• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

Karantin qaydaları hansı formada sərtləşdirilə bilər?

09.04.20 17:24 830
Karantin qaydaları hansı formada sərtləşdirilə bilər?
Ekspertlər deyir ki, hər kəs sosial izolyasiya qaydalarına məsuliyyətli yanaşmalıdır

Aprelin 8-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, karantin müddəti uzadıla və qaydalar sərtləşdirilə bilər: "Müşahidələr göstərir ki, karantin qaydalarına riayət olunmur. Bugünkü statistika da onu göstərir. Hətta bu gün saxta vəsiqələr, saxta icazə vərəqələri alınır. Əgər karantin qaydalarına riayət olunarsa və göstəricilər müsbət dinamika üzrə inkişaf edərsə, karantin müddəti uzadılmaya bilər. Bugünkü göstəricilər isə onu göstərir ki, qaydalar sərtləşdiriləcək. Sərtləşdirmə qərarı isə elə də asan deyil”.
Bəs görəsən növbəti mərhələdə hansı addımlar atıla bilər. Yəni, karantin qaydaları hansı formada sərtləşdirilə bilər?
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etmək lazımdır. Əks halda virusa yoluxanların sayı kəskin arta bilər. Ona görə də bizim qaydalara əməl etməkdən başqa alternativimiz yoxdur: "Bu qaydalara riayət etmək hər birimizin borcudur. Hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Təəssüf ki, hələ də küçələrdə xeyli insan var. Bu da insanlarımızın pandemiaynı ciddiyə almamağının göstəricisidir. Bir-iki həftə səbirli davranmalıyıq. Virusun lokallaşdırılması üçün vacib olmadığı müddətdə evdən çölə çıxmamalıyıq. İnsanlar qaydalara əməl etsə, biz bu problemi qısa müddətdə aşa bilərik. Karantin qaydalarına riayət etməsək, yoluxma halları ciddi şəkildə arta bilər. Belə olan təqdirdə karantin müddəti uzadılacaq. Bu, tək Azərbaycanın məsələsi deyil. Koronavirus bütün dünyada ciddi problemdir. Karantin tədbirlərinin sərtləşdirilməsinə və müddətin uzadılmasına epidemioloji vəziyyətdən asılı olaraq qərar veriləcək. Ola bilsin ki, növbəti mərhələdə yaş faktoru ciddi şəkildə ortaya qoyulsun. Çölə çıxmağa icazə verilən şəxslərin kateqoriyalarına dəyişiklik oluna bilər. Həmçinin, icazə qaydaları başqa formada rəsmiləşdirilə bilər”.
Millət Vəkili Fazil Mustafa qaydaların sərtləşəcəyinə dair açıqlamalara münasibət bildirərkən deyib ki, yalnız sərt qaydalar tətbiq etməklə bu pandemiyanın yayılmasının qarşısını ala bilərik. Onun sözlərinə görə, ölkə rəhbərliyi və müxtəlif ictimai-siyasi şəxslər tərəfindən xalq arasında müəyyən mənada maarifləndirmə işləri aparılır lakin, bəzən bununla kifayətlənməmək lazımdır: "Bu şəraitdə təbii ki, vəziyyətin ciddiliyini anlayan və məsuliyyətli şəxslər bu tövsiyələri eşidirlər. Lakin, xeyli insan var ki, hələ də məsələnin ciddiliyini qəbul etmək istəmirlər. Ona görə də bu məsələ böyük problemə çevrilir. Ümid edirəm ki, biz qaydaları daha da sərtləşdirməklə daha çox nizam-intizama nail ola bilərik. Daha çox insanın küçəyə çıxmasının qarşısını ala bilərik. Əgər bütün bu qaydalara riayət edilməsə və daha sərt rejim tətbiq edilməsə, koronavirus infeksiyasına yoluxma halları daha da artacaq".
Millət vəkili qeyd edib ki, bəzi hallarda maarifləndirmə işlərinin aparılması kifayət etməyə bilər, buna görə də daha sərt qaydaların tətbiqinə ehtiyac duyulur: "Əlbəttə ki, maarifçilik işləri aparmaq həmişə lazımdır. Lakin bəzi məqamlarda müəyyən qaydalar da tətbiq etmək lazım gəlir. Maarifçilik keçməyəndə sərt qaydalara müraciət etməliyik”.
Sosioloq Sahib Altay deyir ki, koronavirusla bağlı aparılan tədbirlər hal-hazırda karantin vəziyyətinin qaydalarına əsasən aparılır: "Vəziyyət xeyli ciddidir. Əgər insanın davamlı məskunlaşdığı, nəslini davam etdirdiyi və öz varlığını sürdürdüyü bir planetdə pandemiya elan olunubsa, burada ilkin şərt insanın sağlamlığını qorumaqdır. Elan olunmuş pandemiyanın nə qədər sürəcəyini heç kim bilmir. Ancaq bu vəziyyətin hökm sürdüyü müddətdə hər kəs həm özünün, həm də başqalarının sağlamlığı üçün qaydalara əməl etmək məcburiyyətindədir. Məsələ nəyin tətbiq olunub-olunmaması deyil, necə tətbiq etməkdir. Əslində bu məqamda vacib olan vətəndaş-dövlət münasibətidir ki, vətəndaş dövlətə, dövlət vətəndaşa yardımçı vəzifəsini yerinə yetirməlidir. Bəs bu münasibət bu gün Azərbaycanda mövcuddurmu, təəssüf ki, xeyr. Azərbaycan toplumu əksəriyyət etibarilə irrasional düşüncəyə malik toplumdur. Və bu düşüncə tərzindən dolayı insanlarımız hələ də məsələnin ciddiyyətinə varmır, qəbul olunan qərarlara əməl etmir. Əgər məsələni dünya miqyasında analiz ediriksə, bir məqamı qeyd edim ki, bu gün demək olar inkişaf etmiş, etməmiş bütün ölkələrdə bizə bənzər, yumşaq və ya daha sərt şəkildə qadağalar və cərimə üsulları mövcuddur. İlk növbədə qanunun şərtləri həm dövlət tərəfindən qorunmalıdır, həm də vətəndaş tərəfindən əməl olunmalıdır. Bunu aradan qaldıracaq xüsusi bir metod, alternativ üsul mövcud deyil; nə dünya praktikasında, nə də bizdə...”
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər