• çərşənbə axşamı, 16 aprel, 11:17
  • Baku Bakı 14°C

Jurnalist olmaq istəyənlər ekspertləri sevindirib

04.08.17 10:00 2522
Jurnalist olmaq istəyənlər ekspertləri sevindirib
"Jurnalisti qapıdan qovanda bacadan girməlidir” fikrini eşitməyən az adam olar. Yəni jurnalist olmaq istəyən həm də qoçaq olmalıdır. Amma təkcə qoçaqlıqla da iş bitmir. Jurnalist üçün əsas meyar yazmaq bacarığı olmalıdır. Əvvəllər jurnalistikaya qəbulda yazı qabiliyyətinin yoxlanması qaydası olmasa da, hazırda bu peşəyə yiyələnmək istəyənlər həm də esse yazmaqla qabiliyyət imtahanı verirlər.

Bir neçə gün öncə 2017-2018-ci tədris ili üçün universitetlərin jurnalistika fakültələrində təhsil almaq istəyənlər öz bacarıqlarını ortaya qoyaraq "Jurnalist necə olmalı?”, "Dostu seçəndə nələrə diqqət etməli?” və "Qarabağ musiqi beşiyidir” mövzularından birini seçərək esse yazdılar. Bəs nəticə necədir? Gələcəyin jurnalistləri bu sınaqdan "üzü ağ” çıxa biliblərmi? Bu sualla imtahanda nəticələri yoxlayan ekspertlərə müraciət etdik...

Onlardan biri Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlidir. O bizimlə söhbətində ilk olaraq kəmiyyət cəhətdən irəliləyiş olmasından danışdı. Bildirdi ki, ötən illərlə müqayisədə jurnalist olmaq istəyənlərin sayı artıb: "Jurnalistikaya qəbul imtahanında qabiliyyətin yoxlanılması 2014-cü ildən tətbiq olunur. Birinci dəfə tətbiq ediləndə təqribən 50-52 nəfər abituriyent qəbul olunmuşdu. Sonra bu statistika 100-ü keçdi. Daha sonrakı il 200-ə yaxınlaşdı. Bu il 280 nəfərə yaxın abituriyent keçdi. Jurnalistikaya qəbul olunmaq üçün ümumi müraciət edənlərin sayı əvvəllər 100-180 olurdusa, bu il bu rəqəm 410 oldu. Artıq qabiliyyət imtahanının götürülməsi özünü doğruldur”.

M.Ələsgərlinin sözlərinə görə, yazıların keyfiyyəti baxımından da ciddi dəyişikliklər var: "Həm yazılan esselərin məzmunu, həm də qrammatika qaydalarına əməl olunmasında ciddi irəliləyişlər var. Burada görülən işlərin də nəticəsini də qeyd etmək lazımdır. Çünki Dövlət İmtahan Mərkəzi imtahandan bir müddət öncə qabiliyyət imtahanında düşəcək esse mövzularını öz saytında yerləşdirmişdi. Təxminən 217 inşa mövzusu varıydı. Sonda isə onların arasından 3 mövzu püşkatma yolu ilə seçildi. Abituriyentlər öncədən hansı istiqamətdə mövzular düşəcəyini bildikləri üçün hazırlıqlı idilər. Bunun da nəticəsi oldu və 280-dən artıq abituriyent müvəffəqiyyətlə qabiliyyət imtahanından keçdi. Keçə bilməyənlərin sayı da çox azdır. 410 nəfərdən cəmi 60 nəfəri orada qeyri-məqbul yığmışdı, digər 60 nəfəri isə ümumiyətlə, qabiliyyət imtahanına gəlməmişdi”.

M.Ələsgərli qeyd etdi ki, irəliləyişlər olsa da, hələ ki nəticə tam istənilən səviyyədə deyil: "Yenə də təəssüf ki qrammatik səhvlər kifayət qədər olur, bağlayıcılarla, şəkilçilərin qarışdırılması, müəyyən üslub səhvlərinə, qrammatik xətalara yol verirlər”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyir ki, qabiliyyət imtahanlarının ötənilki nəticələri qənaətbəxş olmasa da, bu il irəliləyiş əldə olunmağa başlayıb: "Bundan əvvəlki illərdə yoxlanmada iştirak etməmişdim, amma mütəmadi olaraq prosesləri izləyirdim. Belə məlum olurdu ki, yerlər boş qalır, abituriyentlər qabiliyyət imtahanından keçə bilmirlər. Bu mənada problem yaranmışdı, hətta qabiliyyət imtahanının ləğv olunması ilə bağlı təkliflər səslənirdi. Amma biz bunun əleyinəydik”.

C.Musaoğlu deyir ki, aşağı bal yazdığı esse az olub. Səbəbi isə yazıların yaxşı olmasıdır: "34 inşa oxudum. Heç bir inşaya 5-dən aşağı bal yazmadım. Bir yazıya 4 bal verdim. Çox yaxşı bir yazı varıydı ki, 9 yazdım. Heç birinə sıfır yazmadım. Bu, mənim yüksək bal yazmaq həvəsimlə bağlı deyildi, yazılar yaxşı idi. Qrammatik səhvlər də az idi, fikirlərini çox yaxşı ifadə etmişdilər. Təbii ki onların yaşı hələ azdır. Mənim yazmağımla onlarınkı bir olmayacaq. Mən "onların yaşında olsaydım necə yazardım” aspektindən yanaşaraq qiymətləndirmə apardım. Özümü onların yerinə qoyanda gördüm ki, məndən daha yaxşı yazıblar, maraqlı fikirlər qeyd ediblər. Oxuduğum yazılara əsasən deyə bilərəm ki, jurnalistikamızın gələcəyi var”.
Ekspertlərdən biri də "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı olub. O deyir ki, jurnalistikaya qəbul üçün qabiliyyət imtahanı verən abituriyentlərdən böyük yaradıcılıq məhsulu gözləmək düzgün deyil: "Lakin biz o yazılara, onların təhlillərinə, bənzətmələrinə, duyğu və fikirlərinə baxaraq təyin edə bilirik ki, həmin abituriyent jurnalist olma imkanlarına sahibdirmi? Abituriyentlər arasında belə ürəkaçan nəticələri olanlar var”.

Baş redaktorun sözlərinə görə, abituriyentlərin mövzu seçimi onu qane etməyib: "O mənada ki, böyük əksəriyyət "Jurnalist necə olmalı?” mövzusunda esse yazmışdı. "Qarabağ musiqi beşiyidir” mövzusunda yazıların sayı isə az idi. Yazılanların keyfiyyəti də o qədər də yaxşı deyildi. Qarabağla bağlı yazılar daha çox və daha duyğulu ola bilərdi. Amma Qarabağ mövzusunda yazanların içərisində yaxşıları da varıydı. Həmkarlarımdan biri hətta öz fikrini ucadan səsləndirdi ki, Qarabağla bağlı ən gözəl yazını oxuyub”.

A.Aşırlı bildirdi ki, əvvəlki illərə nisbətən qrammatik cəhətdən yazıların keyfiyyətində xeyli irəliləyiş görüb: "Tələb bundan ibarətdir ki, abituriyentlər fikirlərini birbaşa onlara təqdim olunan kodlaşdırılmış vərəqlərə yazsınlar. Ancaq gəlin etiraf edək ki, kifayət qədər yazı texnikasını bilən, təcrübəli jurnalistlər də birbaşa yazı yazanda səhvlərə yol verirlər. Ən azı, cümlə quruluşunda, müəyyən qrammatika qaydalarında və s. Buna görə abtiriyentlərə "qaralama” üçün kağız verilsə, yaxşı olar. Əvvəlcə orada yazıb, düzəlişlərini etsinlər, sonra "ağlama”ya köçürsünlər”

Baş redaktor onu da bildirdi ki, jurnalist olmaq istəyənlərin yazısını yoxlayanların içərisində filoloqların çox olmasını düzgün hesab etmir: "Təəssüf ki ekspertlərin siyahısında filoloqların sayı çoxdur. Filoloqlar isə bəzən abituriyentdə jurnalist peşəsi üçün lazım olan kriteriyaları, yaradıcılıq keyfiyyətlərini kənara qoyurlar, işləri qrammatik cəhətdən qiymətləndirirlər. Burada isə müəyyən dərəcədə problemlər yaranır. Düşünürəm ki, jurnalist ixtisasını seçənlərin yazı işini yalnız peşəkar jurnalistlər yoxlamalıdırlar. Çünki jurnalist bu yazını ortaya qoyan şəxsin gələcəkdə jurnalist kimi formalaşdırmağın mümkün olub-olmadığını müəyyənləşdirə bilir”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər