• cümə axşamı, 25 aprel, 05:23
  • Baku Bakı 19°C

Kamerunlu atanın, əlcəzairli ananın fransız oğlu - Portret

16.02.18 09:30 1399
Kamerunlu atanın, əlcəzairli ananın fransız oğlu - Portret
Fransa millisi demək olar, bütün böyük yarışların favoritləri sırasında olur. Heyətində həmişə bir çox ulduz futbolçu yer alan "xoruzlar”, bir qayda olaraq mundiallarda çempionluq üçün mübarizə aparır. Lakin maraqlıdır ki, bu sevinc "üçrənglilər”ə cəmi bir dəfə qismət olub. Fransızlar 1998-ci ildə, vətəndə keçirilən mundialda ilk və hələ ki, sonuncu dəfə dünya kubokunu başı üzərinə qaldırıb. Həmin vaxt Fransa millisinin heyətində kimlər yox idi ki? Fabian Bartez, Didye Deşam, Lilian Türam, Loran Blan, Tyerri Anri, Zinəddin Zidan...

DÇ-1998-dən sonrakı mundiallarda da Fransa millisi ulduzlardan kasad olmayıb. Ancaq sonra gələn nəsil hələ ki, Zidan və dostlarının qəhrəmanlığını təkrarlaya bilməyib. Son bir neçə ildə Mişel Platininin vətənində bir çox istedadlar ortaya çıxıb. Məhz bu bu gənclər fransalı futbol azarkeşlərində millinin 20 illik həsrətə son qoyacağına inam yaradır. Vətəndə keçirilən son Avropa çempionatında finala kimi irəliləyən "üçrənglilər”, burda Portuqaliyaya uduzsalar da, sərgilədikləri oyunla fanatlarının bu inamının heç də əbəs olmadığını göstərdilər. Lakin Avropa çempionatında Fransa millisində yer almayan bir futbolçu var ki, o, məhz qitə birinciliyindən sonra parladı. SöhbətPSJ-nin gənc ulduzu Kilian Mbappedən gedir. Bu yazıda sizə çox gənc yaşda bir çox klubun diqqət mərkəzinə düşən, gələcəkdə Messinin, Ronaldonun taxtına oturacağı deyilən Mbappenin qısa karyerası ərzində böyük yüksəlişindən bəhs edəcəyik.

Fransa millisinin tarixi uğurundan bir neçə ay sonra...
Kilian Mbappe 1998-ci il dekabrın 20-də, Fransanın paytaxtı Parisdə dünyaya gəlib. Mbappe dünyaya göz açanda, Fransa millisinin dünya çempionu olmasından cəmi 5 aydan bir qədər artıq müddət keçirdi. Kilianın futbolla, ümumiyyətlə, idmanla məşğul olması heç də təsadüf olmayıb. Belə ki, onun atası Vilfrid Mbappe keçmiş futbolçu idi. Kamerun əsilli olan Vilfrid sonradan Fransaya gəlmiş və burda məşqçi kimi çalışmağa başlamışdı. Fransada daimi qalmaq üçün isə ona vətəndaşlıq lazım idi. Məhz buna görə, o, Əlcəzair əsilli fransalı xanım Fayza ilə ailə həyatı qurur. Kilianın idmançı genlərini kimdən aldığı ilə bağlı danışarkən, onun anası Fayzanı da unutmamaq lazımdı. Belə ki, xanım Mbappe vaxtilə həndbolçu olub. Keçmiş futbolçu və həndbolçunun övladının idmandan kənarda qalmaq şansı demək olar, yox idi. Belə də olur. Mbappe hələ çox kiçik yaşlarından futbola meyl salır. Onun ilk məşqçisi isə təbii ki, ata Mbappe olur. 6 yaşına kimi evdə, atasının rəhbərliyi altında futbolun sirlərinə yiyələnən kiçik Kilian, 2004-cü ildə atasının məşqçi kimi çalışdığı "Bondi” komandasına yazılır. O, hələ çox kiçik yaşlarından komanda yoldaşlarından kəskin fərqlənir. Artıq 6 yaşında ona gələcəyin ulduzu kimi baxırlar. Gecə-gündüz top qovmaqdan yorulmayan Kilian, atası ilə birlikdə futbol matçlarını izləməyi də unutmurdu. Məhz bu təcrübə gün keçdikcə onun gücünə güc qatır, top oyunu üzrə bir az da inkişaf etdirirdi. Oğlunun istedadına bələd olan Vilfrid onun inkişafı üçün əlindən gələni edirdi. "Bondi”də top qovduğu zaman Mbappe paralel olaraq, "Klerfonten” futbol akademiyasına da gedirdi. Hansı ki, bu akademiya Fransada çox məşhurdur. Nikola Anelka, Tyerri Anri, Lui Saha, Hatem Ben Arfa, Blez Matyuidi kimi futbolçular vaxtilə məhz bu akademiyada təcrübə keçiblər.

Tyerri Anrini geridə qoyan istedad
15 yaşında isə istedadlı futbolçu "Monako”nun aşağı yaş qrupuna qoşulur. Mbappe qısa müddətdə "knyazlıq klubu”nun əsas komandasına qədər yüksəlir. 2015-ci il, dekabrın 2-də Liqa 1-in "Kan”la evdə keçirilən qarşılaşmada çempionatda ilk oyununa çıxır. O, 1:1 hesablı bərabərliklə nəticələnən qarşılaşmanın 88-ci dəqiqəsində Fabio Koentraonu əvəz edir. Mbappe 16 yaş 347 günlüyündə meydana çıxaraq, "Monako”nun çempionatda ən gənc futbolçusu ünvanına yiyələnir və əfsanəvi hücumçu Tyerri Anrinin 21 illik rekordunu qırır. 2016-cı il fevralın 20-də isə "Trua” ilə ev matçında (3:1) qol hesabını açır. Cəmi bir neçə gün sonra "Monako” rəhbərliyi gənc istedadla müqavilə bağlayır. Bu, Mbappenin peşəkar futbolçu kimi ilk müqaviləsi olur. Kilian "Monako” ilə 2019-cu ilin yayına kimi nəzərdə tutulmuş müqavilə bağlayır.

2016/17 mövsümü isə gənc futbolçu üçün daha uğurlu keçir. O, məhz bu mövsümdə "knyazlıq klubu”nun əsas heyət üzvünə çevrilir. Çempionatda keçirdiyi 29 oyunda 15 qola imza atan Mbappe, avrokuboklarda da şans qazandığı 9 oyunda 6 dəfə rəqibin qapı torunu titrədir.
180 milyon avroya...
Qısa müddətdə Avropada öz adını tanıtdırmağa nail olan gənc istedad, köhnə qitənin nəhəng klublarının diqqət mərkəzinə düşür. Xüsusilə, ötən ilin yayında Kilianın adı gündə bir böyük klubla yanaşı çəkilir, onun transferi üçün fantastik rəqəmlər deyilirdi. Gözlənildiyi kimi, Mbappe 2017/18 mövsümündən yeni komandanın üzvünə çevrilir. Transfer məsələsində pula xəsislik etməyən PSJ, 18 yaşlı ulduzu heyətinə cəlb edir. Ancaq UEFA-nın Maliyyə feyr-pley qaydalarından qorxan parislilər, Mbappeni birbaşa transfer etmir. Paris klubu gənc futbolçunu bir illik icarəyə götürür. Müqaviləyə əsasən, PSJ cari mövsümün sonunda 180 milyon avro (!) ödəyərək, Kilianın transfer hüququna tam yiyələnəcək.

PSJ-nin "Donatello”su
Kilian hələ PSJ-nin tamhüquqlu üzvü olmasa da, artıq bu komandaya isinişib. O, cari mövsümdə şans qazandığı 30 görüşdə 15 qola imza atıb. PSJ-nin ən gənc üzvlərindən olan Mbappe, komandada hamının sevimlisi sayılır. Komanda yoldaşları onunla zarafatlarından da qalmırlar. Çox götür-qoy etdikdən sonra ona ləqəb də tapıblar - Donatello. Yox, söhbət heç də məşhur italyan heykəltəraşdan getmir. Mbappenin komanda yoldaşları onu məşhur "Ninja tısbağalar” cizgi filminin xarakterlərindən olan "Donatello” obrazına bənzədirlər. Hətta bir dəfə paltardəyişmə otağında Kiliana hədiyyə kimi məhz bu personajın maskasını verirlər.
Ailə
Yuxarıda onun valideynləri - atası Vilfrid və anası Fayza barədə məlumat verdik. Kilianın bir qardaşı da var. Ethan ondan 7 yaş kiçikdir. Əslində, Kilian qardaşı ilə birgə də yaşıl meydana ayaq basıb. Belə ki, futbolçularla birgə meydana çıxan uşaqların arasında yer almaq istəyən Ethan, buna görə evdə qardaşına daim təzyiq edirdi. Sonda kiçik qardaşının istəyinə davam gətirməyən futbolçu, "Monako”nun oyunlarından birində onun da meydana çıxmasına icazə alır. Meydana çıxarkən Ethanın əlindən isə məhz Kilian özü tutur. Qardaşından söz düşmüşkən, Mbappenin məşhur qol sevinci məhz qardaşı ilə bağlıdır. Belə ki, hər dəfə qol vuranda qollarını sinəsində çarpaz birləşdirən Kilian, bu hərəkəti məhz kiçik qardaşından götürüb. Özünün sözlərinə görə, Ethan "pleysteyşn”da hər dəfə onu məğlub edəndə, məhz bu hərəkəti edir.

Kilian Mbappenin bir də mənəvi qardaşı var. Belə ki, Vilfrid Mbappe dostunun oğlunu - Jires Kembo Ekokonu hələ kiçik yaşlarından yanında saxlayıb. Jires Kiliandan 10 yaş böyükdür. O, Mbappeyə həmişə böyük qardaş, həmçinin, onun futbolda ilk kumiri olub. Kembo Ekoko hazırda da futbolla məşğul olur. 30 yaşlı hücumçu Türkiyə Super Liqa təmsilçisi "Bursaspor”da top qovur.

Hollandiya ilə oyunda siftə
Mbappe Fransa millisinin aşağı yaş qruplarında çıxış edib. Kilian 2016-cı ildə Fransa U-19 millisinin heyətində Avropa çempionu da olub. Onun əsas yığmada debütü isə ötən ilə təsadüf edib. Mbappe martın 25-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Lüksemburqla səfər oyununun (3:1) 78-ci dəqiqəsində Dmitri Payetin yerinə meydana daxil olub. Gənc istedad DÇ-2018-in seçmə mərhələsi çərçivəsində, avqustun 31-də keçirilmiş Hollandiya ilə ev oyununda (4:0) isə millidə ilk qolunu vurub.
Oyun tərzi
Mbappenin boyu 1.78 m-dir. Futbolçunun işlək ayağı sağdır. Hücumun sivri ucunda və ya yarımmüdafiənin sol cinahında da oynaya bilən Mbappenin doğma mövqeyi sağ cinah vingeridir. Yeni-yeni parlamağa başlayanda, onu oyun tərzinə və xarici görünüşünə görə Tyerri Anriyə bənzədirdilər. Uzun müddət "Arsenal”da Anri ilə birgə çalışmış Asen Venger, Mbappeni məhz vaxtilə yetirməsi olan futbolçu ilə müqayisə etmişdi. Maraqlıdır ki, Anri də vaxtilə "Monako”da top qovub. Onun bu klubla bağlı olan rekordlarını isə Mbappe qırıb.
Kilianın özünün pərəstiş etdiyi futbolçu isə "Real”ın hücumçusu Kriştiano Ronaldodur. Mbappe hələ çox kiçik yaşlarında, "kral klubu”nun düşərgəsində olduğu zaman portuqaliyalı ulduzla görüşüb, şəkil də çəkdirib.
Portret
Mbappenin əsas xüsusiyyəti onun çox sürətlə inkişaf etməsidir. Cəmi bir neçə il öncə dünya futbolunun ulduzları ilə şəkil çəkdirən uşaq, bu gün onların yaşıl meydanlardakı əsas rəqibinə çevrilib. Bu gedişlə, onun "Qızıl top” uğrunda mübarizəyə qoşulacağı gün də uzaqda deyil. Hələliksə o, Fransa millisinin bu il Rusiyada baş tutacaq dünya çempionatında əsas "silah”larından olacaq.
Elnur

banner

Oxşar Xəbərlər