• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

Jurnalistlərə “sarı kart“ların verilməməsinin səbəbi açıqlandı

19.09.14 19:25 1226
Jurnalistlərə “sarı kart“ların verilməməsinin səbəbi açıqlandı
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda jurnalistlərə dünya ölkələrində qəbul edilən, jurnalistlər üçün bir sıra güzəştləri (xaricdə muzeylərə pulsuz giriş, xaricdə və ölkə daxilində nəqliyyatdan güzəştli istifadə, kitabxanalara daxil olma və s.) nəzərdə tutan “sarı kart”ların verilməməsinin səbəbini açıqlayıb.
Ə.Amaşov APA-ya açıqlamasında Azərbaycanda “sarı kart”ın tətbiq olunmamasından təəssüfləndiyini deyib.
Ə.Amaşov bildirib ki, bunun bir səbəbi indiyədək Azərbaycanda jurnalistlərin dəqiq sayının müəyyən edilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, jurnalistin hansı redaksiyada işləməsi, o cümlədən əmək müqavilələri ilə bağlı problemlər olub: “Bunlar redaksiyadaxili məsələlərdir. Jurnalistlərin işlədiyi media orqanlarında əmək müqaviləsi bağlanmır, əksəriyyəti qeyri-rəsmi işləyir, əməkhaqqı verilərkən müəyyən siyahılardan istifadə edilir. Bütün bunlar Azərbaycanda xidməti olan jurnalistlərin dəqiq siyahıyaalınma prosesini çətinləşdirir”.
Mətbuat Şurasının yaranan gündən bu problemin həllinə çalışdığını söyləyən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası bu prosesi iki mərhələdə həyata keçirməyi planlaşdırırdı: “Birinci mərhələdə Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin Mətbuat Şurasının kartları ilə təmin edilməsini həyata keçirməyi zəruri saydıq. Bu, ölkədaxili kartlar idi. O adamlar Mətbuat Şurasının verdiyi kartları ala bilərdilər ki, redaksiyalarda onlarla Əmək Məcəlləsinin tələblərinə uyğun əmək müqaviləsi bağlansın. Yəni sabah onların hüquqları pozularkən Mətbuat Şurası bilsin ki, həmin jurnalisti hansı redaksiyada rəsmi olaraq işləyir. Eyni zamanda sabah jurnalistlər öz hüquqlarını müdafiə edərkən bilsinlər ki, həqiqətən, rəsmən o KİV-də işləyirlər. Sonrakı mərhələ isə dünyada tanınan “sarı kart”larla bağlı idi. Ancaq hazırda biz bunu edə bilməmişik. Çünki birinci mərhələ başa çatmayıb, Azərbaycanda redaksiyaların xeyli hissəsində hələ bu vaxta qədər də jurnalistlər Əmək Məcəlləsində nəzərdə tutulan müqavilə ilə işləmir. Biz düşünürük ki, bu problemin həlli üçün redaksiyaların özlərində həmkarlar təşkilatları yaranmalı və Azərbaycan jurnalistlərinin vahid həmkarlar təşkilatı olmalıdır. Ondan sonra həmkarlar təşkilatlarının da köməyi ilə jurnalistlərlə redaksiyalar arasında münasibətlərin tənzimlənməsi, əmək müqavilələrinin bağlanması mümkün ola biləcək ”.
Ə.Amaşov qeyd edib ki, məhz əmək müqavilələrinin hələ də bağlanmaması, bəzi məqamlarda isə bağlanan əmək müqavilələrinin Əmək Məcəlləsinə uyğun olmaması Mətbuat Şurasının “sarı kart”larla bağlı məsələni həll etməsinə imkan vermir: “Hələlik bu da Azərbaycanda jurnalistlərin “sarı kart”larla təmin edilməsi proqnozlaşdırılmır”.
banner

Oxşar Xəbərlər