• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

Kamillik yolu uzun və çətindir

21.01.19 12:30 1357
Kamillik yolu uzun və çətindir
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir müəllimin sevdiyi əsər Nizami Gəncəvinin "Yeddi gözəl” poemasıdır.

– Nizami Gəncəvinin "Yeddi gözəl” poeması hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Bütünlükdə Nizami Gəncəvi yaradıcılığı insanlıq tarixinin ən heyrətamiz olaylarından, bəlkə də, əfsanələrindən, dünya söz sənətinin əlçatmaz zirvələrindən biridir. Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Füzuli... İkisi o dövrün şərtlərinə uyğun farsca, ikisi də ana dilində-yəni türkcə yazan bu dörd dahi Azərbaycan-türk bədii-fəlsəfi təfəkkürünün orta əsrlər səviyyəsinin nə dərəcədə yüksək olduğunu göstərməklə, öz ilahi genişliyi və fəlsəfi dərinliyi ilə yalnız antik yunan dramaturgiyası, Çin və Hind mədəniyyəti ilə müqayisə edilə bilər. Maraqlıdır ki, ömrünü Gəncədə keçirmiş Nizami həm yunan ədəbiyyatı və fəlsəfəsi, həm Hind mifologiyası və folkloru, həm də Çin mədəniyyəti ilə yetərincə tanış idi və əsərlərində heç bir məhdudiyyət qoymadan kürəsəl bilgilərə əsaslanır və bəşəriyyətin problemlərinin həlli yollarını axtarır. Mənim Nizamiyə sevgimin bir səbəbi budur.
Mənə elə gəlir ki, oxucularımızın çoxu Nizaminin yaradıcılığını ümumi şəkildə bilsələr də, onun əsərlərini əvvəldən axıra, dərk edə-edə oxuyan o qədər də çox deyil. Bunun bir səbəbi tərcümələri oxumağın çətinliyidirsə, bir səbəbi də Nizaminin ədəbi irsinin həcmidir. Dahi şair ömrü boyu yorulmadan çalışıb və təsadüfi deyil ki, bəzi alimlər bunu heyrətlə vurğulamış və onun əsərlərinin ümumi həcmini ömrünün günləri arasında bölərək adamı təəccübləndirən nəticələrə gəlmişlər.
Nizami Gəncəvi yaradıcılığına sevgimin ikinci səbəbi onun beş poemasında epik genişliklə, mürəkkəb süjetlə lirik zərifliyin inanılmaz bir kamilliklə qovuşub vəhdət təşkil etməsidir. Onu da qeyd edim ki, "Xəmsə” yazılmasaydı da Nizami öz lirikası ilə yenə Şərqin dahi şairləri sırasında yer alardı.
Nəhayət, Nizami Gəncəvinin guya türkcə yazmaması hələ də mübahisəlidir. Bir neçə il öncə onun türkcə şeirləri barədə xəbər yayıldı, hətta Təbrizdə həmin şeirlər nəşr edilmişdi. O şeirlərin Nizaminin farsca yaradıcılığı ilə son dərəcə yaxından səsləşməsini, ifadə tərzi arasındakı yaxınlığı görməmək mümkün deyildi. Lakin nədənsə, bu məsələyə ciddi yanaşılmadı. Məncə, ədəbiyyat aləmində, xüsusən iranşünaslar arasında müəyyən qüvvələr ciddi-cəhdlə Nizaminin türkcə yazmasının mümkünsüzlüyünü isbat etməyə çalışır və həqiqətin üzə çıxmasına mane olurlar. Onun türk kimliyinin şübhələrdən xilas olması kimlərəsə sərf eləmir.
Bu layihə üçün Nizami Gəncəvini seçməyimdə onun öz şairimiz olması da rol oynayır, düzdür, son zamanlar başqalarına heyranlıq, özümüzü inkar dəbə çevrilib və bu, məni belə sorğularda öz ədəbiyyatımıza müraciət etməyə vadar edir, lakin mənim seçimimin əsas səbəbi bu deyil, Əsas səbəb Nizaminin şəksiz böyüklüyüdür. Dünya ədəbiyyatında mövzusunun qeyri-adiliyi, süjetinin mürəkkəbliyi, məntiqi və monolit ardıcıllığı, fəlsəfi dərinliyi, yerlə-göyün kosmik bütünlüyünün dərki və təsviri baxımından "Yeddi gözəl” səviyyəsində əsər azdır və ya mən xatırlamıram. Həm də nəzərə almalıyıq ki, bu əsər XII yüzillikdə yazılıb.
Dünya ədəbiyyatında sevdiyim əsər çoxdur, onlarla əsər adı çəkər və bu sevgimi əsaslandıraram. L.Tolstoyun "Anna Karenina”, V.Hüqonun "Səfillər”, İ.V.Hötenin "Gənc Verterin iztirabları”, E.Voyniçin "Ovod”, C.Londonun "Martin İden”, R.Taqorun "Bağban”, E.R.Rollandın "Jan Kristof”. Q.Q.Markesin "Yüz ilin tənhalığı”, K.Hamsunun "Torpağın bərəkəti”, E.Heminqueyin "Qoca və dəniz”, F.Kafkanın "Çevrilmə”, C.Steynbekin "Siçanlar və adamlar”, C.M.Kutzeenin "Maykl K.-nin həyatı və zəmanəsi”, J.Saramaqonun "Təxirəsalınmaz ölüm”, Çingiz Aytmatovun "Ağ gəmi” əsərləri və s. bir sıra digər müəlliflərin oxuduğum və dünyada tanınan romanları barədə danışa bilərəm. Ayrı-ayrılıqda bu əsərlərin hər biri müəyyən yaşda həvəslə oxuduğumuz və bizə təsir göstərmiş əsərlər olub. Bizim dünya ədəbiyyatı ilə tanışlıqda dil və yaşadığımız mühit faktorları da nəzərə alınmalıdır. Bu əsərlərin hər birini "Yeddi gözəl”lə yan-yana qoyub müqayisə aparmaq və bu zaman Nizami Gəncəvinin təfəkkür dairəsinin nə dərəcədə fərqli, geniş və bəşəri mahiyyətli olduğunu görmək çətin deyil. Şübhəsiz, zövqlər müxtəlifdir. Adlarını çəkdiyim əsərlər dünya ədəbiyyatının şah əsərləridir, hər birinə insan taleyinin, savaşın, barışın, sevginin, tənhalığın, Tanrı-insan münasibətlərinin, yurd, torpaq sevgisinin, şəxsiyyət və mühit münasibətlərinin bəlli bir tərəfi yüksək bədiiliklə incələnir. Diqqətlə yetirsək, bu mövzuların hamısı ”Xəmsə”dən keçir və yüzillər öncə. Bu mənada "Yeddi gözəl”in üstünlüyünü görməmək mümkün deyil.
– Fransız alimi D. Erblo bu əsəri roman adlandırır. Arqumenti də budur ki, "Tülkünün əhvalatı”, "Teblilərin romanı”, "Troya haqqında roman”, "Eheans romanı”, "Tristan haqqında roman” və s. romanlar 9 və 12 hecalı şeirlə yazılıb. Deməli, romanlar əvvəllər nəzmlə yazılıb, bu da onu göstərir ki, roman deyərkən forma yox, məzmun nəzərdə tutulur. Amma nədənsə bizdə hələ də Nizaminin əsərlərinə poema deyib dururlar. Sizcə, bunun səbəbi nədir və bu cür təsnifatı doğru qəbul edirsinizmi?
– Nə roman bizim sözümüzdür, nə poema... O dövrdə geniş təbliğ olunan və qonşu xalqlara təsirsiz qalmayan "Şahnamə” ənənəsinə uyğun şəkildə iri həcmli, süjetli dastanlara kitab, yazı, məktub, boy mənasında "namə” deyilib. Nizami də bu ənənədən yararlanıb, əsərləri bizim anlayışımıza görə dastandır. Dastanda düz yazı ilə şeir bir yerdədir. "Xəmsə”nini hər bir dastanı çağdaş təfəkkürə uyğun həm də roman adlandırıla bilər. "Roman" sözü roman dil qrupunun adı ilə bağlıdır; fransız, ispan, italyan dillərində təhkiyə üsulu ilə qələmə alınan iri həcmli bədii əsərlərə roman deyirdilər. Müqayisə üçün deyək ki, qədim türklərdə də el-ulus adı ilə onun haqqında deyilən söz eyni "boy” kəlməsi ilə ifadə olunurdu: "soy soyladı, boy boyladı”. Kompozisiya, süjet, insan xarakterləri, əhatə edilən mövzu və mətləb genişliyi baxımından bu poemaların hər biri bir "boydur”, gələcəyə ünvanlanan namədir, mənsur romandır. Əslinə qalanda, ad şərtidir. Poema da, roman da, bu, özlüyündə heç nəyi dəyişmir.
– Maraqlı bir məqam da var. Nizaminin bir sıra əsərlərindəki süjet Firdovsinin "Şahnamə”sində var, Nizami isə daim Firdovsinin yazmadığı məqamları qabartmağa çalışıb. Məsələn, "Yeddi gözəl”də Nizami yazır:

Şahların çox uzun tarixi vardı,
Birindən bir əsər yazmaq olardı.
Bir dərin fikirli varmış ki, o tək,
Yazmış bu şeyləri nəzmə çəkərək.
Yerdə qırıntılar qalmış o ləldən,
Onu da çoxları buraxmaz əldən.

Bu barədə isə iki fikir var: bəziləri Nizami böyüklüyünü kölgəyə salaraq düşünür ki, o, tarixi təhrif edib; bəzilərinə görə isə Nizaminin qəsdi tarix yazmaq yox, ədəbiyyat yaratmaq olub.
– Bədii əsər tarix kitabı deyil və ona əsasən hansısa söz ustasını nəyisə təhrif etməkdə günahlandırmaq olmaz. Bədii əsərdə müəllif "öz tarixini” yaradır. Önəmli olan tarixin təkrarı deyil, müəllifin bu mövzuya əsaslanıb nə demək istəməsi və gəldiyi ideya-estetik və əxlaqi-humanist nəticələrdir. Firdovsi süjetlərinə müraciətin bir səbəbi Şərqin bəzi böyük şairlərinin Firdovsi ilə yarışmaq həvəsidir. Çoxu Şərq-İslam mifologiyasından və tarixindən gələn mövzuların farsca yazılmasının, "Şahnamə” süjetlərinin hətta vəzni saxlamaqla yenidən, daha dərindən araşdırılaraq yazılmasının bir səbəbi öz ilhamının qüdrətini göstərmək istəyidir. Sevginin gücünü, qəhrəmanlığı, cəmiyyət və hökmdar münasibətlərini, ölümsüzlük axtarışlarını, insanın kamilləşmə yollarını təsvir etmək istəyərkən yeni süjet axtarmaqdansa, yəni yeni bina tikmədənsə, məlum və köhnə binaya yeni naxışlar vurmağa üstünlük verirdilər. Belə olanda bədii naxışları və sözləri daha asanlıqla müqayisə etmək olurdu. Qələmə aldığı bəzi mövzuların "Şahnamə”də də işlənməsi Nizami Gəncəvini rahatsız etmirdi. Nizamı bu mövzuya müraciət etməyə də bilərdi, öz dediyi kimi dünya tarixində yazılmalı hadisələr çoxdur, onlardan birini yaza bilərdi, lakin bu mövzunu seçib, ona görə seçib ki, Firdovsidə bu mövzu yarımçıqdır, "ləl deşilməmiş qalıb”. Bu işi görmək Nizamiyə qismət olub:

Bakir söz demişəm, çox əlləşmişəm,
Yarı deşilmiş bir gövhər deşmişəm.
Doğru saydığımı yerinə qoydum,
Hər şeyin qədrini haqqıyla duydum.

– Əsərin adı orijinalda "Həfti peykər” – Yeddi planet, ulduz, cisim – olsa da, "Yeddi gözəl” kimi tərcümə edilib. Sizcə, əsərin adının təhrif edilməsi nə dərəcədə doğrudur?
– Məncə, burada təhrif yoxdur. Nizami "peykər” sözü ilə "gözəl”, "gəlin” sözlərini yanaşı, eyni mənada işlədib:

Onda ki fikrimi saldım sahmana
Dedim ki, qoy onu düzüm dastana...
...Bəzədim yeddicə dilbər gəlinlə,
Göyün hər gəlini bir dəfə belə
Mənim gəlinimə baxarsa əgər,
Olar hər gözələ aşiq bir ülkər.

Göründüyü kimi, Nizamini ulduzlardan, daha doğrusu, yeddi planetdən çox, yeddi gözəl düşündürür.
– Əsərdə özünüdərk problemi önə çəkilib. Qədim Yunanıstanda məşhur fikir vardı: "Özün özünü tanı”. Neman özünü dərk eləyib şahlıqdan əl çəkir, Bəhram Gur isə dünyanın gərdişini, şahlığı dərk edib qeyb olur. Nizaminin ideal hökmdar ideyası bu mənzum romanda özünü göstərmir, insan anlayışı ideyası insanın özünü dərk etməsi ilə əvəzlənir. İstərdim söhbətimiz bu yöndə davam etsin.
– XII-XIII yüzilliklərdə Azərbaycan ərazisində yaranmış bədii və fəlsəfi fikir abidələrinə tariximizdə özəl yer qazandıran və intibah səviyyəsinə qaldıran da elə Nizaminin "Yeddi gözəl”dəki bu düşüncə və ideya yeniliyidir. Ədalətli padşah yerinə kamil insan! Nizaminin "Yeddi gözəl”də gəldiyi qənaət budur. Üstündən səkkiz əsr keçsə də hələ də dünyada dövlət və cəmiyyətin normal münasibətlərinə şərait yaradan mükəmməl qanunçuluq mühiti yaratmaq tam mümkün olmamışdır. Hətta belə qanunların işlənib hazırlandığı ölkələrdə də onların tətbiqi insanın kamil olmaması, cahillik və mədəni səviyyənin aşağılığı üzündən böyük çətinliklərlə üzləşir.
Nizaminin gəldiyi qənaətə görə, ilk növbədə insanın kamilliyinin qayğısına qalmaq lazımdır. Ali insan hətta cariyə, əsir və çoban olanda da ədalətlidir. Hökmdara da düz yol göstərə, onu zülmdən, haqsızlıqdan uzaqlaşdıra bilir. Nizaminin əsərlərini kasıb, sadə lakin ağıllı adamların biri-birindən maraqlı surətləri bəzəyir. Şahların tarixini yazmasa, əsərləri gələcək nəsillər üçün qoruna bilmir; kitab saraylarda və din ocaqlarında oxunur və qorunur, bunlardan yan keçmək olmaz, lakin oralarda yaşayanlar da tam ideal insanlar deyil. Şərait onu məcbur edir ki, əsərini hər hansı hökmdara ithaf etsin.
Bəhram Yəməndən İrana gəldikdən sonra ölkəni ədalətlə idarə edir. Yəni Nizami üçün ənənəvi olan "adil şah” idealına yaxındır, bununla belə, müəllif öz qəhrəmanını yeni sınaqlara çəkir. Bəhramın yeddi qızla eyş-işrətə, ova, əyləncəyə başı qarışır, bundan istifadə edən vəzir ölkəni talayır, zülm ərşə dayanır; rüşvət, əyrilik, qansızlıq baş alıb gedir, qorxu hissini və Allahı unudanlar ölkəni yeyib bitirir. Bu durumu eşidən düşmən gəlib ölkə sərhədinə dirənir. Belə vəziyyətdə məğlubiyyət qaçılmazdır. Bəhram yalnız həmin faciəli anda özünə gəlir. Çoban ona dərs verir. Anladır ki, mən sürünü ən etibarlı köpəyimə arxayın oldum, bir də ayıldım ki, şəhvətə uyan köpək sürünü qurda verib.
Burda Nizaminin fəlsəfəsi aydındır: güclü düşmənə qalib gəlmək istəyirsənsə, ilk növbədə rəiyyətini, sadə adamları gücləndir. Ordudan öncə vətəndaşını bəsləməlisən.
Bu uzun yol - ov, əyləncə, eyş-işrət, gündə bir gözəlin qoynuna girmək, dinlədiyi nağıllar, çobanın söhbəti, nəhayət vəzirin həbs etdirdiyi günahsız insanları sorğu-suala tutmaq kamilliyə aparan yoldur. O ayılır, vəziri cəzalandırır, xalqın qayğısına qalır, ədaləti bərqərar edir, bunu görən Çin ordusu da çəkilib gedir. Dahi şair hesab edir ki, xoşbəxtlik, ədalətli cəmiyyətdə və kamil insan yetişdirməkdədir.
– "Xosrov və Şirinin”, "Leyli və Məcnun”da əsas obrazlar eşqin gücü ilə dəyişirlərsə, bu əsərin qəhrəmanı zəmanənin iç üzünü görərək başqalaşır. Əsərdə baş qəhrəmanın sevgi hissi barədə, demək olar ki, ciddi mənada heç nə deyilmir. Bu məqamlar barədə fikriniz necədir?
– "Yeddi gözəl” sevgi dastanı deyil. Hakimliyə və sevgiyə layiq olmanın sirlərinin axtarışının dastanıdır.
Yeddi sarayda – yeddi günbəzdə yeddi iqlimdən – ölkədən gətirilmiş gözəllərin hər biri Bəhrama bir nağıl danışır. Nə bu gözəllər, nə bu nağıllar, nə bu düzülüş təsadüfi deyil. Nizami özü bu mövzuya belə işarə edir:

Sanma nağılların boş əfsanədir,
Hər biri dopdolu bir xəzinədir.
Hansı bir gözəlin qısaydı donu,
Mən öz nəzmim ilə uzatdım onu
...Yeddi xəzinəsi var əsrarın, demək
Vurdum uzun, geniş naxışlı bəzək.

– Nizaminin heç bir əsərində bu qədər təşbehlər, metaforalar, bənzətmələr, bədii təsvir vasitələri ulduz, planet, bürc adları ilə eyniləşdirilmir. Məsələn, YEDDİ QARDAŞ (yeddi planet), GÖYÜN İKİCƏ ÇÖRƏYİ (Günəş və Ay), GECƏNİN XƏLİFƏSİ (Ay), ÜSTÜRLAB (Astrolobiya – qədimdə ulduzların yerləşdiyi yüksəkliklər), ZİC (astronomiya cədvəli) ZÖHRƏ (Venera), MÜŞTƏRİ (Yupiter), SUR (Öküz bürcü) və s. Belə məqamlara fikir veribsinizmi?
– Əsərin dəyərini və poetik gücünü müəllif özü də dilə gətirər:

Bir misrası dürdür, bir misrası zər,
Mənayla doludur bütün beytlər.

Əslində, Nizaminin üslubu belədir. Əsər boyu beytlər sapa düzülmüş incilər kimi bir-birini əvəz edir; ecazkar təşbehlər silsiləsi baş alıb gedir.
Nizaminin dahi intibah şairi olduğunu göstərən möcüzəli özəlliklərdən biri də onun bədii təsvir vasitələridir. Sizin dediyiniz kimi, ilk sırada planetlər, səma, günəş, ay, buludlar, yağış, ulduzlar, külək, qar və onların yerdəki təsirləri, izləri, onların insan taleyindəki və mənəvi aləmindəki şəkli, rolu dayanır.
Bununla yanaşı, dahi şairin təsvirlərindəki real boyalar və cəsarət insanı heyran qoyur. Məsələn, bu gün açıq saçıq yazmağı, hər şeyi öz adı ilə çağırmağı sevən ədəbiyyat – Nizaminin sevgi səhnələrinin yanında öz poetiklikdən uzaqlığı və bayağılığı ilə utanar. Kişi-qadın münasibətlərinin təsvirində Nizami sona qədər açıqdır; bu baxımdan orta əsirlərin böyük gözəllik ilahələrinin portretlərini xatırladır, lakin onun təsvirləri həmişə yüksək estetik səviyyəli, bədii və gözəldir.
– Sizcə, poemada yeddi hekayənin danışılması, müasir ədəbi cərəyanlardakı "roman içində roman” texnikasına nə dərəcədə uyğun gəlir?
– "Müasir ədəbi cərəyanlar” dediyimiz köhnə cərəyanların təkrarından başqa bir şey deyildir. "Yeddi gözəl”in və yeddi məzlum əsirin hər birinin öz hekayəsi var. Və onların hər biri müstəqil mətindir. Bu on dörd süjetin hər biri məharətlə ümumi süjetə bağlanmışdır və şairin böyük yaradıcılıq idealına xidmət edir. Qədim Hind, İran ədəbiyyatlarının ən mühüm cəhətlərindən biri budur. Fikri həyatdan alınmış əhvalatlarla möhkəmləndirmək, qanadlı sözü real hadisələrlə "möhürləmək” - "Kəlilə və Dimnə”, "Min bir gecə” və ya Sədinin "Gülüstan”ı bu üslubun parlaq nümunələridir. Bu baxımdan "Xəmsə” qeyri-adi bir həyat ensiklopediyasıdır. Bir poemada onlarla dastan süjeti iç-içədir. Bu gün dəbdə olan mif heyranlığı da yeni deyil və Nizaminin yaradıcılığında bunun son dərəcə maraqlı örnəklərini görmək olar.
– Əsərdə yeddi hekayə danışılır, yeddi günbəz var, yeddi əsas gecə var, sonda yeddi məzlumun şikayəti... Sanki əsər rəqəmlərlə şifrələnib.
– Dediyim kimi poemada təsadüfi, göydəndüşmə heç nə yoxdur. "Bəhramnamə” adının "Yeddi gözəl”ə dəyişilməsi və əsərin ədəbiyyat tarixində bu adda qalması yeddi rəqəminin qutsallığı ilə bağlıdır. Bu, hələ yetərincə incələnməmiş bir məsələdir. Görünən budur ki, Nizami Gəncəvi yeddi günbəzlə, yeddi rənglə, yeddi planetlə və poemadakı digər rəmzlər ilə kainatın və insan taleyinin vəhdətini qələmə almışdır. Nizami Gəncəvinin yaxından bildiyi İslam ənənələrində rəqəmlərin hər birinin öz mənası var. Məhəmməd Peyğəmbərə görə, insanın ən böyük bacarıqlarından biri rəqəmlərin sirrini açmaq olmuşdur. İslam inancına görə 12 – bürcləri, 9 – göyün yeddi qatını, 7 – planetləri – yəni ata başlanğıcı, 4 – elementləri – yəni ana başlanğıcı, 3 – təbiəti – minerallar, bitkilər, canlıları göstərir.
Nizami "Yeddi gözəl”in nağıllarını da düzərkən yenə insanın kamillik yoluna, yəni cəhalətdən aydınlığa gedən yolunu nəzərdə tutmuşdur. İlk günbəzdə Bəhram qara günbəzdə qara iqlimdən gətirilmiş qızın qara rəngli nağılını dinləyir. Süjet də bu rəngə uyğundur. Yeddinci günbəzdə otaqda danışılan nağılın rəngi ağdır. İslam inancına görə, qara – gecə, xaos, ölüm, yeraltı dünya işarəsidir. Ağ isə təmizliyin, bakirəliyin, gündoğanın, pozitiv düşüncənin, ümidin – Ağ atlı oğlan – əlamətidir. Qara Qərbdir, ağ Şərq... Qırmızı uğur, savaş, qandır. Beləliklə, nağılların hər birinin öz mənası var.
Nizaminin gözündə insan günəşdir. Dünyanın ən dəyərli sərvətidir. Hər cür sevgiyə, ucalığa layiqdir. Öz qədrini bilsə, özünü tanısa, maddiyyata uymasa, ömrün qısalığını dərk etsə və onu gözləyən əbədi həyata inansa, kamillik mərtəbəsinə yüksələcəkdir.
Bir vaxt ağsaqqal bir tarzən mənə göy qurşağı kimi yeddi rəngli kağızda nəşr olunmuş qalın bir kitab göstərmiş, "bu kitab muğam haqqındadır” demişdi. "Muğamlar da rənglidir və qaradan ağa doğru düzülüb”. Bunu deyib hər rəngə uyğun muğamdan kiçik bir parça çalmışdı.
Nizami yeddi planetlə yeddi rəngli günbəzlərin, oradakı gözəllərin təmsil elədiyi ölkələri vəhdətdə dünyanın yeddi gündə yaradılması, musiqinin yeddi notu, göy qurşağının yeddi rəngi, həftənin yeddi günü, dünyanın yeddi möcüzəsi, yeddi müdrik, qədim Şumerin yeddi böyük tanrısı, insanın əsəb sisteminin maksimum əhatə dairəsinin yeddi rəqəmi ilə məhdudlaşması... bütün bunlar Nizamiyə bəlli olan mövzular idi və poemada bütün proseslərin yeddi rəqəmi ətrafında cərəyan etməsi, Bəhramın yeddi gözəlin sevgisindən, yeddi nağılın cazibəsindən, yeddi günbəzin rahatlığından, sonra isə yeddi məhbusun onun gözünü açan hekayələrindən keçərək kamillik zirvəsinə çatması onunla nəticələnir ki, o, dünya həyatının ötəriliyini və özünü dərk edir, yəni Allaha qovuşur.
– Nizami haqqında danışdığımız poemada qəribə bir çevrə qurub. Şah ov ovlayır, ad çıxarır, ona Bəhram Gur deyirlər – sanki qəhrəman gur məsələsi ilə yaranır, sonda da gurun arxasınca gedib yoxa çıxır. Romanın əvvəlində sonluğun necə olacağına dair aydın işarələr var.
– Bu əsərdə hər şeyi möhkəm bir məntiqi ardıcıllıq içindədir. Hötenin "Şərq-Qərb divanı”nda "Qafiyəni Bəhram-Gur icad edib” adlı bir şeir var. Təbii ki, bu bir əfsanədir. Qafiyə Bəhramdan da öncə olub. Amma Nizami Bəhram – Gurun həyatını – başlanğıcı ilə sonunu iki misra kimi bənzər, "qafiyəli” yaradıb. Poemada təsvir edilən it, şir, çeşidli quşlar, heyvanlar hamısı rəmzi məna daşıyır. Gur də Bəhramın taleyidir, ardınca dartıb aparır.
– Əsərin quruluşu – nağılların danışılması sizcə, "Min bir gecə” nağılları ilə nə dərəcədə bağlıdır?
– Nizami özü bu əsəri yazmazdan öncə Şərqin bütün söz xəzinələrinə baş vurduğunu qeyd edir.
– Əsərdə hər rəngin öz mənası var. Bəhrama danışılan hekayətlər qara günbəzdən başlayır ağ günbəzdə bitir. Sanki Bəhram qaradan, çirkabdan ağa, paklığa qovuşur.
– Bu əsər intibah ideyasını daşıyır və dünya intibahının ən parlaq incilərindən biri, insanlığın ana yasasıdır. Nizami tək Bəhramı yox, bütün insanları bu yolla qaradan ağa doğru aparıb, təmizləmək, hamını haqq-ədalətə qovuşdurmaq istəyir.
– Sevdiyimiz hər əsərin hansısa dərəcədə bizim həyatımızla bağlılığı olur. Sizin bu əsərlə həyati mənada bağlılığınız nədədir?
– "Yeddi gözəl” tam bu günün əsəridir; cahillik və insanın vəhşi təbiəti üzündən dünyada axan qanlara üsyan kitabıdır. Kamillik yolu uzun və çətindir. İnsan özü bu yolun hansı mərhələsindədir – demək çətindir. Amma məncə, insanın öz nəfsinə hakim olmasına hələ çox qalır. Nizaminin özünü dərk və kamillik idealı hələ qüvvədədir. Bu yol başa çatmayıb və heç vaxt başa çatmayacaq. Bu baxımdan Nizami Gəncəvinin əsərləri bütün zamanlar üçündür və dünyanın hər yerində oxunmalıdır.

Söhbətləşdi: Fərid Hüseyn






banner

Oxşar Xəbərlər