• cümə axşamı, 18 aprel, 21:02
  • Baku Bakı 21°C

Kılıcdaroğlu Azərbaycan və Türkiyə düşmənlərinə dəstək verir - Fotolar

19.12.18 18:48 1421
Kılıcdaroğlu Azərbaycan və Türkiyə düşmənlərinə dəstək verir - Fotolar
Qalmaqallı bəyanatları və qeyri-ciddi hərəkətləri ilə zaman-zaman Türkiyə gündəmini zəbt edən Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu yenidən müzakirə obyekti olub. CHP liderinin bu dəfə Türkiyə qəzetlərinin manşetini "bəzəməsinə” səbəb onun Vətən xainləri, dövlətə və millətə qarşı çıxan şəxslərlə bir araya gəlməsi, qol-boyun olmasıdır. Belə ki, 2018-ci ilin dekabrın 17-də Türkiyə KİV-lərində K.Kılıcdaroğlunun "ASALA” ("Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu”) və "FETÖ” (Fətullahçı Terror Təşkilatı) terror təşkilatlarını müdafiə edən Natalya Ayvazyanla görüşdüyü məlum olub.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərindən olan erməni əsilli bloger N.Ayvazyan özünün paylaşdığı "twitter”lərlə Türkiyə gündəmində qalmağa çalışır. Türkiyə internet resurslarında gedən məlumata əsasən, N.Ayvazyan əsasən Türkiyənin müxtəlif şəhərləri ilə bağlı arxiv şəkillərini paylaşır. Bir sıra internet mənbələri məhz onun "twitter” səhifəsindəki şəkillərə istinad edirlər. Bununla yanaşı, o, hökumət əleyhinə və terror təşkilatlarını müdafiə edən "twit”lər də paylaşır. Misal üçün o, erməni terror təşkilatı "ASALA”ya olan simpatiyasını gizlətmir.
N.Ayvazyan hətta 1982-ci ildə Türkiyənin Esənboğa hava limanında 9 nəfərin ölümü və 72 nəfərin yaralanması ilə nəticələnən hadisəyə də özünəməxsus münasibət sərgiləyir. O, həmin terror aktını törədən və "ASALA” təşkilatına mənsub iki terroristdən biri olan Levon Ekməkçini daim xatırlayır, onu "erməni inqilabçısı” kimi ictimaiyyətə təqdim edir.

Yeri gəlmişkən, onu da əlavə edək ki, 1975-ci ildə yaradılan "ASALA”nın qərargahı Beyrutda, təlim-məşq bazaları Suriyada yerləşib. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan” qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat "Əbu Nidal”, "Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri "ASALA”nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan ("Mücahid”) 1 avqust 1980-ci ildə "Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirib ki, onların düşməni türk rejimi, NATO və "ASALA” ilə əməkdaşlıq etməyən ermənilərdir. A.Akopyan 28 aprel 1988-ci il tarixdə Afina şəhərində öldürülüb. Livanda 1980-ci ilin aprelində "ASALA” birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlib və bu niyyətlərini rəsmiləşdirib. Hətta ASALA Beyrut şəhərində 28 avqust 1993-cü ildə açıqlanan bəyanatında bəyan edib ki, "pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcək. Xoşbəxtlikdən təşkilatın bu bəyanatı elə bəyanat olaraq qalıb.


Göründüyü kimi "ASALA” silahlı ermənilərin, daşnak tör-töküntülərinin terror yuvasıdır. Bu təşkilatın pərəstişkarı, ideyalarının tərənnümçüsü, simpatizianı da "ASALA”nın üzvü sayılır, Türkiyənin, Azərbaycanın parçalanmasında, hər iki dövlətə qarşı ərazi iddialarının irəli sürülməsində maraqlı tərəf kimi çıxış edir. Belə olan halda, K.Kılıcdaroğlunun N.Ayvazyanla görüşməsi, türk mediasının təəbirincə desək, "ASALA” artığı ilə qol-qola girməsi, poz verərək şəkil çəkdirməsi, sıcaq söhbətləşməsi təəccüb və təəssüf doğurur. Haqlı olaraq sual doğur ki, özünü Türkiyənin ana müxalifət lideri hesab edən K.Kılıcdaroğlunu "ASALA” və "FETÖ” terror təşkilatlarını müdafiə edən N.Ayvazyanla hansı tellər bağlaya bilər?

"FETÖ” terror təşkilatına gəlincə, bu şər yuvasının da hansı məqsədlərə xidmət etdiyi 2016-cı ilin 15-16 iyul tarixində bütün Türkiyə vətəndaşlarına agah oldu. Həmin vaxt İstanbul və Ankarada dövlət çevrilişinə cəhd olundu. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi.

Bu yerdə onu da xatırladaq ki, hələ 2014-cü ildə məhz CHP lideri K.Kılıçdaroğlu F.Gülənə qahmar çıxır, onun maraqlarının müdafiəçisi qismində çıxış edirdi. Misal üçün, 2014-cü il dekabrın 14-də Türkiyənin hüquq-mühafizə orqanları F.Gülənə məxsus media qurumlarına qarşı xüsusi əməliyyat keçirmişdi. Dövlət içərisində "paralel qurum” yaratmaqda şübhəli bilinən şəxslər saxlanılmışdı. Saxlanılanlar arasında FETÖ-yə bağlı "Samanyolu” televiziyasının rəhbərliyi də daxil olmaqla, tanınmış jurnalistlər də var idi. Həmin vaxt ana müxalifət lideri K.Kılıcdaroğlu hansısa tellərlə bağlı olduğu F.Güləni müdafiə etmək məqsədilə hüquq-mühafizə orqanlarının apardığı əməliyyatı sərt tənqid edərək onu pisləmişdi. "Demokratiya” libasına bürünən K.Kılıcdaroğlu bu müdafiəsini pərdələmək, atdığı addıma əsaslı don geyindirmək üçün, baş verənləri demokratik proseslərə zidd hərəkət, təzyiq kimi qiymətləndirmişdi.

K.Kılıcdaroğlu barəsində sadalanan faktlar hələ hamısı deyil. Sən demə, ana müxalifət liderini "ASALA”, "FETÖ” ilə yanaşı, PKK terror təşkilatı və onun törəməsi sayılan YPG ilə, həmçinin Qərbdəki güc mərkəzlərinə tabe olan Soros Fondu ilə də hansısa naməlum tellər bağlayırmış. Belə ki, 2018-ci ilin noyabr ayında Almaniyada səfərdə olan K.Kılıcdaroğlu Türkiyədə 2013-cü ildə "Gəzi parkı” etiraz mitinqlərinin əsas təşkilatçısı olan "Soros Fondu”nun bir qolu sayılan "Friedrich Ebert Fondu”nda da görüşlər keçirib. O, həmçinin Almaniyada PKK/YPG terror təşkilatının sıx tərəfdarları olan Sevim Dağdələn və Helin Evrim Sommər ilə görüşüb. K.Kılıcdaroğlu 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində onlardan dəstək istəyib. S.Dağdələn və H.E.Sommərin Almaniya Federal Məclisində Sol Partiyadan millət vəkilləri olması, PKK ilə əlaqələrinin mövcudluğu da heç kimə sirr deyil.

Son olaraq qeyd edək ki, Azərbaycan və Türkiyə cəmiyyətində Vətəninə, dövlətinə, elinə-obasına bağlı istənilən kəs sadalanan faktlar barədə az-çox bilgiyə sahibdir. Belə olduğu təqdirdə CHP başqanı K.Kılıcdaroğlu da bunlardan xəbərdardır. Şübhə yox ki, siyasətçi olaraq bu yöndə sadə vətəndaşlardan daha çox bilgiyə sahibdir. Amma bütün bunları bilə-bilə hansısa şəxsi və partiya maraqları naminə dövlətinə, millətinə, xalqına sözün əsl mənasında qənim kəsilənlərə əl uzatması, onlarla səmimi görüşlər keçirməsi, hətta yardım diləməsi utanc doğurur. Eyni zamanda, qeyd olunan hadisələr, faktlar CHP başqanı K.Kılıcdaroğlu ilə əlaqəli bəzi qaranlıq məqamlara da az-çox aydınlıq gətirir. Obrazlı şəkildə ifadə etsək, bu məlumatlar "xoruzun quyruğunun görünməsinə”, ana müxalifət liderinin əsl kimliyi barədə təsəvvür yaranmasına şərait yaradır.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər