• cümə, 19 Aprel, 22:22
  • Baku Bakı 24°C

Kanadada Azərbaycan icması gücləndirilmiş iş rejiminə keçib

03.10.20 15:04 1066
Kanadada Azərbaycan icması gücləndirilmiş iş rejiminə keçib
İşğalçı Ermənistan qoşunlarının növbəti təxribatından sonra sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad olunması əməliyyatına başlayıb. Bütün ölkənin səfərbər olduğu bir vaxtda xaricdə yaşayan soydaşlarımız da birlik nümayiş etdirir, haqq səsimizi dünyaya yaymağa çalışırlar.
Kanadada yaşayan azərbaycanlılar torpaqlarımızın azad olunması gününün yaxında olmasına tam əmindirlər. Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan həmyerlimiz, Ana dili məktəbinin rəhbəri Yeganə Cəfərova QƏLƏBƏ gününün uzaqda olmadığını deyir.

- Yeganə xanım, hazırda Azərbaycan işğalçı Ermənistana qarşı mübarizə aparır. Uzaq Kanadada soydaşlarımız ölkəmizin haqq savaşına necə dəstək verirlər?
- Uzaq şimal ölkəsi Kanadada yaşayan və ürəyi Azərbaycanla döyünən bütün soydaşlarımız illərdir Qarabağ həqiqətlərini, 20 faiz torpaqlarımızın beynəlxalq normalara zidd olaraq Ermənistan tərəfindən işğal olunmasını, on minlərlə həmvətənlərimizin öldürülməsini və bir milyon vətəndaşımızın öz ölkəmizdə qaçqın olmasını bu ölkənin səlahiyyətli dövlət nümayəndələrinə və parlament üzvlərinə çatdırır. Dəfələrlə sərgilər, tədbirlər və yürüşlər keçirərək bütün Kanada ictimaiyyətini məlumatlandırır və haqq səsimizin eşidilməsi uğrunda çalışırıq. Hər birimiz bu vəziyyətin nə vaxt bitəcəyini və dövlətimizin ciddi addımlar atacağını səbirsizliklə gözləyirdik. Artıq həmin gün gəlib çatıb.
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünün qarşısının alınması istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlarda qazanılan uğurlar, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasına başlanması hamımızı hədsiz sevindirir.
Əməliyyatların başlanmasından xəbər tutduğumuz andan başlayaraq biz də soydaşlarımızla fəaliyyətimizi bu istiqamətdə qurmağı qərara aldıq. Kanadanın bir çox əyalətlərində yaşayan və müxtəlif təşkilatlardan olan soydaşlarımız birləşərək Kanada Azərbaycanlıları Şəbəkəsi yaratdılar. Sentyabrın 27-dən başlayaraq davam edən hadisələr hər birimizi daha da birlik nümayiş etdirməyə səfərbər etdi və biz demək olar ki, 24 saatlıq iş rejiminə keçmişik.
- Kanada Azərbaycanlıları Şəbəkəsi, əsasən hansı işlərə start verib?
- Azərbaycanda hazırda məlum səbəblərə görə internetlə bağlı yaranan problemlər üzündən sosial şəbəkələrdə erməni təbliğatının apardığı dezinformasiya və təşviqat işlərinə adekvat reaksiya verilməsində çətinliklər yaşandığının şahidiyik. Buna görə də, xaricdə yaşayan azərbaycanlılar olaraq, bu istiqamətdə fəaliyyətimizi daha da intensivləşdirmişik.
Birlikdə cəbhədən və vətəndən olan yanlış xəbərlərin yayılmasının və ermənilərin yaydıqları dezinformasiyaların qarşısını almaq üçün tədbirlər görürük. Yalnız rəsmi orqanların verdiyi xəbər və məlumatları izləməyə və paylaşmağa çalışırıq. Ölkəmizə qarşı baş vermiş düşmən təcavüzü ilə bağlı olaraq, Kanadada Azərbaycan icması da gücləndirilmiş iş rejiminə keçib. Bu işə yüzlərlə soydaşımız cəlb olunub və təşkilatlanmış, sistemli şəkildə fəaliyyətlər aparırıq. Ciddi iş rejimində çalışan çoxsaylı həmvətənlərimiz sosial şəbəkələrdə qruplar şəklində, "Facebook” və "Tvitter”də ermənilərdən daha aktivdirlər. Kanada Azərbaycanlıları Şəbəkəsi adından və fərdi olaraq yüzlərlə soydaşlarımız öz adlarından artıq Kanada hökumətinə və parlament üzvlərinə, həmçinin Şəbəkə adından qanunverici orqana, ölkədə fəaliyyət göstərən və təsiredici gücə malik olan diaspor təşkilatlarına müraciətlər göndərilir.
Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi ilə bağlı Kanada hökumətindən münasibət bildirməsi xahiş olunur. Məktub, ölkəmizə qarşı düşmənin hərbi təcavüzü başlayan kimi hazırlandı və bazar ertəsi, 28 sentyabr tarixində aidiyyəti üzrə təqdim olundu.
İcmalarımızın vahid təşkilatı olan Şəbəkə adından Kanada dövlətinin başçısı ilə yanaşı, Xarici İşlər Nazirliyi, Nümayəndələr Palatasının rəhbərliyi, Xarici işlər nazirinin müavini, XİN-də Şərqi Avropa və Avrasiya Departamentinin rəhbərliyi, Konservatorlar Partiyasının (Müxalifət) rəhbəri, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Kanada Parlamentinin üzvlərinə də rəsmi müraciətlər ünvanlanıb.
- Məlumdur ki, bu müharibə təkcə cəbhədə və diplomatiya sahəsində aparılmır, həmçinin informasiya müharibəsidir. Kanadada fəaliyyət göstərən media qurumları ilə ünsiyyətlər qura bilirsinizmi?
- İnformasiya müharibəsi şəraitində təşəbbüsü ələ almaq və Şimali Amerika ictimai rəyində Azərbaycan tərəfindən aparılan əks-hərbi əməliyyatların legitimliyinin təşviq edilməsi məqsədilə, Kanadada fəaliyyət göstərən 90-dan artıq media qurumlarına, xəbər saytlarına bəyanatlarımız, press-relizlərimiz göndərilib. Hazırda Kanadanın nüfuzlu media qurumları ilə kontaktların yaradılması istiqamətində işləyirik və yaxın günlərdə televiziyalar, xəbər saytlarına müsahibələr verməyi planlayırıq. Həm icma nümayəndələrimiz, həm də Azərbaycan rəsmilərinin Kanada telekanallarında müsahibə verməsi məsələsinin olduqca əhəmiyyətli olduğundan, bu istiqamətdə çalışmalarımız davam edir.
- Kanadada fəaliyyət göstərən başqa xalqların diaspor təşkilatları ilə əlaqələr hazırda hansı səviyyədədir?
- Kanadada nüfuzlu diaspor qurumları ilə orqanik bağlantı yaradılması əhəmiyyətlidir. Artıq Kanadada fəaliyyət göstərən və təsiredici gücə malik olan bir sıra yəhudi icma rəhbərləri ilə müzakirələr aparmışıq, bizə yaxından dəstək olmalarına razılıq almışıq. Hər birimiz yaşadığımız ərazinin millət vəkilinə məktubla müraciət ünvanlamışıq.
- Artıq işğal altında olan torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Hisslərinizi necə ifadə edirsiniz?
- Sadəcə onu vurğulamaq istəyirəm ki, mən hər zaman sülh tərəfdarıyam. Amma artıq 30 ilə yaxındır ana yurdumun parçalandığını, baba yurdum olan, küçələrini qarış-qarış gəzdiyim Şuşanın, bulaqlarından su içdiyim Ağdamın, Ağdərənin, dağlarına qalxdığım Laçının, Kəlbəcərin düşmən tapdağından azad ediləcəyi günü gözləyirəm. Cəbhə xəttində döyüşən və düşmənə qalib gələcək əsgər və zabitlərimizin qarşısında baş əyirəm.
Onu da qeyd edim ki, bütün soydaşlarımızla birlikdə vətəndə baş verən hadisələrin labüd olduğunu və artıq torpaqlarımızın azad olunması zamanının yetişdiyini birmənalı olaraq dərk edir və Azərbaycanı, xalqımızı və ordumuzu dəstəkləyirik.
Torpaqlarımızın azad olunması gününün yaxında olmasına tam əminik. Bu əminliyi bizə qüdrətli ordumuzun qısa zamanda göstərdiyi rəşadət, xalqımızın qüruru və dövlətimizin torpaqlarımızın bütövlüyü uğrunda apardığı düzgün siyasəti verir. Qələbə bizimlədir

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər