• çərşənbə, 24 Aprel, 10:01
  • Baku Bakı 13°C

Kainatla Allah arasında insanın yeri

26.10.19 17:30 1670
Kainatla Allah arasında insanın yeri
XIV-XV əsrlərdən bəri insanlar Seyid İmadəddin Nəsiminin sirli deyim təsiri bağışlayan şeirlərinə heyran olublar. Elə buna görə də onların bir qismi özündə onun kəlamlarını açmaq qüdrəti olduğuna inanmış və inandırmaq istəmişlər. Çox zaman Nəsiminin düşüncəsi özünütəsdiq vasitəsi kimi istifadə olunub. Amma Nəsimini şairin deyil, tədqiq edənin öz bilik səviyyəsinə uyğun təhlil və tədqiq cəhdi nəticə etibarilə elmi əsası olmayan, ciddi özül üzərində durmayan təhrifli düşüncələrə yol açır. Belə bir yanılma və yanıltmalara Nəsiminin insan fəlsəfəsini, eləcə də onun görüşlərində insanın yerini tədqiq etdikdə rast gəlirik. Qeyd etməliyik ki, Azərbaycan ədəbi və fəlsəfi fikir tarixində xüsusi yeri olan Nəsiminin poetik-fəlsəfi yaradıcılığının siyasi ideologiyaya uyğun öyrənilməsinin əsası orta əsrlərdən qoyulsa da, XX əsr Azərbaycan elmi mühitində tendensiyalılıq daha ön plana keçdi. Bu tərzdə məqsədyönlü və birtərəfli yanaşma isə tədqiqatların çoxunda şairin dünyagörüşü, fəlsəfi əqidəsi, təsəvvüf və irfan barədə düşüncəsi ətrafında fikir dolaşıqlığı yaratdı... Bu mübahisəli məqamlardan biri də şairin humanizmlə əlaqələndirilməsində özünü göstərir. Məlum olduğu kimi, İntibah dövrü fəlsəfəsi insanı bir canlı varlıq olaraq müstəqil subyekt kimi öyrənir. Lakin Nəsiminin fəlsəfi görüşləri orta çağ İntibah dövrü filosoflarının dünyagörüşündən fərqli şəkildədir: mütəfəkkirin insana baxışı insanmərkəzli deyil, irfani-dini düşüncəsinə uyğun olaraq, Allahmərkəzlidir. Şairə görə, insana ali məqam qazandıran ilahi ruhudur. Ümumiyyətlə, onun diqqət mərkəzində duran mövzular insan ruhunun Allaha məhəbbəti, Ona qayıtmaq arzusu, ruhun Yaradanla ilahi vəhdəti və mütləq həqiqətin mahiyyətini dərk etməkdir. Qeyd etməliyik ki, Nəsiminin insan anlayışı statik və dəyişməz deyil, müəyyən anlamda dəyişkəndir. Onun insana baxış bucaqlarında islami, irfani, hürufilik və dünyəvi baxımından dəyərləndirmələri görmək mümkündür və bu baxışların hər birində şairanə yozum ön plandadır. İndi isə şairin hər bir baxış bucağını ayrı-ayrılıqda şərh edək.
Bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçi, Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Səadət Şıxıyevanın "Kainatla Allah arasında insanın yeri” məqaləsində qeyd olunub.AZƏRTACməqaləni təqdim edir.
İnsana irfani baxış və kamil insan anlayışı
Hürufilik və Nəsimi yaradıcılığının qaynaqlandığı mütəfəkkirlərdən biri İbn Ərəbidir. Onun təsiri daha çox vəhdəti-vücud konsepsiyası və kamil insani ideyasının ifadəsində üzə çıxır. Bu paralelliklərdən birinə nəzər salaq. O, yaradılmışın alisi olan varlığı – kamil insanı "kitab” olaraq qəbul edir. Analoji qənaətlər Fəzlullahın təlimində də yer alır. Hürufiliyin mürşidinə görə, insan Tanrının məktubudur. "Adəm ilahi kitabdır, ilahi bir məktubdur...” "Biz Tanrının kəlmələriyik”.
İbn Ərəbinin ismi-əzəmi kamil insanla əlaqələndirməsinə də hürufilikdə diqqət yetirilib. O, insanın ismi-əzəm, yəni Allahın böyük ismi olduğunu bildirir. Nəsimi də eyni mövqedən deyir:
Çün əzəldən qüdrət əli biqələt,
Üzünə nəqş еylədi sivü dü xət.
İsmi-əzəm camеyi-zatü sifət
Bəllidir "fi surəti-şəbi-qətət”.
Nəsiminin bir sıra qəzəllərində kamil insan epitet və xitab olaraq istifadəsi, eləcə də bu ifadənin yer aldığı qəzəllərin məcazlar sistemi və ideya-məzmun xüsusiyyətləri çox zaman İbn Ərəbinin vəhdəti-vücud nəzəriyyəsi ilə yaxından səsləşir:
Mərhəba, insani-kamil, canımın cananəsi
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?
Hürufilik prizmasından insana baxış
Çox zaman tədqiqatçılar olduqca zəngin poetik aləm olan Nəsimi "mən”inin məna dəyişikliyini nəzərə almadan bunu yalnız insan-Allahın ekvivalenti kimi qəbul və qeyd edirlər. Lakin mütəfəkkir öz "mən”inin ilahi qüdrətindən danışarkən, ölümə məhkum insanın varlığını deyil, onun ilahi mənşəli, özündə əzəli xüsusiyyətləri qoruyan ilahi ruhunu ("bülbüli-qüdsi”...) nəzərdə tutur.
Nəsimi şeirində ruh hər zaman Allahla vüsal halında deyil. O, cismani mövcudiyyəti ilə deyil, ruhən mərhələ-mərhələ Haqqa doğru yüksəlir. Nəsimi ruhunun başlanğıc mərhələyə qayıdışını və ilahi qüdrətin əldə olunmasını müxtəlif yollarla ifadə edir, məsələn, gül ləçəklərinin tökülməsi, incinin sədəfdən çıxması və s. bu niyyətin ifadəsinə xidmət edir. Nəsimi şeirində özünün rəngarəng və çoxqatlı ifadəsini tapan sonuncu motiv – ruhun kamala yetib Allah mərtəbəsinə yüksəlməsi "inci”nin "sədəf”dən çıxması kimi də metaforikləşir.
Mütəfəkkir şairin yaradıcılığında, ümumiyyətlə, ön planda olan bir üçlük var: can, cahan və canan. "Can” deyərkən bəzən insanın ruhu ilə cisminin vəhdətindən yaranan varlığı və onun kainatla əlaqəsi nəzərdə tutulur. Nəsimiyə görə, insanın cismi kainatda baş verən dəyişiklikləri özündə əks etdirir. Elə ona görə də, "hər nə yerdə, göydə var, adəmdə var”, - deyir. Yəni onun nəzərində təsəvvüf fəlsəfəsinə uyğun olaraq, insan mikrokosm, kainat makrokosmdur. O makrokosmda, yəni Nəsiminin ifadəsi ilə desək, "aləmi-kübra”da baş verənlər kiçik aləmdə ("aləmi-suğra”) də öz inikasını tapır. Nəsiminin nəzərində insan həm cismani varlığı, həm də cisimdə baş verən dəyişikliklər etibarilə kainatın bir parçasıdır. Eyni zamanda, insan ruhu ilə Allaha bağlıdır. Şair bu əlaqəni "can” və "canan” məcazları ilə ifadəyə meyillidir. Əgər insan cismi – maddi varlığı ilə kainatın bir parçasıdırsa, onun bir parçasını özündə daşıyırsa, "canan”dan gələn ruhu da Allaha aiddir, ona qayıdacaq. Nəsimi yaradıcılığının aparıcı ana xətlərindən biri budur.
Burayadək söylənilənləri aydın dərk etmək üçün müəyyən sufi görüşlərini bilmək lazımdır: sufilərə görə, insan kainatın özüdür. Onun ruhu maddi aləmin ən alt qatından – cəmaddan (cansız aləm) seyr etməyə başlayır, sonra bitki (nəbat), ardınca heyvan, ən sonunda insan şəklində görünür. Nəsimi divan şeirində bu görüşləri sistemli şəkildə, zəngin fəlsəfi və bədii məzmun verməklə istifadə edən azsaylı şairlərdəndir. Onun dövriyyə səciyyəli şeirlərindən biri belə başlayır:
Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,
Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.
Bu qəzəldə ruhun cansız aləmdən yaradılmışın ən kamili olan insana doğru seyri təsvir edilib. Nəsimi bu dövriyyəsində ruhun seyrinin ilahidən başlanmasının, "cövhər”in (ruh) əvvəlcə "nəbat”a (bitki), sonra heyvanata və nəhayət, insana doğru yönəldiyinin poetik-fəlsəfi şərhini verir. Nəticə etibarilə sadədən mürəkkəbə doğru gedən bu təkamül prosesi – ruhun seyrində qət etdiyi bu yol bütövlükdə kainatın vəhdəti anlamına gəlir.
Qeyd etməliyik ki, Nəsimi şeirində Yaradanla yaradılmışın əlaqəsi xüsusi vurğulansa da, Xaliqlə məxluqun eyniyyəti daimi bir hal kimi göstərilmir. Onun əsərlərindən aydın olur ki, ruhun Allahla harmoniyası dəyişməz və statik deyildir. Yaradana qovuşma ruhun təkamülünün ən ali mərtəbəsində baş verir.
İnsana dünyəvi dəyərlər prizmasından baxış
Nəsiminin insanın əxlaqi dəyərləri haqqında bəhsi də diqqətəlayiqdir və bu kimi dəyərlərin zaman hüdudu yoxdur:
Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.
Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.
Nəsiminin bəşər övladında ən nifrət etdiyi cəhətlərdən və bəlkə də birincisi təkəbbürdür və bir çox şeirində bunu dini, dünyəvi və irfani baxımdan məqbul saymır:
Həm təkəbbürlük adəm oğlunda
Ki, əzim ol bəlavü afətdir.
Şairə görə, Adəm oğlu öz təbiəti etibarilə mələklərə, Haqq mərtəbəsinə yaxın ola bildiyi kimi, mənfi xislətlərə yiyələnməklə İblis də ola bilir.
Burada bir məqamı da vurğulamalıyıq ki, Nəsiminin yaradıcılığında ön planda olan onun haqq aşiqi olmasıdır. Şair bütün yaradıcılığı boyu – əvvəlindən sonuna qədər Allaha məhəbbət aşılayır. Bununla o, insanlara ali mənəvi-əxlaqi dəyərləri də təlqin edir. Bir tərəfdən, ənənədən, təsəvvüf ədəbiyyatından müəyyən mənəvi-əxlaqi dəyərləri alaraq, bədiiyyat verməklə ifadə edirdisə, digər tərəfdən, bir çox məsələləri özünün fərdi baxış bucağından dəyərləndirmələrinə rast gəlirik. O, insandan nəfsinə qalib gəlməyi, düzgünlüyü, ruzi üçün digərlərinin qarşısında əyilməməyi, mərdanəliyi, cəsurluğu, təkəbbürlü olmamağı tələb edirdi. Onun özü də bu keyfiyyətlərə malik idi və yüzillər ərzində çox sayda insanlar üçün bu mənəvi cəhətləri ilə bir örnək oldu.
Dini baxışın poetik ifadələri
Nəsimi bir çox şeirlərində Allahın Adəmin cismini su və palçıqdan yaratması, ona öz nəfsindən üfürərək ruh verməsi, mələklərin insana səcdə etməsi, iblisin təkəbbür göstərərək, boyun əyməməsi, Allahın Adəmə mələklərin bilmədiyi sirri ("sirrül-əsma”) öyrətməsindən söz açır. Bu Quran qissələrindən istifadədə şairin məqsədi məlum olanı xatırlatmaqdan artıq, insanın ali məqamını dini düşüncələrdən çıxış etməklə də əsaslandırmaqdır.
Şairin bu kontekstdə fərdi yozumlarından biri də onun əsərlərində bəzən Adəm – ilk insan və ilk peyğəmbərin xüsusiyyətlərinin ümumilikdə bəşər övladının üzərinə köçürülməsidir. Bir sıra hallarda ilk insanla Nəsiminin müasiri olan insanın arasında sərhəd itir. Bu isə onun şeirinin özəlliyi kimi dəyərləndirilə bilər. Nəsimi çox zaman Adəm övladı, kamil insan olaraq, yalnız Fəzlullahı görür və ona xitabən şeirini söyləyir. Bəzən onun tərənnüm etdiyi kamil insan həzrət Məhəmməd və ya həzrət Əlidir. Bu mənada onun həmin insanlar haqqında dediklərini kontekstdən ayıraraq, bütün insanlara şamil etmək doğru deyildir. Məsələn, Nəsimi aşağıdakı şeirində Məhəmməd peyğəmbəri nəzərdə tutur:
Adəmi növində mislin görmədi dövri-fələk,
Şol cəhətdən gər sana хеyrül bəşər dеrsəm, nola?
Adəmi yaradılmışın ən dəyərlisi edən zatında daşıdığı ali gövhərdir:
Napak olan sənin nə bilir qədrü qiymətin,
Zatında adəmin dəхi arı göhər gərək.
Hər adəm oğlu ali məxluq, o Zati-Mütləqin məzhəri deyildir:
Surətdə adəm oğluvü məənidə div olan
Oldur ki, həqqi tanımamış, aşina dеgil.
Nəsiminin şeirində insanın ali varlıq olduğunu qəbul etməyən varlıqlar div, iblis və mahiyyətində bu iki varlıq olan insanlardır.
Əsərlərindən göründüyü kimi, şairin tez-tez tənqid hədəfinə çevirdiyi varlıq divdir. O həm islamaqədərki görüşlərlə bağlıdır, həm də bəzən iblisin sinoniminə çevrilir. Ümumiyyətlə, Adəmin düşməni olan divlə bağlı Nəsimi maraqlı söz oyunları da qurur. Şeirlərindən birində deyir ki, div Allahı tanımayan məxluqdur. Həqiqətən, div islamaqədərki təfəkkürün məhsulu və əfsanəvi məxluq olduğundan bu tərzdə söyləmə məntiqli görünür və onun Allah tanımaması zaman etibarilə də doğrudur. Amma insana səcdə etməyən div deyilərkən islami qissələrdəki iblis nəzərdə tutulur.
Şairin sıx-sıx vurğuladığı motivlərdən biri insanın mələklərin də səcdə etdiyi bir varlıq olmasıdır və onun bu məqamı Qurandakı qissələrə uyğun müəyyənləşib:
Sirri-tövhidə irmədi münkir,
Adəmə səcdə qılmadı şеytan.
Nəsimi şeirində insanın ifadəsi üçün istifadə olunan kəlmələr də maraq doğurur: adəmi, növi-bəşər, adəmi növi, adəm oğlu...
Bu camalü hüsnü gör kim, urar aya tənə, yarəb,
Bu nə həq surətli adəm, bu nə mənilü bəşərdir?
Sonda bunu da qeyd etməliyik ki, təkcə Nəsimi şeirində deyil, ümumiyyətlə, sufi ədəbiyyatında insanın ali bir varlıq və şərəfli bir yaradılmış kimi dərki mərkəzi yer tutur.
banner

Oxşar Xəbərlər