Jurnalistlər papaq atdılar, sovqat istədilər - Fotolar
Novruz xalqımızın ən sevimli, təntənəli şəkildə keçirdiyi bayramıdır.
Əslində, Novruzu maraqlı edən lap qədimdən tarixin süzgəcindən keçib bu
dövrümüzə qədər gələn adət-ənənələridir. Təbii ki, hamısına əməl etməsək də,
bəzi adətlər hələ də aktuallığını qoruyub saxlayır. Qulaq falına çıxmaq, tonqal
üzərindən tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, papaq atmaq, üzük
falına baxmaq, süfrədə şam yandırmaq, küsülüləri barışdırmaq, qonaq getmək və.
s bu kimi adətlərdəndir. Bütün bu sadalananların da hər birinin xüsusi məna
yükü var. Amma bunlar içərisində uşaqların ən çox sevdiyi adət papaq atmaqdır.
Əslində, nə yalan deyim, elə mən də Novruz bayramının papaq atmaq adətini çox
sevirəm və bunun yaşadılmasının tərəfdarıyam. Novruzda papaq atmaq nemətlərin
paylaşılması üçün ən gözəl fürsətdir. Hər kəsin evində Novruzun bütün
naz-nemətlərindən olmur. Amma bu ənənə ilə hamı evində olanını qonşusu ilə
bölüşür və ən əsası da, kimin kimə nə verdiyini heç kim görmür.
Biz də "Novruz yazıları” ənənəmizi davam etdirərək,
media işçiləri arasında sorğu keçirdik. Həmkarlarımızdan soruşduq ki, hansı
kütləvi informasiya vasitəsinə papaq atmaq və papaqlarına nə qoyulmasını istəyərlər?
"ARB24”-ün aparıcısı Rəhman Rəsulov deyir
ki, radioda işlədiyi vaxtlar üçün çox darıxıb, ona görə, əvvəlki iş yerlərinə
papaq atmaq istəyir: " Mən əvvəllər çalışdığım
100.5 fm və "Xəzər” radiosuna papaq atıb, radio ilə bağlı hər hansısa bir
hədiyyəni götürmək istəyirəm. Çünki radio üçün çox darıxmışam. Novruz
sovqatlarını onsuz da yeni iş yerim "ARB24”də də dadıram”.
Mətbuat.az saytının jurnalisti
Günay Elşadqızı isə həyat
yoldaşının çalışdığı redaksiyaya papaq atmaq istədiyini deyir: "Papağı
yoldaşımın çalışdığı "Sim-sim.az” saytınına atardım. Papağıma "poverbank” qoyulmasını
istəyərdim (gülür). Çünki "poverbank”ım
xarab olub”.
Sputnik.az saytının müxbiri Təranə
Xudabaxşıyeva ilə söhbət zamanı bəlli oldu
ki, xanım həmkarımız bir yox, bir neçə media qurumuna papaq atmağı düşünür: "Əslində,
bir neçə media qurumuna papaq atıb onların hərəsindən bir nemət götürüb böyük
bir xonça düzəltmək istərdim. Sonra da həmin xonçanı həmkarlarımla birlikdə
yeyərdik (gülür). Konkret adlara gəlincə isə "Report.az”, "Antenn fm”, ONA,
ARB24 kimi media orqanlarına papaq atmağı düşünürəm”.
Publika.az saytının əməkdaşı
Sevinc Xanqızı bu sualımız
haqqında heç düşünmədiyini deyir: "O qədər maraqlı sualdır ki, düzü, bu barədə
heç vaxt düşünməmişdim. Sayənizdə bütün dost saytlara səslənirəm ki, fərz edin,
papaq atmışam, mənə paxlava yollayın. Çünki Novruz mənim bayramımdır, bahar
uşağıyam. Açığı, cəmi 3 papağım qalıb, hamısını itirmişəm (gülür). Birini "Asan
radioya”, digərini ARB-nin "Faydalı saat" verilişinə, sonuncunu isə
mənim üçün doğma olan keçmiş iş yerim TRT-nin Bakı ofisinə atardım. "Asan radio”da
Emin Musəvi, Kəmalə Onur, Ruslan Zeynal kimi dostlar var, özləri yaxşı bilir,
papağı necə yola salırlar. "Faydalı saat" kollektivinin mətbəxi onsuz
da boldur, yəqin papaq yerinə çuval atmaq lazım olacaq”.
