• çərşənbə axşamı, 19 mart, 13:58
  • Baku Bakı 8°C

Jonh Batchelor Show: Azərbaycan kommersiya məkanına və ulduzlara doğru

14.08.18 20:18 589
Jonh Batchelor Show: Azərbaycan kommersiya məkanına və ulduzlara doğru
ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan "Con Batçelor Şou” (Jonh Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti verilişin qonağı "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev olub.AZƏRTACverilişin xülasəsini təqdim edir.
"Azərbaycan kommersiya məkanına və ulduzlara doğru” adlı bu verilişdə Con Batçelor ölkəmizin dünya kosmik ailəsinin üzvü olması barədə məlumat verib. Bildirib ki, Azərbaycanda bu sahənin inkişafı üzrə 7-8 ili əhatə edən dövlət proqramı mövcuddur. Bu proqram daxilində artıq iki peyk orbitə buraxılıb, üçüncü peyk isə tezliklə kosmosda olacaq. Bunu ölkənin kommersiya uğuru hesab etmək olar.
"Azərkosmos”un sədri Rəşad Nəbiyev qurumun yaranma tarixi barədə məlumat verərək deyib: "Şirkətimiz Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə imzaladığı Fərmana əsasən təsis olunub, 2011-ci ilin ortalarından fəaliyyətə başlayıb. İndiyə qədər orbitə iki peykimiz buraxılıb. İlk peyk "Azerspace-1”dir. Biz Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və əlbəttə ki, yerləşdiyimiz Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Eyni zamanda, 2014-cü ildə Fransanın "Airbus” şirkəti ilə əməkdaşlıq edərək, "Azərsky” peykini orbitə buraxmışıq. Hazırda şirkətimiz bütün dünya üzrə, o cümlədən "Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir. Biz cari ilin sentyabr ayında sayca üçüncü telekommunikasiya peykimizi orbital mövqeyə çıxaracağıq. Qeyd edək ki, hər iki telekommunikasiya peyki ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri tərəfindən istehsal edilib”.
Rəşad Nəbiyev deyib ki, biz sənayedə baş verən klassik ənənənin dəyişməsini, həm də kosmik sənaye sahəsində müşahidə edirik. Bu dəyişikliyin yeni yaranan kiçik startap şirkətlərindən gəldiyini görürük, məsələn, "SpaceX”. Bu cür şirkətlər bazarda klassik və əsas oyunçulara böyük təzyiq göstərirlər. Onların yaratdıqları yeniliklər qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, bütün innovasiyalar adətən yeni və kiçik oyunçular tərəfindən gətirilir. Əgər "SpaceX”ı bazarda hər hansı digər mövcud oyunçu ilə müqayisə etsəniz, məhdud sayda əməkdaşlarla çalışan həmin şirkətin, - bildiyim qədər həmin şirkətdə 2000-3000 əməkdaş çalışır, - son yeddi il ərzində nə qədər uğurlu fəaliyyət göstərdiyini və bunun nəticəsində bazarın digər oyunçularına böyük təsir göstərərək qiymətin aşağı düşməsinə səbəb olduğunu görərsiniz. "Space X” agentliyi və digərləri, o cümlədən "Roskosmos” və NASA peyklərin orbitə çıxarılması qiymətlərini aşağı salmağa məcbur olublar. Qiymətlərin aşağı düşməsini həm də peyk istehsalçılarına aid etmək olar ki, bu da bizə kapital məsrəflərimizi aşağı salmağa imkan verir. Nəticədə bu, bizim müxtəlif bazarlarda daha rəqabətədavamlı olmağımıza şərait yaradır. Bununla da "Azərkosmos” kimi bazara yeni daxil olan şirkətlər SES, Intelsat, Utelsat kimi kompaniyalarla rəqabət aparmağı bacarırlar.
Con Batçelorun orbitə peyk buraxmağın nə qədər qazanc gətirməsi, peyk resurslarının satışa necə çıxarılması barədə sualını cavablandıran R.Nəbiyev deyib: "Telekommunikasiya sahələri üçün müştərilərimizdən danışırıqsa, qeyd etdiyim kimi, onların çoxu Afrika ölkələrindəndir. Bu müştərilərin bir çoxu şirkət məlumatlarının arxivləşdirilməsi məqsədilə bizim peyklərdən istifadə edən internet xidmət təminatçıları, mobil operatorlar, dövlət qurumlarıdır. Bizim, həmçinin Çindən məlumatların analizi ilə məşğul olan müştərilərimiz var. Yaxın Şərqdə bu, əsasən radio və televiziya yayım şirkətləridir, bölgəmizdə isə həm yayım, həm də dövlət qurumlarıdır”.
Con Batçelor ABŞ-ın peyk sənayesi sahəsində gördüyü işlərə toxunaraq qeyd edib ki, kosmos Amerikada hər şeyi dəyişdirdi və indi bir çox kiçik peyk şirkətləri, kiçik raket daşıyıcıları və nanopeyklər istehsal edən şirkətlər sayəsində çox güclü rəqabətin şahidi oluruq. Çünki nanopeyklər zamanı qabaqlamaq istəyən şirkətlər üçün tam yeni innovativ məhsullardır.
"Azərkosmos” ASC-nin sədri bildirib ki, bu yaxınlarda Cəmiyyət rəhbərliyi tərəfindən nanopeyklər istiqamətində fəaliyyət göstərmək və dünyada müxtəlif təşəbbüsləri nəzərdən keçirmək məqsədilə şöbə yaradılıb. Startap şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır, perspektivlər barədə məlumat toplanılır. Gələcəkdə bizi bu gün gördüyümüzdən tamamilə fərqli inkişaf gözləyir.
Amerikalı aparıcının "Azərkosmos”un gələcək planları barədə sualına cavabında Rəşad Nəbiyev deyib: "Qeyd etmək istəyirəm ki, "Azərkosmos” ASC-nin fəaliyyətə başladığı birinci, yəni, 2011-ci il "Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olmasına təsadüf edib. Belə bir təşəbbüs 2007-ci ildə irəli sürülüb. Qeyd etməliyəm ki, bu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub və bu yanaşmanın mərkəzində ölkənin gələcəkdə Qərb təhsilli mühəndislərə ehtiyacının olması barədə fikirlər dayanır. Yaxın Şərqdəki eyni məbləğdə sərmayə yatırılan başqa şirkətlərə baxsanız və onlarla bir masa arxasında əyləşsəniz, bu şirkətlərin xarici vətəndaşlar tərəfindən idarə edildiyinin şahidi olacaqsınız. Amma bu günə qədər bizim şirkətin idarəetmə sistemində xarici vətəndaş yoxdur. Düzdür, şirkət fəaliyyətə başlayanda üç nəfər xarici mütəxəssis cəlb olunmuşdu, amma indiyə qədər peyklərimiz orta yaşı 30 olan azərbaycanlı gənclər tərəfindən idarə olunur. Şirkətimiz əməkdaşlarımızı müxtəlif ali məktəblərdə dərs deməyə təşviq edir və onlardan bəziləri artıq doktorluq dissertasiyalarını müdafiə ediblər. Bu, qarşıdakı illərdə davamlı bir prosesə çevriləcək. Mən qətiyyətlə inanıram ki, "Azərkosmos”da çalışan əməkdaşlarımız artıq gələcək illərdə ölkənin müxtəlif sənaye sahələrində işləyəcəklər”.
Qeyd edək ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.
banner

Oxşar Xəbərlər