• cümə, 29 Mart, 04:44
  • Baku Bakı 7°C

Jurnalistlərin ezop dilində yazdığı dövrdən 15 il keçir

06.08.13 08:27 1302
Jurnalistlərin ezop dilində yazdığı dövrdən 15 il keçir
15 il bundan əvvələ kimi axşam saat 20:00 radələrində bütün qəzetlər hazır səhifələrini “Qlavlit” adlanan idarəyə aparırdılar. Səhifələri “Qlavlit”ə aparan adam ürəyi əsə-əsə gözləyirdi ki, görəsən, hansı yazını, ya da yazıların hansı hissəsini səhifədən çıxaracaqlar. Bu idarədə senzorlar səhifələri oxuyub “zərərli bir şey” tapmadıqları təqdirdə, səhifələri möhürləyirdilər. Yalnız bundan sonra qəzet çapa gedə bilərdi. Buna görə də o dövrdə çıxan qəzetlərin bəzi səhifələri tamamilə ağ çap edilir, yaxud yazıda hansısa abzasın yeri ağ çıxırdı. Həmin hissələr senzorun “qayçıladığı” hissələr olurdu. Amma 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edilir. Artıq səhifələr hazır olanda qəzet əməkdaşları “Qlavlit”ə deyil, mətbəəyə üz tuturlar. Senzuranın ləğvinin mətbuatımızın inkişafında rolu barədə o dövrlərin şahidi olan media ekspertləri ilə söhbətləşdik.
“Qlavlit”in rəisi ilə o qədər mübahisə etmişəm ki…
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Qlavlit”də keçirdiyi günləri çox gözəl xatırladığını dedi: “Qəzetləri sözügedən idarəyə aparırdıq, oxuyurdular və nəsə çıxardırdılar. “Qlavlit”in rəisi Cahangir İldırımzadə ilə o qədər mübahisələr etmişəm, çəkişmələrimiz olub ki…”.
A.Aşırlının sözlərinə görə, senzura yaradıcılıq imkanlarını məhdudlaşdırırdı: “Senzura söz azadlığına, fikir azadlığına imkan yaratmırdı, jurnalistlər ezop dilində yazmağa məcbur idi, bəzi fikirləri sətiraltı ifadələrlə cəmiyyətə çatdırmağa çalışırdılar. Nəticədə oxucu bəzən bizim nə demək istədiyimizi anlaya bilmirdi. Səhifələrdə senzorun çıxardığı yazıların yeri ağ çıxırdı, bəzən hətta bir səhifəni ağ buraxmaq məcburiyyətində qalırdıq. Bunun yaradıcılıq tərəflərindən başqa, texnoloji tərəfləri də var idi. Düşünürdük ki, necə edək ki, ağ qalan yerləri doldura bilək. “Kəsilən” yerlərə bəzən həcm o qədər kiçik olurdu ki, şəkil, illüstrasiya da yerləşdirmək mümkün deyildi. Bəzən naxışlardan istifadə edirdik. Çox çətin bir dövr idi”.
Heydər Əliyevin iradəsinə bağlı məsələ
A.Aşırlı senzuranın ləğvinin Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatına tətbiqi üçün geniş imkanlar yaratdığını dedi: “Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncam tarixi bir qərar idi və bu qərar Azərbaycanın müstəqillik tarixinə, Azərbaycan mətbuatının müstəqilliyinə çox böyük töhfələr verdi. Bu, mətbuat tariximiz üçün böyük bir mərhələdir. Demokratiyanın atributlarından biri mətbuatın azad fəaliyyət göstərməsidir. İndiki kimi xatırlayıram, çox gərgin şəraitdə qəzet buraxırdıq. Hələ 90-cı illərdə hərbi senzura var idi, fövqəladə vəziyyət elan edilmişdi, Bakı komendatından gərək qəzetlərin çapına razılıq alınaydı. Siyasi senzura ilə yanaşı, hərbi senzura da mövcud idi. 1992-ci ildə senzura ləğv olunsa da, AXC hakimiyyəti dönəmində senzura ölkədəki gərgin vəziyyətə, müharibə şəraitinə görə may ayında yenidən bərpa olundu”.
Baş redaktor bildirdi ki, 1998-ci ildə Heydər Əliyevin verdiyi qərar Azərbaycan jurnalistika tarixində verilmiş ən böyük qərarlardan biri idi: “Əslində 1997-ci illərin sonlarında, senzuranın ləğvinə qədər bir yumuşalma var idi, hiss edirdik ki, senzura həmin senzura deyil. Bu da Heydər Əliyevin iradəsinə bağlı bir məsələ idi”.
“Bəzi jurnalistlər çaşdı”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin fikrincə, Azərbaycanda senzuranın rəsmən ləğv edilməsi medianın həyatında yeni dönəmin başlanğıcı oldu: “Yəni artıq media üzərindəki bütün məsuliyyət onların sahiblərinin, yazarlarının üzərinə düşdü. Bu isə jurnalistlərimizin bir qismini bir qədər çaşbaş saldı. Çünki sovetlər sonrası müstəqil medianın cəmi 9 yaşı vardı və belə bir şəraitdə jurnalistlərin heç də hamısı özünütənzimləmə üçün hazır deyildi. Nəticə də o oldu ki, bəzi həmkarlarımız medianın etik çərçivəsini aşdılar, bəziləri məsuliyyətsizliyə yol verməyə başladılar, bəziləri də yaranan imkandan sui-istifadə etdilər. Bununla belə jurnalist cameəsi özünütənzimləmə üçün axtarışlar apardı və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasını qurmaqla senzurasızlıq dövrünün ortaya çıxardığı problemləri məhkəmədənkənar yolla həll etməyə başladı”.
A.Həsrət bildirdi ki, senzuranın ləğvindən sonra keçən dövrdə artıq medianın məsuliyyəti artıb, jurnalistlərin peşəkarlığı yüksəlib və bunların üzərinə bir də Azərbaycan dövlətinin yüksək səviyyəli qayğısı əlavə edilib: “Yəni durum hazırda ürəkaçan və əlverişlidir. Bu isə ölkədə azad medianın fəaliyyəti üçün arzu olunan bir şəraitdən xəbər verir”.
Yazılara subyektiv yanaşma vardı
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli o dövrdə senzuranın verdiyi ağrıları yaşayanlaradn biri olduğunu dedi: “Prinsip etibarı ilə senzuralıq olmayan yazıları belə səhifələrdən çıxarmaq məcburiyyətində qalırdıq. Ümumiyyətlə, yazılara fərdi, subyektiv yanaşma var idi. Senzor öz dövrünün subyektiv mülahizələrinə görə istənilən yazını səhifədən çıxara bilərdi. O dövrdə indiki kompyüter texnologiyaları yox idi və qısa müddət ərzində səhifəni hazırlayaraq plyonkaya vermək və çapa göndərmək imkanları yox idi. Bu baxımdan, bəzən səhifələr ağ çıxırdı, yaxud imçkan daxilində ağ yerlərə fotoşəkillər verməli olurduq”.
Baş redaktorun fikrincə, senzuranın ləğvi Azərbaycan mətbuatını təkcə bu problemlərdən xilas etmədi, bütövlükdə media üçün bütün istiqamətlərdə yaşıl işıq yandırdı və müstəqil medianın inkişafı məhz həmin dövrdən başladı.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər