• şənbə, 20 Aprel, 11:38
  • Baku Bakı 14°C

Jurnalistlərin kredit dərdi

17.07.13 09:12 1864
Jurnalistlərin kredit dərdi
"Təxminən bir həftə bundan qabaq televizorda reklam olunan "Samsung” markalı kondisionerlərin qiyməti ilə maraqlanmaq qərarına gəldim. Bu məqsədlə "Baku Electronics” mağazalar şəbəkəsinin "Azadlıq” prospekti 116 ünvanındakı filialına getdim. Orada 839 manat nağd qiyməti olan kondisionerin kredit şərtlərini soruşdum. Bildirdilər ki, iş yerindən əmək haqqını və iş stajını göstərən arayış gətirsəm, ilkin ödəniş 94 manat, ayda 70 manatdan bir az artıq olmaqla bir illik kreditə həmin kondisioneri ala bilərəm. Səhəri gün arayışı gətirdim və kredit mütəxəssisi mənim jurnalist olduğumu və qəzetdə çalışdığımı öyrəndikdən sonra dedi ki, bu şərtlərlə sənə kredit verilə bilməz”. Bu hadisə elə öz əməkdaşlarımızdan birinin - Rufik İsmayılovun başına gəlib. Jurnalist "əgər mənə kredit verilməyəcəkdisə, o zaman bir gün əvvəl sizin işçilər nəyə görə deyiblər ki, olar?”- deyə maraqlandıqda bildirilib ki, onun hansı peşə sahibi olması, harada işləməsi əvvəlcədən bəlli olmayıb. Uzun müzakirələrdən sonra belə qənaətə gəlinib ki, o, məhsulun qiymətinin ən azı 10 faizi qismində, yəni minimum 168 manat ilkin ödəniş etməlidir. Yalnız bu ödənişi edəndən sonra aylıq 63 manat olmaqla 12 aylıq kreditlə kondisioneri ala bilər.
Jurnalistlərin kredit almaq və ya kreditə məişət əşyaları götürmələri ilə bağlı "ilkin ödənişsiz” və "yalnız şəxsiyyət vəsiqəsi ilə” deyə gecə-gündüz reklamını efirlərdən, metro qatarlarındakı monitorlardan və küçələrdəki bilbordlardan əsirgəməyən bankların və mağazaların yaratdığı əngəllərlə qarşılaşması nə birinci hadisədir, nə də sonuncu. Bir çox hallarda telefonla razılığa gəlib jurnalistlərə "gəl” desələr də yerdə heç nə asanlıqla həll olunmur.
Banklar kredit üçün müraciət edən jurnalistlərin qarşısına ilk növbədə «kreditin verilməsində əmək haqqı nəzərə alınacaq” tələbi qoyurlar. Digər suallar isə «başqa bankda kreditiniz varmı?” sualı olur. Bir neçə bu tip suallar çeşidlənəndən sonra üzə çıxan vəziyyəti isə banklarla yaratdığımız əlaqədən doğan cavablardan öyrənə biləcəksiniz.
Özəl təşkilatların problemi
Belə ki, Azərbaycan Beynəlxalq Bankından bildirdilər ki, onlar krediti yalnız əməkhaqqını Beynəlxalq Bankdan alan müştərilərə verirlər.
«Rabitəbank»ın mərkəzi ofisindən jurnalistlərin başqa bankda kredit borcu olmayacağı təqdirdə onlara kredit vermənin mümkün olduğu bildirildiyi halda bankın Əhmədli filialının kredit şöbəsinin Seymur adlı işçisi ümumiyyətlə, çalışdığı bankdan özəl təşkilatlarda çalışan jurnalistlərə kredit verilmədiyini söylədi: «Bir çox qəzetlər özəl olduğu üçün biz orda çalışanlara kredit vermirik. Yalnız nüfuzlu özəl təşkilatlara və dövlət müəssisələrinə kredit veririk».
Azərbaycan Kredit Bankının kredit şöbəsinin əməkdaşı Azər müəllim iş təcrübəsi, əmək haqqı və s. ilə bağlı suallara cavab aldıqdan sonra məsələn, jurnalistin aldığı 400 AZN müqabilində bu əmək haqqının 3 misli miqdarında kredit verdiklərini bildirdi. Yəni jurnalist həmin bankdan yalnız 1200-1500 civarında kredit götürə bilər: «Bundan artıq bank kredit verə bilməz». Bank əməkdaşı həmçinin jurnalistin çalışdığı özəl təşkilatın fəaliyyətini araşdırdıqdan sonra kredit vermənin mümkün olduğunu da vurğuladı.
«Unibank»ın jurnalistlər qarşısında qoyduğu tələb də oxşardır: «Əvvəllər kreditləriniz olmayıbsa, iş yerindən arayış, şəxsiyyət vəsiqəsi gətirməklə, əgər kreditiniz olubsa yalnız şəxsiyyət vəsiqəsilə kredit götürə bilərsiniz. Kredit maksimum 48 ay müddətinə verilir”. Bank əməkdaşı həmçinin jurnalistin çalışdığı özəl təşkilatın kifayət qədər tanınmış müəssisə olmasının gərəkliliyini qeyd etdi.
«Bank of Baku»-nın Babək filialından isə jurnalistin Bakı şəhərində qeydiyyatının olacağı təqdirdə adına 1000 manata kimi kreditə baxıla biləcəyini bildirdi. "İlk dəfə üçün bundan artıq məbləğ olmayacaq. İşdən arayış gətirəcəyiniz təqdirdə bəlkə yenidən məsələyə baxıla bilər. Əgər jurnalistin əmək haqqı 400 AZN təşkil edirsə 2000 ABŞ dollarına kimi ala bilər».
«Əmrah Bank»-dan bildirdilər ki, iş yerindən arayış gətirilməsi şərti ilə bütün müştərilərə kredit verilir: «Arayışda əmək haqqı göstərilməlidir. Kreditin verilişində əmək haqqının məbləği nəzərə alınacaq. Normalda əmək haqının 6 misli miqdarında kredit götürülür. Həmçinin iş yeri nəzərə alınacaq. Bütün bunlardan sonra kredit mütəxəssisləri veriləcək məbləği hesablayıb deyəcəklər”. Demək olar ki, «StandartBank»dan da eyni cavabı aldıq: «Maksimum 2500-ə qədər kredit müraciətinizə baxıla bilər. İş yerindən arayış, şəxsiyyət vəsiqəsi və zamin lazımdır”.
Mərkəzi Bankın mətbuat xidmətinin əməkdaşı Ruslan Şükürov isə ümumiyyətlə, Mərkəzi Bankın bankların kredit siyasətinə qarışmadığını bildirdi: «Onlar bunu bank qanunvericiliyi əsasında həyata keçirirlər. Mərkəzi Bank onların bu işinə müdaxilə edə bilməz. Bu, bankların daxili prosedur qaydaları əsasında yerinə yetirilir”.
Etimadsızlıq
Məsələyə münasibət bildirən media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, banklar ən çox gəlir səviyyəsi yüksək olan müştərilərə kredit verirlər ki, sonra həmin ödəməni bərpa edə bilsinlər: "Jurnalistlər mahiyyət etibarilə ölkədə ən az əmək haqqı alan kateqoriyaya aiddir desəm, yanılmaram. Çünki jurnalistlərə güvən yoxdur, onların bir çox halda əmək müqavilələri olmur. Banklar da bu cür qeyri-sabit müştərilərlə işləməkdən boyun qaçırırlar. Ekspertin sözlərinə görə, jurnalistlərə ən yüksək səviyyədə etimad olmalıdır:
«Təəssüf ki, bizdəki reallıq dünyada mövcud olan sistemlərdən çox fərqlidir. Bizim banklarımız daha çox pul sahiblərinə etimad edirlər, nəinki yaxşı peşə sahibinə». Bankların xüsusən özəl təşkilatlarda çalışan jurnalistlərə göstərdikləri etimadsızlığa gəlincə, ekspert qeyd edib ki, özəl təşkilatlar işçiləri sistemli şəkildə saxlamırlar: «Bəzən onları kütləvi şəkildə işə qəbul edir, qısamüddətli müqavilələr bağlayır, sonra işdən çıxarırlar. Bu da bir tendensiyadır. Banklar hər zaman öz risklərini qiymətləndirmək məcburiyyətindədirlər. Düşünürəm ki, banklar dövlət müəssisələrinin və dövlət qəzetlərinin davamlılığına daha çox etibar edirlər. Fikirləşirlər ki, dövlət məmuru öz əməkdaşını yarı yolda buraxmaz, ona görə dövlət məsuliyyət daşıyar. Banklar özəl şəxslərə münasibətdə isə daha çox düşünürlər. Bu da medianın və ya özəl sektorun nə qədər zəif olması ilə bağlıdır”.
Ekspert hesab edir ki, əgər bizdə medianın özəl sektoru güclü olsaydı, böyük ehtimalla bu cür vəziyyət də yaranmazdı. Belə ki, problemin həlli yolu kimi məsələ ilə bağlı rəsmi qərarın olmasına ehtiyac var: "İpoteka kreditlərində bəlli kateqoriyanın qorunduğu kimi, jurnalistlərlə bağlı kreditləri də bu çərçivəyə salmaq olar. Konkret olaraq əmək müqaviləsi ilə fəaliyyət göstərən bütün jurnalistlər üçün mənzillə bağlı sosial ipoteka səviyyəsində tutulmalıdır. Əgər dövlətin dəstəkləyici proqramı, iqtisadi yöndə uzunmüddətli, az faizli kreditlərlə onların iqtisadi vəziyyətini yaxşılaşdırmağa yönəli fəaliyyətlərini inkişaf etdirmək üçün proqramlar olsa banklar təbii ki, qanunvericiliyin tələbinə uyğun olaraq avtomatik əməl edəcəklər. Hökumətin konkret proqramı olsa, düşünürəm k, bu, çıxış yolu ola bilər».
Bankların bəhanəsi
"Publika.az” saytının və "Gündəlik teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı hesab edir ki, Azərbaycan banklarında faizlərin fantastik dərəcədə olması, vətəndaşlardan həddən-ziyadə və lazımsız sənədlərin tələb edilməsi təkcə jurnalistlər üçün deyil, bütün ölkə vətəndaşları üçün problem yaradır:
"Bir banka müraciət edirsən ki, problemini həll etmək üçün müəyyən qədər vəsait götürəsən, adamın qarşısına o qədər bürokratik əngəllər çıxır ki, çaşıb qalırsan. Təsəvvür edin, 1000 manat və ya 5000 manat pul götürmək üçün gərək 8-10 idarənin qapısını döyüb bankın tələb etdiyi sənədləri alıb gətirməlisən. Təbii ki, bu, xoşagəlməz haldır. Biz sürətli bir dövrdə yaşayırıq. Hər şey o qədər sürətlə baş verir k, hətta, ölkədə məmur bürokratiyasının qarşısını almaq üçün dövlət səviyyəsində "ASAN” xidmət yaradılıbsa, bankların vətəndaşlar üçün bu cür problemlər və əngəllər yaratması xoşagələn deyil. Düşünürəm ki, banklar öz işlərində mütləq dönüş yaratmalıdırlar”. Konkret olaraq jurnalistlərin bankdan kredit götürərkən qarşılaşdıqları maneələrə gəlincə, baş redaktor bunun əsas səbəbini jurnalistlərin maaşlarının aşağı olması ilə əlaqələndirib: "Hazırda sosial ipoteka var. Gənclər üçün aşağı faizli ipoteka nəzərdə tutulur. Çox yaxşı olardı ki, banklar jurnalistlər üçün də aşağı faizli ipotekalar nəzərdə tutaydılar. Həm jurnalistlər onu asanca qaytarmaq imkanı qazanaydılar, üstəlik də maaşın azlığına fikir vermədən onlara kreditlər veriləydi. Çünki jurnalistlər iş yerlərindən təkcə maaş yox, həm də qonorar alırlar. Onlar aldıqları qonorarlar hesabına kreditləri vaxtında qaytara bilərlər. Əlbəttə, əgər faizlər aşağı olsa. Bunun üçün ilk növbədə bürokratik əngəllər aradan qalxmalıdır”. A.Camalqızı hesab edir ki, jurnalistlər problemin həlli üçün Mətbuat şurasından da kömək istəməlidirlər. Mətbuat Şurası da öz növbəsində bank rəhbərləri ilə görüşlər keçirməli, problemin aradan qaldırılması üçün bacardıqlarını etməlidir.
A.Camalqızı bankların xüsusən özəl təşkilatlarda çalışan jurnalistlərə kredit vermək istəməməsini bəhanə hesab edir:
«Tutaq ki, jurnalist dövlət müəssisəsində işləyir. Bəlkə 15 gündən sonra o, işdən azad olunacaq və ya öz ərizəsi ilə işdən gedəcək. Heç bir dövlət müəssisəsi həmin jurnalisti bankın kreditini qaytarana qədər işdə saxlayacağına təminat vermir: "Onun işində elə bir problem ortaya çıxa bilər ki, jurnalist işdən azad oluna bilər. Yəni bu, bankların bəhanəsidir. Jurnalistin dövlət müəssisəsində və ya özəl müəssisədə işləməsinin məsələyə heç bir aidiyyatı yoxdur. Əgər o, götürdüyü kreditə görə girov qoya bilirsə, bu, əlavə bir üstünlükdür. Və yaxud girovsuz götürürsə belə bank artıq onun harada işləməsi, aldığı əmək haqqı ilə bağlı məlumata malik olur. Buna görə də bank jurnalistə kredit verməlidir”.
Bank əməkdaşları ilə apardığımız söhbətlərdən və ekspertlərin fikirlərindən göründüyü kimi, jurnalistlərə qarşı böyük etimadsızlıq var. Heç kəs də əmək haqlarının qalxacağı təqdirdə (?! ) belə bankların qapılarını onların üzünə səxavətlə acacağına təminat vermir. Hələlik isə jurnalistlər çox məbləğli və az faizli kredit ümidi ilə özlərinə qarşı etimadın yaranacağı günü gözləyirlər...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər