AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Jurnalistlərin iş şəraiti mürəkkəbləşib

Jurnalistlərin iş şəraiti mürəkkəbləşib

Müsahibə
08 Fevral 2013, 13:59 1807
Martin Malliqan son 10 ildə Böyük Britaniyanın məşhur “Financial Times” qəzetində çalışır. O, həmçinin Tomson Fondunun ekspertidir. “British Council” və Paşa Bankın jurnalistlər üçün təşkil ediyi “Biznes jurnalistikası“ layihəsi çərçivəsində Bakıda olan Martin Malliqan “Kaspi”-nin suallarını cavablandırıb.

İkiqat iş

- Hazırda dünya jurnalistikasında hansı proseslır gedir?


- Problem ondan ibarətdir ki, dünyanın inkişaf etmiş və hətta inkişaf etməmiş ölkələrində yeni texnologiyalar, sosial media meydana gəlib. İnternet vasitəsi ilə xəbər yaymaq artdıqca jurnalistlərin həm iş tərzi, həm də iş həcmi dəyişib. Demək olar ki, onların işi 2-3 dəfə, hətta 4 dəfə artıb. Bir çox jurnalistlər bu yeni vəziyyətə uyğunlaşmalı olublar, onların xidmət etdiyi müəssisələr – xəbər agentlikləri, qəzetlərin daxili strukturu isə bu şəraitə kifayət qədər uyğunlaşmayıb. Ona görə də jurnalistlərin iş şəraiti mürəkkəbləşib.

- Yeni texnologiyaların vədi vardı ki, jurnalistlərin iş şəraitini yüngülləşdirəcək. Amma əksinə oldu...

- Düz deyirsiniz, əslində yeni texnologiyalar bizim həyatımızı yüngülləşdirməli idi. Ancaq bir çox sahələrdə yüngülləşdirməyin əvəzinə, hətta bir qədər də çətinləşdirib. Məsələn, qəzetlərin artıq internet səhifələri var. Amma onların işçiləri artırılmayıb. Baxmayaraq ki, bu yeni sahədir və orada çalışmaq üçün ayrıca işçi heyəti olmalıdır. Amma bunlar nəzərə alınmayıb. Şirkət öz xərclərini artırmamaq məqsədilə yeni işçilər götürmür. Demək, əvvəlki işçi heyətinin üzərinə ikiqat iş düşür.

- Proses hər yerdə eynidir?

-Öz təcrübəmdən və ayrı-ayrı ölkələrdə söhbətləşdiyim həmkarlarımın fikirlərinə əsasən deyə bilərəm ki, bu proses bütün dünyanı əhatə edir.

- Siz dünyanın çox ölkələrini gəzirsiniz. İdeal jurnalistika termini ilə qarşılaşmısınızmı?

- Yaxşı jurnalistlər bir çox ölkələrdə var. Eyni zamanda, deməliyəm ki, yaxşı jurnalistlər öz nailiyyətlərinə görə qurbanlar verməli olurlar. Müxtəlif ölkələrdə bu müxtəlif cür həyata keçirilir. Bəzi ölkələrdə həqiqəti cəsarətlə yazan jurnalist həyatını qurban verə bilər. Başqa bir ölkədə isə işini itirə bilər.

- Məsələn, sizin ölkədə jurnalistlər əsasən hansı “qurban”ları verməli olurlar?

- Bizim ölkədə nəticələr daha sivil qaydada həyata keçirilir. Məsələn, jurnalistin karyerasına ziyan dəyə bilər. O, işində yüksəlməkdən məhrum olar. Və ya hücuma məruz qala bilər. Həmçinin onu işdən azad edə bilərlər. Belə bir tendensiya da var ki, bəzi cəmiyyətlərdə jurnalistin söylədiyi hər hansı fikirlər, faktlar hücuma məruz qalmır, sadəcə, o jurnalist özü diqqətsiz qalır, onun fikrinə əhəmiyyət verən olmur. Bu, əslində jurnalist üçün cəza və fəlakətdir.

Nə qorxu, nə də güzəşt

- Bu gün jurnalistikada etik qaydalardan danışmaq qəribə səslənmirmi?


- Əgər siz deyən kimi jurnalistikada etik qaydalardan danışmaq gərək deyilsə, demək o vaxt gəlib çatıb ki, bütün yaxşı insanlar bu ixtisası qoyub getməlidir. Mənim ixtisasım biznes jurnalistikasıdır. Bizim düşüncəmizə görə, jurnalist bu korparativ aləmin şüuru olmalıdır. Jurnalistin rolu və mövqeyi çox yüksəkdir.

- Sizə elə gəlmirmi, vətəndaş jurnalistikası, sosial media bir çox dəyərləri tapdalayır?

- Biz dəyərlərin itməsindən deyil, jurnalistika standartlarının itgisindən danışa bilərik. Jurnalistika elə bir ixtisasdır ki, jurnalistin təcrübəsi onun yaşadığı həyat nəticəsində qazandığı vərdişlər toplusudur. O, bunu illərlə yığır. Bu təcrübəni blog yazanlar və ya sosial mediada öz fikrini bildirən, kiçik məqalə yazanlar qazana bilmirlər. Cəmiyyətə jurnalist peşəsi lazımdır. Cəmiyyətin buna ehtiyacı var. Çünki cəmiyyətin sosial durumunu məhz jurnalist təhlil edərək işıqlandırır. Bu peşədə parlamaq imkanı var və bir çox insanlar seçilmək istəyir, ona görə də bu peşəyə can atırlar. Ola bilsin ki, sosial mediada hansısa kəskin sözləri demək istəyən insanlar fərqlənmək istəyirlər. Jurnalist sadə insan deyil. Necə ki, biz bu sözləri cərrahlar haqqında deyirik. Bazası, dünyagörüşü olmayan şəxslər jurnalist adını qazana bilməyəcəklər. Baxmayaraq ki, onlar sosial mediada jurnalist rolunu oynamağa çalışırlar. Hər adam özünü peşəkar jurnalist kimi təqdim edərək jurnalistin üzərinə düşən yükü daşıya bilməz. Jurnalistin üzərinə bir şox vəzifələr düşür: hər şeydən əvvəl cəmiyyətin şüurunu, baxışlarını formalaşdırmaq. Bunu da hər adam düzgün edə bilməz.

- Elə isə çalışdığınız qəzetin timsalında necə deyərsiniz: siz cəmiyyətə statistik rəqəmlər, faktlarla dolu yazılardan başqa daha nə verirsiniz?

- İnsanlar həyatlarının müxtəlif sahələri ilə bağlı bizdən etibarlı məlumat gözləyir. Təqaüdlər, ölkədəki vəziyyət, gələcəyə baxış və s. təhlilləri onlar bizdən gözləyir. Beynəlxalq qəzet olduğumuza görə bütün dünyada olan durumu işıqlandırırıq. Dünyada baş verənlərlə maraqlanmaq üçün biz yaxşı məlumat mənbəyiyik. Müxtəlif ölkələrin vəziyyəti ilə bağlı – harasa köçmək, sərmayə qoymaq üçün insanlar bizə müraciət edirlər. Bu qəzet müxtəlif cəmiyyətlərdə qərar verən insanların masasına qoyulur.

Qəzet canlı bir varlıq kimi yaşayır. Onun da insanlar kimi düşüncəsi var. Biz insanların davranışına görə onlara qiymət veririk. Qəzetlərin isə əli-qolu olmasa da onun düşüncəsi davranışına bərabərdir. Qəzetə qiymət onun düşüncəsinə görə verilir. Bizim qəzetimizin şüarı “Nə qorxu, nə də güzəşt”dir.

İkinci həyat

- Qəzetlərin online versiyası çap mediasının real alıcısını bazarda azaldırmı?

- Dəyişikliklər tendensiyasına əsaslanaraq belə proqnozlar edə bilərik ki, qəzetlərin oxucuları azalacaq. Abunəçilərin və kağız formasında qəzet oxuyanların sayında enmə müşahidə olunacaq. Bunlar hələ ki, proqnozlardır. Bu vaxta qədər bu, baş verməyib. Amma biz buna əminik ki, olacaq. Artıq bu proses ABŞ-da baş verib, 5-10 faiz azalma müşahidə olunur. Böyük Britaniyaya hələ o dərəcədə təsir etməyib. Bəzi çətinliklər yaşanır, amma rəqəmlərdə bu özünü əks etdirməyib.

Qəzetlər üçün belə bir anlayış var: ikinci həyat. Bəzən olur ki, bir qəzet bir ölkədə inkişaf edir, sonra öz bazarını itirir və sıradan çıxır, amma başqa ölkədə özü üçün oxucular tapır, yenidən həyata qayıdır. Çində heç kəsin gözləmədiyi halda jurnalların satışı 15 faiz canlanıb. Onlara daha çox reklam qoyulur, təlabat da artıb. Bu, elə bil Çində qəzet bazarının ikinci həyatına başlanğıc olub.

- Bəs “online medianın çap mediasını tamamilə sıradan çıxaracağı” fikirlərinə necə baxırsınız?

- Bu tendensiyanın iki məqamı var: onlardan biri məni narahat edir, digəri isə ruhlandırır. Narahatedici məqam odur ki, kağız formasında qəzet oxuyanların sayı getdikcə azalır. Məsələn, mənim oğlum heç vaxt qəzet almır və oxumur, baxmayaraq ki, onun atası uzun illərdir bu sahədə çalışır. Həvəsləndirici məqam odur ki, cəmiyyətin oxucu kütləsinin keyfiyyəti artır. Yəni, əvvəllər qəzet oxumağı sevməyənlər qəzeti alıb hansısa başlığa görə oxuyurdular. Hazırda oxuyanlar - əsil həvəskarlar, bu peşəni anlayan və dəyər verən insanlardır. Əvvəllər insanlar qəzetlərə müraciət edərkən xəbərləri, o cümlədən şərhləri, analizləri öyrənmək istəyirdilər. İndi internet mövcud olduğuna görə artıq dünyanın hər hansı nöqtəsində baş verən bir hadisəni oxumaq olar. İnternetdə vaxt söhbəti yığışdırılır və real zamanda bütün hadisələr haqqında xəbər almaq olur. Qəzet bu baxımdan internetlə rəqabət apara bilməz. Lakin internet vasitəsilə qloballaşdırma elə bir vəziyyətə gətirəcək ki, qəzetlərin məzmunu dəyişəcək. Artıq qəzetlər təkcə xəbərləri dərc etməyəcək, həm də onları təhlil edəcək, peşəkar jurnalistlər tərəfindən məqalələrin yazılmasını təmin edəcək...

Maddi baxımdan xoşbəxtlik

- Telekanalların işi də mənə maraqlıdır. Böyük Britaniyada telekanallar əsasən insanlara hansı məzmunlu verilişlər təqdim edir? Auditoriyanın tələbi nədir?


- Hazırda Böyük Britaniyada seçim o qədər çoxdur ki, hansı kanalın nə təklif etdiyini demək və müəyyənləşdirmək çətindir. Televiziya xidməti artıq seyrçinin tələblərindən asılıdır. İnsanlar necə məzmun almaq istəyirlərsə, onu da əldə edirlər. Bir çox kanallar insanların maraqlarına yönəlib və onların zövqlərinə uyğun məzmun təqdim edir. Ciddi proqramlara ehtiyacı olan insanlar yüksək keyfiyyətli kanallara müraciət edə bilər. Təbii ki, bütün insanlar həmin ciddi kanallarla vaxtlarını keçirmirlər. Ona görə əyləncə, idman, şou və s. proqramlar təklif edən kanallar da çoxdur. Hər zövqə uyğun seçim var. Bir istiqamətdə işləyən telekanal yoxdur. Bizdə “Eye player” kanalı var ki, əgər seyrçilər oradakı hər hansı proqramı izləyə bilməyiblərsə, yeni texnologiyalar- telefonlar, planşetlər, tablar və s. vasitəsilə istədikləri vaxt həmin verilişi izləyə bilərlər.

- İnternet televiziyaları barədə fikirlərinizi bilmək də maraqlı olar...

- Mən bu sahədə çalışmadığım üçün bu suala cavab verməkdə çətinlik çəkirəm. Əgər çalışsaydım belə, cavab verə bilməzdim. Çünki bu sualın cavabı heç kimə məlum deyil. Elə bil biz qatarların keçmişdə yeni icad olunduğu vaxtlarda insanlardan soruşuruq ki, bu qatarlar bizim həyatımızda hansı rolu oynayacaq. Məlumdur ki, müəyyən müddət üçün onların rolu artacaq, sonra isə azalacaq. Eyni ilə internet teleiziyası kimi.

- Sonuncu sualım. Bir sıra ölkələrin jurnalistləri Qərb ölkələrinin, o cümlədən, sizin ölkənin jurnalistlərinə xoşbəxt insanlar kimi baxırlar. Bu fikirlər maddi və sosial vəziyyətlə bağlıdır, yoxsa sərbəstliklə?

- Maddi baxımdan ən çox mükafatlandırılan Hollivud jurnalistləridir. Onlardan sonra ən çox qazananlar biznes jurnalistikası sahəsində çalışanlardaır. ABŞ-da və bizim ölkədə bu belədir. Bəli, maddi baxımdan biz xoşbəxtik. Amma mən deməzdim ki, biznes jurnalisti olmaq, ABŞ-da və ya Böyük Britaniyada yaşayaraq yaxşı maaş almaq xoşbəxtlik deməkdir. Yaxşı insan üçün daha çox mənalı həyat lazımdır. Mənim düşüncəmdə, jurnalist bu peşəyə karyera və pula görə gəlməməlidir. Yaxşı pul qazanmaq üçün jurnalistikaya yox, biznes aləminə qoşulmaq lazımdır. Əgər dünyanı dəyişmək istəyirsinizsə, onda jurnalistikaya qoşulun.

Təranə Məhərrəmova