Kapitala həsrət qalmış “Kapital” müəllifi
BDU-nun Jurnalistika fakültəsində
oxuyurdum. "Siyasi iqtisad”dan imtahan verirdim. Sualım dəqiq yadımda qalmasa
da (otuz il bundan əvvəlin sözüdür – müəl.), o yadımdadır ki, elmi kommunizmin
banisi Karl Marksın "Kapital” əsəri ilə bağlı idi. Doğrudur, suala o qədər də
yaxşı cavab verməsəm də, pis də danışmadım. Sonda müəllim: "Marks böyük dahidir,
onu mütləq yaxşı öyrənmək lazımdır. Marks bizə səadətə gedən yolu göstərdi. Bu
yol kommunizm yoludur” -deyə qiymət kitabçama "yaxşı” (dörd) yazdı.
İllər keçdi. Sovetlər dağıldı və
belə bəlli oldu ki, kommunizm yolu heç də səadətə aparan yol deyilmiş və sən
demə, dahi mütəfəkkir, "beynəlxalq proletariatın rəhbəri” Karl Marksın özü də
bu yolda xoşbəxt olmayıb. Məslək dostu Fridrix Engels demiş, "Marksın həyat
yolu son dərəcə çətin olub, bütün həyatını iztirab, yoxsulluq içində başa
vurub”.
Almaniyanın Trir şəhərində 1818-ci
ildə dünyaya gələn Marks (Marx) Karlın atası Henrix Marks dövrünün tanınmış
vəkili idi. Ədəbiyyatı, mütaliəni sevən Henrix 18-ci əsrin qabaqcıl fransız
mütəfəkkirlərinin əsərlərinə yaxından bələd olsa da, sonralar oğlu Karlla
həyata baxışlarında fikir ayrılığı özünü büruzə verib. Karlın anası Henrietta
Presburq isə bacarıqlı evdar xanım olub.
İlk olaraq gimnaziya təhsili alan Karl
1835-ci ildə Bonn Universitetinin hüquq fakültəsinə daxil olur. Bir il bu
universitetdə təhsil aldıqdan sonra atasının təklifi ilə təhsilini Berlin
universitetində davam etdirməli olur. Atası onun vəkil yox, dünyada tanınan
şöhrətli bir alim, dahi olmasını istəyirdi. Məktublarının birində oğluna
yazırdı: "...əgər hisslərim məni aldatmırsa, səni bütün bəşəriyyətin rifahı
naminə uzun bir həyat gözləyir”.
Dərin zəkaya malik olan Karl hər iki
universitetdə bütün fənləri əla qiymətlərlə oxusa da, daha çox fəlsəfəyə meyli
olub. O, "Hegel fəlsəfəsini əsaslı surətdə öyrənməyə başlamış, onun
dialektikasını qavramış, gənc hegelçilərə qoşulmuşdu”. Gənc Karl hələ tələbə
ikən ona fəlsəfə doktoru dərəcəsi verilir. Nəzəriyyə ilə yaxından məşğul
olmasına baxmayaraq, vaxtını daha çox siyasi dərnəklərdə keçirən Karl ilk
siyasi fəaliyyətinə də 1842-ci ildə Kölndə çıxan "Reyn qəzeti”ndə başlamışdı.
Apreldə qəzetlə əməkdaşlığa başlayan Karl həmin ilin oktyabrında qəzetə
redaktorluq etməli olur. Bundan sonra qəzetdə daha çox inqilabi mövzuda yazılar
çap edilir. Təbii ki, bu, senzuranın diqqətini cəlb edir və hökumət 1843-cü
ilin yazında qəzeti bağlayır.
Avropada da göbəkkəsdi var imiş
Karldan cəmi iki yaş böyük olan Jenni
onun uşaqlıq dostu olub. Demək olar ki, bir yerdə böyüyüblər. Karlın atası
Henri Jenninin atası baron Lüdviq fon Vüstfalenlə ailəvi dost olub. Karl ilə Jenni
hələ 1836-cı ildən nişanlanmışdılar. Lakin qızın qohumlarının buna mane
olacaqlarından ehtiyat edilərək, bu, gizli saxlanılmış, hər iki ata öz
aralarında bu razılığa gəlmişdilər. Xoşbəxtlikdən Karlla Jenni də bu sevdanın
əleyhinə olmamış, əksinə, 1843-cü ilin yayında ailə həyatı quran cütlük
ömürlərinin sonuna kimi bir-birinə sadiq qalmışlar.
Kübar ailədə böyüyən Jenni həmin
vaxtdan "öz ərinin mübarizəsi ilə həmfikir olmuş, böyük dərrakə və alovlu bir
ehtirasla bu işdə ona dəstək olmuşdur”. Gənc ailə 1843-cü ilin payızında Parisə
gələrək fəhlə və sosialist hərəkatına qoşulur. Hər işdə Karlın sədaqətli
köməkçisi və məsləhətçisi olan Jenni ərinin məqalələrinin üzünü mətbuat üçün köçürür,
səliqə-sahmana salır, sosialist hərəkatının bir sıra xadimləri ilə görüşür. Bir
sözlə, Jenni Karl Marksın ən yaxın köməkçisi və məslək yoldaşı olur.
Polis tərəfindən güclü nəzarətə
götürülən Karl sürgün, Jenni isə həbs edilir. 1849-cu ildə İngiltərəyə sürgün
edilən Jenni "mühacir həyatının bütün ağrı-acısını dadır”. 1849-cu ilin
sonlarında Karl Marks da İngiltərəyə gəlir. Onlar "ömürlərinin sonuna kimi
burada mühacir həyatı yaşamağa” məcbur olsalar da, siyasi mübarizələrini davam
etdirirlər.
Mühacirətdə ailənin vəziyyəti daha da
pisləşir. Ailə ömrünü "ehtiyac, mübarizə və məhrumiyyətlər içində keçirir”,
yeddi övladlarından dördü xəstəlikdən və aclıqdan ölür. Yalnız üç qızları - Jenni (Karl Marks xanımı Jenniyə olan
sevgisindən böyük qızının da adını Jenni qoyur), Laura, Eleonora sağ qalır.
1855-ci ildə ailənin yeganə oğul övladı 8 yaşlı Edqarın ölümü Karla daha böyük
bir zərbə olur. O, bu haqda ən yaxın dostu Engelsə yazırdı: "...mən çox
bədbəxtliklər görmüşəm, əsl dərdin nə olduğunu isə indi bilirəm”.
Həmin günlərdə ailəyə həm maddi, həm də
mənəvi dəstək olan Fridrix Engels o günləri belə xatırlayırdı: "Karl Marks
gözəl ailə başçısı idi. Onun və Jenninin sayəsində ailədə həmişə optimist
əhval-ruhiyyə var idi. Çətinliklərə baxmayaraq, Jenni Karlı sevir, qayğısına
qalırdı. Karl Marks insanlarda düzgünlüyü, sadəliyi yüksək qiymətləndirir,
uşaqlarını da bu ruhda tərbiyə edirdi”.
Bütün bu olaylar Karl Marksın səhhətində
böyük problemlər yaradır. "O, göz xəstəliyindən, revmatizmdən, sonra isə qara
ciyərindəki problemlərdən əziyyət çəkirdi”. Gərgin zehni əmək, siyasi mübarizə,
həbslər, sürgünlər, maddi çətinlik Karlın ailəsinə dözülməz bir durum yaşadır.
1881-ci ilin dekabrında Karl həyatda ən yaxın dostu, köməkçisi olan ömür-gün
yoldaşı Jennini itirir. Onun ölümündən bir ay sonra isə 1882-ci ilin yanvarında
böyük qızı Jenni də dünyasını dəyişir. Artıq Karıl "diri ölüyə” çevrilir və
cəmi iki ay sonra - 1883-cü il martın 14-də vəfat edir.
Amal dostları
Karl Marksın həyatda çox şeydə bəxti
gətirməsə də, vəfalı, qayğıkeş ömür-gün yoldaşı və sədaqətli amal dostu sarıdan
bəxti gətirmişdi. Karl Marks Fridrix Engelslə ilk dəfə 1842-cü ildə Parisdə
"Reyn qəzeti”nin redaksiyasında görüşür. "Bu görüş onların baxışlarının tam
birliyini aşkar etdi, onların dostluğunun, yaradıcı əməkdaşlığının, bütün
ömürləri boyu davam edən birgə nəzəri və siyasi fəaliyyətinin təməlini qoydu”.
Onlar ilk olaraq birgə "Müqəddəs ailə” adlı elmi əsərlərini yazaraq 1845-ci
ilin fevralında oxucularının ixtiyarına verdilər.
İnqilabi fəaliyyətinə görə Fransaya sürgün
edilən Karl Marks 1845-ci ildə Brüsselə gəlir. Bu xəbəri eşidən Fridrix Engels
də bura gəlir, dostlar yenidən birgə fəaliyyətə başlayaraq "Alman ideologiyası”
adlı yeni birgə əsər yazmalı olurlar. "Yeni Reyn qəzeti”nin redaksiyasında da
birgə calışan dostların arasındakı qarşlıqlı hörmət onların əbədi dostluğuna çevrilir.
Xatirələrdən və tədqiqat əsərlərindən aydın olur ki, Engels Marksa daha böyük
ehtiram və qayğı ilə yanaşıb: "Marks bizim hamımızdan daha yüksək idi, daha
uzaqları görürdü, hər şeyi hamımızdan çox və tez qavrayırdı. Marks dahi idi,
biz isə, olsa-olsa istedad sahibi olan bir adam” (Bu dostluq dahi Mirzə Cəlil
və Ömər Faiq əfəndinin dostluğunu xatırladır – müəl.).
1847-ci ildə alman fəhlə və
sənətkarlarını birləşdirən "Ədalətlilər ittifaqı”na daxil olan Karl Marks sonra
onu "proletariatın ilk beynəlxalq partiyasına- Kommunistlər ittifaqına” çevirsə
də, zaman sübut etdi ki, onun bu nəzəriyyəsi boş xəyallardan başqa bir şey
deyilmiş. Dünyaca məşhur "Kapital”ı yazan Karl ailəsini dolandıracaq kapitala
həsrət qaldı, nəzəriyyəsi ilə "inqilabi yüksəlişin təzahürünü” axtara-axtara
tənəzzülə uğradı...
Bir zamanlar dərk edərək və ya etməyərək
cümlə-cümlə əzbərlədiyimiz (məcburən) marksizm nəzəriyyəsinin banisi, dahi
mütəfəkkir, alim Karl Marks, sən demə, bəşəriyyətə "xoşbəxtlik gətirən”
nəzəriyyəsinin qurbanına çevrilən bədbəxt imiş.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist