• cümə, 29 Mart, 17:50
  • Baku Bakı 14°C

“Jurnalistlərin binası”nda səyyar qeydiyyat xidməti göstərilib

02.10.19 14:21 602
“Jurnalistlərin binası”nda səyyar qeydiyyat xidməti göstərilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər sürətlə davam edir. Xidməti vətəndaşın ünvanında göstərən komitə Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair elektron çıxarış hazırlayır.
AZƏRTACxəbər verir ki, bununla bağlı komitə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələrinin iştirakı ilə oktyabrın 2-də həmin binada səyyar qeydiyyat xidməti göstərərək media nümayəndələrindən əmlaklarına dair ilkin sənədləri toplayıb. Bütün bu işlər Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası çərçivəsində reallaşdırılır.
"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində jurnalistlər üçün inşa edilən binanın həyətindəcə sakinlərdən ilkin sənədlər toplanıb. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim etdilər. Dövlət tərəfindən media işçilərinə göstərilən bu qayğı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşmasına, onların mülkiyyət hüquqlarının təmin olunmasına istiqamətlənib.
Eyni zamanda, bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron Hökumət portalındakı kabinetinə yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.
Jurnalistlər üçün tikilən binalarla yanaşı, digər istismarına icazə verilən binalardakı mənzillərin də elektron çıxarışla təmin olunması həyata keçirilir. Komitə MTK-ları və vətəndaşları bu prosesdə fəal olmağa çağırır. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Bundan başqa, prosesin daha intensiv aparılması üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar keçirilir. Hər həftə Bakının müxtəlif rayonlarında olan belə binaların həyətlərində, vətəndaşların ünvanlarında səyyar qeydiyyat xidməti göstərilir. Sakinlər ilkin sənədlərini mobil ofislərə təqdim edirlər. Növbəti kampaniya oktyabrın 2-də Bakının Nəsimi rayonunda, oktyabrın 3-də və 4-də isə Nərimanov rayonunda keçiriləcək.
Belə kampaniyaların keçirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, vətəndaş-məmur ünsiyyətinin azaldılmasına, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasına imkan verir. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.
banner

Oxşar Xəbərlər