• cümə, 19 Aprel, 15:22
  • Baku Bakı 25°C

«Kafir» sözünün mənası nədir?

06.09.13 08:30 4983
«Kafir» sözünün mənası nədir?

Adətən, ədalətsiz qovğalarda, qeyri-bərabər döyüşlərdə, haqsızlıqlarda, talanlarda, müəyyən xoş olmaya məqamlarda zor işlədən tərəfi el arasında «kafir», «kafır», «kafur» adlandırıblar. Bəziləri elə düşünürlər ki, islam dininə etiqad etməyən şəxslər «kafir»dir. Hətta Azərbaycan dilinin izahlı lüğətlərində də «kafir» sözünün ənənəvi izahı belə verilib: «Müsəlman olmayan, başqa dinə mənsub olan, yaxud da islam dininə etiqad etməyən qeyri-müsəlmanlar». Bu izahın nə dərəcədə doğru olub-olmadığını müqəddəs kitabımızdan gətirdiyimiz nümunə ilə şərh edə bilərik. «Şübhəsiz, imana gələnlər, yəhudilər, xristianlar və sabiilərdən Allaha, axirət gününə inananların, əməli-salehlərin əcirlərini Rəbləri verəcəkdir». Əgər məscidlər Allah evi sayılıbsa, ondan qat-qat əvvəl qurulmuş monastr, kilsə, sinaqor da Allah evidir. Heç ola bilməz ki, Tanrı tərəfindən bəndələrinə göndərilmiş dinlər arasında ayrı-seçkiliyin mövcudluğu barədə hansısa bir müqəddəs kitabda fikirlər olsun. Hətta Qurani-Kərimin bir surəsində deyilir: «Ey İsa, səni əcəlinə çatdırıram, Öz yanıma ucaldıram. Kafirlərdən təmizləyib səni pak edərəm, ardıcıllarını qiyamətə qədər kafirlərdən üstün tutaram». İsa ki xristiandır, islam dininə dəxli yoxdur. Bəs onda kafir kimdir?
«Kafir» sözünə yaxın kəlmədən biri «küfr»dür. Maraqlıdır ki, bu sözün izahlı lüğətlərdə mənası düzgün verilib. Birinci izahına görə, Allaha inamsızlıq, dinsizlik ifadə edir, ikinci mənasına görə söyüşdür.
Azərbaycan ədəbiyyatında sovet dövrünə kimi yaranan nümunələrdə «kafir» sözü müxtəlif mənalarda işlədilib. Xüsusilə Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun əsərlərində yaradılmış cahil obrazlar təhsil almış, savadlı, bilikli insanları «kafir» adlandırıblar. Yəni bizdən olmayanlar. Milli teatrımızın yaradılması ərəfəsində mədəniyyət fədailərini «kafir» adlandıraraq qətlə yetirmədilərmi? Ölən də müsəlman idi, öldürən də! Məgər Hüseyn Ərəblinski müsəlman deyildi? Nadanlar onu evinin önündəcə öldürdülər. Sovet dövründə bu məsələyə başqa don geyindirərək bütün qüsurları, nadanlığı islamın adına bağlamağa çalışdılar. Məqsəd də bu dini gözdən salmaq idi.
Ötən əsrin əvvəllərində ermənilər tərəfindən törədilən iğtişaşlarda minlərlə türk qətlə yetirildi. O dövrdən bəhs edən bədii əsərlərdə, hətta sənədlərdə müsəlmanların kafirlər tərəfindən qətlə yetirildiyi bildirilir. Burada bəlkə də ilk baxışda elə düşünülər ki, dini ayrı-seçkilikdən söz açılır. Əslində həmin hadisələrdən bəhs edən məlumatlarda «kafir» sözü «qaniçən», «qəddar» mənasına daha çox yaxındır.
Sovet dövründə yaradılmış Azərbaycan dilinin izahlı lüğətlərində «kafir»in düzgün mənasının açılmaması bəlkə də quruluşun təzyiqindən olub. İslam dininə mənsub olmayanları əsassız yerə «kafir» adlandırıblar. «Kafir» və «küfr» sözlərinə yaxın ifadələrdən biri də «küfran»dı. Bu sözün mənası da izahlı lüğətlərdə «nankorluq», «yaxşılığı itirmək» kimi şərh edilib. Bu izahatda bir qədər aydınlıq duyulur. Əslində sözlərin hər üçü eyni kökdən yaranıb və qohumdur. Deməli, «kafir»in dini, imanı, məzhəbi yoxdur. O, xristian da ola bilər, yəhudi də, elə müsəlman da… Əslində «kafir» «iblis», «şeytan» sözlərinin sonrakı adlarıdır. İnsanın əlindən haqqını alan kəs dinindən asılı olmayaraq elə kafirdir. Durduğu yerdə günahsızı bəlaya salan elə kafirdir. Torpaq iddiasına düşüb 20 ildən artıq bir zaman kəsiyində millətimizə qarşı qəddarcasına analoqu olmayan vəhşiliklər törədən ermənilər kafirdir. Bəs müsəlman dininə etiqad edənlərin erməni dəyirmanına su tökməklərinə nə ad vermək olar?! Elə bu da kafirlikdir! Yaxud da əksinə. Müsləman dininə mənsub olan PKK-çıların Türkiyədə törətdikləri qətllərin adı nədir? Kafirlik deyilmi? Əslində kafirlik Allahsızlıqdır, dinsizlikdir, bəd əməllərin sahibi olmaqdır!
Deyirlər ki, cinayətkarın dini-imanı olmur. Bizcə, elə onların qısa adı kafirdir! Dinşünas-alim Nəriman Qasımoğlu bildirir: «Müqəddəs kitabımızda «kafir»lərin adət etdiyimizə uyğun birmənalı «elmi» tərifi yoxdur. Quran məntiqinə görə, bütpərəstliyin hər hansı təzahürü – istər bütlərə birbaşa tapınmaq, istər Allaha sadəcə inanmaqla bərabər ibadətləri bütlərə həsr eləmək, istərsə də müqəddəs kitablara tapınmaqla xurafat dolu beyinlə Tanrıya nəyisə, kimisə şərik qoşmaq olsun – küfr əlamətidir».
Bir ağrılı cəhət də var ki, həmişə müqəddəs kitablardan kənara düşərək özümüz də qeyri-müsəlmanlara birmənalı şəkildə «kafir» deməklə küfrə meyillənmiş oluruq. Halbuki Quranda tövsiyə olunub ki: «Bu ayələr bizə nazil edilənə qədər İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun törəmələrinə göndərilənə, Musaya, İsaya verilənə və rəbləri tərəfindən peyğəmbərlərə verilənlərə inanmışıq». Onları bir-birindən ayrı tutmamışıq. Deməli, hər bir varlığın yiyəsi Allahdır. Yəhudilərin, xristianların, müsəlmanların ulu Tanrı qarşısında heç bir fərqi yoxdur. Onlar Tanrı bəndələridir. Bütövlükdə bəndələri bu cür adlandırmaq elə Allah qarşısında da küfrdür!
Allah hər kəsi kafirlərin küfründən qorusun!
banner

Oxşar Xəbərlər