• şənbə, 20 Aprel, 13:28
  • Baku Bakı 23°C

Karantindən sonrakı turizm...

20.05.20 18:50 2238
Karantindən sonrakı turizm...
Cəmilə Əliyeva: "Vətəndaşlar rayonlara səyahət edəndə hotellərin hazırkı monitorinqini, təhlükəsizliyi necə qoruduğunu mütləq nəzərdən keçirməlidirlər”

Karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi və s. kimi suallar hazırda yay mövsümündə istirahət etmək arzusu ilə yaşayan insanları düşündürməkdədir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən "Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı” mövzusunda onlayn müzakirə bu sahədə bir sıra suallara aydınlıq gətirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Cəmilə Əliyeva «Kaspi»yə müsahibəsində ölkə hotellərinin turizm mövsümünə hazırlığı, karantindən sonra qonaqların qəbuluna və yerləşdirilməsi və s. aktual məsələlərlə bağlı sualları cavablandırıb.

- Pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartlar, xüsusi yanaşmalar necə tətbiq ediləcək?
- Öncə qeyd etmək istərdim ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Sanitation and hygiene methods and norms) hazırlanıb. Bu proqramın yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda, turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi pandemiyadan sonra daxili turizmə güclü təkan verəcək. Proqram turistləri COVID-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır. "SAHMAN” proqramı təkcə paytaxt otellərinə deyil, həmçinin region otellərinə tətbiq olunacaq. Qeyd edək ki, yerli otellərimiz tamamilə ödənişsiz və könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər. Proqram bir neçə mərhələdən ibarət olacaqdır. SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək. Təqdirəlayiqdir ki, bir çox otellər karantin dövründə belə fəaliyyətlərini davam etdirmiş, proqramdan əlavə sərbəst olaraq işçi kadrları üçün xüsusi təlimlər həyata keçirmişlər. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra regionlarımıza səyahət edəcək vətəndaşlarımıza gözəl xəbərlərdən biri odur ki mehmanxanalar tam surətlə xüsusi hazırlıqlara başlayıblar. Bu tədbirlər içərisində yemək məkanlarında, səhər, günorta və axşam yeməkləri zamanı masalar arasında sosial məsafənin qorunmasıdır. Artıq açıq bufet konsepsiyasının bütün dünyada olduğu kimi yığışdırılacağını düşünürük. Bu baxımdan hotellərdə müxtəlif konseptdə dəyişikliklər olacaq. Az ulduzlu butik hotellərin səhər yeməklərinin müxtəlif setlər şəklində servis olunacağı gözlənilir. Daha böyük zəncir hotellərdə isti yeməklərin masada servis olunmasını təklif edəcəklər. Açıq bufet menyusuna daxil olan təamların kiçik ölçülü qablaşdırmalarda, porsiya olaraq, yəni hərənin özü üçün götürə biləcəyi şəkildə servis ediləcək. Müştəri ilə otel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Qonaqlar qeydiyyatdan çıxdıqdan sonra digər gələnlərin əvvəlki kimi iki saat ərzində dərhal otağa daxil olmasına icazə verilməyəcək. Ən azı 12 saat ərzində otağın havalandırılması, sanitariya və gigiyena baxımından təmizlənməsi şərtdir. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək. Bundan başqa, qeydiyyat masasında (resepşn) maska və əlcəklərdən istifadə olunması, nağd pulla alış-verişin minimuma endirilməsi, restoranlara, ictimai-iaşə obyektlərinə girişdə hərarət ölçü cihazların qoyulması artıq günümüzün reallığıdır. Bu, bütün dünya ölkələrində standartlara daxildir. Biz də turizm sənayesinin nümayəndələri olaraq bütün normalara əməl etməliyik ki, vətəndaşlarımız sıxıcı karantin dövründən sonra ölkəmizin mənzərəli guşələrinə gedib mehmanxana komplekslərində qaldıqda sağlıqlı şəkildə istirahətlərini davam etdirsinlər. Biz karantin dövrünü Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq keçiririk. Bundan sonra da təhlükəsizliyimizi qorumalıyıq.

- Ölkənin ulduzundan asılı olmayaraq bütün mehmanxana şəbəkəsində karantin dövrünün bu cür sanitar gigiyena normaları ilə bağlı təlimlər keçirilibmi?
- "SAHMAN” proqramına qoşulmaq üçün artıq otellərə müəyyən məlumatlar, press-relizlər göndərilib və onlayn qeydiyyat başlanıb. Daha öncə qeyd etdiyim kimi, proqramın təlimatlarına uyğun olaraq, artıq otellərdə hazırlıqlar başlanıb. Vətəndaşlar öz növbəsində turist kimi önümüzdəki aylarda - gediş-gəlişlə bağlı məhdudiyyətlər götürüldükdən sonra, rayonlara səyahət edəndə və ya otellərdə qalmaq fürsətini nəzərdən keçirəndə qiymətdən də önəmli olan hotellərin hazırkı monitorinqini, təhlükəsizlik siyasətini nə qədər qoruduğunu mütləq nəzərdən keçirməlidirlər. Hesab edirəm ki, hazırkı prioritet bu olmalıdır.
- Müzakirələrdə yay mövsümündə hotellərin müştərilərə müxtəlif endirimli paketlər və kampaniyalar təklif ediləcəyi də səslənib. Təbii ki, bu, müştərilər üçün cəlbedici məqamdır...
- Unutmayaq ki, hazırda turizm sənayesi böyük böhranla üz-üzədir. Hotellərin hər hansı büdcəyə ehtiyacı var. Ölkə əhalisinin də hazırkı maliyyə durumunu nəzərə alsaq, hər iki tərəf bir-birinə qarşı anlayışlı addım atmalıdır. Təbii ki, hotelləri mövcud maliyyə problemlərini, karantin dövrünü nəzərə alıb maksimal şəkildə endirim etməyə çağırmışıq. Onlar da bu çağırışa müsbət reaksiya veriblər. Bəli, müxtəlif kampaniyalar gözlənilir. Sadəcə, bir az səbrli olub karantin dövrünü adlamaq lazımdır. Bundan sonra hər şey bəlli olacaq. Bilirsiniz ki, bu gün dünya turizminin gündəmi çox dəyişkəndir. Biz hansısa analizi verəndə, sabahı başqa bir xəbər eşidirik. Proqnozlarımız demək olar ki, öz əhəmiyyət keyfiyyətini itirir.
- Bəs hotellərin qiymət siyasəti barədə müzakirələr nə yerdədir?
- Təbii ki, keçən mövsümlərə nisbətdə gözləntilər otel qonaqlama qiymətlərinin daha aşağı olmasıdır. Aşkar görürük ki, bir çox otellərimiz pandemiya dövrünün çətinliyini nəzərə alaraq artıq endirim kampaniyalarına start vermişlər. Güzəştli qiymət siyasəti və ya endirim kampaniyası ilə əlaqədar ATAA-nın, yerli otel nümayəndələrinə verə biləcəyi təkliflər yalnız məsləhət xarakterli ola bilər. Lakin məlumdur ki, mehmanxanaların, xüsusilə də böyük brend nümayəndəlikərinin qiymət siyasəti bir sıra prinsiplərə dayanır.Eyni zamanda otel sahiblərinin və sahibkarların maraqları da müdafiə olunmalıdır.
- Hazırda ölkə otelləri yerli turistlər tərəfindən rezervasiya olunubmu?
- Təbii ki, müraciətlər var: yerli vətəndaşlarımız zəng edir, maraqlanır, hansı otellərin təhlükəsizlik baxımından məsləhətli olması ilə bağlı suallar verirlər. Biz də təbii ki, turizm agentliyi olaraq məsləhətlərimizi veririk. Bilirsiniz ki, ölkə əhalisi bu il səyahət əyləncəsi baxımından sıxıntı keçirib. Novruz Bayramını istədiyimiz şəkildə, bütün koloriti ilə qeyd edə bilmədik. Bundan əlavə, həftə sonları ən uzaq rayonlara səfərə çıxmağı xoşlayırıq. Ancaq hazırkı dönəmdə biz bu gəzintilərdən də məhrum olmuşuq. Bu sıxıntıları da nəzərə alaraq vətəndaşlarımız yenidən vətən təbiətinin gözəllik və mənzərələrindən yenidən zövq almaq üçün səbirsizlənirlər. Bir sözlə, hamımızın ən qısa zamanda dekorasiya dəyişikliyinə ehtiyacı var.
- Dəniz mövsümü də yaxınlaşır. Dənizə yaxın hotellərlə bağlı müraciətlərə cavablarınız necədir?
- Ümumiyyətlə, su hövzələrinin istifadəyə verilməsi, çimərliklərə giriş-çıxış şərtləri hələ ki, ölkə turizminin gündəminə çıxarılmayıb. Dənizkənarı istirahət mərkəzlərinə, məhdudiyyətləri pozmamaq şərtilə girişlərin icazəli olduğu məlumatı yayılıb. Bundan başqa, Operativ Qərargahdan bununla bağlı heç bir məlumat almamışıq və bu istiqamətdə xəbərləri gözləyirik.
- Bütün hallarda bu turizm mövsümünün də insanlar üçün əlçatan olacağına ümidlər varmı?
- Təbii ki, var... Nəzərə alsaq ki, hazırda turizm sənayesi iflic olmuş vəziyyətdə və iqtisadi proqnozlara görə mənfi 95 faiz ziyan içindədir, onda ölkədə turizm sənayesinin qollarını xilas etmək üçün daxili turizmə təkan vermək fürsətini dəyərləndirmək lazımdır. Bu, bütün dünyanın gündəmindədir. Məsələn, qardaş ölkə Türkiyədə iyun ayı tamamilə daxili turizmə həsr edilmiş elan olundu. Belə ki, öncə hotellərdə öz vətəndaşlarını yerləşdirməyi düşünürlər. İyul ayında isə artıq sərhədlərini digər ölkələrdən gələn qonaqlara da açacaqlar. Dünyanın sevilən turistik istiqamətlərində hazırda bu ssenari aktivdir. Bunun üçün də ilk növbədə yerli vətəndaşın maliyyə durumunu nəzərə almağı düşünürük. Bu, çox vacib məqamdır.
- Onda belə çıxır ki, iyun ayında daxili, növbəti ayda isə xarici ölkə turistləri üçün ölkəmizdə turizmin fəaliyyəti gözlənilir?
- Bu proqnozu vermək çətindir. Beynəlxalq hava reyslərinin yenidən aktivləşdirilməsi, hava limanının fəaliyyətinin yenidən bərpa olunması proqnozları haqqında hər hansı bir dəqiq məlumat vermək doğru olmazdı. İyun ayında karantinin yumşaldılması yenə də baş verəcəkmi? Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət aradan qaldırılacaqmı? Bu suallara cavab vermək çətindir. İlkin prioritet bütün hallarda turizm sənayesini ayaqda saxlamaq üçün daxili turizmin inkişafıdır. Yəni daxili turizm başlayacaq, mehmanxana kompleksləri, ictimai-iaşə obyektləri hamısı vətəndaşlara öz xidmətlərini təklif edəcək. Ümidvarıq ki, endirimli qiymətlərlə xidmətlər olacaq. Bu, hazırda prioritet plandır. Bu planın startının nə zaman veriləcəyi haqda proqnoz verməyə həqiqətən çətinlik çəkirik. Çünki yoluxma statistikası üzrə ölkənin gündəmi hər gün dəyişir.

Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər