• çərşənbə axşamı, 19 mart, 09:19
  • Baku Bakı 8°C

Jurnalistin müalicəsi dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla aparılır

11.02.19 16:31 1515
Jurnalistin müalicəsi dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla aparılır
Səhhətində ciddi problem yaranan jurnalist Natiq Qocaman xəstəxanaya yerləşdirilib. O, fevralın 1-dən Mərkəzi Klinik Xəstəxanada koma vəziyyətində, həkimlərin müşahidəsi altındadır. Məsələ ilə bağlı daha geniş məlumat əldə etmək üçün jurnalistin xanımı Könül Qocaman ilə əlaqə saxladıq. Könül xanım hadisənin necə baş verdiyini və jurnalistin hazırkı vəziyyətində danışdı: "Natiq onsuz da hipertonik idi, onun təzyiqi həmişə yüksək olurdu. Amma buna baxmayaraq, özünü yaxşı hiss edirdi. Ancaq son dövrlər xəstəliyinə dırnaqarası yanaşırdı, müalicə almırdı. Hadisə fevralın 1-dən 2-sinə keçən gecə oldu. Belə ki, həmin gün "whattsap” sosial şəbəkəsində sinif yoldaşları ilə yazışırdı. Bu yaxınlarda 30 illikləri tamam olurdu deyə, görüş planlaşdırırdılar. Həmin görüşdə iştirak etmək üçün çox həvəsli idi. Gün ərzində də ağrıları var idi, amma elə oldu ki, gecə ağrıları kəskinləşdi. Dərhal təcilli yardım çağırsam da, həkim briqadası bir saat sonra gəldi. Təcili yardım ilk olaraq onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Orada tibbi ləvazimatın çatışmazlığından vəziyyəti daha da ağırlaşdı. Daha sonra məcbur qalıb Mərkəzi Klinik Xəstəxanaya köçürdük. Hazırda 10 gündür ki, komadadır, həkimlər isə bir söz demirlər. Allahdan möcüzə gözləyirik”.
Həmsöhbətimiz Türkiyədən həkim dəvət etdiklərini, onun da eyni diaqnozu qoyduğunu deyir: "Türkiyədən gələn həkim də eyni diaqnozu qoydu. Bundan başqa tomoqrafiyanı Almaniyaya, ABŞ-a, Türkiyəyə, İsrailə göndərdik, həmin həkimlər də fərqli heç nə demirlər. Həkimlər bildirirlər ki, ayıldıqdan sonra reabilitasiya dönəmi olacaq. Amma hazırkı vəziyyətdə konkret nəsə demək mümkün deyil. Yanına isə ancaq əkiz qardaşını buraxırlar”.
Könül xanım jurnalistin həmkarlarının ona mənəvi dəstək olduğunu vurğuladı: "Sağ olsunlar, qohum-qardaş, dost-tanış mənəvi cəhətdən böyük dəstək göstərirlər. Mətbuatdan Vüqar Səfərli, Rauf Arifoğlu, Hacıbəy Heydərli mənəvi dəstəklərini əsirgəmirlər. Vüsalə Mahirqızı bir xanım olaraq neçə gündür ki, mənə dəstək olur. Prezidentimizə, köməkçisi Əli Həsənova minnətdaram. Müraciətimə dərhal münasibət bildirdilər, çox sağ olsunlar”.
Könül xanımdan uşaqların məsələyə münasibətini də soruşduq: "Hadisə uşaqların gözünün qarşısında baş verdi. Baş verənlər onları çox qorxutdu. Hazırda atalarının xəstə olduğunu bilirlər, amma vəziyyətin ciddiliyindən xəbərdar deyillər. Uşaqlara indi bacım nəzarət edir. Hər gün evə gedib-gələndə uşaqlar atalarına salam göndərirlər”.
Qeyd edək ki, Könül xanım Natiq Qocamanın müalicəsinə dəstək üçün Prezidentə müraciət edib. Müraciət yayılandan qısa müddət sonra reaksiya verilib. Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiyanı alıb:"Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib. Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürtmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik Xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.
Cənab Əli Həsənov Musavat.com-a deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır:"Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan can sağlığı arzulayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə, xaricdə müalicəsi də davam etdiriləcək”.

Günel Azadə

banner

Oxşar Xəbərlər