• cümə, 29 Mart, 09:02
  • Baku Bakı 5°C

Jurnalistlərin Şaxta babadan istədikləri Sorğu

28.12.13 08:47 4097
Jurnalistlərin Şaxta babadan istədikləri Sorğu
Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bir neçə gündən sonra 2014-cü ilə qədəm qoyacağıq. Bu bayramın gəlişinə ən sevinən kiçik yaşlı uşaqlar əllərinə qələm alıb böyük həvəslə Şaxta babaya məktub yazırlar. Düzdür, biz uşaq deyilik, amma yenə də uşaq kimi məktubla arzularımızın reallaşacağına ümid edərək mətbuat nümayəndələrinə Şaxta babaya məktub yazmalarını və “əgər Şaxta baba real olsaydı, ondan nə istəyərdiniz” deyə soruşduq.
Bizi Qarabağa apar!
“New Baku Post” qəzetinin əməkdaşı Ümidə Həsənlinin Şaxta babaya məktubunu olduğu kimi sizə təqdim edirik: “Salam, Şaxta baba! Etiraf edim ki, sənin mövcudluğuna inanmıram. Deyirlər ki, sən Laplandiyadansan. Balaca olanda da bunun bir əfsanə olduğunu bilirdim. Sən mənim üçün yalnız ildə bir dəfə gələn nağıl qəhrəmanı, bəzək əşyasısan. Daha nağıllara inanmıram mən. Ancaq xəyallarımın bir gün gerçəyə çevrilməsini istərdim. Bir vaxtlar mənə əfsanə kimi görünənlərin reallığa çevrilməsi məni xoşbəxt edər. Bunu sən edə bilərsənmi? Mənə mövcudluğunu, varlığını sübut edə bilərsənmi? Şaxta baba, onun ürəyində mənə olan sonsuz və əbədi sevgi bəxş et! Şaxta Baba, sən Qarabağa gedə bilərsən? Getsən, atamı, anamı, məni, bacılarım və oranı heç vaxt görməyən qardaşımı da apara bilərsən? Səndən bu arzumu da istəyirəm: bizi Qarabağa apar!”.
“Üç nöqtə” qəzetinin mədəniyyət müxbiri Aygün Əhmədova Şaxta babaya heç zaman məktub yazmadığını qeyd etdi: “Mən uşaqlıqdan Şaxta babaya inanmamışam və inanmıram da. Mənə görə uşaqlıqda Şaxta babaya inananlar böyüyəndə romantik olurlar. Reallıqda olmayan Şaxta babanı fikrimdə heç cür reallaşdıra bilmirəm ki, indi ondan nə isə istəyim. Əgər uşaqlığımda Şaxta babaya inanıb, ondan nə isə istəməmişəmsə, böyüyəndə belə bir arzumun olacağına heç inanmıram”.
Bizim tərəflərə gəlmə, Şaxta baba
“Azadinform” saytının əməkdaşı Adəm Abbaslı digər müxbirlər kimi Şaxta babaya məktubunda onu faydasız olduğunu yazıb: “Salam Şaxta Baba. “Şaxta Baba şaxta can, hardasan bu vaxtacan?”. Uşaqlıqda bu çağırışı o qədər etmişəm ki, sonra böyüdükcə və qandıqca bu çağırışı etdiyimə peşman olmuşam. Çünki mən elə bilirdim ki, səndən nə istəsəm mənim üçün gətirəcəksən və ya arzularımı çin edəcəksən. Sən demə, bu, belə deyilmiş. Sən də bizim kimi bir insan imişsən. Əlimi vuranda soyuqluğunu hiss etmədim heç Şaxta baba, sən “Saxta baba” imişsən. Allah vermişdi öz babalarıma, nə istəyirdim mənim üçün təşkil edirdilər. Az miqdarda olan təqaüdləri ilə mənim istəklərimi çox vaxt həyata keçirirdilər. Axı o vaxt mənim istəklərim elə özüm kimi balaca idi. Amma indi istəklərimi reallaşdırmaq üçün heç doğma babalarımın edəcəyi yardımların üstünə öz maaşımı da qoysam gerçəkləşməz. Öz aramızda qalsın, amma indi İsti Babalarımız da simicləşib. Odur ki, mən daha səni nə çağıracam, nə də ki səndən bir şey istəyəcəyəm. Bir də ki, sən çox rəhmsiz birisən, ay Şaxta Baba. 2014 ildir o qızı salmısan yanına, Qar qızı deyirəm, imkan vermirsən biri ilə him-cim edib ərə getsin, ailə qursun. Özün babasan, amma o yazıq qıza əsrlərdir nənə olmağa imkan vermirsən. Bir də ki, niyə çağırım ey səni. Ağsaqqal kişisən, gələrsən Bakıda ağ saqqalın palçığa-zada batar, avtobusda, metroda basa-basda insanların nəfəsindən, “mehribançılığından” əriyərsən, sonra da məni günahkar görərlər. Yaxşı, xətrinə dəyməmək üçün səndən bir şey istəyəcəm – hər səhər məni yuxudan oyat ki, gecikib Bakının tıxaclarında qalmayım. Bir də hər səhər durum görüm ki, yastığımın altına cib xərcliyi qoymusan. Bax, onda sənə deyərəm Baba. Di, sağ ol. Mənim işim çoxdur”.
“Gün.Az” saytının mədəniyyət müxbiri Aytən Həsənova uşaqlıqda Şaxta babaya inandığını, bayramqabağı Şaxta babaya məktub yazdığını dedi: “Məktub yazanda sanki istəklərim qismən də olsa həyata keçirdi. Böyüyəndə bildim ki, evdəkilər, Şaxta babadan istədiklərimi yazdığım məktubdan oxuyub, alırmışlar. Həmin o uşaqlıq indi də içimdədir. Yeni il bayramını xüsusilə sevirəm və hər il səbirsizliklə gözləyirəm. Bu il Şaxta babadan yalnız bir hədiyyə istəmişəm. Gerçəkləşsə sevinərəm”.
A.Həsənova gizli saxladığı istəyindən əlavə Şaxta babadan Kianu Rivzlenin Baklya gəlməsini rica etdiyini də söylədi.
Heç nəyin qiyməti qalxmasın

Qəzetimizin müxbiri Lalə Musaqızı deyir ki, kaş ki, Şaxta babaya inanan yaşda olaydım: “Amma inanmasam belə, istəməyin pulsuz olduğunu nəzərə alıb arzularıma keçim. Şaxta babanı çətinə salacaq ilk arzum mənə hədiyyə olaraq maşın təqdim etsin ki, metro qatarlarındakı basabasdan canım qurtarsın. Şaxta babadan başqa bir istəyim də odur ki, mənə İtaliya, ya da Yunanıstana 2 nəfərlik səyahət bileti versin. Çox istəmirəm, bircə həftəlik. Bilirəm ki, Şaxta babanın kurasiyasında olan məsələ deyil, ancaq ondan sonuncu istəyim budur ki, sehrli çubuğunu yerə elə çırpsın ki, Yeni ildən sonra heç nəyin qiyməti qalxmasın”.
“Mövqe” qəzetinin müxbiri Zülfiyyə Quliyeva Şaxta babanın varlığına uşaq yaşlarında inandığını söylədi: “Əvvəllər inanırdım ki, hər yeni ildə Şaxta baba gəlir və hədiyyələri ilə uşaqlara sevinc bəxş edir. Mənim uşaqlığım Şəkidə keçdiyindən orda hər Yeni ildə qar yağırdı. Hər yer ağappaq və biz bu mənzərəni evdə isti sobanın yanında pəncərədən seyr edirdik. Pəncərədən yola baxırdıq ki, görək Şaxta baba nə vaxt gələcək. Atam o vaxt bizə dəmir qutularda- dadı indiyədək damağımızdan getməyən “mampası” konfetləri alıb gətirirdi. Bizə deyirdi ki, bu konfetləri Şaxta baba alıb sizə göndərib. Bizdə Yeni il çox qəşəng keçirdi. Yeni il gecəsi atamın aldığı fişəngləri atırdıq. Təsəvvür edin ki hər yer ağappaq göydə fişənglər partlayır. Məhəllədə böyük yolka qurulub qonşuların böyük qızlarından və oğlanlarından da biri Şaxta baba, bir də Qar qız olurdu. Bir sözlə, Yeni ili böyük ruh yüksəkliyi ilə qarşılayırdıq. Bayram abı-havası bir neçə gün davam edirdi. Qarda dağa çıxıb xizəklə sürüşürdük, Şaxta baba da bizə qoşulurdu”.
Zülfiyə Quliyeva uşaq vaxtı Şaxta babadan içi dolu şirniyyat bağlaması gözlədiyini qeyd etdi: “İndi isə Şaxta baba real olsaydı, ondan arzusunda olduğum maşını istəyərdim. Sonra isə o maşına oturub hər yer ağappaq qarla örtülü bir dağ kəndinə yollanardım”.
Şaxta baba, kömək et!

“Vesti.az” saytının əməkdaşı Yeganə Rzaxanova uşaq yaşlarında hər il yolkanın ətrafında hədiyyələr qoyulduğunu, hədiyyələrin Şaxta baba tərəfindən gətirildiyini zənn etdiklərini söylədi: “Anam deyirdi ki, Şaxta baba bacadan gəldi və bu hədiyyəni sənin üçün qoyub uçaraq getdi. Çox istəyərdim ki, Şaxta baba gerçək olsun”.
Yeganə xanım Şaxta babadan özü üçün deyil, kimsəsiz qalan yetim bir uşaq üçün kömək istəyəcəyini dedi: “Qonşuluqda bir ailə var, uşaqları olmur. Onlar bu il uşaq evindən balaca bir qız götürüblər. Onların nəhayət övlad sahibi olduqları üçün çox sevinirdim. Onlar hər zaman zarafatyana deyirdilər ki, bu övladı bizə Şaxta baba hədiyyə gətirib. Sonra gördüm ki, onlar bu uşağa çox pis rəftar edirlər. Tez-tez onu döyürlər. Bir neçə dəfə onlara niyə belə hərəkət etdiklərini soruşmuşam. Ancaq bunu boyunlarına almırlar. Mənim Şaxta babadan arzum odur ki, o qızı xilas etsin. İmkanım olsaydı, o qızcığazı özüm onlardan alardım, təəssüflər olsun ki, bunun üçün kifayət qədər gücüm yoxdur. Şaxta baba, o qızcığaza kömək et”.
“Qafqazinfo” saytının əməkdaşı Könül İbrahimova Şaxta babanın varlığına inanmadığını dedi: “Ötən il Şaxta babaya məktub yazmışdım və arzum yerinə yetmədi, əvəzində daha gözəl hadisələr baş verdi. Mənim şəxsi Şaxta babam var. Artıq o, hədiyyələrimi mənə təqdim etməyə başlayıb, o baba mənə arzularımı da bu il ərzində reallaşdıracağına söz verib. Bu il özəl Şaxta babamdan ailəmə və sevdiklərimə can sağlığı və xoşbəxtlik arzulayacağam. Bütün arzularınızın reallaşmağı diləyi ilə Yeni iliniz mübarək!”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər