KALMIK QOHUMLAR
Kalmık
rejissoru Boris Manjiyev Gənc Tamaşaçılar Teatrının səhnəsində teatralcasına
aşdım-daşdım bir sovet müzikli hazırlayıb; adı "Qohumlar”; musiqili komediya da
demək olar: ancaq fərqi nə; onsuz da şəcərəsi "Şən uşaqlar”, "Malinovkada toy”,
"Xanuma”, "Həsir şlyapa”, "Səma qaranquşları” müzikllərindən, tatarların
"Sobuntay” tipli milli bayramlarından gəlir. Kənd, idilliya, koloritli sakinlərin
koloritli danışığı, dövranın zarafat vaxtı, şux melodiyalar, səmimi həyat
şadyanalığı, kollektivcə oxunan "işıqlı” nəğmələr, püskürən enerji və
xırda-para gülməli şeytan fəsadları sovet müzikllərinin və musiqili
komediyalarının inqridiyentləri sayılıb. Müzikl xalq teatrı, meydan teatrı
formalarının cilalanmış şəkildə rəsmi mədəniyyətə yansımasıdır: qrotesk, sarkazm,
kinayə müqabilində şəbədəçiliyə, şarja üstünlük verər, qəhqəhə çəkmək əvəzinə xəfifcə
gülümsünüb məzələnər; heç kimi incitməz, heç kimin qəlbinə dəyməz.
"Qohumlar”
müzikli də sanki meydan teatrının, del arte komediyalarının estetik müstəvisində
birnəfəsə ifa edilən kadril rəqsidir; kadril rəqsinin müxtəlif fikstura, yozum
və versiyalarda epizod-epizod təzahürüdür. Başqa sözlə: bu müzikl kalmıksayağı
kadril qəlibində mizanlaşdırılıb, kadril karuseli kimi, halay içi kadril kimi
mizanlaşdırılıb, personajlardan hər birinin kənd sakinləri halayı ilə
dialoq-söhbəti üstündə mizanlaşdırılıb. Zahirən, adama elə gəlir ki, tamaşanın
mürəkkəb strukturu var: lakin öz altyapısında hər şey "bənd düşə, bəndə düşə,
bizdən sizə kim düşə” uşaq oyununun quruluş trafareti qədərincə sadədir. Fərq
onunla şərtləınir ki, B.Manjiyev bu primitiv oyundan itələnərək səhnədə kalmık kənd
bayramı, evlənmə macərası düzənləyir, klounsayağı əlvan geyimli personajları
fişəng kimi səhnəyə səpələyir və bu fişənglər ətrafa dağılanda onların düşəcəyi
məkanı idealcasına sahmanlamağı bacarır.
Fikrimcə,
rejissor bir zamanlar Kalmık Respublikasında qurduğu tamaşasının modelini indi
Azərbaycana gətirib və bu modeli Gənc Tamaşaçılar Teatrının bədii-estetik parametrlərinə,
aktyorlarına uyğunlaşdırıb, azərbaycanlılara uyğunlaşdırıb və, adamın Allahı
var, əla da uyğunlaşdırıb: kalmıksayağı kadrilə Qafqaz rəqs patternlərini əlavə
eləyib, kalmık rəqslərilə Azərbaycan rəqslərinin elementlərini bəstəkar qardaşı
Arkadi Manjiyevin iştirakı və Gənc Tamaşaçıların rəqqas-aktyoru Vüsal Mehrəliyevin
köməyilə bir-birinə "calayıb”. Kalmıkların milli musiqi ənənələrindən yararlanan
Arkadi isə tamaşanın səs partiturasına, kalmık melodilərinə Azərbaycan ritmlərindən
qəfil desantlar çıxarmaqla personajları seyrçilərə çox doğmalaşdırıb.
Eyni
bir dil ailəsinə mənsub qohum millətlər deyilik bəyəm? Ritmlərdə, melodilərdə
bir məhrəmlik var!
Basanqov
Baatr, yəni soyu Basatlardan olan Bahadır, qohumluğumuzun birbaşa isbatı kimi
söyləyirəm mən bunu, Badmeyeviç kalmık sovet ədəbiyyatının cəmi 33 il yaşamış təməlçi
nümayəndəsidir: əbəs deyil ki, B.Manjiyevin baş rejissor kimi çalışdığı Kalmık
Milli Dram Teatrı elə o kişinin adını daşıyır. "Qohumlar” tamaşası da B.Basanqovun
"Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında kalmıkların xalq şairəsi
Vera Şuqrayevanın yazdığı librettovari bir mətnin müzikl gerçəkliyidir. Mətnin
Azərbaycan versiyası bizim və MDB məkanının dramaturqu Əli Əmirlinindir.
Səhnə
mətni "Qohumlar” adlandırılsa da, tamaşada söhbət, əslində, qohumlardan yox,
antiqohumlardan gedir: adamlar qohum olmaq istəsələr də, bacarmırlar; nədən ki,
niyyətləri saf deyil: övladlarını mənfəət, qazanc məqsədilə evləndirmək istəyirlər,
onların sevgilərilə hesablaşmırlar, cavanların həyatı ilə alver eləyirlər.
Qohumluğu
həmişə mənfəət iddiası öldürür.
Elə
bu arada Bosxomçu (Vahid Orucoğlu), "Qohumlar”ın özünəməxsus Sərvəri, çıxır
ortaya, babalı götürür boynuna və toy günü bəyə gəlin əvəzinə üzüduvaqlı fotoqraf
Lici-Qaryanı (Elnur Hüseynov) sırıyır: bununla da "Məşədi İbad” finalı
"Qohumlar”da təkrarlanır. Boris Manjiyevin müzikli klounada sərhədlərində
fırlandığından, süjetin dolanbacları, münasibətlərin dəyişməsi sözdən daha çox
fiziksəl işarələrlə, musiqilə bildirildiyindən tamaşa karnaval ovqatına maksimal
şəkildə yaxınlaşır və dinamik, enerjili Bosxomçu bir oyun babası kimi öz
sevdiciyi Buuva (Şəbnəm Hüseynova) ilə birgə səhnədə bir sevgi bayramı düzüb
qoşur.
Həqiqi
bayram həmişə sevginin bayramıdır.
İnsan
sevgiyə sevinir: sevginin sevinci həyatın adiliyinə bayram donu geyindirir.
Bayram
sevgi ilə bayram olur. Hər hansı bir bayramı sevgisiz yaşamaq əzaba çevrilir. "Qohumlar”
tamaşası da seyrçidə elə bir təəssürat oyadır ki, sanki səhnədə sevgi
bayramıdır: sanki teatrda çiçəksiz gül bayramı yaşanır. Məncə, Boris Manjiyevin
teatrı üçün bayram konsepti son dərəcə önəmli: hətta onun "Xortdanın cəhənnəm məktubları”
tamaşasının civarları ilə də barmaqları ucunda bir bayram dingildəyə-dingildəyə
gəzişirdi.
Yenə
səhnədə heç bir dekor-filan yoxdur, yalnız üçbir tərəfdən nazik, yüngül pərdələr
asılıb: personajlar məhz bu pərdə aralarından "hücum çəkib” bir alay-halay
enerjisilə səhnəyə daxil olurlar. Cümləni bica yerə belə fırlatmıram: tamaşa
çoxsakinlidir; 31 iştirakçısı var. Amma buna rəğmən səhnədə hamı baxılır, hamı
orijinaldır, hamı oyundadır, fiksə edilir və yaddaşda qalır: çünki hər bir fərdin
həyat hekayəsi, xarakteri, psixikası personajın geyim və davranışına
yansıdılıb. Ona görə də "kənd sakinləri” tamaşanın süjeti içində ayrıca bir
tamaşa kimi qavranılır: Atabala Səfərovun "susqun fleqmatik qocası” Bulmaq tamaşa
proqramında məxsusi fərqləndirilsə də, kənd sakinlərindən seçilmir, gülməli el
ağsaqqalı, huşsuz, reaksiyasız kukla qəbilə başçısı kimi yozulur və tamaşa boyu
vur-tut iki cümlə söyləyir: bir deyir "Allah rəhmət eləsin”, bir də "Novruz
bayramınız mübarək”. Di gəl ki, bu cəfəng saçmalama toy mərasiminin absurdunu
faş edir, köhnə adətin mənalarını zarafat konstruksiyasında modelləşdirir. Bu mənalar
təbəssüm cağarasında açılanda Atabala Səfərov olur epizod ustadı, intonasiya
ustadı.
"Kənd sakinləri” sırasından aktyor Eşqin
Quliyevin sözsüz personajı "hiperaktiv kənd pijon”udur və kütləvi səhnə
kontekstində diqqəti əlüstü özünə çəkir: nədən ki, Eşqinin özü səhnədə aktyor olmaqdan,
fasiləsiz "oynamaqdan” və öz oyun bacarığından aşırı bir ləzzət duyur. Rəzzaq Məmmədovun,
Bəxtiyar Kərimovun və digər aktyorların kütləvi səhnələrdə cəmi bir ştrixlə,
lakin gözəçarpan dolğun ifadə konkretliyində rəsm etdikləri xarakterlər
kalmık-azərbaycanlı kəndini, kəndistan toy macəralarını tam danışır.
Tamaşaya
baxanda həməncə görürsən ki, hansı aktyor öz rolu üzərində nə qədər işləyib;
görürsən ki, kimisi təkcə istedadına güvənib, kimisi öz köhnə oyunçu
ştamplarından faydalanıb, kimisi də personajı tanımağa, onun özəlliyini ortaya
qoymağa çalışıb. Təbii ki, bu mesaj hamıdan öncə müziklin aktyorluq sənəti
baxımından solo ifaçılarına ünvanlanır.
Quruluşçu
rejissor B.Manjiyev tamaşada "solistliyi” dəstəkləsə də, aktyorları monoloji parçalardan
qaçırdıb, solistliyi yalnız duet, trio və kvartetlər çərçivəsində mümkün sayıb.
Şövqü Hüseynovla (Doji) Qurban İsmayılovun (Nyamin) dueti (daha uğurlu olmaq
ehtimalı yüksəkdir), məncə, teatra pıçıldayır ki, bu tandem hər hansı bir başqa
tamaşa kontekstində fenomenal oyun göstərə bilər. Məncə, artıq Azərbaycanın güclü
aktyorlarını bir tamaşaya toplayıb qeyri-adi "teatr cəm-seyşnləri” təşkil etmək
mümkündür.
Dorji
rolunda Şövqü həpəndliyin bütün versiyalarını oynayır: personajın bicliyi də,
gicliyi də, mülayimliyi də, zalımlığı da, doğruçuluğu da, fırıldaqçılığı da aktyorun
rol partiturasında elə qarışdırılır ki, Dorji məqamlarca gah başmaq geyinmiş zavallı violençel, gah da
bığlı kontrabas təəssüratı oyadır; əlacsız kontrabas kimi bubbuldayıb danışır.
Şövqünün ifasında bubbuldayıb danışmaq şansın və ümidin tükənməsinə bir işarədir.
Neyləsin, qızını varlı oğluna ərə verə bilmir, arvadı Amulanqa (Naibə Allahverdiyeva) da bir
ucdan elə hey qız gətirir dünyaya...
Qız
demişkən, "Qohumlar”ın oyun məkanında üç qarımış qız – Saqana (Nəsibə Eldarova),
Namsa (Şəfəq Əliyeva) və Buqa (Zemfira Əbdülsəmədova) – sözün yaxşı mənasında səhnədə
"od qoparır”. Onların üçü də kəndin simsiz teleqarafı və dedi-qodu paçtolyonu,
divarların qulaqları funksiyasını bir-birilə dostcasına paylaşıb tamaşanın yüksək
templə davam etməsinin, süjetin çevik inkişafının təminatçısı olur. Aktrisalar
səhnədə çox sərbəst, əylənə-əylənə, komplekssiz, həyasızlığa yuvarlanmadan
davranırlar, özləri üçün qəşəng-qəşəng "sındırırlar”.
Tamaşada
əla Kema var: aktrisa Səbinə Məmmədova
son dərəcə orqanikdir; ifasında dəqiq və konkretdir. Adətən, gülünc tiplər əhatəsində
müsbət qəhrəmanı canlı oynamaq aktyora çətin başa gəlir: buna qəhrəmanın
plakatvariliyi mane olur. Burada isə əksinədir: Səbinə diridir, özünəarxayındır,
davranışında rahardır, əzilib-büzülmür, Kemanı "romantik vurğun qız” kimi
oynamağa, aşırı aktrisa olmağa çalışmır.
Digər
aktyorlar da tamaşanın karnaval mənzərəsini, "kadril karuseli” mənzərsini
pozmurlar, rejissor tərəfindən müəyyənləşmiş partituranın tələbini məqbulcasına
yerinə yetirirlər: bəzisi şarjla qrotesk arasında qısa məsafə qət edib yenidən
şarja qayıdır, bəzisi isə öz personajına azacıq ironiya ilə, lağla yanaşmağı,
personajına münasibətdə özgələşmə məsafəsi saxlamağı unudur.
Boris
Manjiyevin tamaşasında bığ, çəkmə, başmaq, pantalon seyrçiyə elə bir effektli tərzdə
təqdim olunur ki, həməncə teatralcasına obrazlaşır, xarakterin metaforasına
çevrilir. Hərdənbir görürsən ki, rejissor bir mizanla bir hekayə nəql eləyir: əl
arabasında açılmış süfrədəki cecə arağının arxasınca tamarzı-tamarzı, qocafəndi-qocafəndi,
sümsünə-sümsünə kulisə doğru addımlayan qırmızı çəkməli məstan pişik Nyamin (Qurban
İsmayılov) bir əhvalata dönür. Rejissorun işində bəyəniləsi cəhətlərdən biri də
budur ki, o, aktyora özünü maksimal ifadə etməkdən ötrü şərait yaradır və hətta
bəzən mizanları bilərəkdən bu niyyətlə qurur. Kalmık rejissorun Gənc
Tamaşaçılar Teatrının aktyor truppasını bu qədər yaxşı tanıması, bilməsi, Manjiyevin
rol bölgüsündə bu qədər sərrast olması qayət çox ilgincdir. Bu da o anlama gəlir
ki, teatrın baş rejissoru Bəhram Osmanov öz kalmık kolleqasını "Qohumlar”ın hazırlanma
müddəti boyunca tam dəstəkləyib, Manjiyevə kart-blanş verib: gərəkir ki, ayrıca
qeyd olunsun.
Yox,
mən məqaləni ona görə yazmadım ki, tamaşaya bayılmışam. Hərçənd "Qohumlar” köhnə
sovet dönəminin əyalət teatrı üçün yetərincə yaxşı bir nümunə kimi qəbul edilə
bilər. Mən məqaləni ona görə yazdım ki, qaynar qazan kimi təbəssüm köpükləri ilə
pıqqıldayan bu tamaşa Gənc Tamaşaçılar Teatrının yaradıcı imkanlarının geniş
bir spektrini işıqlandırdı, aktyor truppasının, daha doğrusu, bu truppanın
istedad özəyinin hər cür rejissuraya açıq olduğunu göstərdi və bu teatrın
mümkün perspektivlərini cızdı. Göstərdi ki, əgər teatrda yaradıcılıq prosesi
obyektiv prinsiplərlə təşkil olunursa, teatr özünəvurğunluğun daşını atıb mütəmadi
öyrənməyə və yeniləşməyə, sənətin müasir vibrasiyalarına köklənirsə, daima
ordan-burdan dəvət edilmiş maraqlı rejissorlarla iş birliyi qurmaqdan
ehtiyatlanmırsa, özünə qapanıb qalmırsa, tənqidi dinləməkdən eymənmirsə, onda
teatr tamaşadan tamaşaya buğda-buğda böyüyür, peşəkarlığın kamillik nöqtəsini
bulmağa çalışır.
Aydın Talıbzadə