Kakanın dönüşü

Kakanın dönüşü

İdman
10 Oktyabr 2012, 16:11 1206
Manu Menezeşin dövründə 2-ci dəfə yığmaya dəvət alan Kaka çox sevinir. Zarafat deyil, DÇ-2010-dan sonra braziliyalı futbol fanatları "Real"ın yarımmüdafiəçisini ilk dəfə "sarı-göy" futbolkada görmək imkanı qazanacaq.
Çünki bir il əvvəl Qabon və Misirə qarşı oyunlara görə yığmaya çağırılarkən Kaka zədələnmişdi və heyətdən kənarlaşdırılmışdı. Deməli, qarşıdakı matçlarda pleymeyker Menezeşin rəhbərliyi altında ilk oyunlarını keçirəcək. Axı o, sonuncu dəfə DÇ-2010-un 1/4 finalında Hollandiyayla matçda millinin heyətində yer alıb. Braziliyanın Zikonun çalışdırdığı İraq yığması və Yaponiyayla qarşılaşacağını əlavə edək. Dəvət aldıqdan sonra Kakanın açıqlamaları heç də birmənalı qarşılanmayıb: "Yığmadakı futbolçuların çoxunu şəxsən tanımıram. Bu, Neymara da aiddir. Əlbəttə, onun güclü futbolçu olduğunu bilirəm. Lakin Neymarı tanımıram. Heç də həyəcanlı deyiləm. Vaxtilə Braziliya yığmasına ilk dəfə çağırılarkən çox böyük həyəcan keçirirdim. O vaxt kumirlərimlə görüşmüşdüm. İndiki vəziyyət o vaxtkından fərqlənir".
Hətta Braziliya mətbuatı qarışqadan fil düzəltməyə çalışıb və Kakanın yığmanın məşqçilər heyətindən narazı olduğunu qabartmağa səy göstərib. Bunun üçün həmkarlarımız "Çelsi"nin şərəfini qoruyan müdafiəçi David Luisin 30 yaşlı Kaka haqda dediklərini də xüsusi qabardıb: "Kakanın yığmaya gəlişini futbolçular gözləyirdi. Onu daha əvvəldən çağırmaq lazım idi. Yığmamızın orta xətti Kaka ilə daha təcrübəli olacaq".
Belədə həmkarlarımızın Neymarın ondan 10 yaş böyük olan Kakanın sözlərinə münasibət öyrənməsi qəribə sayılmamalıdı. Sadəcə, KİV nümayəndələri olmayan qalmaqalı böyütməyi bacarmayıb, əksinə, "Santos"un hücumçusu sözləriylə məsələnin birdəfəlik bağlanmasına səbəb olub: "Kaka hamımız üçün kumirdir. Vaxtilə onun oyununa baxıb ləzzət almışıq. Bu heç kimə sirr deyil ki, yığmanın heyətində onun yeri ayrı olacaq. Hətta Kakayla ilk dəfə şəxsən tanış olacağım anı səbirsizliklə gözləyirəm. Onun təcrübəsinə hamımızın ehtiyacı var. Belə böyük futbolçuyla çiyin-çiyinə oynamaq mənim üçün şərəf olacaq".