• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

Karantin günlərində şagirdləri Luvr muzeyinə "aparan" müəllim

01.05.20 12:00 1815
Karantin günlərində şagirdləri Luvr muzeyinə "aparan" müəllim
Mətanət Kərimova: "Həmin an lövhəyə söykəndim, o sözü mənə deyən uşağa diqqətlə baxdım və anladım ki...”
Onun bir devizi var: şagirdlər boyama kitabları deyil ki, onları istədiyimiz rənglərə boyayaq. Biz müəllimlər, onların sevdiyi rəngləri öz dünyamıza gətirməyə çalışmalıyıq. Deyir ki, müəllimin yanaşmasından çox şey aşlıdır. Monotonluqdan nə qədər uzaq olsaq, o qədər şagirdlər üçün maraqlı olar.

Müsahibimiz Oğuz şəhəri 3 nömrəli məktəb liseyin tarix müəllimi Mətanət Kərimovadır. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2011-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək müsabiqədən keçir və 9 ildir ki, müəllimlik fəaliyyətini davam etdirir.

Həmsöhbətimiz müəllimlik fəaliyyətinə başlayandan elektron resurslardan daim istifadə edib: "Elektron resurslar bizə geniş imkanlar yaradır. Mən şagirdlərimə proqramlarla testlər hazırlayır, keçdiyim dərsləri yaratdığım saytda yerləşdirirdim. İT-yə olan maraq Respublika Elektron Təhsil müsabiqəsinə üz tutmağıma səbəb oldu. Hətta həmin müsabiqənin ən yaxşı internet resursları nominasiyası üzrə iki dəfə qalibi oldum”.


- Artıq 9 ildir ki, müəllimsiniz və daim yeni metodlarla öyrətməyə çalışırsınız. Bəs şagirdlərinizdən öyrəndiyiniz və unutmadığınız dərs varmı?
- Bəli. Müəllimlik fəaliyyətinə başladığım ilk il idi və mən 6-cı sinfə dərs keçirdim. Mənim bir ifadəm var idi, hansı ki, artıq onu tərgitmişəm. Şagirdlərimlə dərs vaxtı sual-cavab edəndə, bir şagird ayağa qalxdı və verdiyim sualın cavabını yanlış dedi. O vaxtı tarixin dövrlərini keçirdik. Həmin şagirdə neolit dövrü barədə sual verdim, o isə mənə mezolit dövrü haqqında cavab verdi. Mən isə ona bildirdim ki sən burda "ağ yalan” danışdın. Həmin an, qabaq sırada oturan yaşılgözlü və sarışın gözəl bir qız şagirdim ayağa qalxdı və dedi: "Müəllimə, siz "ağ yalan” ifadəsini dediniz, amma Lütfizadənin nəzəriyyəsinə görə, heç bir şey tam ağ və yaxud tam qara ola bilməz. Həyatda hər şey nisbidir və tam yalan isə yoxdur, necə ki, tam doğru da mövcud deyil. Sizin cavabınıza səhv cavab verdi şagird, amma eyni zamanda bu cavab digər bir sualın doğru cavabıdır”. Mən xatırlayıram ki, həmin anda lövhəyə söykəndim. O sözü mənə deyən uşağa diqqətlə baxdım və anladım ki, həqiqətən də, yanlış cavab verən şagird, əslində başqa bir dövr barədə tamamilə düzgün cavab səsləndirdi. Bu, mənə dərs idi və bir daha "ağ yalan” ifadəsini işlətmədim. Şagird səhv edə bilər. Amma hər bir səhvin arxasında səbəblər var və mən heç vaxt demirəm ki, şagird tamamilə yanlışdır. İndi o şagird 641 balla universitetə daxil olub və müəllim olacaq.

Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər