Jirinovski onları Suriyaya göndərməyi təklif edir
"Zenit”in və
"Krasnodar”ın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin bir neçə şəxsi
döyməsi Rusiyada geniş müzakirə olunur.
Kaspi.az xəbər
verir ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də məsələyə
münasibət bildirib. O, bu futbolçuları Suriyaya göndərməyi təklif edib:
"Onları bu
xuliqanlığa görə həbsxanaya salmaq lazım deyil. Onları cəzalandırmaq üçün
qeyri-standart üsuldan yararlanmaq lazımdır.
Məsələn bu
futbolçuları Suriyaya göndərmək olar. Qoy gedib orda uşaqlara futbol oynamağı
öyrətsinlər. Özlərini tapmaq üçün onlara kömək etməliyik. Həbsxanaya göndərmək ən
asan yoldur. Buna həmişə vaxt olacaq”.
"Zenit”in üzvü
Aleksandr Kokorin və "Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın
7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini
videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə
"Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az
sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident
zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol
maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi
"NAMİ”-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.
Faktla bağlı
cinayət işi açılıb.