"Report.az” saytının müxbiri Səid
Qərib isə sualımıza bir az fərqli cavab
verdi: "Açığı, hansısa KİV-ə papaq atmaq fikrim yoxdur. Amma belə məcburiyyətdə
qalsaydım, adını çəkmək istəmədiyim bir sayt var ki, onun redaksiyasına
qətiyyən papaq atmazdım. Çünki gün ərzində o qədər digər mətbuat orqanlarının
istehsal etdiyi xəbərləri oğurlayırlar ki, atacağım papağın özünü də oğurlayacaqlarından
qorxuram” (gülür).
"Antenn 101fm” radiosunun
aparıcısı Əzizə İsmayılova isə Novruz
adətinə uyğun olaraq, 7 media qurumuna papaq atmaq istəyir: "Əvvəlcə, fürsətdən
istifadə edib "Kaspi" kollektivi başda olmaqla bütün media əhlinin
Novruz bayramını ürəkdən təbrik edirəm. Papaq atmağa gəlincə, atacağamsa,
mütləq Novruz adətinə uyğun 7 qapıya atardım.
Yeni yaranan "ONA”dan başlayıb, keçərdim "Report”az-a, oradan
"Modern.az”-a, yolüstü "FED.az”-a, 106.3 və "ASAN radio”ya, ən sonda isə AzTV-yə
papaq atardım. Papaqda nə olacağına isə "dost payı şirin olar, hər nə olsa
razıyam" prinsipi ilə yanaşardım.
"Sputnik Azərbaycan”ın radio
bölməsinin müxbiri Elvin Səlimov bizim ən fəal oxucularımızdan imiş: "”Kaspi” qəzetinə papaq atmaq
istərdim, papağıma da qəzetin ömürlük abunə kartı qoyulsa, əla olardı. Qəzetin
hər həftənin 5-ci günü nəşr olunan "Gənclik əlavəsi”ni sevə-sevə oxuyuram.
Oradakı yazılar məni motivasiya edir. Baxın görün, nə edirsiniz (gülür)”.
"Aznews.az” saytının əməkdaşı
Nigar Cəfər isə papaq atacağı saytdan
qulaqcıq istədiyini deyir: "Novruz bayramında papaq atmaq istədiyim redaksiya
"Yeniçağ.az” saytının redaksiyasıdır. Saytın baş redaktoru Aqil bəyin də mənim
kimi yeməkləri sevdiyini bildiyim üçün düşünürəm ki, papağa dadlı nemətlər
qoyar. Bir də papağımın içinə bir ədəd qulaqcıq qoysa, əla olar. Çünki
bayramqabağı yenə qulaqcığım qırılıb”.
"Cebhe.info”nun jurnalisti Hicranə
İsmayılova isə düzgün, qərəzsiz xəbər
axtarışına çıxıb: "Uşaqlıqdan indiyədək bəlkə də cəmi 5 dəfə papaq atmamışam.
Ancaq bu adət Novruz bayramının yaraşığıdır və insanların bir-birinə gizli şəkildə
yardımıdır. Əvvəlki qədər də olmasa, bu adətimizi hələ də yaşadan uşaqlar və
böyüklər var. Media qurumları arasında isə fərq qoymaq istəməzdim. Düzgün,
qərəzsiz xəbərlərlə çıxış edən qurumların hamısına baş çəkmək istəyərdim.
Hədiyyə olaraq isə hərəsi bircə, özəl xəbər pay versələr, şad olardım. Media
işçisi olaraq mənim üçün özəl xəbərdən, hadisədən başqa önəmli pay ola bilməz.
Fürsət düşmüşkən, sizin vəsilənizlə bütün media işçilərini Novruz bayramı
münasibətilə təbrik edirəm”.
"Mümkündürsə, hər redaksiyadan papağıma 10 manat qoysunlar” deyən isə
"Axar.az”ın əməkdaşı Billurə Yunusdur:
" Qonşu saytlarımız olan "Publika.az” və "Teleqraf.com”-a papaq atardım. Mümkündürsə, hər redaksiyadan 10
manat qoysaydılar əla olardı, 15 də ola bilər (gülür). Zarafat bir kənara, papağa nə qoysalar
qəbulumdur. ARB24 telekanalına da papaq atmaq istərdim. Tələbə vaxtı orada
təcrübə keçmişəm. Həm də kollektivin əksəriyyəti mənə doğmadır. Onlardan isə
şəkərbura istəyirəm. Bir də AzTV-yə papaq atmağı düşünürəm. Səbəbini özüm də
bilmirəm. Bu televiziya mənə həmişə maraqlı gəlib”.
"Salamnews” saytının müxbiri Orxan
Kərimov deyir ki, papağa hər hansı bayram
sovqatı qoyulduqda, insanlarda xoş təəssürat yaradır: "Report.az”, "Asan
Radio”, "Azərtac”a papaq atardım. İstərdim ki, papağa Novruz adət-ənənələrinə
uyğun bayram sovqatları qoyulsun. Ümumiyyətlə, atılan papağa, hər hansı bayram
sovqatı qoyulduqda, insanda xoş təəssüratlar yaradır. Bütün jurnalistlərin
bayramını təbrik edirəm”.
"Mövqe.az” saytının jurnalisti Zülfiyyə Quluyevapapaq atmaq üçün televiziyalardan birini seçdi: "Novruz bayramının çox gözəl
adət-ənənələri var. Papaq atmaq da onlardan biridir. Yaxşı olardı ki, digər
ənənələri də belə yaşadaq. ATV-yə papaq atmaq istəyərdim. Çünki orada yaxın
dostlar çoxdur. Əminəm ki. papağımı layiqincə doldurub geri qaytararlar”.
"Aznews.az” saytının əməkdaşı Pərvanə
Ağazadə isə papağına zürafə
qoyulmasını istəyir: "Novruz bayramında ONA redaksiyasına papaq atmaq
istəyirəm. Redaktorlardan biri olan Gülşən Hacıyevanın papağımı doldurmasını
arzulayıram. Əminəm ki, o, ən sevdiyim heyvan olan zürafəni papağıma
yerləşdirməyi bacaracaq (gülür)”.
"Azvision.az” saytının jurnalisti
Elvin Əbdülqədirov sorğumuzu çox
bəyəndiyini, hətta, bunu video formatında işləyib hazırlamağımızı təklif etdi:
"Həqiqətən, maraqlı sorğudur. Hətta bunu reallaşdırmaq da olar. Fikrimcə,
mətbuat nümayəndələrindən "papaqatanlar dəstəsi” yaradıb, baş verənləri videoya
çəkib bu işi daha maraqlı etmək olar. Yəni sorğu olaraq qalmamalıdır. İmkan
olsa, bütün media qurumlarına papaq atardım. Amma daha çox "Trend” və "Report”
informasiya agentliklərinin qapısını
döyəcləmək istərdim. Papağa nə qoymalarına gəlincə, qoz və fındığı bol eləsələr
yaxşı olar”.
"Modern.az”
saytının müxbiri Aysel Aslan isə əvvəl
çalışdığı qəzetin redaksiyasına üz tutur: ”Novruz
bayramının ən çox sevdiyim adəti axır
çərşənbədə papaq atmaqdır. Amma düzünü deyim, redaksiyalardan hansına papaq ata
biləcəyimi indiyə qədər düşünməmişdim. Məncə, 3 əsrin qəzeti olduğuna görə,
"Kaspi”yə papaq atmaq daha bərəkətli olar Elə nə çıxsa, sizin papağınızdan
çıxar. Papaq atmaq istədiyim növbəti
redaksiya "Şərq” qəzetidir. Əvvəl
"Şərq”də çalışdığıma görə, bilirəm ki, Novruz çərşənbələrində, xüsusilə, axır
çərşənbədə redaksiyanın iş stolları çərəzlərlə bəzənir. İstərdim ki, "Şərq”in
əməkdaşları, xüsusilə Fazilə xanım və Məlahət xanım Novruz bayramında
redaksiyadakı bayram nemətlərindən papağıma yığsınlar”.
"Azadinform.az”
saytının əməkdaşı Aygün Nəbiyeva isə qonşu redaksiyaların qapısını döymək istədiyini deyir: "Əslində
özəlliklə papaq atmaq istədiyim redaksiya yoxdur. Amma əgər belə bir şey olsaydı,
birinə deyil, bir neçəsinə papaq atardım. Elə ən birinci də öz qonşularımız
"Kaspi" qəzetindən və "Aznews" saytından başlayardım.
Bayram payının nə olacağınız fərqi yoxdur. Amma sözün düzü, Novruz bayramında
bişirilən şirniyyatların görünüşü, səliqəsi diqqətimdə olub. Məsələn,
şəkərburanın üstünün bəzənməsi, paxlavanın kəsimi və bu kimi hallar. Əsas odur
ki, bayram hər bir ailəyə ruzi-bərəkət, bol-bol uğurlar, sevinc gətirsin.
Bayramımız mübarək”.
"Palitra” qəzetinin jurnalisti
Tural Tağıyev də "Kaspi” qəzetinə papaq
atmaq istəyənlər sırasındadır: "Düzü, bu sualla uşaqlığımı yadıma saldınız.
Uşaqlıqda da papağı atanda içində nələrinsə olmasını arzu edirdik. İndi belə
bir imkan olsa, elə "Kaspi” qəzetinə atardım. Çünki oradakı kollektivdə bir
neçə yaxın dostlar çalışır. Hədiyyəyə gəldikdə isə uşaqlığımı yadıma salacaq
bayram sovqatları - şəkərbura, paxlava, çərəzlər, yəni Novruzu xarakterizə
edəcək məhsullar olsa, bəsdir”.
"Xəzər” telekanalının aparıcısı Aynur Kərimli də əvvəlki iş yerinə
papaq atmağı istəyənlərdəndir: "Elə öncə sizin redaksiyaya atacağam, hazırlıqlı
olun ki, əliboş qayıtmayım. Əvvəlki iş yerim olan "Axşam.az” saytına papaq
atmaq istəyərdim. Bir də "Prime Time” saytına da ata bilərəm. "Qafqazinfo”ya da
atmaq olar, amma inanmıram ki, onlar papağı yaxşı doldura bilsinlər”.
"Şərq” qəzetinin redaktoru Ayyət
Əhməd isə papaq atmaq istədiyi media qurumlarının adını
sayıb bitirə bilmədi: "Qısa deyim ki, mənim bu papaq atmaq işində bəxtim heç
gətirməyib. Ömrümdə cəmi bir dəfə papaq atmışam, papaq gedib elə bir yerə düşdü
ki, ev sahibi çıxıb nə qədər axtardısa, tapa bilmədi. Sonda özüm utana-utana
içəri girib papağımı götürəsi oldum. Düzdü, papağın içərisini Novruz sovqatı
ilə doldurmaq istədilər, amma utandığımdan yaxın durmadım. Redaksiyalara
gəlincə, mənə "525-ci qəzet" və "Yeni Müsavat"ın redaksiyaları
daha maraqlı gəlir. İstərdim, bu redaksiyalara papaq atım, hörmətli Rəşad
müəllim də fransız dilinə tərcümə etməyim üçün bir şerlər kitabı qoysun. Rauf
bəydən isə bir qəzet nüsxəsi istərdim. Həmin sayda Rauf bəyin "Qəzetlər
niyə yaşamalıdır?” başlıqlı geniş məqaləsi dərc olunsun! Yurd qonşumuz olan
"Ədalət" qəzetinə papaq atıb, Aqil müəllimdən qonaqlıq istəyərdim.
Digər yurd qonşumuz "Bakı- Xəbər" qəzetinə papaq atıb, Aydın
müəllimdən açıqlama istəyərdim. "Ölkə.az”-ın da kollektivi maraqlıdır. "Modern.az”-a papaq
atıb, məndən müsahibə götürmələrini istərdim. "Moderator.az"a papaq
atıb, Seymur Əliyevin haralarda olduğunu öyrənmək maraqlı olardı. ONA-ya papaq
atıb, bol çeşidli Novruz xonçası istərdim. Kulis.az-dan isə xahiş edərdim ki, "İP”
xətrinə Səməd Vurğunu həftə səkkiz, mən
doqquz, vətən xaini çıxarmaq fikrindən dönsünlər (gülür). Amma bu, adlarını
çəkmədiyim redaksiyaları sevməməyim anlamına gəlmir. Bütün jurnalistlər və
redaksiyalar mənə doğmadır”.
Sorğumuzda
iştirak edən bütün həmkarlara təşəkkür edirik. Hər kəsin bayramı mübarək.
Günel
Azadə