• şənbə, 20 Aprel, 10:26
  • Baku Bakı 14°C

Jurnalistlər mükafatlandırıldı

09.12.14 14:15 1410
Jurnalistlər mükafatlandırıldı
Bu gün Azərbaycan Mətbuat Şurasının “Ulduz” Şokolad Fabriki ilə birlikdə “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Ulduz” Şokolad Fabrikinin rəhbərliyi, aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları, media ekspertləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O bildirilib ki, müsabiqənin məqsədi jurnalistlərin ölkəmizdə qida sanayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib. Rəhbərlik etdiyi qurumun bir sıra aidiyyatı təşkilatlarla mövcud istiqamətdə reallaşdırdığı birgə təşəbbüslərdən söz açıb.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyindən danışıb. C.Məmmədli bununla əlaqədar jurnalistika fakultəsində də müvafiq iş aparıldığını diqqətə çatdırıb. Mövcud prosesə dəstək baxımından müxtəlif istiqamətlərdə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayıb.
Ulduz Şokolad Fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin jurnalistlərlə daim təmasda olduğunu bildirib. Bu məqsədlə fabriklə əyani tanışlığın həyata keçirildiyini qeyd edən V.Şərifov iş prosesində şəffaflığın təminatını vacib şərt kimi dəyərləndirib. Mövcud xüsusda KİV-lə təmasların vacibliyini əsaslandırıb, eyni kursun gələcəkdə də davam etdiriləcəyini deyib.
MŞ-nin İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli müsabiqə iştirakçılarının təqdim etdiləri materialların qiymətləndirilməsi prosesindən söz açıb. Yazılarda müsabiqə üzrə nəzərdə tutulan kriteriyaların ödənildiyini diqqətə çatdıran N.Əhmədli KİV təmsilçilərinin spesifik sahəyə aid faktların təqdimatına kifayət qədər həssas yanaşdıqlarını bildirib, bununla bağlı konkret məqamlar üzərində dayanıb.
“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında milli qida sanayesinin inkişafındakı xüsusiyyətlərdən, bu sahənin zaman-zaman mətbuatda işıqlandırılmasına dair bir sıra cəhətlərdən söz açıb. Ulduz Şokolad Fabrinin bu sahəyə hazırkı dəstəyini yüksək qiymətləndirib.
Qeyd edək ki, müsabiqədə qaliblər “Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər”, “Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı”, “Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri”, “Dünya şokolad bazarında Azərbaycan malı”, “Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı” istiqamətləri üzrə müəyyənləşdirilib.
Müsabiqəyə yazı qəbulu 2014-cü il oktyabrın 25-dən noyabrın 25-dək həyata keçirilib. Təqdim edilmiş 48 yazı müsabiqə üzrə yaradılmış Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Materiallardan biri I yerə (800 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 17 yazı həvəsləndirici mükafata (100 manat) layiq görülüb.
Qiymətləndirmə prosesində materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyytələrinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, həmçinin qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə xüsusiyyətlərinə diqqət yetirilib.
Müsabiqənin nəticələrinə görə, Mənsur Cəfərov (“Olaylar” qəzeti) birinci, Ulduz Babayeva (“Regionsesi.az” saytı, İnternyus-Azərbaycan), Həbibə Abdulla (“Azadinform” İA) ikinci, Vüqar Əliyev (“Mədəniyyət” qəzeti), Rufik İsmayılov (“Kaspi” qəzeti) və Orxan İsrafilov (“İki sahil” qəzeti) üçüncü yerə layiq görülüblər. Bununla yanaşı, 17 jurnalist - Akif Nəsirli, Mahir Abbaszadə (“Paralel” qəzeti), Bəybala Bəybalayev, (“Respublika” qəzeti), Əziz Mustafa (“Zaman Azərbaycan”), Elçin Namazov (“İki sahil” qəzeti), Vaqif Cəlil, İradə Sarıyeva, Günel Cəlilova, Samirə Səfərova (“Bakı xəbər” qəzeti), İlkin Ağayev (“Palitra” qəzeti), İsgəndər Həsənov (“525-ci qəzet”), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti), Qabil Əliyev (“Xalq qəzeti”), Rüfət Sultan, Mübariz Bayramov (“Mövqe” qəzeti), Təbriz Vəfalı (“Həftə içi” qəzeti), Yeganə Məmmədova (“Veteninfo.az” saytı) həvəsləndirici mükafat alıb.

banner

Oxşar Xəbərlər