• cümə, 26 Aprel, 11:00
  • Baku Bakı 12°C

“Kapital qulları”nın hekayəsi

28.03.14 11:14 3363
“Kapital qulları”nın hekayəsi
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az

Son zamanlar, xüsusilə Ukraynada insan tələfatı ilə müşayiət olunan xoşagəlməz olayların, vətəndaş qarşıdurmasının baş verdiyi və radikal millətçi qruplaşmaların dünya ictimaiyyətinin, BMT-nin, Avropa Şurasının gözü qarşısında açıq şəkildə faşizm mahiyyəti nümayiş etdirdiyi bir vaxtda dünyanın kütləvi informasiya vasitələrində, elektron məlumat və internet məkanında təhlil, hədə-qorxu, yalan, şantajla dolu materiallar üzə çıxır və yüksələn xətt üzrə sürətlə inkişaf etməkdədir. Bütün bu hadisələrin pərdəarxası məqamlarını dilə gətirənlər də az deyil. Bu məzmunlu məlumatlar dünyanın bütün informasiya məkanında hələ də aparıcı yer tutur.
Təhlillər, proqnozlar bir-birini təkzib edir və ya tamamlayır, bəzən də tamamilə əks fikirlər özünə yer tapır. Dünyanı idarə edən və ya idarə etməyə şərik çıxan güclü dövlətlərin maraqlarını təmsil edən media qruplar insan kütləsinin şüuruna təsir etmək üçün sanki Olimpiya yarışı keçirirlər. Yalan yalanı, şantaj şantajı, ikili standartlar bir-birini əvəz edərək işsizlik, yoxsulluq, terrorizm, Suriyada gedən qanlı vətəndaş müharibəsi kimi bəşəriyyət üçün daha vacibli problemləri geridə qoyub. Artıq bu olaylar Avropa və ABŞ üçün öz əhəmiyyətini itirmiş kimi görünür. Avropanın mərkəzində - Ukraynada yaradılmış xaos avropalı və amerikalıları daha çox narahat edir. Bu da təbii haldır.
Üçdə bir hissəsi Avropa ölkəsi sayılan Türkiyə özünə yaratdığı çox təhlükəli siyasi oyunlar burulğanında sahilə çıxmaq üçün can atır. Artıq Səudiyyə Ərəbistanı ən yaxın müttəfiqi olan Qətərlə siyasi və diplomatik əlaqələrini kəsib. Səbəb olaraq Qətəri müsəlman ölkələrində yaranmış qanlı-qadalı prosesləri maliyyələşdirməkdə və silahlıların hazırlanmasında iştirak etməkdə ittiham etmək kimi gülünc bəhanələr göstərilir. Bütün dünya bilir ki, (bu fakt KİV-də dəfələrlə elan edilib) bu iki ölkə - Səudiyyə Ərəbistanı və Qətər ABŞ-ın kapital torbası rolunu oynayır və onun göstərişi ilə lazımı terrorçu qruplaşmaları maliyyələşdirir. Qəflət yuxusundan oyanıb 180 dərəcə dönüş etmək çox təəccüblü və müəmmalı görünsə də, gün kimi aydındır ki, bunun arxasında ABŞ-ın İranla yaxınlaşması, Avropa şirkətlərinin İrana investisiya qoymaq uğrunda mübarizəsi və bunun nəticəsində İranın Fars körfəzi rayonunda rolunun artması, İran İslam Respublikasını bir neçə ildə ABŞ üçün Səudiyyə Ərəbistanının yerinə gətirərək, onu ikinci plana keçirməsi kimi niyyətlər durur. Təxminən 6 ay əvvəl Səudiyyə Ərəbistanı kralı ölümə məhkum olunmuş cinayətkarlardan 1238 nəfər məhbusu azad edib vuruşmaq üçün Suriyaya göndərmişdir. Onların ailələrinə ömürlük məvacib təyin etmiş və buna yazılı zəmanət vermişdir. Bir ay əvvəl isə kralın yeni qərarı çıxdı. Qərara görə, Səudiyyə Ərəbistanından Suriyaya vuruşmağa gedən vətəndaşları ölüm cəzası gözləyir. Çox “güclü” və “təkrarı olmayan” məntiqdir. Suriyada vuruşan antiəsəd koalisiyasını maliyyələşdirmək, deyilənə görə, dayandırılıb. Səbəb ABŞ və Avropadan incimək və özünü İrana dəyişdirilmiş kimi hesab etməkdir. Çox qəliz bir situasiya yaranıb. 1945-ci ildən ABŞ-ın nəzarətində olan Səudiyyə Ərəbistanının ABŞ banklarında saysız-hesabsız milyardları var. Onları itirmək təhlükəsi isə çox realdır. Artıq bir çox bank müştərilərinin hesablarını dondurmaq ABŞ və Avropada bir içim su kimidir. Heç bir hüquqi əsası olmadan bütün mövcud beynəlxalq qanunları pozaraq özəl banklarda hansısa ölkənin və ya şəxsin depozitlərini dondurmaq əməliyyatına qanuni don geydirmək istəyən “kapital qulları” heç nədən nə utanır, nə də çəkinirlər. 1979-cu ildə İranın ABŞ və Avropa banklarındakı pulları dondurulanlar hələ indi-indi qapını açmağa və pullarını elə o vaxtın nominalı kimi geri qaytarmağa başlayıblar. Əlbəttə, heç bir faiz ödənmədiyi üçün 500 min dolların 1979-cu ildəki qiymətilə indiki qiyməti arasında fərq ağılasığmazdır. O dövr bir milyon dollara 111 milyon barel neft almaq mümkün idisə, indi bu pula 9260 barel neft almaq olur. Fərqin nə qədər böyük olduğunu düşünmək çətin deyil. “Kapital qulları” bir-birini beləcə aldadır və bunu utanmadan siyasət və milli maraqlara uyğun addım kimi qiymətləndirir, dünya ictimaiyyətinə ədalətli bir iş kimi “sırıyır”lar. Əcəb ədalətlilik, demokratik prinsiplərdir. Birincisi, demokratik dövlətlər niyə demokratik saymadıqları ölkələrin və onların heç nədə günahı olmayan varlı vətəndaşlarının pullarını, qızıllarını saxlamağı zəmanət verərək qəbul edirlər?
İkincisi, demokratik dövlətdə rəsmi zəmanətə niyə xəyanət edilir? Deməli, demokratiyanın və kapitalizmin əsas prinsipi olan mülkiyyətin pozulması daha heç kəsi düşündürmür. Onlar xoşları gəlməyən ölkələri pullarını əllərindən almaqla cəzalandırırlar. Bu da kapitalizmin ən mühüm bir orqanı olan bank sisteminin neqativ imicinin yaranmasına, onlara inamsızlığın artmasına gətirib çıxarır.
Son nəticədə bir idarəçilik sistemi kimi kapitalizm dünya səviyyəsində öz nüfuzunu itirmiş olur. Bu qeyri-qanuni maliyyə əməliyyatları ilə yalnız ABŞ, Kanada və Avropa məşğul olur. Çin, Yaponiya, Rusiya, Koreya, hətta Latın Amerikasının böyük əraziyə və çoxsaylı əhaliyə malik olan ölkələri də bu cür prinsipləri qəbul etmir və kimsənin malını mənimsəmək haqqında fikirləşmirlər. İndi ayırd edin ki, demokratiya harada daha yaxşı nüfuza malikdir.
Əslində bizdə buna “çapolçuluq” deyirlər. Yeni terminologiyada isə onun adı “filankəs filankəsə atdı” kimi səslənir. Atanlar həmişə ABŞ və Avropa olur. Məcazi mənada topu tutmaq isə zavallı neft və kapital sahiblərinin alnına yazılıb. “Alın yazısını pozmaq olmaz” deyirlər. Müsəlmanlar bunu çox yaxşı başa düşdüklərindən dinməzcə nə yazılıbsa, onu da qəbul edirlər. Etiraz etmək ən böyük günah hesab edilir və buna qarşı ciddi cəza tətbiq oluna bilər. Odur ki, varlı Körfəz ölkələri pullarını ABŞ və ya Avropa banklarında yerləşdirəndə hər ehtimala qarşı əvvəlcədən “Fatihə” surəsini oxudurlar ki, pullarını yeyənlər özlərini bağışlanmış hesab etsinlər. Qəribə işləri var bu dünyanın. Lap hekayə, hətta roman, tragikomediya mövzusu da ola bilər. “Kapital qulları” hər şeyə qabil olanlardandırlar.
banner

Oxşar Xəbərlər