“Kabul dəhlizi”
Və ya Əfqanıstanı gözləyən
perspektiv
Əfqanıstan ətrafında yaşananlar bu ölkəyə diqqəti yenidən
gücləndirib. Xüsusən də Birləşmiş Ştatların Əfqanıstandakı qoşunlarını bu
ölkədən sentyabrın 11-dək çıxarmaq barədə qərarı geniş rezonans doğurub. Ən
maraqlısı odur ki hərbi qüvvələrin çıxma tarixi Dünya Ticarət Mərkəzi və
Pentaqona edilən terror hücumlarının 20-ci ildönümünə təsadüf edəcək. ABŞ
lideri Co Bayden Əfqanıstanda Amerika hərbi qüvvələrinin mövcudluğuna nəzarət
edən ikisi respublikaçı və ikisi demokrat olmaqla, dördüncü prezident olduğunu
bildirib və əlavə edib ki, bu məsuliyyəti beşinciyə ötürməyəcək.
Rusiya narahatdır
Bayden ABŞ və müttəfiqlərinin Əfqanıstanın, təxminən 300 minə yaxın
əsgərinin təlimlərinə və təchiz edilməsinə kömək edəcəyini, eləcə də Əfqanıstan
hökuməti ilə "Taliban” döyüşçüləri arasında sülh danışıqlarına dəstək
verəcəyini qeyd edib. Prezident bildirib ki, Əfqanıstanda hazırda qalmaqda olan
2500 ABŞ hərbçisinin oradan çıxarılmasına mayın 1-dən başlanacaq. "Biz
tələm-tələsik çıxmayacağıq. Bunu məsuliyyətli, niyyətli və təhlükəsiz bir
şəkildə edəcəyik və biz bunu müttəfiqlərimiz və partnyorlarımızla tam
koordinasiyada həyata keçirəcəyik”. Bayden deyib ki, ABŞ qoşunlarının
Əfqanıstana müdaxiləsi bu ölkənin Amerika üzərinə hücumlar üçün bazaya
çevrilməsinin qarşısını almaq məqsədi güdürdü. ABŞ prezidenti "Taliban”a
xəbərdarlıq edərək deyib ki, o, təşkilatdan heç bir terrorçunun Amerikanı və
onun müttəfiqlərini təhdid etməyəcəyinə dair öhdəliyinə bağlılıq tələb edəcək.
O, habelə regional ölkələri – Pakistanı, Hindistanı, Çini, Rusiyanı və
Türkiyəni Əfqanıstanda dəstəkçi rol oynamağa çağırıb. Beləliklə, Bayden
Əfqanıstana dəstəyin davam edəcəyini, lakin bunun artıq hərbi dəstək
olmayacağını bəyan edib. Co Bayden Əfqanıstan prezidenti Əşrəf Qani ilə
telefonla danışıb və tərəflər söhbət zamanı ABŞ-ın Əfqanıstandan çıxışından
sonra da ikitərəfli partnyorluq əlaqələrinin saxlanmasına sadiq qalacağını
bildirib. Baydenin bəyanatının ardınca NATO bildirib ki, müttəfiqlər də Əfqanıstanı
mayın 1-dən etibarən tərk etmək barədə razılığa gəliblər. Əfqanıstanda ABŞ-dan
başqa Avstraliya, Yeni Zellandiya və Gürcüstanın 7 minlik qoşunu var.
"Kabul dəhlizi” gündəmə gəldi
Yeri gəlmişkən, dərhal da regionda marağı olan dövlətlər aktivlik nümayiş etdirməyə başlayıblar. Mərkəzi Asiya və Cənubi Asiyanı birləşdirəcək effektiv nəqliyyat-kommunikasiya infrastrukturunun genişləndirilməsi istiqamətində danışıqlar başlayıb. Söhbət ilk növbədə Məzari-Şərif-Kabul-Pişəvar dəmir yolunun inşasından gedir. Bu yolun regional iqtisadi inkişaf üçün yeni imkanlar açacağı gözlənilir. İlk olaraq Pakistan baş naziri İmran Xan, Pakistan və Özbəkistan arasında Transəfqan dəmir yolu (Kabul dəhlizi) xəttinin inşası layihəsini təsdiqləyib. "Anadolu” Agentliyi xəbər verir ki, layihənin icrası üçün beynəlxalq maliyyə qurumlarından 4,8 milyard dollar kredit cəlb ediləcəyi gözlənilir. Baş nazirin Ticarət və İnvestisiya Məsləhətçisi Abdul Razak Davudun dediyinə görə, İmran Xan məktub göndərərək, layihəni həyata keçirmək üçün beynəlxalq təşkilatlardan borc istədiyini bildirib. İmzalanma mərasimində Özbəkistan nəqliyyat naziri vəzifəsini icra edən İlhom Mahkamov da iştirak edib. "Birgə müraciət artıq Özbəkistan və Əfqanıstan prezidentləri tərəfindən imzalanıb”, - deyə agentlik bildirib. Razak Davud bildirib ki, layihənin həyata keçirilməsi üçün şərtlər Özbəkistanla razılaşdırılıb və hazırda Əfqanıstan tərəfi ilə danışıqlar davam edir. "Ümid edirəm, Özbəkistanı 2021-ci ilin yanvarında ziyarət edəcəyəm. İnşallah bu, ixracat həcmini artırmaq üçün qapıları açacaq” - deyə bildirib. Pakistan Nəqliyyat naziri Azam Xan Svati, dəmir yolunun sərnişin və mal daşınması üçün istifadə ediləcəyini açıqlayıb. Bundan əvvəl isə Pakistan 2.655 km uzunluğunda dəmir yolu tikintisi vasitəsilə ilə Çin ilə iqtisadi bir dəhliz yaratmağa başlayıb. Xatırladaq ki, prezident Şavkat Mirziyoyev də bu yaxınlarda parlamentə müraciətində Mərkəzi Asiyanı Hind okeanı ilə birləşdirən Transəfqan nəqliyyat dəhlizinin inşası üçün atılan addımlardan bəhs etmişdi. Bir neçə gün əvvəl isə Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Pakistanın baş naziri İmran Xan regional qarşılıqlı əlaqə və "Kabul dəhlizi" dəmir yolunun transəfqan layihəsinin reallaşdırılması məsələlərini videokonfransda gündəmə gətiriblər. Bu avtomobil yolu Özbəkistanı Ərəbistan dənizindəki Karaçi və Gvadar limanları ilə birləşdirəcək. İslamabad isə bu layihənin reallaşması ilə Mərkəzi Asiya və Rusiya Federasiyası bazarlarına çıxış əldə etmək istəyir. Pakistan və Özbəkistan arasındakı münasibətlər tərəflərin əfqandaxili qarşıdurmada müxtəlif qüvvələri dəstəkləməsi səbəbindən uzun müddət gərgin olaraq qalıb. İslamabad - səhra komandiri Hikmatyar, sonra da "Taliban” hərəkatını (Rusiya Federasiyasında qadağan edilən), Daşkənd Şimal İttifaqının qüvvələrini, əsasən Rəşid Dostumun rəhbərlik etdiyi əfqan özbəklərinin tərəfini saxlayıb. Lakin Özbəkistanda iqtisadi islahatların başlandığı elan edildikdən sonra vəziyyət dəyişməyə başlayıb. Daşkənd qonşularla əlaqələr qurmaqda və yeni satış bazarları tapmaqda maraqlı olduğunu bəyan edib.
"Cənubi Asiya böyük bir
satış bazarıdır”
"İqtisadiyyat 21-ci əsrin üçüncü onilliyində birləşdirici prinsipə çevrildi. Pakistan da daxil olmaqla dənizə giriş Özbəkistan üçün son dərəcə vacibdir. Bundan əlavə, Cənubi Asiya böyük bir satış bazarıdır. Bildiyiniz kimi, bu gün Özbəkistan iqtisadiyyatı ixrac imkanlarını genişləndirməyə yönəlib ” - deyə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin tədqiqatçısı Aleksandr Vorobyov bildirib. Pakistan da öz növbəsində Özbəkistana məhsulların bazarı kimi baxır. "Ölkələr arasındakı ticarət dövriyyəsi hələ çox azdır. Pandemiyanın səbəb olduğu məhdudiyyətlər səbəbindən bu rəqəm 2020-ci ilin sonunda 123 milyon dollar təşkil edib. Amma İmran Xanın da qeyd etdiyi kimi, potensial var. İkitərəfli ticarətin inkişafındakı əsas maneə birbaşa nəqliyyat əlaqələrinin olmamağıdır. Söhbət "Kabil dəhlizi"nin qurulması, qarşılıqlı ticarət həcminin artırılması, iki ölkənin aparıcı müəssisə və şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, hava trafikinin bərpası və yüksək səviyyəli danışıqlarda bölgələrarası əlaqələrin inkişafı məsələlərindən gedirdi. Daşkənd və İslamabad əmindir ki, Trans-Əfqan dəmir yolu Mərkəzi Asiyanın tranzit potensialını kəskin şəkildə artıracaq və Avropa ilə Asiyanı ən qısa quru yolu ilə birləşdirən körpü rolunu canlandıracaq. Əfqanıstan üzərindən Pakistana dəmir şəbəkə inkişaf etdirmək layihəsi bir çox cəhətdən məntiqlidir. Ancaq bunun bir ciddi çatışmazlığı var: təhlükəsizlik məsələsi. Uzunluğu 573 km. olan yol Məzari- Şərif-Herat və Məzari-Şərif-Kabil-Pişəvər-Karaçi marşrutu boyunca keçəcək. Ancaq dəmir yollarının təhlükəsizliyini, xüsusən də uzun müddət təmin etmək olduqca çətin olacaq.
Bundan əlavə, avtomobil yolu Əfqanıstanın dağlıq bölgələrindən
keçməlidir, burada mühəndislik baxımından tikinti çətin olacaq, lakin
mütəxəssislərin dediyi kimi, mümkündür”, - deyə Vorobyov vurğulayıb. Mütəxəssis
təhlükəsizlik məsələlərində payın Pakistanın "Taliban”a təsir imkanları
üzərində qurulduğuna inanır: "Pakistan Xidmətlərarası Kəşfiyyatı Əfqanıstandakı
müxtəlif militarist qruplarla uzun müddətdir əlaqələr qurur. Buna baxmayaraq,
bu dəmir yolunun tikintisi riskli bir yatırımdır”.
Xatırladaq ki, Daşkəndlə İslamabad arasında artıq layihənin "yol
xəritəsi" imzalanıb. Beynəlxalq maliyyə qurumları layihə üçün qrant
əsasında pul verməyə hazırdır. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İslam İnkişaf Bankı,
Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası
(ABŞ) layihəyə maraq göstəriblər.
Azər