• cümə, 19 Aprel, 07:08
  • Baku Bakı 13°C

Kainatın intizarı

02.11.17 12:30 3811
Kainatın intizarı
Aləmlərin, yoxsa insanın gözləntiləri, təbiətin duyulmayan hayqırtısı, küllün və cüzvün müəmmalı yerdəyişməsi... pozulmayan, lakin qanunauyğunluqları təyin edilə bilməyən harmoniya, iç səsin tərcümanı ola bilməyən dış səs... Yaxud da bütün bunların gizli əlaqəsi və yaxud da bu əlaqəni bəlli nəticələrlə idrak edə bilməyən məntiqi təfəkkür...
Kainat insanın intizarındadır, yoxsa insan kainatın? Daha doğrusu, hansı biri digərinə möhtacdır? Sığmaq kiçiklik, sığdırmaq böyüklükdürmü? Kim dedi bunu? Bəlkə sığınmaq daha böyük bir nəsnədir? Təyinatların və bu təyinatları doqmalaşdıran gücün sahibləri kimdir? Kim hər hansı bir şey haqqında ilk dəfə düşünüb? Nə üçün ilk verilən qərar və ya ilk gəlinən nəticə bu qədər güclüdür? Bəlkə sonrakılar rahatlıq axtarır, düşünmək istəmir? Axı nəticəyə gələnin də, onu qəbul edənin də ağıl və hissi eyni tərkibli xilqətin əlamətləridir. Xilqətin əvvəli nə deyirdi? Ümumiyyətlə, xilqətin mayasında nəticə və məntiq vardırmı? Yəni əvvəl həm də axırdırmı?
Biri digərini çəkib gətirən sualların girdabında məhv olmaqdansa, yanlış da olsa bu suallara cavab axtarmaq daha doğru olardı. Sual olundu ki, kainat insanı gözləyir, yoxsa insan kainatı? Əgər iman və din baxış bucağından baxsaq, anlaşılmaz bir mənzərə açılacaq gözlərimizin önündə. Bir tərəfdən baxıb görəcəyik ki, insanın xilqəti və bu xilqətin mahiyyəti kainatdan böyükdür. Yəni, belə çıxır ki, kainat insanın içindədir. Başqa bir tərəfdən baxıb görəcəyik ki, insan kainatın önündə zəif, aciz bir məxluqdur. Yəni kainatın kiçik bir parçacığıdır. Ziddiyyət də elə buradan hasilə gəlir. Necə olur ki, gözünün giləsindəki bir nöqtədən ulduzları, ayı, günəşi, sonsuz fəzanı görə bildiyi qədər görən, özü də özünün icad etdiyi heç bir dəzgahın, teleskopun, foto və video vasitələrinin bu qədər aydın şəkildə göstərə bilmədiyi bir gözə sahib olan insan, deməli, həm də eyni gücə sahib qulağa, hissə, ağla və nəhayət ruha sahibdir və bunu bilmir? Görə bilirsə, eşidə bilirsə, hiss edə bilirsə, deməli düşünə bilir. Düşüncəni gizlətmək, onu haram və ya günah saymaq eynilə, bir şeyi və ya bir hadisəni aydın şəkildə görüb, o sirri heç kimə açmamağa bənzəyir. Düşüncə dinin nəzdində küfr sayıla bilər, ancaq o var və varlığı inkar etmək cahillikdən başqa bir şey deyil.
Kainat sonsuzluqla idrak edilməyə çalışılır. Sonsuzluq adlı nəticə isə, çarəsizliyin əlamətidir. Bunu böyük elm adamları yaxşı bilir və etiraf edirlər. Sonsuzluq "bilmirəm” deməkdir. Çünki məntiqin və aydın idrakın itdiyi yerdə "bilirəm” demək elmin işi deyil. Bunu heç din də demir. Sadəcə, din buraya bir cümlə əlavə edir: "Hər şeyin tamamını yalnız Allah bilir”. Məntiqsizlik isə ondadır ki, yalnız Allahın bilə biləcəyi bir şey necə olur ki, insanın ağlına gəlir? Bir şey başlayıbsa, o necə bitməyə bilər? Hər yolun bir sonu yoxdurmu? Mən bu mənada Şərq filosoflarını daha çox qınayıram. Möhtərəm iman əhli olan elm adamları, əgər əsərlərinizin sonunda "hər şeyin doğrusunu Allah bilir” deyəcəkdinizsə, onda niyə bu əsərləri başladınız. Madam ki, siz bilmirsiniz nəyin nə olduğunu, o zaman bilmədiyiniz yükün altına niyə girirsiniz? Elə bu mənada da mən Qərb filosoflarını daha səmimi görürəm. Onlar ən azı imanı, dini, Tanrını bu işə qarışdırmırlar. Düzdür, həmin "bəyaz filosoflar” da axırda "bir şeyi bilirəm ki, heç nə bilmirəm” deyirlər. Fəqət, dini-siyasi avantüranın müasir hakimiyyət şəkli olan xilafətçilərin özlərinin də oxuyub anlamadıqları, ancaq öydükləri "siyah filosoflar” nəticəni yenə də gətirib o xilafət dəllalarının ayaqları altına atdılar. Yəni, siyahlı-bəyazlı, hər iki cəbhədə də çözüm yoxa çıxdı. Xilas, qurtuluş nağıl oldu. Nəticədə insan oğlu yenə də öz nəfsinin, özündən bixəbərliyinin əsiri oldu.
Ərş ilə fərşü "kafü nun”, məndə builundu cümləcün... Seyid Nəsiminin bir tək misrası o "bilmirəm” və yaxud da "düzünü Allah bilir” deyənlərin qalaq-qalaq, cild-cild kitablarından daha qiymətli, daha faydalıdır. Sadəcə bir tək bu misra! Çünki Nəsimi çözüm yolunu göstərir. Deyir ki, ərşdə, yəni göy üzündə və fərşdə, yəni yer üzündə "kafü nun” – "ol, yaran” deyilərək, xəlq olunan hər şey məndə, yəni insanda yaradıldı. Hər şeyin, cümlə aləmin nəhayəti, toplandığı məkan, sıxılıb bir nöqtəyə dönüşdüyü yer insandır! Əgər yaranmışların sirrini çözmək istəyirsənsə, yəni alim olmaq yox, xilas olmaq istəyirsənsə, özündən xəbər tut, özünə bax, özünü öyrən. Həqiqət heç bir zaman uzaqda olmayıb. Bəlkə də elə gözümüzün giləsindədir. Seyid Nəbati demişkən:
Yetdi ömrün axıra, sən bir Nəbati, bilmədin,
Kimdir ol gözdən baxan, ya dildə bu guya nədir.
Böyük arif demək istəyir (daha doğrusu, o deyir, biz anlamaq istəyirik) ki, ömrün sona yetdi, ancaq hələ də anlamadın ki, sənin dilindən danışan, sənin gözündən baxan elə Onun özüdür. O, səndədir, hətta O, sənsən!
Yenə qayıdaq Nəsimiyə:
Bulmuşam Həqqi, "Ənəlhəq” söylərəm,
Həq mənəm, Həq məndədir, Həq söylərəm!
Nə deməkdir bu? Məsələ burasındadır ki, varlığın varlıq səbəbi, yəni bütünü, mahiyyəti, mövcudiyyətindəki məna onda olanlar və olanların təzahüründən ibarətdir. Allah da bir varlıqdır. Əlbəttə varlıqdır, Allaha necə "yoxluq” demək olar? Bu varlığın varlığı isə onun əsərləri, xəllaqiyyəti, gücü, gözəlliyi ilə düz mütənasibdir. Biz Onu tam olaraq dərk edə bilmirik. Ancaq ona görə yox ki, bu mümkün deyil. Ona görə ki, biz Onu tam olaraq dərk edə biləcəyimizi bilmirik. Hər bir mümkün öncə ilkin əlamətlərini göstərir. Namümkündə isə belə bir mümkünat yoxdur. Mümkün olmayan bir şeyin heç bir əlaməti üzə çıxmaz. Hətta namümkün deyə bildiyimiz bir şey haqqında düşünmək belə, onun mümkün olduğunu göstərir. Allahın da varlıq səbəbi onun xəlq etdiklərinin cümləsi olan insandır! Nəsimi bu mənada "Həq məndədir” deyir. "Məndə” olan Həq eyni zamanda "Mən” deməkdir. Buna görə də bu "mən”in söylədiyi hər şey "Həq”dir. Həqqi bulmaq isə "Ənəlhəq” deməkdir. İki misranın mahiyyəti məhz elə bu səbəbdən elmin də, dinin də dəryalarca mürəkkəbindən, səmalarca kağızından daha dəyərli və daha ağırdır. Əgər Nəsimi də hər şeyi axırda Allaha bağlasaydı, dərisini üzməzdilər, o dərinin üstünə zərxara xələtlər geydirib, onu dar ağacı əvəzinə Tuba ağacının altına gətirərdilər. Çözümsüzlüyün mükafatı həyat, çözümün mükafatı isə ölümdür! Çünki yuxarıda qeyd etdiyimiz həmin o ilklər, hər şeyi ilk dəfə düşünüb, sonra bütün bəşəriyyətə özləri kimi düşünməyi təlqin edənlər çözüm istəmir. Bəşərin qurtuluşu şeytanın əsarəti deməkdir. Şeytanı azad saxlayan şey insanı əsarətdə saxlayan şeydir. Hürufilər bu azadlığı təmin etmək istədilər. Bu gün də istəyirlər. Əgər bu mücadilə tarix kitablarında qalsaydı, ondan arxiv iyi gəlsəydi, biz bu gün bu sətirləri yazmazdıq. İnsan ölmür, fikir ölür. Əgər cismən, yəni zahirən ölən və öldürülən bir insanın fikri, əqidəsi diridirsə, deməli o ölməyib. Ancaq zahirən, yəni cismən diri olanların fikri ölüdürsə, əqidəsi sadəcə olaraq mövcud deyilsə, əsil ölülər onlardır. Ölü ilə dirinin fərqi zahirdə deyil, batindədir. Çünki əqidə sahibinin bədəni, fiziki mövcudiyyəti, məişəti, şəxsi həyatı heç kimə lazım deyil. Buna görə də "Fəzlin xilası mümkün deyil” dedi Nəsimi. Onu suçlayanlar anlamadılar ki, tarixi və bəşəriyyəti bir gün mütləq xilas edəcək olan şey Fəzlin dünyəvi varlığı deyil, onun fikirləri, əqidəsi və elmidir. Bu fikir, bu əqidə, bu elm isə ötürülmə yolu ilə yaşayır. Bu mənada Şərq təsəvvüfündəki ruhların təbdili məsələsi Hind Vedalarındakı tənasüx demək deyil. Onlar cismin yenidən doğuluşunun intizarındadırlar.
Ürfani düşüncə isə belə demir. Yaşayan və yaşamalı olan şey yalnız inkişaf, qurtuluşa bir az daha yaxınlaşmaq və bu yoldakı əqidə, fikir, elm ötürücülüyüdür. Nəsiminin başqa bir bədəndə yenidən doğulması, onun Bərzəx aləmindəki məchul və haqqında heç nə bilmədiymiz ruhunun başqa bir bədəndə yenidən doğulması demək deyil. Kimə lazımdır Nəsiminin yeni bədəni? Onun köhnə bədənini neylədilər ki, yenisini nə etsinlər? Bu bədənlərin oxşarlığı ancaq ondadır ki, onun dərisini yenə soyacaqlar! Çünki həmin vücudda Nəsimi fikri Nəsiminin vücudunda zühur etmiş Mənsur fikri kimi yenidən doğulur. Bu isə, ilk qanunları təsbit edənlərin xeyrinə deyil. Buna görə də etdiklərini yenə edəcəklər. Necə ki, nəsimilər öz etdiklərini yenə də edirlər.
Elmin və dinin iddiası boşluğa yuvarlandı. Hər şey çərxi-fələyin dişləri arasında əriyib yox oldu. Çərxin gücü isə yalnız bir şeyə çatmır. Onun da adı "vəhdəti-mövcud”dur. Bu mövcudiyyət əgər vəhdət halına gəlirsə, deməli bir yerə toplanır. O yerin adı isə İNSANdır! Yadıma Təbrizdə tez-tez oxuduğumuz məşhur bir xalq mahnısı düşdü:
Ey insan, ey insan,
Sən özün Allahsan,
Mənsuri-Həllacsan,
Dərdlərə dərmansan.
İnsan, insan,
İnsan, dərdlərə dərmansan!
Tarixin gizli döngələrində ilişib qalan və xilasını gözləyən əqidə və fikirlər insanlıq naminə, onun yaxın qurtuluşu naminə hər zaman diridirlər. Kainat öz quruluşunu insan vücudunda tamamlayıb. Bu mənada insan kainatın bir parçasıdır. Lakin insan vücudu həm də neçə belə kainatları öz içində toplayıb. Əslində insan kainatın əksik qalan və xəlq olunduqdan sonra tamamlanan bir parçası deyil. Kainat insanın tamamlanmış hissəsidir. Çünki kainatdan öncə insan və onun mahiyyəti, yeri müəyyən edilmişdi. Kainatın hədəfi insan idi. Heç bir canlı, hətta o möhtəşəm görünən qalaktika belə insandakı şüura, idraka, ən önəmlisi isə, insandakı istəyə sahib deyil. Günəşin bəlkə də gözləri vardır. Lakin onun gözləri insanın gözləri qədər çox şey görə bilsəydi, hər gün eyni yerdən doğub, eyni yerdə batmazdı. İnsandan başqa bütün xəlq olunmuşlar bəlli çərçivə daxilində hərəkət edir. İnsan isə bu hərəkəti görə bilən, onun səmtini müəyyən edib, hətta onu dəyişdirə bilən gücə sahibdir. Nə üçün, nə zaman və hansı ehtiyacdan doğdu bu xəllaqiyyət?
Bu sualın cavabını mən təkrar olaraq verəcəyəm. Bu cavab mənim yox, böyük düşüncə sahiblərinin verdiyi cavabdır ki, mən də onların adından təkrarçılıq etməliyəm: Xaliq öz vücudunu, öz varlığını tamamlamaqla məşğuldur. Əslində xəlq olunan hər şey Odur. O özünü yaradır. Bu yaranış, ən son yaranmış olan insanda tamamlandı. "Görünmək istədim, insanı yaratdım” kəlamındakı hikmət isə bundan ibarətdir ki, insanı yaratmaqla, O, son hazırlığını tamamladı və görünəcək hala gəldi. Heç bir yaranmış Onu tam olaraq göstərə bilmirdi. Yalnız insan o parçaların hamısını bir araya gətirən vücuda sahib oldu və Xaliqin sirri ortaya çıxdı. "Allah insanın, insan Allahın sirridir” hədisindəki məna elə budur! Nəinki insan, ümumiyyətlə heç nə Allahdan ayrı deyil və ikilik, yaxud da kəsrət mərtəbəsində deyil və ola da bilməz. Çünki O yaradarkən özündən yaratdı. "Yoxdan xəlq etdim” dediyi şey özüdür. Onun varlığı dərk edilməyənə qədər O yoxdur! Varlıq sadəcə vardır. Ancaq varlığın var olması onun idrak edilməsinə bağlıdır. Görmədiyimiz, duymadığımız, hiss etmədiyimiz bir şey bizim üçün necə var ola bilər? Din insanlara belə dedi. "Görmədiyinə, eşitmədiyinə, heç zaman dərk edə bilməyəcəyinə inan” dedi. "Sadəcə inan, yetər” dedi. Ancaq yetmədi. Yetsəydi, bəşəriyyət necə deyərlər, bu gündə olmazdı. Nəsimi və nəsimilər bunun qarşısına çıxdılar. Üsyan etdilər, ancaq yıxdıqlarının yerini boş qoymadılar. Əvvəl "Cavidannamə” yaratdılar, sonra faniliyin üzərinə getdilər. Əvvəl divan yazıb, elmi şərhlər verdilər, sonra əbədiliyin əslində namümkün bir şey olmadığını, masivanın Allah demək olduğunu iddia etdilər. Bu mənada onlar hər zaman diridirlər. Çünki lazımdırlar. Bəşər onları gözləyir. Vücudunun hər parçasında kainatın bir hissəsini daşıyan insan oğlu onlara möhtacdır. Və nəhayət, bu həmin insandır ki, sonlu, sonsuz və ya bilinən, bilinməyən geniş kainat o insanın intizarındadır!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər