• şənbə, 20 Aprel, 00:33
  • Baku Bakı 15°C

Jurnalistika fakültəsinin tələbələri niyə televiziyaya üstünlük verirlər?- Diskussiya

11.11.16 13:48 6250
Jurnalistika fakültəsinin tələbələri niyə televiziyaya üstünlük verirlər?- Diskussiya
"Onların məqsədi jurnalist yox, məşhur olmaqdır”

Kiminə görə "mavi ekran”, kiminə görə isə "sehrli qutu”dur televiziya. Məhz bu sehr insanları özünə cəlb edir. Lakin jurnalistika fakültəsinin tələbələrinin televiziyaya köklənməsi, bu sehrin cazibəsi deyil. Bəs onda nədir jurnalistika fakültəsinin tələbələrini televiziyaya meylləndirən?
Bu sualın cavabını Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin tələbələri ilə birgə müzakirə etdik.

İslam Qədirli

- Düşünürəm ki, jurnalistika fakültəsində oxuyub, ilk işini televiziyada başlamaq istəyənlərin məqsədi jurnalist olmaq yox, məşhur olmaqdır. Gənclər müəyyən yaş dövründə fikirləşirlər ki, mən məşhur olmalıyam. Ona görə də tələbələrin çoxu bu sahəyə daha çox meyllənir. Daha onlar düşünmürlər ki, jurnalist olmaq üçün ilk növbədə yazmağı bacarmalısan.

Turğay Camal:
Turğay İslamla razılaşmır. Peşəkar radio jurnalisti olmağı qarşısına məqsəd qoyan Turğay deyir ki, televiziyaların daha çox inkişaf etməsi jurnalistləri bu sahəyə yönəldir.

- Mənim fikrimcə, burada əsas məsələ məşhurlaşmaq deyil. Bugünkü reallığı göz önünə gətirsək, televiziyaya nisbətən radionun bir o qədər də perspektivli olmadığını görərik. Ümumi faiz dərəcəsinə baxsaq, televiziya radionun və jurnalistikanın digər sahələrini müəyyən qədər qabaqlayır. Qəzet isə ümumiyyətlə, əhəmiyyətini itirir. Onlayn qəzetlərə daha çox üstünlük verilir. Kimsə qəzeti oxumaq üçün onu almır, sadəcə, elektron versiyasından istifadə edir.

Güntac Şahməmmədli
Güntac isə düşünür ki, qohum-əqrəba televiziyada görsün deyə, gənc jurnalistlərin əksəriyyəti televiziyaya meyl edir.

- Televiziyaya maraq adətən uşaqlıqdan yaranır. Çünki uşaq vaxtı daha çox televiziyaya baxırıq. Bu da bizi televiziyaya meyllənməyə sövq edir. Keçən dəfə mən şəhərdə sorğu keçirdim və respodentlərə "qəzet oxuyursunuzmu” sualı ilə müraciət etdim. Tələbələrin və orta nəslin nümayəndələrinin iştirak etdiyi bu sorğuda 80 faiz qəzet oxumadığını bildirdi. Səbəb kimi isə internet və televiziyanın onları qane etdiyini bildirdilər. Bu gün insanlar üçün görüntü daha önəmlidir. Hər kəs fikirləşir ki, qohum-əqrəba məni televiziyada görməlidir.

Nurlan Salamov:
Nurlan isə deyir ki, qohum-əqrəba yanında qürrələnmək üçün başqa ixtisaslaı da seçmək olar. Jurnalistikanın əsasında məşhurluq yox, söz dayanmalıdır...
- Yazıdan qaçmaq mümkün deyil. Çünki radio-televiziyanın da əsasında yazı dayanır. Verilişin ssenarisini yazmadan onu ərsəyə gətirmək mümkün deyil. Bizim video, yaxud radioreportaj hazırlayan dostlarımızın əksəriyyəti qəzet jurnalistikasına meylli olan tələbələrdən xahiş edirlər ki, ssenarini hazırlasınlar. Amma sabah onlar haradasa çalışanda bütün işləri özləri görməli olacaqlar. "Qəzet jurnalisti olmayacağam, yazı yazmaq nəyimə lazımdır” düşüncəsi səhv yanaşmadır. Təkcə kamera ilə nəsə çəkməklə material hazırlanmır. Tələbə bu fakültəyə gələndə öz yolunu seçib gəlməlidir. Məşhur olmaq, yaxud da qohumlara diplom göstərmək üçün digər ixtisasları da seçmək olar. Amma sözdən istifadə edə bilmir, yaxud yazı yaza bilmirsənsə, jurnalistikanı seçməməlisən.

Ulucay Akif:
Ulucay Nurlanın fikirlərini təsdiqləyir. Onun üçün qəzet hər zaman televiziyadan önəmli olub.

- İlk dinlərdən biri olan xristianlıq bu cümlələrlə başlayır ki, başda söz var idi. Yəni sözün ilk materiya kimi qəbul olunması onun nə qədər önəmli olmasını göstərir. Mənim üçün qəzet televiziyadan hər zaman üstün olub. Bunun əsas səbəblərindən biri də televiziyanın indiki vəziyyətidir. Məndə telekanallara rəğbət yaranmır. Qəzet sənətdir. Qəzet olmasa, televiziya da olmaz. Mən televiziyaya gedib, hörmətimi itirəcəyəmsə, heç vaxt o sahəyə getmərəm. Əvvəl qəzetlər böyük tirajla nəşr olunur və bütün bölgələrə paylanırdı. Sənin qəzetdə yazının çıxması bütün respublikanın imzanı tanıması demək idi. İndi qəzetlər çox az tirajla çıxır. Bu da bir az insanda stimulu aşağı salır. Bir var insanı üzünə görə, biri də var sözünə görə tanımaq. Mən görünüşümə görə yadda qalmaq istəmərəm. Qəzetlər əvvəlki vəziyyətinə qayıtmalıdırlar. Daha çox reklam və təbliğ olunarsa, gənclərin də qəzetə marağı artar.

Ulucay Akif:
Ulucay deyir ki, qəzetçilik məktəbi keçib, televiziyaya gedənlər daha savadlıdılarr. Amma jurnalistikaya televiziyadan başlayanlar həmişə yazı yazmaq üçün kiməsə ağız açırlar.

- Universitetə ilk dəfə gələndə müəllimlərimiz deyirdi ki, yaxşı jurnalist olmaq istəyirsənsə, birinci müxbir olmalısan. Müxbirin işi isə yazmaqdan keçir. Yazmağı öyrənəndən sonra jurnalistikanın başqa sahələrində işləmək daha yaxşıdır. Çünki onda sən sözün mahiyyətini bilirsən.

Qoşqar Bəylərov:
- Tələbələrin əksəriyyəti fikirləşir ki, qəzetdə imza daha gec tanınır, həm də qəzet böyük zəhmət tələb edir. Bu gün yalnız ziyalı kütlə qəzet oxuyur. Gənclər fikirləşirlər ki, televiziyaya getsələr, daha tez uğur qazana bilərlər. Televiziyanın və radionun əsasında qəzetçilik dayanır. Sözlə qazandığın hörməti başqa heç nə ilə qazana bilməzsən. Fikri sözlə ifadə etməyi bacarmaq lazımdır. Əks halda yaxşı jurnalist olmaq mümkün deyil.

Gündüz Camalzadə:
- Son vaxtlar çap mediasının tirajı azalıb. Bəzən maliyyə çətinliklərinə görə, hətta qəzetlər bağlanır. Lakin əvvəllər çap mediasında nəşr olunan yazıları hətta ucqar kəndlərdə oxuyurdular. İndiki reallıqda radio televiziyanı daha çox üstələyir. Televiziya kanallarındakı verilişlər demək olar ki, bərbad vəziyyətdədir. Fakültədə tələbələrin seçimlərinə uyğun müəllimlər şərait yaradır. Jurnalistikada bacarıq məsələsi də mühüm rol oynayır.

Həşim Səhrablı
- Mən də fikirləşirəm ki, tələbələr daha çox məşhurluğa görə televiziyaya üstünlük verir. Çünki insan xüsusiyyəti buna meyllidir. Tələbələrin əksəriyyəti də fikirləşir ki, televiziya daha perspektivlidir. Hər kəs istəyər ki, onun fikirləri daha geniş auditoriyaya yayımlansın. Qəzetçiliyə üstünlük verilməməsinin əsas səbəblərdən biri isə bu işin çətinliyidir. Bir çoxları çap mediasından çəkinirlər. Televiziyada isə vaxt daha çoxdur və veriliş ərzində jurnalist özünü sərbəst ifadə edə bilir. Çap mediasında isə fikri sözlə dolğun ifadə etmək elə də asan məsələ deyil. Ona görə də yazı yazmağı bacarmayanlar digər sahələrə yönəlirlər.

Ulucay Akif:

- Hesab edirəm ki, məşhurluğa bu qədər üstünlük vermək düzgün deyil. Çünki ölkədə hansı jurnalistlərin məşhur olduğu göz qabağındadır. Kütlənin sevdiyi çox vaxt faydalı olmur. Telekanalların reytinq qazanmasının əsas səbəbi məzmunsuz verilişlərin maraqla izlənməsidir. Bir çoxları isə televiziya ilə başını qatır. Məqsədi, amalı olan biri dırnaqarası məşhurluqdan uzaq olmalıdır. Mən belə məşhurluğu qəbul etmirəm. İstəyərəm ki, mənə sərf edən təbəqə üçün məşhur olum. Sorğu keçirsək görərik ki, əslində ciddi veriliş aparıcılarından heç biri tanınmır. Məşhur olanların əksəriyyəti bayağı verilişlərin aparıcılarıdır. Qəzetdə işləyib, televiziyaya keçə bilərəm, amma bu şərtlə ki, səviyyəmi qoruya biləcək bir veriliş olsun. Televiziyada işləsəm belə heç vaxt sözün daşını atmaram. Viktor Hüqo deyirdi ki, mən ən çox məşhurlaşan şerlərimi sevmədim, çünki onların yarasız olduğunu anlayırdım. Deməli nəyisə zəif yazmışam ki, bu qədər çox sevilir.

Güntac:
- Bizim müəllimlərimiz həmişə deyir ki, peşəkar olmaq istəyirsinizsə, öncə yazmağı bacarmalısınız. Gələcəkdə istər radio, istər televiziya olsun, yazı yazmağı mütləq bacarmaq lazımdır. Seçim etməli olsam, qəzeti seçərdim.

Ramal İbrahimov:
- Hər şey valideynin uşağı maarifləndirməsindən asılıdır. Mən hələ görməmişəm ki, hansısa valideyn uşağına qəzet oxutdursun. Ona görə də uşaqlar fikirləşir ki, qəzet sadəcə, yaşlı nəsil üçündür və orada gənclər üçün maraqlı heç nə yoxdur. Uşaqları televiziyaya yönəldirlər. Uşaqlar televiziyadakı görüntülərə aldanır və bu sahəyə maraqları artır. Uşaqlara əyləncə daha maraqlı gəldiyinə görə, böyüyəndə də televiziyaya meyl artır. Fikrimcə, burada əsas olan təbliğatdır. Sovet dövründə televiziya olsa da, qəzetin təbliğatı böyük idi və ona görə də qəzet oxunurdu. Auditoriyada tələbələrin çoxu qəzetin tərəfdarıdır. Lakin biz nə qədər desək də, bu gün ən çox gəlir də televiziya sahəsindədir. Düzdür, qəzet jurnalistin formalaşmasında böyük rol oynayır. Hətta bir çox tanınmış yazıçılar belə qəzet jurnalistikasında püxtələşiblər. Çətinlik- asanlıq məsələsində isə yoldaşlarımın fikri ilə razı deyiləm. Televiziyanın jurnalistin formalaşmasında rolu çox böyükdür. Burada sən nitqini aydın ifadə etməyi bacarmalısan. Bəzən sənin dediklərini izləyicilər yanlış da anlaya bilərlər. Bütün sahələrin özünə uyğun çətinliyi var. Puşkin deyirdi ki, əgər bütün fikirlərimizi sözlə ifadə ediriksə, bəs üç nöqtə nəyə lazımdır? İnsan bəzən düşündüklərini sırf sözlə ifadə edə bilmir. Televiziyada jestlər və mimikalarla fikrimizi tamamlaya bilirik. Televiziya insanları yönəldə bilir. Televiziyanın inandırma bacarığı şəxsiyyətin özündən asılıdır. Televiziyada jurnalist nə qədər özünə əmin danışırsa və düzgün məlumatlar verirsə, ona daha çox inanırlar.

Qoşqar:
- Qəzetlərin əsas problemi maliyyə çatışmazlığıdır. Televiziyada jurnalistə işləmək üçün münbit şərait yaradılıb, amma qəzetlərin əksəriyyətində belə deyil. Ona görə də qəzetlərin nüfuzu aşağıdır.

Nurlan:
- Qəzetlərin tirajı azala bilər, hətta qəzet satılmaya, hətta köşklərdə qala bilər. Lakin bu o demək deyil ki, sizin yazınız oxunmur. Sayt vasitəsilə keyfiyyətli yazını hər kəs oxuyur.

Həşim:
- Bizdə ümumiyyətlə, televiziya-jurnalistika anlayışı tamamilə səhv başa düşülür. Şou xarakterli verilişlər jurnalistika hesab oluna bilməz. Belə verilişlərə çox baxıldıqca, hər kəs bu sahəyə meyllənir. Bəzən savadlı jurnalistlər də buna aldanırlar. Jurnalistlər gördüyü işə görə yox, verilişin şou xarakterinə görə tanınırlar.

Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ

banner

Oxşar Xəbərlər