• şənbə, 20 Aprel, 07:02
  • Baku Bakı 14°C

“Jurnalist obyektivliyini heç kimə güzəştə getməyəcəyik”

19.09.13 13:05 1480
“Jurnalist obyektivliyini heç kimə güzəştə getməyəcəyik”
“9 oktyabr prezident seçkisi vətəndaşların iradəsindən asılı olacaq prosesdir. Seçkidə yalnız dövlət başçısı seçilmir, eyni zamanda ölkənin taleyi, qarşıdakı illərdə bütün sahələr üzrə tutacağı mövqe müəyyənləşir. Bu mövqe isə ideyalarda, fikirlərdə yaranır. Vətəndaşlar namizədlərin ideya və fikirlərini təhlil edir, qərar verərək seçimlərini edirlər.
Jurnalist-QHT Koalisiyasının əsas məqsədi də azad sözün və demokratik fikrin ifadəçisi kimi jurnalistikanın vətəndaşların seçkiyə köklənməsinə, onların fəal şəkildə prosesdə iştirakına dəstək olmaqdır”. Bu barədə “Kaspi”yə açıqlamasında “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə bildirib.
O, təmsil etdiyi koalisiyanın avqust ayının 1-dən etibarən fəaliyyətə başladığını vurğulayıb. Deyib ki, başlıca məqsəd Azərbaycanda azad, ədalətli, şəffaf seçkilərin keçirilməsinə töhfə verməkdir. S.Verdizadə koalisiyanın fəaliyyət planına seçicilərlə görüşlərin keçirilməsi, onların maarifləndirilməsi, seçki günü müşahidəçiliyin edilməsi və sairin daxil olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq Tovuz, Şəmkir, Şəki şəhərlərində seçicilərin iştirakı ilə belə görüşlər keçirilib. Bu görüşlərdə Azərbaycanın tanınmış media mənsubları da yaxından iştirak ediblər. Gələn həftə isə Lənkəran və Xaçmaz şəhərlərində seçicilərlə görüşlərin keçirilməsi planlaşdırılıb: “Dünyanın hər yerində jurnalistlər cəmiyyətin aktiv hissəsini təşkil edirlər. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan jurnalistləri də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə yaxından iştirak edirlər. Jurnalistlər sadəcə bu hadisələri işıqlandırmaqla kifayətlənmir, eyni zamanda özləri də hadisələrin iştirakçısına çevrilirlər. May ayının axırlarında təsis etdiyimiz “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası öz sıralarında “Əqli Mülkiyyətçilərə Kömək”, “Zərdabi Mətbuat Mərkəzi”, “Yeni Media Jurnalistləri”, “Media və Monitorinq Araşdırması”, “Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” ictimai birliklərini birləşdirib. Koalisiya QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imza toplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlərdə, internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 15 dairədəki 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirməyi də nəzərdə tutub. Bunun üçün indidən 150 müşahidəçi tərəfimizdən müəyyənləşdirilib. Həmin adamlar jurnalistlərdən, eləcə də rayonlarda keçirilən görüşlərdə aktivliyi ilə seçilən yerli sakinlərdən ibarətdir. Layihədə əvvəlcədən nəzərdə tutulmuş məbləğdə həmin rayon sakinlərinə qonorar da ödəniləcək”.
S.Verdizadə onu da əlavə edib ki, donor təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurası olsa da, onlar koalisiyanın fəaliyyətinə heç bir müdaxilə etmir: “Tam sərbəst şəkildə fəaliyyət göstəririk. Biz jurnalist olduğumuz üçün jurnalist obyektivliyini heç kimə güzəştə getməyəcəyik. İlkin mərhələ üçün hesabatımız hazırlanıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, ilkin mərhələdə heç bir ciddi qanun pozuntusu baş verməyib. Biz seçkinin digər mərhələlərini də izləyəcək, hər mərhələdən sonra aralıq hesabatları yayacağıq. Seçki başa çatandan sonra isə yekun hesabatı ictimaiyyətə təqdim edəcəyik”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər