“Kamera çəkir” xəbərdarlığı olsa da, kameraları işləməyən avtobuslar
Bu
günlərdə bir məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi
bildirir ki, aprelin 16-da səhər saatlarında 29 nömrəli avtobusda pulqabısı
oğurlanıb. Şikayətçi dərhal polisə müraciət edib. Bununla yanaşı, o, dispetçerdən
kamera görüntülərini istəyib ki, oğurluq edən şəxsin kimliyini aşkara çıxarsın.
Amma dispetçer bildirib ki, bu kamera işlək vəziyyətdə deyil və uzun
müddətdir ki, formal xarakter daşıyır. Məsələnin aktuallığını nəzərə alaraq
mövzu ilə bağlı kiçik bir araşdırma apardıq. Demək olar ki, bütün avtobuslarda
"kamera çəkir” xəbərdarlığına rast gəlmək olar. Əslində ictimai nəqliyyatda
kameraların olması həm də sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir.
Üstəlik, ictimai nəqliyyatın cibgirlərin əsas "iş yeri” olduğu da kiməsə sirr
deyil. Belə olan təqdirdə, avtobuslarda kameraların olması, sərnişinləri bir
qədər rahatlaşdır. Onlar hesab edirlər ki, cibgirlərin qarətinə tuş gəlsələr,
kameradakı görüntü vasitəsilə polisin onları tapması asan olar. Amma kameralar
işləmirsə... Görəsən avtobuslardakı bu kameralar niyə işlək vəziyyətdə deyil? Bunun
məsuliyyəti kimin üzərindədir?
Məsələ ilə bağlı ilk olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevləəlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, məsələ araşdırılacaq: "Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, müntəzəm marşrut xətti üzrə istismarda
olan avtobuslarda nəqliyyat vasitəsinin daxili salonunu və xaricdən 4 bir
tərəfini görməyə imkan verən kameralar olmalıdır. Eyni zamanda bu kameralar
qeydə alınan görüntünü 15 gün yadda saxlayan yaddaş qurğusu ilə təchiz
edilməlidir. Qeyd edim ki, bu tələbin icrası ilə bağlı BNA tərəfindən
daşıyıcılara müvafiq göstərişlər verilib. Əksər avtobuslarda bu kameralar
işləkdir. Amma bəzən hansısa avtobusda kamera işləmir, yaxud texniki nasazlıq
yaranır. Belə hallar aşkar edildiyi zaman, daşıyıcıya xəbərdarlıq edilir. Məlum
məsələ araşdırılaraq daşıyıcı şirkətə çatışmazlığın aradan qaldırılması ilə
bağlı göstəriş veriləcək”.
Nəqliyyat məsələləri üzər ekspert Elməddin Muradlısöylədi ki, avtobuslarda kameraların quraşdırılması neqativ halların qarşısının
alınması məqsədini daşıyır: "Bu kameralar DİN-nin rəhbərliyi və şəxsən nazir
Ramil Usubovun tövsiyəsi və tapşırıqları əsasında quraşdırılıb. Avtobuslardakı
kameralar xoşagəlməz halların qarşısının alınmasında müəyyən qədər öz töhfəsini
verir. Bir çox cinayətlərin üstünün açılmasında və ya qarşısının alınmasında,
həmçinin, avtobuslara zərər vuran, nalayiq hərəkətlər edən şəxsləri üzə
çıxarmaq baxımından əhəmiyyətlidir. Amma avtobuslarda əşyaların itməsi, həmin
əşyaların tapılaraq sahibinə qaytarılması bir qədər mənəvi məsələdir. Daşıyıcı
şirkətlər bu məsələyə özləri maraq göstərməlidir. Çünki itirməklə oğurluq ayrı
ayrıdır. Kameraların işləməməyi qanunun tələbi deyil, tövsiyədir. Bütün
daşıyıcı şirkətlərə tövsiyə olunub ki, bu kameraları quraşdırsınlar.
Kameraların olmamasına görə hər hansı bir məsuliyyət yoxdur. Yəni kamera
olmayan avtobus sürücüsü cəzalandırıla bilməz. Fikir versəniz, görərsiniz ki,
bəzi avtobuslarda ümumiyyətlə, belə kameralar yoxdur, bəzilərində isə bu
kameralar formal olaraq var, yəni işlək vəziyyətdə deyil. Düşünürəm ki, bu,
yaxşı hal deyil. Ona görə də, Bakı Nəqliyyat Agentliyi bu məsələyə ciddi
yanaşmalıdır. Daşıyıcılar qarşısına ciddi tələb qoyulmalıdır. Çünki
avtobuslarda hansısa əşyanın itməsi, tapılması, cibgirliyin qarşısının alınmasından
əlavə, avtobus sürücülərinin özlərinə də bir növ nəzarət mexanizmidir. Sürücü
hər hansı bir qayda pozuntusuna yol verərsə, hər hansı sərnişinə qarşı kobudluq
edərsə, siqaret çəkərsə, yaxud da əksinə, sərnişinlər tərəfindən hücuma məruz
qaldıqda bu kamera görüntüləri lazım olur. Yəni daşıyıcı şirkətlər özləri bu
məsələdə maraqlı olmalıdırlar. Ona görə də, şirkətlər öz işlərini qaydaya
salmalıdırlar. Elə şirkətlər var ki, sürücülərə deyir ki, nə qayda pozursansa,
poz, mənim planımı gətirDdüşünürəm ki, kamera məsələsi həssas məqamdır. Bu
mənada kameraların quraşdırılması gələcəkdə qanuni tələbə çevrilə bilər. Çünki
zərurət artıq bunu tələb edir. Kameraların işlək vəziyyətdə olması mühüm
məsələdir. İndiki dövrdə bu, o qədər də qlobal bir problem deyil. Kiçik bir
kameranı işlək saxlamaq nə qədər çətin ola bilər ki? Sadəcə olaraq, daşıyıcı
şirkət, yaxud sürücü özü bu kameranı sıradan çıxarır, onu təmir etməkdə maraqlı
olmur. BNA bu məsələyə ciddi yanaşmalıdır. Kameralar avtobusda formal olaraq
dayanmamalıdır. Hər kəs öz məsuliyyətini başa düşməli, dərk etməli və öz işini
günün tələbləri şəklində qurmalıdır”.
Əgər
kamera görüntüləri yoxdursa şikayətçi nə etməli, öz hüquqlarını necə bərpa
etməlidir? Mövzu ilə bağlı hüquqşünas
Ceyhun Cəfərliyə müraciət etdik: "Avtobusda və ya digər ictimai nəqliyyat
növlərində oğurluq hadisəsi baş verilibsə, dərhal polisə xəbər vermək lazımdır.
Polis özü həmin şəxsi axtarışa verəcək.
Çünki bu məsələni araşdırmaq polisin vəzifəsidir. Cinayətin izinə düşərək
lazımi əməliyyat tədbirləri həyata keçiriləcək”.
Şəbnəm