• cümə axşamı, 18 aprel, 14:52
  • Baku Bakı 22°C

Kalmıksayağı “Məşədi İbad”

22.10.16 18:07 2597
Kalmıksayağı “Məşədi İbad”
Od qalar köz olar,
Qız qalar söz olar.
Hər valideyni düşündürən ən ümdə məsələlərdən biri də qızını köçürtmək, ərə verməkdir. Əgər ki, nə az, nə çox dörd qızın varsa, işin oldu lap müşkül. Bəli, anlaşılan o ki, söhbət gedəcək elçilikdən, toydan, gələcək qohumlardan. Ancaq bəs görək toy harada olmalıdır – gənclərin məkanı Gənc Tamaşaçılar Teatrında. Əlqərəz daha aydın olması üçün, əvvəldən deyim, söhbət gedir Kalmık Dövlət Milli Teatrının qastrol səfərindən. Həmin səfərdən ki, Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında artıq beş ilə yaxındır davam edən qarşılıqlı əlaqələrin bəhrəsidir. Bu dəfəki qastrol səfərində göstərilən iki maraqlı tamaşadan biri B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədikləri "Qohumlar” tamaşası oldu (o biri tamaşa isə Y.Şyutskiyin "Tri porosyonka” yəni "Üç donuz balası” tamaşası idi).
Əslində məsələ aydın, hadisələr açıqdır - qızlara ər tapmaq lazımdır, lap açıq danışsaq... Axı nə də olmaya kiçik bir kənddə dörd qız atası bu gedişlə camaat içinə də çıxa bilməyəcək. Elə oğul-oğul deyə-deyə dörd qız atası oldu. Beşinciyə hamilə xanımı sonda əkiz qızlar dünyaya gətirəndə sanki ərinin dünyası qaraldı.
Bəli, bu iki saata yaxın davam edən tamaşada ən mərkəzdə duran məsələ Kemanın ərə verilməsidir. Halbuki dolayısı ilə Kema da öz sevdiyinə ərə getmək istəyir. Boris Mandjiyevin Gənc Tamaşaçılar Teatrının aktyorları ilə birgə hazırladığı tamaşanı muzikl da adlandırmaq olar. Bir-birindən fərqli, rəngarəng musiqi nömrələrinin bol olduğu tamaşada dialoqlar, kütləvi səhnələr demək olar az idi. Dekoru sadə pərdələrdən ibarət tamaşada rejissor işi ən çox aktyorlarla işləməyə yönəltmişdi. Bəzən həm bizim, həm də kalmık aktyorlarının azəri kəlmələri ilə replika demələri tamaşaya bir başqa "duz” qatmışdı. Tamaşa daha dinamik, daha canlı olsun deyə Boris Mandjiyev fotoqraf Licinin zala müraciətini mizanlaşdırmışdı ki, bu da tamaşanı sanki çevrə dışına çıxarırdı. Belə ki, seyrçiləri də ara-sıra bu məzəli oyunun bir parçasına çevirirdi. Kalmık dilində səslənən musiqi parçaları isə çox həssaslıqla seçilmişdi. Xüsusən Kemanın oxuduğu istər solo, istərsə də duet mahnılar zalı öz ağuşuna ala bilirdi. Birinci dəfə göstərilən "Qohumlar”dan fərqli olaraq (tamaşanın premyerası bu ilin iyun ayında baş tutmuşdu) burda əsas rolların hamısını kalmık aktyorları oynayırdılar. Yalnız ikinci dərəcəli və rəqs nömrələrində Gənc Tamaşaçılar Teatrının aktyorları iştirak edirdilər.
Pyesdən xəbərsiz olduğumdan tamaşanın sonunu çox maraqla gözləyirdim. Sonda nə isə bir qeyri-adilik gözləyirdim. Lakin sonda illərdən bəri izlədiyim bir filmdən kiçik parçanı gördüm sanki –"Məşədi İbad”. Kemanın yerinə fotoqraf Lici gəlinlik paltarında gətirilmişdi. Bu da döndü "Məşədi, gəlin arvad olar da...” məşhur məsəlinə. Ancaq zaman keçsə də, illər ötsə də, demək ki, hələ də Məşədi İbadlar, Sərvərlər, Gülnazlar bir şəkildə mövcuddurlar.
Əslinə qaldıqda bu məzəli, maskarad xarakterli muzikl janrında qohumlar mənə bir o qədər də ləzzət etmədi. Həddən ziyadə hay-küy, bəzən uzunçuluq, hadisələrin təkrar-təkrar davamı adamı bir xeyli usandırırdı. Əvvəldən başlanan bu dinamiklik sonacan davam etsə də, marağı sona qədər saxlaya bilməmişdilər.
Tamaşada məhəllənin üç qarımış qızı - Saqana, Namsa və Buqa obrazları hər şeyə müdaxilə edərək, hamını pusaraq, aləmi bir-birinə qataraq demək olar ki, mərkəzdə idilər. Ancaq onların oyunlarının dinamikliyi sonacan nə qədər artırdısa, tamaşada da bir o qədər darıxma əmələ gətirirdi. Yəni qısacası "çevir tatı, vur tatı” fırlanıb yenə gəlirdi bu üç qızın (qarının) səhnəyə gəlişinə. Bəzən adama elə gəlirdi ki, səhnədə boşluq yarandığını hiss edən kimi bu qarılar özlərini həməncə səhnəyə atırlar.
Bütün tamaşa boyu ən xoşa gələn - hadisələrin istər adi, istər dinamik, hay-küylü gedişində sanki qara rəngin üzərinə sevgililərin həzin, romantik musiqiləri ilə ağ bir zolağın çəkilməsi idi. Elə bil hündür dalğalar gəlib sonda qayaya kövrək bir ləpə kimi çırpılırdı. Bu isə sevgililərin ürək çırpıntıları idi...
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər