• çərşənbə axşamı, 19 mart, 12:01
  • Baku Bakı 8°C

Jurnalistika və informasiya təhlükəsizliyi

18.04.18 10:00 2744
Jurnalistika və informasiya təhlükəsizliyi
Qloballaşan müasir dünyamızda informasiya-kommunikasiya texnologiyala­rının (İKT) geniş tətbiqi informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov yazır ki, "informasiya mühiti” beynəlxalq və yerli sistemyaradıcı amil olmaqla, bəlli məkanlarda siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edərək, milli təhlükəsizlik sisteminə mühüm təsir göstərən vasitə kimi dəyərləndirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra informasiya təhlükəsizliyinin qorunması qayğısına qaldı. İlk növbədə vahid informasiya sisteminin formalaşdı­rılması üçün lazımı tədbirlər gördü. Bu da onunla bağlı idi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində bir sıra xarici ölkələr sistemli şəkildə Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmış, müstəqil dövlətin əsaslarına, ölkədə vətəndaş həmrəyliyinə təhlükə yaratmışdı.
Həmin dövrdə informasiya texnologiyaları bütövlükdə Rusiyanın və digər beynəlxalq informasiya güclərinin nəzarəti altında idi. Belə bir şəraitdə cəmiyyəti informasiya təhlükəsindən qorumaq o qədər də asan deyildi. Bir yandan da Ermənistanın bizə qarşı apardığı informasiya müharibəsi zamanı informasiya təhlükəsizliyi sahəsindəki mübarizənin əhəmiyyətini anlamaq olar.
Bəs informasiya təhlükəsizliyi nədir? – Bu suala belə cavab vermək olar: "İnformasiya təhlükəsizliyi informasiya və ona xidmət edən infra­struk­turun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarak­terli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastruk­tu­run mühafizə olunmasıdır”. Belə təsirlər nəzərə alınmazsa, söz yox ki, böyük fəsadlar törədə bilir. Bu da faktdır ki, Amerikanın informasiya müharibəsində SSRİ-yə qalib gəlməsi, informasiyanın geosiyasi münasibətlərdə oynadığı rolun göstəricisidir.
İnternetin sürətli inkişafı cəmiyyətin və vətəndaşların həyatında informasiya təhlükəsizliyini ön plana çəkir. Bu sahənin ekspertləri də bu fikirdədir: Əsasən milli dəyərli internet resurslarının təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə, dünya informasiya məkanı bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən Azərbaycanla müharibə şəraitində olan işğalçı Ermənistanın informasiya strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir.
"İnformasiya mübarizəsi həm də hakerlərin kiber hücumları vasitəsilə də aparılır. Texnologiyanın gücü ilə ölkələr arasında rabitə əlaqələrini kəsir, dei­zin - infor­masiya yayaraq onları sarsıda bilirlər. Hakerlər inkişaf etmiş ölkələrin maliyyə ba­zar­larını da sıradan çıxarmaq gücünə malikdirlər. Məsələn, əmək bazarında - Avropada 150 min, Amerikada 200 min nəfər iş yerini belə hücumlara görə itirib. Türkiyədə haker hücumlarından 54 milyon, Almaniyada 14 milyon, Çində 20 milyondan çox insana zərər dəyib. Onlar 2013-cü ildə dünya iqtisadiyyatına 27 milyard dollar həcmində ziyan vurublar” ("Azərbaycan” qəzeti, 2017, 30 noyabr).
Bu nümunələrdən çıxan nəticə budur ki, informasiya təhlükəsizliyinin təmin olunmaması böyük fəsadlara törədə bilər. Professor Qulu Məhərrəmli yazır ki, hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Cəmiyyətin təhlükəsizliyinin əsas elementlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri hər hansı məlumatın konfidensiallığı (gizliliyi), tamlığı, əlyetərliyi və kütləvi qorxu (vahimə) yaradan məzmuna qarşı mübarizədir.
Azərbaycanda təhlükəsizlik mühitinin təmin olunması və informasiya texno­logiyalarının inkişafı ilə bağlı qanunvericilik bazasının yaradılması xeyli yaxşılaş­mışdır. Bu məqsədlə bir sıra sənədlər, normativ-hüquqi aktlar qəbul edilmişdir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "İn­for­masiya əldə etmək haqqında”, "Dövlət sirri haqqında”, "Elektron sənəd və elektron imza haqqında”, "Telekommunikasiya haqqında”, "Milli təhlükəsizlik haqqında” və s. qanunların qəbul edilməsi bir daha onu göstərir ki, dövlət informasiya təhlükəsizliyi problemini diqqətdə saxlayır.
2007-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası” ölkənin daim dəyişən təhlükəsizlik mühitini, respublikanın maraqla­rını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir. "Konsepsiya, həmçinin hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi kon­sep­siya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsasdır.
Bu gün yalan informasiya ilə doğru, fakta söykənən informasiyanı seçmək problemi yaranmışdır. Odur ki, daha mükəmməl qanunlara ehtiyac duyulur. Cəmiyyətin, şəxsiyyətin, dövlətin təhlükəsizliyi qorunarkən həqiqi infor­masiyanı yalandan ayırmaq çox vacibdir. Əgər yalan informasiya həqiqəti üstələyirsə, onun fəsadları böyük ola bilər. Söhbət əsasən bir ölkənin başqa bir ölkəyə qarşı apardığı informasiya müharibəsindən gedir. Amerika-İraq müharibəsini yada salaq. Müharibədən əvvəl Amerika mətbuatında İraqda nüvə silahının olması barədə tirajlanan yalan informasiya müharibənin başlanması üçün əsas oldu. Sonralar məlum oldu ki, İraqda belə bir qırğın silahı yoxdur.
İlk dəfə Amerikada yaranmış "İnformasiya müharibəsi” termini internet şəbəkəsində daha geniş yayılıb. Düşmən ölkənin - Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Məsələn, Ermənistanın "Voskanapat” saytı belə bir yalan informasiya yayıb: "Bakı Rusiyanın Azərbaycana göndərdiyi silahların keyfiyyətindən narazı­dır”. Heç bir fakta söykənməyən, yalan informasiya Azərbaycan ordusuna psixoloji təsir göstərməyə hesablanıb. Onu da qeyd edim ki, düşmənin bu yalanı Azərbaycan ordusunun yüksək çinli zabiti tərəfindən ifşa olundu. 2016-cı ilin Aprel döyüşü Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi. Hətta, Ermənistanın "Yerkir” qəzeti 4 günlük müharibədə yaşananları erməni tərəfin çox ciddi məğlubiyyəti, fiaskosu olduğunu etiraf etmişdi. Aprel hadisələri göstərdi ki, Ermənistan Azər­baycan qarşısında çox acizdir, ordumuz Qafqazda ən güclü, hazırlıqlı və modern ordudur.
Yeri gəlmişkən, qeyd edim ki, biz də ermənilərə qarşı informasiya müharibəsi aparırıq. Bu müharibə keçən əsrin əvvəllərində o qədər də effektli deyildi, ermənilər bizdən üstün idi. Hətta, xarici jurnalistlər də bunu qeyd edirdilər. Məsələn, Amerika jurnalisti Tomas Qolts yazırdı: "... Güman etməyin ki, ermənilər güclüdür... yox, siz azərbaycanlılar, informasiya müharibəsində zəif və gücsüzsünüz”. İndi vəziyyət xeyli dəyişib, ölkəmizə qarşı aparılan informasiya təhlükəsizliyinin qarşısını almağa qadir olan xeyli jurnalistlərimiz var.
Hazırda Azərbaycanda internetdən istifadə edənlərin sayı 2015-ci ilin statistikasına əsasən 5,8 milyondur. İnternetin imkanı artdıqca, yeni xidmətlərin tətbiqi genişləndikcə, sosial şəbəkələr inkişaf etdikcə, saytların sayı artdıqca, insanların siyasi fəallığı da artır. Bütün bunlar informasiya hücumlarının çoxalmasına səbəb olmuşdur. Həm də nəzərə almaq lazımdır ki, bu gün ictimai rəyin formalaşdırılması və ya dəyişdirilməsində, bəzi qərarların qəbul edilməsində, qarşı tərəfin informasiya resurslarına təsirində, eləcə də dezinformasiyanın yayılmasında internet geniş imkanlara malikdir. Elə bunun nəticəsidir ki, son bir neçə ildə internetə informasiya hücumları artmışdır.
İnformasiya müharibəsi informasiya hücumu ilə həyata keçirilir. İnforma­siya hücumunda məqsəd:
· idarə strukturunun, nəqliyyat axınının və kommunikasiya vasitələrinin fəaliyyətinin pozulması;
· mühafizə sisteminin sıradan çıxarılması;
· kompüter sistemlərinin pozulması;
· insan psixikasına təsir etmək;
· əhali arasında narazılığın, ayrı-ayrı sosial qruplar arasında destruktiv hərəkətlərin təşkil edilməsi və s.
İndiki şəraitdə informasiya silahlardan da qorxuludur, onun gücü ilə döyüş strukturunu sıradan çıxarmaq olar. Alman filosofu İohann Şeflerin təbirincə desək, söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, müasir texniki vasitələr infor­masiya müharibəsi aparmağa imkan verir. Yaxşı olardı indi bütün qüvvələri səfərbər edib, təhlükəsiz informasiya cəmiyyətinə nail olaq.
Akif Rüstəmov
banner

Oxşar Xəbərlər