• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

17.10.18 12:00 482
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 18 oktyabr 2018-ci il tarixini "Azərbaycanın Müstəqillik Günü” elan edib. Bununla bağlı şəhər meri Səm Likkardo (Sam Liccardo) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, göndərilmiş bəyannamədə Azərbaycan Demokratik Respublikasının davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə, ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanır.
Sənəddə müstəqilliyin bərpasından sonra ölkəmızin öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.
Bəyannamədə həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Sonda 18 oktyabr tarixi San-Xose şəhərində "Azərbaycanın Müstəqillik Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Qeyd olunmalıdır ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San-Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. "Silikon Vadisinin paytaxtı” adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-nin həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.
banner

Oxşar Xəbərlər