduğunu deyir: "Kissincerin "Diplomatiya tarixi”ni, Moisey Kalankatquqlunun "Albaniya tarixi”ni, "Avesta”nı, Qoqolun, Çexovun hekayələrini, "Sov İKP-nin 25 -ci qurultayının stenoqramı”nı, Mixail Qorbaçovun memuarlarını, "SSRİ-ABŞ prezidentlərinin yazışmaları”nı oxumuşam”. X.Səfəroğlunun sözlərinə görə, internetin dəbdə olduğu zamanda kitab oxumaq bir az çətindir. Belə ki, sosial şəbəklər, saytlar vaxtı tez aparır: "Karantin klassik "sakit tətil" anlayışından fərqini göstərir. Evdən işləmək, əslində, öyrəşdiyin adi işgüzar ovqatı saxlayır”.
Karantinin verdiyi fürsət
Jurnalist Ayaz Mirzəyevin fikrincə, karantin dövrü kitab oxumağı sevənlər üçün çox nadir vaxt tapıntısıdır: "Sevdiyimiz kitabları vərəqləmək, rahat oxumaq üçün biz belə fürsəti, yalnız şagird və tələbə olarkən yay tətilinə çıxanda əldə edərdik. Yəni indi bu fürsət yaranıb və mən də çalışıram ki, bundan gen-bol istifadə edim. Mövzulara məhdudiyyət qoymuram. Bir həftə dedektiv janrda oxuyub, növbəti həftə bədii və ya tarixi mövzuda kitablara müraciət edə bilərəm. Bəlkə də bu, yaşla bağlıdır, tam dəqiq deyə bilmərəm, daha yığcam kitablara üstünlük verirəm. Hekayələr, novellaları daha çox oxuyuram. Kitab mənim üçün hobbi deyil. Mən artıq mütaliəyə uzun illərdir bir məlumat bazası kimi yanaşıram. Hər kitabı əlimə alanda, sanki zaman maşınına otururam. İlk səhifələri vərəqləməyə başlayanda mühərrik işə düşür və mən müəllifin söz açdığı dövrə səyahətə çıxıram. Hər kitab mənim üçün söz bazasıdır. Kitab oxuyarkən yen sözlər, yeni anlamlar və tarixi faktlar tapanda bunun üçün xüsusi ayrıdığım dəftərçədə qeydiyyat aparmağı xoşlayıram. Kitab, bəlkə də yeganə vasitədir ki, onun üçün cibimdəki ən son pulu verməyə hazıram. Kitaba "mənəvi qida” deyənlərlə tam razıyam. Çünki bu, həqiqətən belədir. Daha çox fəlsəfi mövzular, real həyatdan olan hekayələr, maraqlı insan personajları və müəllifin öz fikirlərini açıq şəkildə yazdığı kitabları oxumağı xoşlayıram”. A.Mirzəyev qeyd edir ki, onun üçün son bir ilin tapıntısı məşhur avstriyalı yazıçı Stefan Sveyqdir: "Hətta bu barədə sosial şəbəkədə də yazdım ki, indiyədək onun əsərlərini oxumadığıma görə çox peşmanam. Sveyqın əsərlərindəki insan davranışları, vərdişləri, aludəçilikləri, qorxuları və səhvləri bugünkü dünyanın reallığıdır. Baxmayaraq ki, o, dünənin dünyasından danışır. Məncə, indiki zamanda onun əsərləri çox aktualdır. Oxumaq lazım olan kitabların siyahısı və sayı ilə bağlı isə yalnız bir söz deyə bilərəm: bəlkə də, bu dünyada ağıllı olmaq üçün hansısa 10 kitabı oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır....”
Kino kitabı əvəz etmir
ATV kanalının aparıcısı Sənan Şəfizadənin fikrincə, karantin günlərində oxumağa çox vaxt olur. Bu səbəbdən, fürsətdən istifadə etməyə çalışır: "Qocaman idman jurnalisti Şakir Yaqubovun "Bir az futbolumuzdan” adlı kitabını oxumaq üçün 2 gün kifayət etdi. Kitabda maraqlı araşdırmalar və müsahibələr yer alıb. Hazırda Markus Zusakın "Kitab oğrusu” tarixi romanını oxuyuram. Çalışıram asudə vaxtımı səmərəli keçirim”. S.Şəfizadə hesab edir ki, sosial təcrid zamanı mütaliə çox vacibdir: "Fikrimcə, mütaliə, xüsusən, belə vaxtda insanı həyatdan ayrılmağa qoymur. Kinolara da baxıram. Amma kino heç vaxt kitabı əvəz etmir. Kitab oxumaqla həyatı öyrənirsən, söz ehtiyatın artır, müəllifin həyata baxışını anlayırsan. Oxuduğum kitabların həyatıma, karyerama təsiri böyük olub. Ümumiyətlə, mütaliəni xoşlayıram. Amma etiraf edim ki, son illər vaxt tapmaqda çətinlik çəkirəm. Ona görə, bir kitabı 2-3 aya oxuyurdum. Bu isə problemlər yaradırdı. Kitabın sonuna çatanda əvvəli yaddan çıxır. Karantindən əvvəl oxumağa vaxt ayıra bilmirdim. İndi söz vermişəm, karantin bitəndən sonra mütaliyəyə həmişə zaman ayıracağam”.
Şərq fəlsəfəsinə maraq
Gənc yazar Emin Piri media sahəsində çalışdığı üçün karantin rejimində olmadığını, zamanını evdə keçirmədiyini deyir: "Mediada çalışdığımdan, əvvəlki qaydada işdə oluram. Yəni mütaliə üçün fövqaladə boş zaman qalmır. Əvvəl necə idi, indi də elə. Amma kitab oxumağı hər kəs məsləhət görə bilər. Mənim, günlük azı 4-5 sənədli film izləmək normativim var. Sənədli filmlər səni yormadan, bilgi verir”. Sırf kitaba gəldikdə isə yazar son aylar çağdaş ədəbiyyatdan uzaqlaşdığını bildirir: "Daha çox klassikaya yönəlmişəm. İstər ingilis ədəbiyyatı olsun, istərsə italyan, yunan, istərsə Azərbaycan. Son oxuduğum Misir poeziyasıdır. Minillər öncənin poeziyasıdır. Açığı, mənə elə gəldi ki, şairlər min illərdir eyni sözü deməyə çalışır. Və ya sözləri dəyişərək eyni şeyi deyirlər. Bayron və Şekspir də yenidən oxuduğum son həftədəki mütaliəmə aiddir. Şərq fəlsəfəsi maraqlı gəldiyindən "Kəlilə və Dimnə”yə göz gəzdirdim. Açığı, "Min bir gecə” nağılları, "Kəlilə və Dimnə” kimi mətnləri oxumayan birinin şərq düşüncəsinə bələd olacağına inanmıram. Bu kimi mətnləri şərq düşüncəsinin əlifbası adlandırardım”.
Mənfi enerjidən qurtulmağın yolu
Şair Ümid Nəccari karantin günlərində günboyu evdə qaldığına görə, şeir oxuma həvəsinin artdığını söyləyir: "Bu darıxdırıcı günlərdə şeir oxuyuram və hərdən də oxuduğum şeirləri tərcümə edib şəxsi səhifəmdə oxucularla paylaşıram. Son günlərdə təkrar olaraq Füruğ Fərruxzadı oxuyuram. Söhrab Sepehri, Oktavio Pas, Viladimir Mayakovski, Adonis və Nizar Qəbbanini oxumaq mənə yeni ruh bağışlayır. Məncə, karantin günlərində kitab oxumaqla acı xəbərləri oxumaqdan özümüzü qoruya bilərik. Vəziyyətlə bağlı mənfi enerji ilə dolu olan gündəm xəbərləri insanları rahatsız, gələcəyə ümidsiz edir. Kitab oxumaqla bu günləri gözəl hadisə kimi dəyərləndirə bilərik”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər