• cümə, 29 Mart, 13:09
  • Baku Bakı 14°C

Jurnalistika perspektivli peşədirmi? - Polemika

21.07.15 11:18 2559
Jurnalistika perspektivli peşədirmi? - Polemika
Jurnalistika deyəndə ilk olaraq ağıla həyəcan və adrenalin dolu bir peşə gəlir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Təsadüfi deyil ki, bu sahəni dördüncü hakimiyyət də adlandırırlar. Lakin jurnalistikanın maraqlı olduğu qədər çətin və məşəqqətli tərəfləri də çoxdur. Kimisi bu peşənin perspektivinin olmamasından şikayətlənir, kimisi də əksini düşünərək, gələcəyi olan peşə siyahısına əlavə edir. Biz də milli mətbuatımızın 140 illiyi ərəfəsində rubrikamızı məhz bu peşəyə həsr etdik. Gənc jurnalistlər nə düşünür? Jurnalistika perspektivli peşədirmi?
İnsan sərrafı yetişdirən peşə
Əminə İlyaslı, jurnalist
Müsahibimiz düşünür ki, jurnalistika insanın özünü inkişaf etdirməsi baxımından perspektivli peşədir. Lakin bu işin öhdəsindən hər jurnalist gələ bilmir: “Bəzən müxtəlif döngələrdə yolumuzu itirir, hədəflərimizdən yayınırıq. Çətinliklərə qarşı müqavimət göstərmək elə də asan olmur. Hətta yarıda qalanlar, müharibəni uduzanlar da olur. Bu peşənin özünəməxsusluğu da məhz elə bundadır. Zamanı gəldikdə yaxşını pisdən ayırır. Daim yenilik və müasirliyə doğru addımlayırsan. Daha çox araşdırma etdikcə, insanın dünyagörüşü də dəyişir, hadisələrə müxtəlif aspektlərdən yanaşmağı bacarır, hətta ən pis halda belə münasibət qurmağı öyrənir”.
Müsahibimizin sözlərinə görə, jurnalistika insan sərrafı yetişdirir: “Hər gün vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq müxtəlif insanlarla ünsiyyət qurmalı, müxtəlif simalarla rastlaşmalı oluruq. Bu da zamanla insanların davranışları və münasibətlərində ən kiçik detalların belə diqqətimizdən qaçmamasına səbəb olur. Jurnalist hər zaman oxumalı, araşdırmalı və mütaliə etməlidir. Gündəmdə olan hadisələri izləməyi bacarmalısan ki, xəbərin ilk və doğru mənbəyi olaraq məhz sənə müraciət etsinlər. Jurnalistika elə bir sahədir ki, səhvləri və xəyanəti bağışlamır. Qərəzli, yalan, xüsusi sifarişlə verilmiş hər hansısa informasiya ola bilsin ki, müəyyən müddət jurnalistə şan-şöhrət, maddi cəhətdən xeyli gəlir gətirsin. Lakin sonradan ətrafında olan heç kimin sənə güvəni qalmır və verdiyin informasiyanın heç bir dəyəri olmur. Necə deyərlər, “yalançının evi yandı, heç kim inanmadı”. Bu da bir jurnalistin başına gələ biləcək ən böyük faciədir desəm, yanılmaram”.
Gənc jurnalist bu peşənin çətinliklərindən də danışdı. Əminənin fikrinə görə, jurnalistika maraqlı olduğu qədər də təhlükəli və çətindir: “Hər il dünyada yüzlərlə jurnalist müxtəlif səbəblərdən həbs olunur, qətlə yetirilir, yaxud da girov götürülür. Düzdür, hər bir peşənin özünəməxsus çətinliyi var. Lakin bizdə məsələ bir qədər fərqlidir. Bu da onunla bağlıdır ki, ictimai fikri məhz biz jurnalistlər formalaşdırırıq və bir çox hallarda bu, kimlərinsə mənafeyinə uyğun gəlmir. Jurnalistika insanın çətin vəziyyətdə özünü idarə edə bilməsini inkişaf etdirən peşədir. İşinizi vicdanla yerinə yetirsəniz və peşə etikasına riayət etsəniz, bu peşənin perspektivlərindən faydalana bilərsiniz. Jurnalistikanı perspektivsiz peşə sayanlar bu peşənin öhdəsindən gələ bilməyənlərdir”.
“Jurnalistikada uğur qazanmaq çətindir”
Məhəmməd Novruzlu, fotojurnalist
Məhəmməd Əminədən fərqli olaraq jurnalistikanı perspektivli peşə hesab etmir. Müsahibimiz düşünür ki, hazırda bu sahədə xeyli boşluqlar var: “Buna səbəb savadlı kadrların çatışmazlığı, Azərbaycanda jurnalistika sahəsində təhsil verən xüsusi institutlar və tədris mərkəzlərinin azlığıdır. Bu səbəbdən ölkəmizdə jurnalistika sahəsində uğur qazanmaq çətindir. Dünya ölkələri ilə müqayisə edəndə görürsən ki, bizdə hələ də ən kiçik problemlər öz həllini tapmayıb. Ən kiçik detalın üstündə, məsələn, bəzən saatlarla gözləməli, əziyyət çəkməli olursan. Halbuki dünya praktikasında bu problemlər artıq çoxdan öz həllini tapıb. Jurnalistika elə bir sahədir ki, burada peşəkarlıq tələb olunur. Yəni jurnalistin sözünün, qələminin qüdrəti ölçülür. Çox təəssüflə qeyd etmək istərdim ki, bizdə jurnalist olmaq dəb halını alıb. İxtisası tamamilə fərqli insanlar jurnalist işləyir. Peşə etikasını bilmədən, jurnalistikanın təməl prinsiplərinə bələd olmadan hər kəs özünü jurnalist hesab edir. Xüsusilə efirlərdə bu halla tez-tez rastlaşırıq. Buna görə də perspektivdən söhbət gedə bilməz”.
Məhəmməd düşünür ki, belə problemlər istedadlı jurnalistlərin yetişməsinə mane olur: “Özümün fəaliyyət göstərdiyim fotojurnalistikada da vəziyyət elə də ürəkaçan deyil. Hər kəs artıq öz fotoaparatı ilə çəkdiyi peşəkar, qeyri-peşəkar səviyyəli fotolarını süni effektlərlə “ört-basdır" edib saytlarda, foto bloqlarda yerləşdirir. Lakin bu, əsl fotojurnalistika demək deyil. Bu kimi problemlər Azərbaycanda əsl istedadlı jurnalistlərin yetişməyinə mane olur, onların üzə çıxmağına şərait yaradılmır. Belə olan halda da jurnalistika peşəsinin perspektivindən söhbət gedə bilməz”.
“Perspektivdən söhbət gedə bilməz”
Günel Sərdarlı, tələbə-jurnalist
Günel düşünür ki, hər sənətdə uğur qazanıb-qazanmamaq insanın özündən asılıdır. Müsahibimizin sözlərinə görə, insan üzərinə düşən vəzifəni vaxtında və lazımınca yerinə yetirir və işində məsuliyyətlidirsə, hər zaman qabağa gedir: “Həmçinin jurnalistikada da bu sadaladıqlarım istisna təşkil etmir. Lakin məsələ burasındadır ki, jurnalistika 4-cü hakimiyyət sayılır və ictimai fikrin formalaşmasında böyük əhəmiyyət daşıyır. Odur ki, gərək bu peşənin sahibləri digərlərinə nisbətən daha çox diqqətli və məsuliyyətli olsunlar. Bizi digərlərindən fərqləndirən ən əsas fərq odur ki, əsas vəzifəmiz baş verənləri olduğu kimi, dəqiq və qərəzsiz şəkildə çatdırmaqdır. Burada jurnalist bir fiqur kimi ikinci plana keçir. Yəni onun öz şəxsi mülahizələri, məsələyə münasibət bildirməsi düzgün hal kimi qiymətləndirilmir. Hətta bəzən jurnalist etdiyi hər hansısa bir jesti və mimikası ilə, yaxud təbəssüm və göz yaşları ilə izləyiciləri hansısa fikrə yönləndirə bilər. Bu da təbii ki, qeyri-peşəkarlıqdan irəli gəlir”.
Müsahibimiz düşünür ki, bəzən jurnalistlər səlahiyyətlərindən yanlış yöndə istifadə edərək, bu peşənin adına xələl gətirir və bu da jurnalistika haqqında cəmiyyətdə yanlış fikir formalaşdırır: “Jurnalistika elə bir sahədir ki, burada dəqiqliklə yanaşı, zaman da çox böyük əhəmiyyət daşıyır. Yəni ola bilər ki, dəqiq və qərəzsiz şəkildə verilmiş bir məlumatın dəyəri bir saat fərqinə görə digərlərinə uduzmuş olsun. Zaman amili jurnalistikada kifayət qədər əhəmiyyətli rol oynayır. Lakin ilk baxışdan operativlik səmərəli görünsə də, bəzən jurnalistlər məlumatı yayarkən diqqətli olmur, məlumatı əsas mənbədən əldə etmədən yayımlayırlar. Xüsusilə də sosial şəbəkələrdə gördükləri xəbərləri əziyyət çəkmədən asanlıqla yayırlar. Bu da jurnalistika dəqiqliyinə və peşəsinə xələl gətirir. Belə olan halda təbii ki, perspektivdən söhbət gedə bilməz”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər